Məhkəmə qərarları › İş №2-1(103)-2309/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2309/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2309/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı “torpaq sahəsinin rəsmiləşdirilməsi” (3-cü şəxs: X3) tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3330/2023 saylı, 20 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı torpaq sahəsinin rəsmiləşdirilməsi barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün N.Mustafayevə ayrılmışdır. Daha sonra aralarında notarial formada razılaşmaya əsasən cavabdehə müraciət edərək torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi xahiş edilmiş, lakin tələbin təminindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır və notarial formalı razılıq nəzərə alınmaqla müraciət təmin edilməlidir. Məhkəmənin qərardadı ilə X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3330/2023 saylı, 20 fevral 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassızdır, çünki qeyd edilən torpaq sahəsi əvvəllər qəsəbə bələdiyyəsi tərəfindən X1 adına ayrılmışdır, sonradan A.E.Abdullayev qəsəbə bələdiyyəsinə xx.xx.2004-cü il tarixli ərizə ilə müraciət edərək onun adına ayrılmış 600 kv.-lik torpaq sahəsinin N.M.Mustafayevin adına keçirilməsini xahiş etmişdir. Eyni zamanda N.M.Mustafayev də ərizə ilə bələdiyyəyə müraciət edərək vətəndaş A.E.Abdullayevin mülkiyyətinə verilmiş 600 kv.m-lik torpaq sahəsinin onun razılığı əsasında öz adına rəsmiləşdirilməsini xahiş etmişdir. Hər iki vətəndaşın ərizəsinə baxan qəsəbə bələdiyyəsi belə bir razılaşmanı məqsədə uyğun hesab edərək alqı-satqının baş verməsinə razı olmuşdur və torpaq sahəsi N.M.Mustafayevin adına rəsmiləşdirilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, hazırda M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinin vətəndaş N.M.Mustafayevin mülkiyyətində olan 600 kv.m-lik torpaq sahəsinin notarial razılıq əsasında onun adına keçirilməsindən imtinası tamamilə əsassızdır və bundan əlavə məhkəmənin gəldiyi nəticə ədalətsizdir, çünki məhkəmə prosesi zamanı da cavabdeh Rəsulzadə qəsəbə bələdiyyə nümayəndəsi sakit bir mövqe nümayiş etdirərək iddiaya qarşı etiraz edmədiklərini bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; 4.0.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə”:

4. Bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.

Apellyasiya şikayətinin dəlilinə münasibət:

İşin faktiki hallarından görünür ki, bələdiyyə qərarı ilə üçüncü şəxs X2 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin qərar əsasında N.Musfafayevə ayrılmış torpaq sahəsinə dair bələdiyyəyə müraciət edərək həmin torpaq sahəsinin N.Mustafayevin razılıq ərizəsi əsasında özünün adına sənədləşdirilməsini xahiş etmişdir. İş materiallarında olan razılıq ərizəsindən də görünür ki, üçüncü şəxs N.Mustafayev onun adına olan torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsinə etiraz etməmişdir. Bələdiyyə verilmiş müraciətə cavab olaraq qeyd etmişdir ki, hazırda M.Ə. Rəsulzadə bələdiyyəsində torpaq sahəsinin mülkiyyətə verilməsi və addan-ada keçirilməsi ilə bağlı qərar qəbul olunmur. Göründüyü kimi hazırkı iddia forma baxımından olmasa da, məzmun baxımından üçüncü şəxsin adına olan bələdiyyə qərarında dəyişiklik edilməsi, iddiaçının adına həmin qərarın və qərar əsasında tərtib edilmiş digər sənədlərin keçirilməsi, faktiki olaraq torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, istər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun, istər "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə”nin, istərsə də aidiyyəti torpaq qanunvericiliyinin tələbi ilə bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməli olması ilə bağlı müddəa müəyyən edilmişdir. İddiaçı isə hərrac və müsabiqə keçirilmədən adıçəkilən torpaq sahəsinin onun adına sənədləşdirilməsini tələb edir. İddiaçı cavabdehin səlahiyyətindən kənar torpaq sahəsinin ayrılmasında iddialıdır. Hətta adıçəkilən səlahiyyət mövcud olsa da bələdiyyə torpaq sahəsinə sərəncam verməkdə, o cümlədən bir şəxsin adından digər şəxsin adına keçirməkdə diskresion səlahiyyətə malikdir və hər hansı orqan tərəfindən torpaq sahəsinin mütləq qaydada başqa şəxsin adına dəyişdirilməsinin tələb edilməsi yolverilməzdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən də göründüyü kimi bələdiyyə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, o cümlədən şəxslərin mülkiyyətinə vermək, torpaq sahəsini zəruri olduğu halda geri qaytarmaq, məzmun etibarı ilə də həmin torpaq sahəsinin başqa şəxsin adına da sənədləşməsinə münasibətdə sərəncam vermək kimi səlahiyyətlərə malikdir. Hazırkı iş üzrə də bələdiyyə həmin səlahiyyətlərindən istifadə edərək (həmin səlahiyyətlərə malik olduğu dövrdə -2004-cü ildə) üçüncü şəxsin mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə inzibati akt qəbul etmiş, torpaq sahəsinin həmin şəxsin mülkiyyətinə keçirilməsi barədə iradə ifadəsini göstərmişdir. İddiaçının hazırkı tələbi isə bələdiyyənin hazırda qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən istisnalar nəzərə almaqla torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilməklə ayrılmasına dair normativ tələbinin müddəalarına uyğun deyil. Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbyacan Respublikası Qanununun 9-cu maddəsində aşağıdakı dəyişikliklər edilmişdir: 9.1-ci maddə aşağıdakı redaksiyada verilmişdir: 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Göründüyü kimi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə”nin, müvafiq torpaq qanunvericiliyinin tələbi ilə bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməli olması ilə bağlı müddəa müəyyən edilmişdir. İddiaçı isə hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən hərrac və müsabiqə keçirilmədən adıçəkilən torpaq sahəsinin onun adına sənədləşdirilməsini tələb edir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, cavabdeh torpaq sahəsinin ayrılmasına münasibətdə diskresion səlahiyyətindən istifadə edərək üçüncü şəxsin adına torpağın satılması barədə qərar qəbul etmişdir ki, iddiaçının tələbi ilə torpaqayırma sənədlərində hər hansı dəyişikliyin edilməsi zərurəti, həmin torpaq sahəsinin üçüncü şəxsin adından digər bir şəxsin adına keçirilməsinin məcburiliyindən söhbət belə gedə bilməz. Bu zaman üçüncü şəxsin hər hansı razılığının olması da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, bələdiyyə torpaq sahəsinə sərəncam verməkdə, o cümlədən bir şəxsin adından digər şəxsin adına keçirməkdə diskresion səlahiyyətə malikdir və hər hansı orqan tərəfindən torpaq sahəsinin mütləq qaydada başqa şəxsin adına dəyişdirilməsinin tələb edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası İPM-in 13-cü maddəsinin tələblərindən çıxış edərək, iddiaçının güddüyü məqsədi nəzərə alaraq iddiaçıya hüquqi yardım göstərərək həmçinin, izah edir ki, adına inzibati orqanın aktı mövcud olan 3-cü şəxsin qeyd edilən torpaq sahəsini iddiaçıya vermək niyyəti varsa, öz adından müvafiq inzibati orqana müraciət edərək, imtina cavabı aldıqda isə məhkəmədə iddia qaldıraraq, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırdıqdan sonra, həmin torpaq sahəsini müvafiq əqd əsasında iddiaçıya satmaq hüququna malikdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3330/2023 saylı, 20 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar