Məhkəmə qərarları › İş №2-1(103)-2308/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2308/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2308/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə qarşı işi üzrə (Açar sözlər: iddianın mümkünlüyü, məhkəmə aidiyyəti) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2-1(112)-2595/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən 31 il ərzində məhkəmə qərarının icra edilməməsi nəticəsində ona vurulmuş mənəvi zərərə görə 100.000 (bir yüz min) manat, maddi zərərə görə 3.000.000 (üç milyon) manat kompensasiyanın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15, 153-cü maddəsinin 1-ci hissəsi ilə (köhnə redaksiyada) cinayət işi başlanılaraq həmin maddələrlə ona ittiham elan olunmuşdur. Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli, 1-55/1993 nömrəli qərardadı ilə əməlində cinayət tərkibi olmadığından cinayət işinin icraatına xitam verilmiş və 5493 nömrəli qəbzlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maliyyə Şöbəsinə təhvil veerilmiş 34455 (otuz dörd min dörd yüz əlli beş) rublun İddiaçı qaytarılması qərara alınmışdır. Nəsimi rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli məktubu ilə sözügedən məhkəmə qərarının surəti 34.445 rubl hissədə icra olunması üçün Azərbaycan Respublikasının DİN-in Maliyyə Şöbəsinə göndərilmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan həmin məhkəmə qərarını bu günədək icra etməmişdir. 1990-cı illərdə dəfələrlə DİN-nin müxtəlif vəzifəli şəxslərinin, o cümlədən maliyyə şöbəsinin rəhbərliyinin qəbullarında olsa da, hər dəfə ona “səbr et, pulun qaytarılacaq” deyib yola salmışlar. Sonuncu dəfə DİN-in Maliyyə-Plan İdarəsi xx.xx.2024-cü il tarixli məktubla məhkəmə qərarının icrasından imtina edərək ona istinad etmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının 2013-cü il 14 avqust tarixli, Q27-001-13 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”ın 4.3-cü bəndində məhkəmənin bəraət hökmü və ya cinayət təqibini istisna edən hal barədə bildiriş təqdim ediləndən sonra 10 il ərzində əmlak sahibi və ya vəkalətnamə ilə başqa şəxs həmin əmlakın qaytarılması barədə müraciət etməzlərsə, əmlakın dövlət mülkiyyətinə keçməsi üçün tədbirlərin görülməsi, 4.5-ci bəndin 4.5.2-ci yarımbəndində isə bu halda əmlakın dövlət mülkiyyətinə keçirildiyi müəyyən edilmişdir. 1993-cü ilin məhkəmə qərardadına əsasən vəsaitin geri qaytarılması barədə qərar verildiyinə baxmayaraq, 10 il ərzində müraciət etmədiyi üçün qeyd edilən vəsaitin dövlət nəfinə keçirildiyi baxımından müraciətinin müsbət həlli mümkün deyildir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, cavabdeh pulunu qaytarmamaq üçün məktubunda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının 2013-cü il 14 avqust tarixli Q27-001-13 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”a əsaslanmışdır. Halbuki, özünün də, qeyd etdiyi kimi, həmin təlimat məhkəmə qərarı icra edilməsi üçün ona göndərildikdən 20 il sonra təsdiq edilmişdir. O zaman, sual olunur ki, cavabdeh bu təlimat təsdiq edilənə kimi – 20 il ərzində məhkəmə qərarını hansı qanuni əsasla icra etməmişdir. Məhkəmə qərarı icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilən gündən 7 il ərzində qüvvədə olmuş Azərbaycan Respublikası SSR-nin CPM-nin “Maddi sübutlar haqqında məsələnin həlli” adlanan 80-ci maddəsinin 4-cü hissəsinə əsasən, cinayətkarlıq yolu ilə əldə edilmiş pul və sair qiymətli şeylər məhkəmənin hökmü ilə dövlət gəlirlərinə keçirilməli; qalan şeylər qanuni sahiblərinə verilir, sahibləri müəyyən olunmadıqda isə dövlət mülkiyyətinə keçir. Göründüyü kimi, həmin vaxt qüvvədə olan CPM-nin tələblərinə əsasən, cavabdeh inzibati orqan məhkəmə qərarını icra edərək, sözügedən pulu ona qaytarmalı idi. Hətta pulun sahibini müəyyən etmək kimi vəzifəsini də, icra etməli idi. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi sarsıntı keçirmişdir. O, dəfələrlə DİN-nin rəhbərliyinin qəbulunda olsa da, nəticəsi olmamışdır. Hər dəfə ona yalan vədlər vermişlər. Sonda isə xx.xx.2024-cü il tarixli məktub vermişlər. Buna görə də, əsəbləri pozulmuş, əsəb sakitləşdirici dərman pereparatları qəbul etmişdir. Cavabdehin inamından istifadə etməklə onu aldatması, pulunun alınması üçün məhkəməyə müraciət etməsi, cavabdehə etibar etdiyinə görə ailəsində narazıçılıqların yaranması, eləcə də, cavabdehin uzun müddət ərzində onu aldatması nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişdir ki, bununla da, cavabdeh ona mənəvi ziyan vurmuşdur. Cavabdehin sadaladığı qanunsuz hərəkət və hərəkətsizlikləri nəticəsində uzun müddət sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmişdir. Ona görə də, xüsusi mülkiyyəti olan əziyyətlə qazandığı pul məbləğini dövlət nəfinə keçirilməsi ilə bağlı keçirdiyi iztirablara görə mənəvi zərərin əvəzi kimi cavabdehdən 100.000 manat tələb edir. Cavabdeh inzibati orqan heç bir üzrlü səbəb göstərmədən məhkəmə qərarını icra etməməklə ona birbaşa zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməl (hərəkətsizlik) törətmişdir. Odur ki, vurduğu zərərin əvəzini ödəməlidir. Belə ki, o, 30 il ərzində 34455 (otuz dörd min dörd yüz əlli beş) rubla hansısa şirkətdən səhm alıb mütəmadi gəlir əldə edə bilərdi, öz biznesini qura bilərdi, daşınmaz əmlaklar alıb icarəyə verə bilərdi və s. 30 il ərzində əldən çıxmış faydanın əvəzi kimi cavabdehdən 3.000.000 (üç milyon) manat məbəğində maddi zərər tələb edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2595/2025 nömrəli (sədrlik edən hakim A.A.Abdullayeva) qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin formal xarakter daşıdığını, mülki mübahisə olduğuna görə ümumi məhkəmədə baxılmalı olduğundan şikayətin təmin edilməməsini, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi: Maddə 132. Cinayət təqibi üzrə icraat başa çatdıqda maddi sübutlar barədə qəbul edilən qərarlar 132.1. Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. 132.2. Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən bu Məcəllənin 132.1.4–132.1.7-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etməlidir. Maddə 506. Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrasının cinayət cəzalarını və cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və orqanlar tərəfindən vaxtında və lazımınca təmin edilməsi üzrə məhkəmələrin vəzifələri 506.0. Hökm və ya məhkəmənin digər yekun qərarlarını çıxarmış məhkəmələr (onların çıxarılması zamanı məhkəmə iclasında sədrlik edən hakimlər) aşağıdakı hərəkətləri yerinə yetirməlidirlər: 506.0.1. məhkəmələrin qanuni qüvvəyə minmiş hökmlərinin və ya digər yekun qərarlarının icrası barədə dərhal göstəriş vermək; 506.0.2. hökm və ya məhkəmənin digər yekun qərarlarının vaxtında və lazımınca icrası üzərində nəzarəti müvafiq müraciətlərə məhkəmə iclasında baxarkən həyata keçirmək; 506.0.3. hər hansı şəxs tərəfindən hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməməsi və ya onların icrasına maneçilik törədilməsinin hər bir halına onları icra etməyən şəxs barəsində cinayət təqibinin başlanması məqsədi ilə prokurorun diqqətini cəlb etmək; Maddə 508.1. Müvafiq müəssisə və ya orqanların vəzifəli şəxsləri təxirə salınmadan hökm, yaxud məhkəmənin digər yekun qərarının lazımınca icrasını təmin etməli və onun icraya yönəldilməsi barədə göstəriş vermiş hakimə dərhal məlumat verməlidirlər. 508.3. Bu Məcəllənin 508.1 və 508.2-ci maddələrinin tələblərinə müvafiq olaraq hökmün və ya məhkəmənin digər yekun qərarının icrasından boyun qaçıran, yaxud onları lazımınca icra etməyən müvafiq orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş cinayət məsuliyyəti daşıyırlar. Maddə 520. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxılması 520.1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 10 (on) gündən gec olmayaraq məhkəmə iclasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 3.2.1. Bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı: 7.2. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İ-55 nömrəli, 1993-cü il tarixli Nəsimi Rayon Xalq Məhkəməsinin qərardadına əsasən, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15, 153-cü maddəsinin 1-ci hissəsi ilə olan cinayət işinin icraatına əməlində cinayət tərkibi olmadığına görə xitam verilmiş, 5493 nömrəli qəbz əsasında Azərbaycan Respublikası DİN-nin maliyyə şöbəsinə təhvil verilmiş 34 min rublun İddiaçı qaytarılması qərara alınmışdır. Eyni zamanda, Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli, K12 nömrəli məktubdan görünür ki, qərarın surəti icra olunması üçün (34 min 455 rubl pula münasibətdə) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Şöbəsinə göndərilmişdir. Hazırda iddiaçının hüquqi marağı cavabdeh tərəfindən məhkəmə qərarının icra edilməməsi nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Həmçinin nəzərə almaq lazımdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Beləliklə, inzibati məhkəmə icraatında iddianın digər mümkünlük şərtlərindən əvvəl yoxlanılmalı olan əsas mümkünlük şərti həmin iddianın predmetinin inzibati hüquq mübahisəsinə və həmin mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasına bağlı olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də qeyd olunan əsas mümkünlük şərtinin ödənilməsi tələb olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə görə, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Hazırkı mübahisəyə münasibətdə nəzərə almaq lazımdır ki, iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə cinayət mühakimə icraatı nəticəsində qəbul edilmiş məhkəmə qərarının icra olunmasını təmin etməkdən ibarətdir. Bu hal isə hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 506-cı maddəsinin tələbinə görə, hökm və ya məhkəmənin digər yekun qərarlarını çıxarmış məhkəmələrin vəzifələrindən biri də hökm və ya məhkəmənin digər yekun qərarlarının vaxtında və lazımınca icrası üzərində nəzarəti müvafiq müraciətlərə məhkəmə iclasında baxarkən həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, cinayət təqibi ilə bağlı fəaliyyət çərçivəsində qəbul olunmuş qərar və hərəkətlər müvafiq olaraq inzibati akt və ya faktiki xarakterli hərəkət kimi qiymətləndirilə bilməz. Eyni zamanda, cavabdeh orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması ilə nəticələnə bilməz. Çünki inzibati orqanların yalnız ümumi (publik) hüquq sahəsinə aid olan pozitiv idarəçilik fəaliyyətindən yaranan, başqa sözlə, hərəkət və ya hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hazırkı iddianın inzibati məhkəmə tərəfindən aidiyyətlə bağlı mümkün sayılmaması, iddiaçının predmet aidiyyəti üzrə səlahiyyətli məhkəməyə cinayət mühakimə icraatı nəticəsində qəbul edilmiş qərarın icra edilməsi tələbi ilə müraciət etmək hüququnu istisna edə bilməz. Nəzərə alınnmalıdır ki, şəxsin dövlət orqanlarının qərar və hərəkətlərindən məhkəmə qaydasında müdafiə hüququ konstitusiyanın qoruma sferasına aiddir və hər bir halda təmin olunur. Lakin bu tələb şəxsin məhkəmə qaydasında müdafiə hüququnun predmet aidiyyəti üzrə səlahiyyətli məhkəmələr tərəfindən təmin edilməsi prinsipini istisna edən hal kimi təfsir edilməməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2-1(112)-2595/2025 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2-1(112)-2595/2025 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar