Məhkəmə qərarları › İş №2-1(103)-2308/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2308/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2308/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1988/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya yaşa görə (62 yaşdan) əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1988/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1988/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməməsin və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, , iş materiallarına əlavə edilmiş: - xx.xx.2014-ci il tarixdə Bakı Suraxanı RPİ tərəfindən verilmiş iddiaçıya məxsus AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********7 saylı imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır). Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məlumat üçün bildirilmişdir ki, təqdim etdiyi xx.xx.1977-ci il tarixində tərtib edilmiş ИT-İ № ******* saylı əmək kitabçasına və № 822024 saylı diplomunun surətinə əsasən sığorta stajı 19 il 4 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 14733,35 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.1999-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi Azərbaycan Respublikasının Yazıçılar X2 aid arxiv sənədləri saxlanılmadığından sözügedən dövrün sığorta stajına əlavə edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmin Qanununun 22-1.5-ci 2019-cu il yanvarın 1dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Məlumat üçün bildirilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli 822024 saylı diplomdan görünür ki, iddiaçı 1974-1977-ci illərdə Bakı şəhəri 29 №-li orta texniki peşə məktəbində təhsil almışdır. - İddiaçıya məxsus xx.xx.1977-ci il tarixdə doldurulmuş ИT-İ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1974-xx.xx.1977-ci illərdə 29 nömrəli ŞPTM-də təhsil almış, xx.xx.1977-xx.xx.1978-ci illərdə Azon zavodunda 3 nömrəli sexində elektron texnika detallarının və cihazlarının ikinci dərəcəli sınaqçısı (Əmr №248-k, xx.xx.1977), xx.xx.1978xx.xx.1989-cu illərdə hermetizasiya sahəsində mikrosxem montajçısı (Əmr №542, xx.xx.1978), xx.xx.1989-xx.xx.1992-ci illərdə oymaçı (Əmr № 84-k, xx.xx.1989), xx.xx.1993-xx.xx.1993-cü illərdə “Firdovsi” təsərrüfat sahəsində texnik (Əmr №14, 3.01.1993), xx.xx.1999-xx.xx.2006-cı illərdə Azərbaycan Respublikası Ədəbiyyat fondunda kassir (Əmr №9, xx.xx.1999), xx.xx.2011-xx.xx.2011-ci illərdə Binəqədi rayonu 238 saylı körpələr evi uşaq bağçasında aşbaz (əmr 43, xx.xx.2011-ci il) peşələrində işləmişdir. - Azərbaycan Yazıçılar Birliyinin K-13/53 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “İddiaçı pensiya məsələsilə əlaqədar bir neçəmüddət əvvəl Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki müvafiq şöbədən gələn əməkdaşlara məlumat verilmiş, akt imzalanmışdır. ƏƏSMN Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına göndərdiyimiz məktubda da bu məsələnin daha geniş izahatı verilmişdir. Sosial müdafiə şöbəsinin sorğusundan bizə məlum olub ki, İddiaçı Azərbaycan Ədəbiyyat Fondunun əməkdaşı olmuşdur. Bu Fond SSRİ Ədəbiyyat Fondu Azərbaycan şöbəsinin hüquqi varisi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Ədəbiyyat Fondunun adı Azərbaycan Yazıçılar Birliyinin nizamnaməsinə daxil edilsə də, əslində Fond müstəqil ictimai birlik kimi respublika Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Azərbaycan Ədəbiyyat Fondunun sabiq direktoru nizamnamədən kənara çıxdığı və neqativ hallara yol verdiyi üçün Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi vaxtilə respublikanın baş prokuroruna müraciət etmişdir. Məhkəmə qərar çıxarar-çıxarmaz sabiq direktor Azərbaycandan köçmüş, Fondun bir sənədini belə təhvil verməmişdir. Böyük ehtimal ilə, İddiaçı həqiqətən bu Fondda işləmişdir. Təəssüf ki, sənədlər əlimizdə olmadığından bu faktı təsdiq etmək imkansızdır. Qanunların aliliyinə hər bir vətəndaşımız hörmətlə yanaşmalıdır, amma İddiaçı pensiya məsələsinin müsbət həll olunması üçün biz də humanizmə sığınırıq və istisna mümkündürsə, ona köməklik göstərmənizi xahiş edirik”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki ,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi qanunverici orqan qadınların ən azı 60 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi əsas hesab edir. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1- ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006- cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İş materiallarından məlum olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsasız olmuşdur. Belə ki, iş materiallarında sənədlərə əsasən iddiaçının tələb olunan 25 il iş stajı toplanır. İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1977-ci ilə qədər 29 nömrəli ŞPTM-də təhsil alaraq (2 il 11 ay), xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixə qədər Azon zavodunda 3 nömrəli sexdə elektron texnika detallarının və cihazlarının ikinci dərəcəli sınaqçısı (1 il 4 ay 3 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixə qədər hermetizasiya sahəsində mikrosxem montajçısı (10 il 1 ay 27 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixə qədər oymaçı (3 il 09 ay 27 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə qədər “Firdovsi” təsərrüfat sahəsində texnik (10 ay 28 gün), xx.xx.1999-cu il tarixdən xx.xx.2006cı il tarixə qədər Azərbaycan Respublikası Ədəbiyyat Fondunda kassir (6 il 9 ay 4 gün), xx.xx.2011-ci il xx.xx.2011-ci il tarixə qədər Binəqədi rayonu 238 saylı körpələr evi uşaq bağçasına aşbaz (3 ay) peşələrində işləməklə 26 il 01 ay 29 gün iş stajını toplamışdır. Cavabdeh tərəfindən isə iddiaçının Azərbaycan Respublikası Yazıçılar X1 kassir (6 il 9 ay 4 gün) peşəsində işlədiyi dövrün iş stajına nəzərə alınmaması isə qanunsuz və əsassız olmuşdur. Həmin müəssisədə iddiaçıya aid arxivsənədlərinin saxlanılmaması iddiaçının günahından baş vermiş, yaxud da ondan asılı olmayan hal oldugundan onun ziyanına şərh edilməməlidir. Belə ki, iş materialarında olan iddiaçıya məxsus əmək kitabçasının tədqiqi zamanı onun həqiqətən həmin vəzifədə işləməsi və bu qeydlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları uyğun olması müəyyən edilmişdir. Belə olan halda, iddiaçının 62 yaşının tamam olduğu xx.xx.2021-cu il tarixdə 25 il əmək stajı toplanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən 25 il sığorta stajı olması şərti ödəndiyi üçün, məhkəmə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtini araşdırmağı zəruri hesab etmir. Kollegiya bildirir ki, məhkəmə araşdırması zamanı iddiaçının sosial təminat hüququnun pozulduğu aşkar edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin müddəaları və iş materialları baxımından düzgün əsaslandırılmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddia təmin edilməli, İddiaçı 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Ona görə şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1988/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar