Məhkəmə qərarları › İş №2-1(103)-2309/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2309/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2309/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1966-cı il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası təyin edilərkən hazırkı dövrə qədər ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-1(112)-3278/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 21.12.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı onun 05 fevral 2016-cı il tarixdə 50 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası təyin edilərkən hazırkı dövrə qədər ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin müraciətinin nəticəsi barədə 13 noyabr 2020-ci il tarixdə rəsmi cavab məktubunu 01 dekabr 2020-ci il tarixdə almışdır və həmin məktubda 2005-ci ilədək 10 ildən az güzəştli iş stajının olduğundan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Bildirir ki, o 1983-cü ildən 1988-ci ilə kimi M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. Təhsil aldığı institut və iş stajı birlikdə 37 (otuz yeddi) ildən artıq edir. Onun güzəştli şərtlərlə əmək pensiya almaq hüququ 50 yaşdan yaranmışdır. Buna baxmayaraq həmin tarixdə X5 qanunvericiliyin tələblərinə əsasən pensiya hüququnun yarandığını bilmədiyindən müraciət etməmişdir. O, Azərbaycan DRES X7 və avtomatika sexində, daha sonra isə Azərenerji ASC-nin Yeni idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası MMC adlandırılan MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Onun 2006-cı ilədək 18 (on səkkiz) ili əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir və işləmişdir. “X5 Qanunun” 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq qaydada təyin edilir. Əvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında Qanun”un 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 12-ci maddəsinin “a" bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan işçilər dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetini tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək əmək pensiyasının 50 yaşdan yarandığını nəzərə alaraq hesablanmasını xahiş etmişdir. Ona 13 noyabr 2020-ci il tarixli məktubla əsassız olaraq imtina verərək bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmədiyindən qanunsuz olaraq imtina verilmişdir. 01.01.2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununa dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərəri və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Bakı İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-1(112)-3278/2021 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-1(112)-3278/2021 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil (“Pro Bono” Vəkil Bürosu) və cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-1(112)- 3278/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1966-cı il təvəllüdlüdür. - PB № 038790 saylı diplomun surətindən görünür ki, X3 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1988-ci ildə həmin institutun məlumat-ölçmə texnikası ixtisası üzrə tam kursu bitirmişdir. - iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 26.09.1988-ci il tarixdən 02.01.1990-cı il tarixə kimi Az.DRES-də X7 və Avtomatika sexində (İÖC və AS) istehsalat proseslərinin avtomatik idarəetmə sistemi sahəsinə elektrik maşınlarının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri vəzifəsinə təyin edilmiş, 02.01.1990cı ildə Az.DRES-də X7 və Avtomatika sexində AİS sahəsində elektrik stansiyasının avtomatika və ölçmə çihazlarına xidmət edən 3-cü qrup elektrik çilingəri vəzifəsinə keçirilmişdir. 01.02.1995-ci ildə həmin sexdə AİS sahəsində mühəndis-elektronçu vəzifəsinə keçirilmişdir. 11.04.2011-ci ildə həmin sexin “Avtomatika” qrupuna mühəndis vəzifəsinə keçirilmişdir, 07.01.2014-cü ildə elə həmin vəzifədə ödəmə dərəcəsi bir dərəcə artırılalaraq 9-cü ödəmə dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" tərəfindən verilmiş 18.09.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 01.09.1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) daxil olmuş və 11.08.1988-ci ildə bitirmişdir və təyinatla Azərbaycan DRES-ə göndərilmişdir. O, 26.09.1988-ci il tarixdə Az.DRES-də X7 və Avtomatika sexində (İÖC və AS) istehsalat proseslərinin avtomatik idarəetmə sistemi sahəsinə elektrik maşınlarının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri vəzifəsində işə başlamışdır ( Əmr № 441, 27.09.1988). 02.01.1990-cı ildə həmin sexin AİS sahəsində elektrik stansiyasının avtomatika və ölçmə çihazlarına xidmət edən 3-cü qrup elektrik çilingəri vəzifəsinə keçirilmişdir (Əmr № 06/k.17.01.1990). 01.02.1995-ci ildə həmin sexdə AİS sahəsində mühəndis-elektronçu vəzifəsinə keçirilmişdir (Əmr № 827/k , 01.04.1995). 11.04.2011-ci ildə həmin sexin “Avtomatika” qrupuna mühəndis vəzifəsinə keçirilmişdir (Əmr № 72, 07.04.2011), 07.01.2014-cü ildə elə həmin vəzifədə ödəmə dərəcəsi bir dərəcə artırılalaraq 9-cü ödəmə dərəcəsi verilmişdir (Əmr № 49/ş, 2104.2014). Halhazırda həmin vəzifədə çalışır. X4 birbaşa Qazan, Turbin və onların köməkçi avadanlıqlarında idarəetmə və nəzarət üçün quraşdırılmış istilik ölçmə, ölçü və avtomatik idarəetmə sistemlərinin qurğularının yerində təmiri, sazlanması, quraşdırılması işlərini yerinə yetirir. Bu qeyd edilmiş sahələrdə yüksək temperatur, titrəmə, səs-küy, sürətli hava axını və nisbi rütubət mövcuddur. Bütün bu işləri hər gün 8 saatlıq iş rejimində ağır və zərərli iş şəraitində yerinə yetirdiyi üçün X1 1988- 2011-ci il tarixinədək 8%, 2011 -ci ildən başlayaraq 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir. X4 26.09.1988-ci il tarixindən 01.02.1995-ci il tarixədək güzəştli şərtlərlə təqaüdə çıxması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007 -ci il tarixli qərarının 24-cü bölməsinin a) bəndinə uyğundur. "xxxx"ASC-nin 25.04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan DRES"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin AÜ/002 saylı 05.01.2006-cı il tarixli əmrinə əsasən "xxxx" MMC-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. - cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13 noyabr 2020-ci il tarixli, **********5 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciəti araşdırılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında’’ Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X6 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “X5” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilən 31 may 2004-cü il tarixli əmək kitabçasında 01.02.1995-11.04.2011-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyiniz mühəndis-elektronçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajının 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az (6 il 4 ay 5 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi, müraciətə baxılmasının imtina məktubunda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “X5” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı ilə qədər qüvvədə olmuş ”Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin b bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 01.08.1997-ci ilə qədər azı 20 il ümumi və 10 il güzəştli iş stajının mövcud olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən ümumi və güzəştli staja malik olması iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçının 01.02.1995-2006-cı dövrlərdə işlədiyi mühəndis-elektronçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-1(112)-3278/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-1(112)-3278/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar