Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2308/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3892/2021 saylı, 25 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək ona 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqi müraciət etdiyi tarixdən geriyə 3 (il) üçün ödənilməsi öhdəliyini cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1957-ci il təvəllüdlü olmaqla, Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işlədiyinə görə onun ümumi iş stajı 38 il 06 ay 21 gün olmaqla zərərli işlərdə 33 il 05 ay 12 gün sosial sığorta stajı vardır. Həmin sığorta stajını nəzərə alaraq iddiaçı Bərdə Regional “ASAN xidmət” mərkəzi vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh 20.11.2020-ci il tarixli **********4 saylı “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” rəsmi məktubla bildirmişdir ki, 28.11.2001-ci il tarixdən 18.11.2019-cu il tarixləri arasındaki dövr ərzində iddiaçının “iş icraçısı” deyil sahə rəisi vəzifəsində işlədiyi müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC tərəfindən 12.06.2020-ci il aktla təsdiq edilmişdir. İddiaçı hesab etmişdir ki, sözügedən imtina məktubu qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçı "xxxx" ASC-nin 25.02.2020-ci il tarixli güzəştli arayışına əsaslanaraq hesab etmişdir ki, çalışdığı peşələr güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. Eyni zamanda, "xxxx" ASC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 11 saylı,18 mart 2021-ci il tarixli cavab məktubu göndərilmişdir. Bu cavab məktubu iddiaçının daha əvvəl təqdim etdiyi arayışla eyni məzmunludur. Lakin nəzərə almaq lazımdır ki, istər güzəştli arayışda, istərsə də, məhkəmənin sorğusuna cavabda NK-nın 320 saylı 21 iyun 1993-cü il tarixli Qərar ilə təsdiqlənmiş 2 nömrəli Siyahıdaki konkret kod altında nəzərdə tutulmuş hər hansı peşəyə istinad olunmamışdır. Dolayısı ilə, həmin sənədlərin iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə çalışdığını təsdiqləyən sübut qismində qəbulu mümkün deyildir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3892/2021 saylı, 25 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni pensiya hüququ yarandığı 23.09.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 10.03.2017-ci il tarixdən fərq məbləğinin ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək şikayətini etiraza uyğun əsaslandırmış, iddianın təmin edilməsi üçün heç bir qanuni əsas olmadığını göstərərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş cavabdeh öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. Əmək kitabçasının tərcümə və təsdiq olunmuş surətindən görünür ki, 01.12.1980-ci il tarixdə Yevlax şəhər sektoruna texnik vəzifəsinə qəbul olunmuş, 02.02.1981-ci il tarixdə həmin sektora baş texnik vəzifəsinə keçirilmiş və 05.01.1982-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 04.05.1982-ci il tarixdən 25.08.1982-ci il tarixədək üçüncü dərəcəli dülgər vəzifəsində işləmiş; 09.09.1982-ci il tarixdə Azqlavenerqo elektromontaj sahəsinin X2 idarəsinə 3-cü dərəcəli montyoru qəbul olunub, 01.12.1982-ci il tarixdə ştat cədvəlinə əsasən iş icraçısı vəzifəsinə keçirilmiş, 02.03.1998-ci il tarixdə 1-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş və 17.08.2001-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 28.11.2001-ci il tarixdən hal-hazıra kimi "xxxx" ASC-də sahə rəisi(iş icraçısı) vəzifəsində işləyir. -"xxxx" ASC tərəfindən verilmiş 25.02.2020-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı 09.09.1982-ci il tarixdən hal-hazıra kimi trest sistemində çalışır. Müəssisə 35-500 kV-luq elektrik veriliş xətlərinin və yarımstansiyaların tikinti-quraşdırma işlərini yerinə yetirir. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin 30 aprel 2001-ci il tarixli 243 saylı Sərəncamı ilə "xxxx" trestinin bazasında "xxxx" ASC yaradılmışdır. İddiaçı tam iş günü ərzində ağır və zərərli iş şəraitində aşağıda qeyd edilən qaydada Azbaşenerji “Elektrik Quraşdırma İdarəsi” X2 Sahəsində: 09.09.1982-01.12.1982-ci il tarixə qədər 3-cü dərəcəli elektrik montyoru, 01.12.1982-ci il tarixdən 02.03.1998-ci il tarixədək iş icraçısı vəzifəsində, 28.11.2001-ci il tarixdən hal-hazıra kimi "xxxx" ASC-də sahə rəisi-iş icraçısı vəzifəsində işləyir. İddiaçı 38 il 06 ay 21 gün ümumi iş stajı, 33 il 05 ay 12 gün güzəştli iş stajı vardır. -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20 noyabr 2020-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim olunan əmək kitabçasında 28.11.2001- 18.11.2019-cu il tarixləri arasındaki dövr ərzində "xxxx" trestinin Yevlax Elektrik Tikinti- Təmir sahəsində iddiaçının iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən qeyd olunan əmək stajının dəqiqləşdirilməsi ilə bağlı 06.04.2020-ci il tarixində aidiyyəti üzrə sorğu verilmişdir. Bundan başqa Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının aidiyyəti mütəxəssisləri müvafiq məsələ ilə bağlı yerində baxış keçirərkən əmək kitabçasında qeyd edildiyi kimi 28.11.2001-18.11.2019-cu il tarixləri arasındaki dövr ərzində iş icraçısı deyil, sahə rəisi vəzifəsində işlədiyi müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC tərəfindən 12.06.2020-ci il tarixli aktla təsdiq edilmişdir.Qeyd olunanlara əsasən əmək kitabçasının və ondaki məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab etməyərək iddia tələbinin təmin edilməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil aldığı müddət də sosial sığorta stajına daxil edilməlidir. Belə ki, iddiaçı 01.09.1975-cil tarixdən 27.03.1980-ci ilə qədər Dadaşev adına tikinti texnikumunda təhsil almışdır. Lakin iddiaçının təhsil dövrü 14 may 1976-cı il tarixdən 16.05.1978-ci ilədək hərbi xidmətdə olduğu dövrlə üst-üstə düşdüyündən seçimi əsasında hərbi müddət sığorta stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud "Qaydalar" "Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Beləliklə, mövcud "Qaydalar" "Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-cı il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən ış stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda 27-ci bölməsindən (Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) görünür ki, 2290100b—24441 kodu altında olan iş icraçıları və 2290000a—19855 kodu altında olan 5 metrdən yuxarı yüksəklikdə işləyən (gərginliyi 35 kV və artıq olan) elektrik keçirici hava xətlərinin təmiri üzrə elektrik montyorları güzəştli pensiya hüququ verən zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisələndirdiyi məsələyə "xxxx" ASC tərəfindən verilmiş 25.02.2020-ci il tarixli güzəştli arayışında aydınlıq gətirilərək müəyyən olunmuşdur ki, iddiaçı 09.09.1982-01.12.1982-ci il tarixə qədər 3-cü dərəcəli elektrik montyoru, 01.12.1982-ci il tarixdən 02.03.1998-ci il tarixədək iş icraçısı vəzifəsində, 28.11.2001-ci il tarixdən hal-hazıra kimi "xxxx" ASC-də sahə rəisi-iş icraçısı vəzifəsində işləyir Həmçinin, iddiaçının peşəsi üzrə işlədiyi və əmək haqqı aldığı və təhsil aldığı müddət nəzərə alınmaqla 01.01.2006-cı ilədək pensiya təyininə imkan verən ümumi stajı 25 ildən (29 il 07 gün) çoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının 28.11.2001-ci il tarixdən 18.11.2019-cu il tarixləri arasındaki dövr ərzində sahə rəisi-iş icraçısı vəzifəsində işləməsi ilə bağlı bildirir ki, hər iki vəzifə oxşar əmək funksiyalara malikdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 iyun 1998-ci il tarixli Qərarı ilə təsdiq olunmuş Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin vahid tarif-ixtisas sorğu kitabçasında iş icraçısı ilə sahə rəisi (böyük iş icrasının) əmək funksiyaları eyni xarakter daşıyır və hər iki vəzifə üzrə işləyənlərin vəzifə borcları odur ki, onlar sahənin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərlik edərək, obyektlərin vaxtlı-vaxtında istismara verilməsini, tikinti istehsalatının ritmik gedişini, tikinti-quraşdırma və buraxılış-sazlama iş tapşırıqlarının bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edirlər. Sahə rəisi (böyük iş icraçıları) ilə iş icraçıların vəzifələrində fərqlilik təşkil edən ən mühim funksiya odur ki, böyük iş icraçıları iş icraçılarına rəhbərlik edir, onlara, icra üçün tapşırıqları müəyyən edir, onların fəaliyyətini əlaqələndirir və nəzarət edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 09 sentyabrdan 1982-ci ildən 01 yanvar 2006-cı ilədək (Azbaşenerji “Elektrik Quraşdrma İdarəsi”nin X3 Trestində və "xxxx" ASC-də işlədiyi peşələr (elektrik montyoru, “iş icraçısı” və sahə rəisi-iş icraçısı) AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın 27-ci bölməsində 2290100b-24441 kodu altında iş icraçıları və 22900a-19855 kodu altında elektrik montyorları güzəştli pensiya hüququ verən zərərli və ağır iş şəraiti olan peşələr sırasına daxil edildiyindən, o cümlədən də iş icraçısı ilə sahə rəisi-iş icraçısı peşələrinin əmək funksiyaları eyni xarakter daşıdığından birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək hüququn yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsini və ilkin müraciət tarixindən üç il əvvəldən yaranmış fərq məbləğinin ödənilməsini cavabdeh inzibati orqana həvalə etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3892/2021 saylı, 25 may 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2308/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2308/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver