Məhkəmə qərarları › İş №2-1(103)-2309/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2309/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2309/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Nizami Bələdiyyəsi) “torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-247/2023 saylı 11 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı ilə Nizami rayonu, Q.Qarayev prospekti, 57 saylı binanın qarşısında yerləşən ümumi sahəsi 110 kv.metr faktiki istifadədə olan torpaq sahəsi 49 (qırx doqquz) il müddədinə ticarət iaşə məqsədi ilə İddiaçı icarəsinə verilmişdir. Bu barədə Bakı şəhər Nizami bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı iclas protokolu da mövcuddur. xx.xx.2007-ci il tarixli “Torpaq sahəsinin icarəyə verlməsi haqqında” müqavilədən görünür ki, icarəyə verən Nizami Bələdiyyəsi və icarəçi İddiaçı arasında Nizami Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı əsasında müqavilə bağlanmış, müqaviləyə əsasən icarəyəverən icarə əsasında Nizami rayonu, Q.Qarayev prospekti, 57 saylı binanın qarşısında yerləşən ümumi sahəsi 110 kv.metr olan, gələcədə sahə adlanan ərazini icarəçiyə uzun müddətli – 49 il istifadəyə verməyi, icarəçi isə onu qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbi ilə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti cavablandırılmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, iddiaçının adına Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 110 kv.metr torpaq sahəsinə dair icarə hüququnun qeydə alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Bələdiyyəsi üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarı və Bakı şəhəri Nizami Bələdiyyəsinin 25 sentyabr 2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın yaxınlığında ümumi sahəsi 110 kv.metr torpaq sahəsi verildiyi gündən hazıra kimi iddiaçının istifadəsindədir. O, Bakı şəhəri Nizami Bələdiyyəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın yaxınlığında ümumi sahəsi 110 kv.metr torpaq sahəsinin icarə huququ əsasında dövlət qeydiyyatına alınması və icarə huququ əsasında çıxarışın verilməsinə münasibət bildirməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Bələdiyyəsi 20 aprel 2021-ci il tarixdə müraciətinə 02/493 saylı məktubla cavab olaraq bildirmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başcısının 26 sentyabr 2000-ci il tarixli 911 saylı sərəncamı və həmin sərəncama əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılacaq torpaq sahələrinin koordinatları müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamına və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələlərinin sərhədləri müəyyən edilmiş və onun istifadəsində olan torpaq sahəsi bələdiyyəyə ayrılan torpaq sahəsinə aiddir. O, istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarını, torpaq sahəsinin icarə müqaviləsini, torpaq sahəsinin plan və ölçüsünü təqdim edərək, dövlət reyestrindən icarə hüququ əsasında çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin əsassız olaraq imtina cavabı almışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia olunan torpaq sahəsi yaşayış binasından 26 metr aralı yaşıllıq ağacları olan ərazidə yerləşir. Habelə, torpaq sahəsinə dair cizgi ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Torpaq dövlət mülkiyyəti torpağıdır. İddia ərizəsinə əlavə edilmiş hüquqmüəyyənedici sənədlərə münasibətdə qeyd olunmuşdur ki, torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə edilməmişdir. Üçüncü şəxsin iddia tələbinə dair yazılı münasibəti: Üçüncü şəxsin iddia tələbinə dair yazılı münasibəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində göstərmişdir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən 110 kv. metr torpaq sahəsindən 25 sentyabr 2007-ci il tarixdə Bakı şəhəri Nizami bələdiyyəsi ilə bağlanmış icarə müqaviləsi əsasında istifadə edir və iddiaçının istifadəsində olan sözügedən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2000-ci il tarixli 911 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin sərhədləri daxilində olan torpaq sahəsinə aiddir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-247/2023 saylı 11 oktyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, birinci instansiya məhkəməsi qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci, 8.0.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı, 9-cu maddələrinə və digər qanunvericilik aktlarına istinad etmişdir. Belə ki, birinci instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, "... - maddə 11.8. Ümumi istifadədə olan bələdiyyə torpaqlarında yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə, əyləncə, idman obyektlərinin və digər zəruri tikililərin müvəqqəti quraşdırılması üçün sahələr hüquqi və fiziki şəxslərin icarəsinə bələdiyyələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qısa müddətə verilir. Belə məqsədlər üçün icarəyə verilən sahələrin ölçüsü layihə sənədlərində nəzərdə tutulan ölçüdən çox ola bilməz”. Məhkəmənin bu mövqeyi ilə razı deyil, belə ki, iddiaçıya Bakı şəhər Nizami bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı iclas protokolundan çıxarışa əsasən Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən 110 kv.metr olan ərazi ticarət və iaşə məqsədilə 49 illiyə icarəyə verilmişdir. Həmin müqavilə ləğv edilməmiş, hazırda da qüvvədədir. Məhkəmə qanuna istinad edərək qısa müddətə torpağın icarəyə verilməsini qeyd etsə də, qanunda qısa müddət dedikdə hansı müddətin nəzərdə tutulduğu qeyd edilməmişdir. Məhkəmə bu hissədə fikrini əsaslandırmamışdır. Daha sonra birinci instansiya məhkəməsi qərarda "... bənd 7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir”. Məhkəmə bu fikirini bələdiyyə iddiaçıya torpaq sahəsi ayırarkən qanunvericiliklə tələb olunan normalara əməl etməmiş, səlahiyyətli orqanların rəyini almamışdır kimi əsaslandırmışdır. Həmçinin, qeyd etmişdir ki, bu iddianın təmin edilməməsi üçün əsas deyil. Həmçinin, məhkəmə tərəfindən məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, həmin qərardadın icrası ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 08 may 2023-cü il tarixli, 10/699 nömrəli ekspert rəyində göstərmişdir ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən 110 kv.m torpaq sahəsinin Bakı şəhəri Nizami Rayon Bələdiyyəsinə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2000-ci il tarixli, 911 saylı sərəncamı ilə ayrılmış 330 ha torpaq sahəsinin daxilində yerləşməsini nəzərə alaraq, Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2007-ciil tarixli qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən 110 kv.m torpaq sahəsinin ayrılan zaman bələdiyyə torpaqlarına aid olduğu müəyyən edilmişdir. Ekspert rəyi iş üçün əhəmiyyətli olan mötəbər sübut növü hesab edilir. Ekspert rəyində də açıq- aşkar iddiaçıya ayrılmış torpaq sahəsinin bələdiyyə ərazisinə aid olması qeyd edilmişdir. Məhkəmənin ekspert rəyinə sübut kimi qiymət verməməsi hesab edirik ki, işin hərtərəfli, tam və obyektiv araşdırılmasını göstərmir. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə üçüncü şəxs Bakı şəhəri Nizami Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan və belə iddia növü üzrə iddianın mümkün sayılma şərtindən biri də həmin tələblə cavabdeh quruma müraciət olunması şərti olduğundan, bu şərtə də iddiaçı tərəfindən əməl olunduğundan, baxmayaraq ki, iddiaçının müraciəti cavabdeh inzibati orqan tərəfindən cavablandırılmamışdır, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 110 kv.metr olan torpaq sahəsinə dair icarə hüququnun qeydə alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbi təmin olunmamışdır. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı iddiaçı hazırki tələblə inzibati orqana təkrar müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli, **********92 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Hazırki işdə iddiaçının icarə hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədi qismində Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı, həmin qərar əsasında bağlanmış “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə çıxış edir. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsinə Bakı şəhər Nizami bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı iclas protokolu və xx.xx.2007-ci il tarixli “torpaq sahəsinin icarəyə verlməsi haqqında” müqavilə təqdim olunmuşdur. Qeyd olunan Bakı şəhər Nizami bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı iclas protokolundan çıxarışdan görünür ki, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın qarşısında yerləşən 110 kv.metr olan ərazi ticarət və iaşə məqsədilə 49 illiyə İddiaçı icarəsinə verilmişdir. xx.xx.2007-ci il tarixli “torpaq sahəsinin icarəyə verlməsi haqqında” müqaviləyə görə də icarəyə verən Nizami Bələdiyyəsi və icarəçi İddiaçı arasında Nizami Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı əsasında müqavilə bağlanmış, müqaviləyə əsasən icarəyəverən icarə əsasında Nizami rayonu, Q.Qarayev prospekti, 57 saylı binanın qarşısında yerləşən ümumi sahəsi 110 kv.metr olan, gələcəkdə sahə adlanan ərazini icarəçiyə uzun müddətli – 49 il istifadəyə verməyi, icarəçi isə onu qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən həmin müqavilə 49 il müddətinə bağlanır. 1.3-cü bəndinə görə isə torpaq sahəsi iaşə və ticarət məqsədi ilə verilir. İddianın təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsi buna əsaslardan biri kimi, bələdiyyə qərarının mövcud olmamasına istinad etmişdir. Lakin işin apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı məhkəməyə təqdim olunmuşdur. Həmin qərara əsasən Nizami rayonu, Q.Qarayev prospekti, 57 saylı binanın qarşısında yerləşən ümumi sahəsi 110 kv.metr faktiki istifadədə olan torpaq sahəsinin 49 (qırx doqquz) il müddədinə ticarət iaşə məqsədli ilə İddiaçı icarəsinə verildiyi müəyyən olunur. Birinci instansiya məhkəməsi qərarında göstərir ki, məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi cavab olaraq xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, məsələ ilə bağlı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilib-edilməməsi barədə məlumat aşkar edilməmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarında göstərilmişdir ki, vahid elektron kadastr bazasına əsasən torpaq sahəsi yaşayış binasından 26 metr aralı, yol kənarı yaşıllıq zolağında yerləşməklə dövlət mülkiyyəti torpaqlarıdır. Həmçinin, Nizami Bələdiyyəsinin istifadəsində olan torpaq sahələrinin sərhədləri barədə elektron bazada məlumat yoxdur. Beləliklə, cavabdeh qurumun etirazının dəlillərindən biri- torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə edilməməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bunun səbəbi onunla bağlıdır ki, inzibati orqanların daxili idarəçiliklə bağlı fəaliyyət sahəsini dövlət-vətəndaş münasibətlərinin yarandığı əsas hüquqlar sahəsindən fərqləndirmək üçün məhz həmin əlamətdən istifadə olunur. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən rəylər alınmadan və razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formal-hüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən bir də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır.” Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan məsələ ilə bağlı göstərdiyi dəlil əsassızdır və bu əsas iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınmasını istisna edə bilməz. Cavabdeh qurumun “iddiaçının üzərində icarə hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olması” barədə dəlilinə gəldikdə, bu məsələ birinci instansiya məhkəməsi tərəfindən araşdırılarkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 08 may 2023-cü il tarixli, 10/699 nömrəli ekspert rəyində göstərmişdi ki, iddiaçının icarə hüququnun qeydə alınmasını tələb etdiyi 110 kv.m torpaq sahəsi ayrılan zaman bələdiyyə torpaqlarına aid olmuşdur. Lakin bu zaman məhkəmə iş üzrə ekspert rəyini deyil, dövlət torpaq kadastrını həyata keçirən orqanın tabe təşkilatı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin məlumatının əsas götürülməsi qənaətinə gəlmişdir. Qeyd olunan yanaşma ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, əvvəla oxşar işlər üzrə məhkəmə təcrübəsindən müəyyən olunur ki, Bakı şəhəri ərazisində hər hansı bələdiyyəyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüdudları qeyd olunmaqla işlənmiş xəritələr əsasında təhvil verilmiş torpaq sahələri üzərində bələdiyyələrin mülkiyyət hüququ qeydə alınmamışdır. Bu səbəbdən dövlət torpaq kadastrında da həmin məlumatların əks olunması mümkünsüzdür. Lakin mövcud məhkəmə təcrübəsi onu deməyə əsas verir ki, oxşar işlər üzrə araşdırmalar aparılarkən verilmiş ekspert rəyinə əsasən iddia olunan torpaq sahəsinin ayrılan zaman müvafiq bələdiyyənin torpaqlarına aid olması və ya onun inzibati ərazi hüdudları daxilində olması sözügedən torpaq sahəsinin həqiqətən də ayrılan zaman bələdiyyə tərəfindən ona təhvil verilmiş torpaqlardan verilməsi anlamına gətirir. Hazırki işdə də ekspert rəy verərkən sözügedən torpaq sahəsinin ayrıldığı zaman bələdiyyə torpağı olduğunu bildirmiş və bu zaman Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 911 saylı sərəncamı ilə Nizami Bələdiyyəsinə ayrılmış 330 ha əraziyə dair ayrıc göstəricilərinə istinad etmişdir. Birinci instansiya məhkəməsi həmin ayrıc göstəricilərinin sözügedən sərəncama əlavə edilmədiyinə istinad etmişdir. Halbuki iş materiallarından (i.v. 65-68) görünür ki, Nizami Bələdiyyəsinə ayrılmış 330 ha əraziyə dair ayrıc göstərişləri Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 911 saylı sərəncamına əlavə olunmuşdur. Bununla da müəyyən olunur ki, iddiaçının icarəsinə müvafiq torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsi Nizami bələdiyyəsinə məxsus olmuşdur, buna görə də sonuncunun belə torpaqayırma səlahiyyəti qanunla mövcud olmuşdur. Bundan başqa işə baxmış birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrkən bələdiyyə tərəfindən iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin 49 il müddətinə verilməsinin qısa müddət olmadığı üçün qanunla da düzgün verilmədiyinə istinad etmişdir. Bu barədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, əvvəla torpaqdan müvəqqəti istifadənin qısamüddətli- on beş ilədək olması Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuşdur. Hazırki işdə iddiaçının icarəsinə 49 il müddətinə torpaq sahəsini verən bələdiyyə olduğu üçün hazırki mübahisəyə xüsusi qanun norması kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun normalarının tətbiqi daha məqsədəmüvafiqdir. Nəzərə alınmalıdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda torpaqların icarə hüququ əsasında qısa müddətə (o cümlədən 49 ildən az müddətə) verilməsi ilə bağlı hər hansı müddəa əks olunmamışdır. Birinci instansiya məhkəməsinin adı çəkilən Qanunun istinad etdiyi normasındakı “hüquqi və fiziki şəxslərin icarəsinə bələdiyyələr tərəfindən qısa müddətə verilən sahələr” isə “ümumi istifadədə olan bələdiyyə torpaqlarında yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə, əyləncə, idman obyektlərinin və digər zəruri tikililərin müvəqqəti quraşdırılması üçün olan sahələr”dir. Hazırki işdə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin məhz yuxarıdakı normanın məzmununda göstərilən sahələrdən birinə aid olması iş üzrə təsdiq olunmur. Bu barədə məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının icarəsi məhz 49 il müddətinə torpaq sahəsinin verilməsi ilə bağlı qəbul etdiyi inzibati akt hazırda qüvvədədir, ləğv edilməmiş, dəyişdirilməmiş və məhkəmə qaydasında etibarsız hesab olunmamışdır. Hazırki vəziyyətdə “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmadığı üçün həmin inzibati akt inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi üçün etibarlı sayılır və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma yuxarıda da qeyd olunduğu kimi, publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Digər tərəfdən cavabdeh qurum etirazının digər əsası kimi bildirmişdir ki, iddia olunan torpaq sahəsi yaşayış binasından 26 metr aralı yaşıllıq ağacları olan ərazidə yerləşir. Bu barədə birinci instansiya məhkəməsi qeyd etmişdi ki, ekspert rəyində torpaq sahəsinin yol kənarı ərazisi olması qəbul edildiyindən bu hal həmin ərazinin ümumi istifadədə olan torpaq sahəsi olması deməkdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddia olunan torpaq sahəsinin yaşayış binasından 26 metr aralıda, yol kənarında yaşıllıq ağacları olan ərazidə yerləşməsi faktı hələ həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olması demək deyildir, nə qədər ki, həmin torpaq sahəsinin məhz ümumi istifadədə olması faktı ekspert tərəfindən də təsdiqlənmir. Digər tərəfdən, torpaq sahəsinin belə yaşıllıq ərazisində yerləşməsi onun bələdiyyə qərarı ilə fiziki şəxslərin icarəsinə verilməsini məhdudlaşdırmır, eləcə də sahənin xüsusiyyətləri həmin sahədə tikinti işlərinin aparılıbaparılmaması üzrə icraatda rol oynaya bilər, hansı ki, hazırki mübahisə yalnız torpaq sahəsinə hüquqla bağlıdır. Oxşar iş üzrə məhkəmə kollegiyasının hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarında təsdiqlənmişdir (iş No 2-1(102)- 2316/2024 saylı xx.xx.2024-cü il tarixli qərar). Cavabdeh qurumun “torpaq sahəsinə dair cizgi ilə faktiki vəziyyət arasında fərqin mövcudluğu” ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin fərqin mövcudluğunun aradan qaldırılması qanunla cavabdeh qurumun vəzifəsinə aid edilmişdir. Digər tərəfdən, həmin fərqin mövcudluğu iddiaçının icarəsinə verilmiş torpaq sahəsi üzərində onun icarə hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Bu baxımdan müvafiq torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul olunduğu üçün qərar ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməli, bununla da iddiaçının apelyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-247/2023 saylı 11 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-247/2023 saylı 11 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 110 kv.metr olan torpaq sahəsi üzərində İddiaçı icarə hüququ qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar