Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-231/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə QƏRAR (Açar sözlər: “qərarın ləğv edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin nümayəndələri Nümayəndə1 və X4, X5, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndələri Nümayəndə2 və X2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5129/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı QSC (bundan sonra iddiaçı və ya bank) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (bundan sonra cavabdeh və ya vergi orqanı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********826100 nömrəli və xx.xx.2021-ci il tarixli **********057200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv olunmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). İddiaçının tələbinin mahiyyəti ondan ibarət olmuşdur ki, iddiaçı bank kreditlərin təminatı olan və hərracların baş tutmaması səbəbindən məcburi mülkiyyətinə götürmüş olduğu əmlaklara münasibətdə tətbiq olunmuş əmlak vergisinin tutulmasına dair cavabdehin qərarlarının ləğv edilməsini istəyir. Bankın dəlili isə ondan ibarət olmuşdur ki, həmin əmlaklar vergitutma obyekti baxımından əsas vəsait hesab olunmur, eyni zamanda bank həmin əmlakı qanunun tələblərinə görə məcburi özgəninkiləşdirməlidir, özgəninkiləşdirmə zamanı isə əldə olunmuş vəsaitdən mənfəət vergisi ödəməlidir. Belə olan halda aydın olur ki, vergi orqanının mövqeyi baxımından bank vermiş olduğu kreditin əvəzi (ekvivalenti) olaraq məcburən mülkiyyətə götürmüş olduğu əmlaka münasibətdə həm əmlak vergisi, həm də sonradan mənfəət vergisi verməyə məcbur edilir. Bu isə eyni vergitutma obyektinə münasibətdə ikiqat vergi tutmaya səbəb olur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5129/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qərardan mahiyyət etibarı ilə iddia ərizəsi ilə eyniyyət təşkil edən apellyasiya şikayəti vermişdir. İddiaçının iddia ərizəsinin və mahiyyət etibarı ilə onunla eyniyyət təşkil edən apellyasiya şikayətinin, habelə nümayəndənin məhkəməyə verdiyi izahatının dəlilləri əsasən belədir: - həmin əmlaklar verilmiş kreditlərin təminatı kimi ipoteka qoyulmuş əmlaklar olmuşdur; - həmin əmlaklar kredit götürmüş borcluların öz öhdəliklərini icra etməmələri səbəbindən həyata keçirilmiş və baş tutmayan hərraclar nəticəsində əldə edilmişdir; - həmin əmlaklar hərracların baş tutmaması səbəbindən və məhz qaytarılması ümidsiz hala gələn kreditlərin müqabilində, başqa sözlə desək, qaytarılmalı olan pul vəsaitinin əvəzi olaraq məcburən əldə edilmişdir; - bank həmin əmlakları öz fəliyyətinin məqsədləri baxımından istifadə etmək niyyəti ilə əldə etmir və onlardan istifadə etmir; - həmin əmlakların hərracdan məcburən əldə olunması və bankın “mülkiyyəti”nə keçməsi müvvəqqəti və bir çox hallarda formal olur, həmin əmlakların real olaraq boşaldılması (sonrakı müxtəlif məhkəmə çəkişmələri səbəbindən: məs. -hərracın etibarsızlığı, mənzilin boşaldılması, mənzildən çıxarılma, istifadə hüququna xitam verilməsi və s.) bir neçə il çəkir və bankın ona faktiki sahiblənməsi (yiyələnməsi) illər sonra baş tutur; - bank həmin əmlakları qanunvericiliyin imperativ tələbinə görə bir il ərzində məcburi olaraq özgəninkiləşdirməlidir; - bank həmin əmlakların özgəninkiləşdirilməsindən əldə olunan vəsaitdən mənfəət vergisi ödəyir. İddiaçı mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra VM) 197.1.3, 114.2, 13.2.17 və 3.11-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-43.9-cu maddələrinə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş 25 dekabr 2012-ci il tarixli “Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Metodik Göstərişlər”, Azərbaycan Respublikası Maliyyə Bazarına Nəzarət Palatasının xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiqlənmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Statistik vergi terminlər lüğətinə”, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 23 iyul 2020-ci il tarixli Qərarındakı hüquqi mövqelərinə istinad etmişdir. İddiaçı qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında apellyasiya icraatı zamanı iddiaçının nümayəndələri Nümayəndə1, F.Məmmədova, E.Vəliyeva ayrılıqda apellyasiya şikayətini müdafiə edərək və şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri Nümayəndə2 və Ş.Abdullayev ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər, eyni zamanda mövqelərinin əsası kimi hazırkı məsələyə dair apellyasiya və kassasiya instansiya məhkəmələrinin qüvvədə olan qərarlarını Məhkəmə kollegiyasına təqdim etmişlər. Sübutların tədqiqi: İnzibati iş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********966300 №li çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı QSC xx.xx.2002-ci ildə 21 (hazırki (VÖEN) **********) dövlət qeydiyyat nömrəsi hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin ünvanı ünvan 1ət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən keçirilən kameral vergi yoxlaması zamanı İddiaçı QSC tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu il və 2020-ci illər üçün dəqiqləşdirilmiş əmlak vergisi bəyannamələri təqdim edilərək, vergiyə cəlb edilən əmlakın dəyərinin azaldıldığı üçün kənarlaşma yarandığı aşkar edilmişdir. Belə ki, Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu il üçün təqdim edilmiş əmlak vergisi bəyannaməsində vergiyə cəlb olunan əmlakın qalıq dəyərinin hesabat ilinin əvvəlinə 58881658,99 manat, hesabat ilinin sonuna 69389167,79 manat, xx.xx.2021-ci il tarixdə 2020-ci il üçün təqdim edilmiş əmlak vergisi bəyannaməsində vergiyə cəlb olunan əmlakın qalıq dəyərinin hesabat ilinin əvvəlinə 69389167,79 manat, hesabat ilinin sonuna 68567366,44 manat göstərildiyi halda, sonradan xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilmiş əmlak vergisi bəyannamələri təqdim edilərək, hesabat ilinin sonuna vergiyə cəlb olunan əmlakın qalıq dəyərinin uyğun olaraq 2019-cu il üzrə 31070177,76 manat və 2020-ci il üzrə 29510509,75 manat əks etdirildiyi müəyyən edilmişdir. Odur ki, Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilərək balansında olan aktivlərin 2019-cu il üzrə 38318990,03 manat və 2020-ci il üzrə 39056856,89 manat hissəsinin satış üçün nəzərdə tutulan aktivlərə aid olunduğu üçün həmin məbləğlərin əmlak vergisinə cəlb edilmədiyi, həmçinin dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamələrinə əsasən 2019-cu il üzrə 52387947,7 manat dəyərində malların daxil olduğu, 7456471,54 manat məbləğində malların təqdim edildiyi, 2020-ci il üzrə 8189062,38 manat dəyərində malların daxil olduğu, 11456667,17 manat məbləğində malların təqdim edildiyi müəyyən edilmişdir. Bununla bağlı Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı QSC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********515800 №li “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubu ilə İddiaçı QSC-dən 2019-cu il üzrə Əmlak vergisi; 2019-cu il üzrə Mənfəət vergisi; 2020-ci il üzrə Mənfəət vergisi; iyul 2021-ci il üzrə Əlavə dəyər vergisi üzrə dəqiqləşmiş bəyannamələrinin, hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Eyni zamanda vergi ödəyicisinə bildirilmişdir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəlarına əsasən vergi orqanının onların vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərini yenidən hesablamaq hüququ vardır. İddiaçı QSC tərəfindən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Əmtəə-material ehtiyatlarına 2019-cu ildə 38318990,03 manat və 2020-ci ildə 39056856,89 manat aid edildiyinə görə Bank tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş Əmlak vergisi bəyannamələrində müvafiq olaraq 191594,95 və 386879,23 manat məbləğində azalmalar aparılmışdır. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2021-ci il tarixli **********826100 №-li qərarından görünür ki, Əmlak vergisi üzrə 2019-cu ilin bəyannamə və hesabat dövrü yoxlanılarkən İddiaçı QSC tərəfindən təqdim edilmiş bəyannamədə hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 476.338,46 manat kimi qeyd olunmuş, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 667.933,41 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 191.594,95 manat məbləğində müəyyən olunmuşdur. Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi kimi, İddiaçı QSC-nin əmlak vergisinin azaldılması barədə xx.xx.2021-ci il tarixli **********778500 saylı məktubunun nəzərə alınmadığı qeyd olunmuşdur. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı QSC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubla 2020-ci il üzrə əmlak vergisi və 2020-ci il üzrə dəqiqləşdirilmiş əmlak vergisi bəyannaməsi; əsaslandırılmış yazılı izahat məktubu və zəruri olan sənədlərin (məktubların) surətlərinin təqdim olunması tələb olunmuş və təqdim olunmadığı təqdirdə vergi öhdəliklərinin yenidən hesablanması hüquqlarının olduğu izah olunmuşdur. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2021-ci il tarixli **********057200 №-li qərarından görünür ki, Əmlak vergisi üzrə 2020-ci ilin bəyannamə və hesabat dövrü yoxlanılarkən İddiaçı QSC tərəfindən təqdim edilmiş bəyannamədə hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 349882,17 manat kimi qeyd olunmuş, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 736.761,40 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 386879,23 manat məbləğində müəyyən olunmuşdur. Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi kimi, xx.xx.2021-ci il tarixdə Əmlak vergisi bəyannaməsinə dəqiqləşmə təqdim edilərək vergi məbləğinin azaldıldığı, xx.xx.2021-ci iltarixli **********778500 nömrəli cavab məktubunda qeyd edilənlər və VM-nin 197.1.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2020-ci il dəqiqləşdirilmiş Əmlak vergisi bəyannaməsi üzrə azaldılan vergi məbləğinin bərpa edilməsi göstərilmişdir. İddiaçı QSC-nin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli şikayət ərizəsində İddiaçı QSC (VÖEN **********) Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********826100 nömrəli və xx.xx.2021-ci il tarixli **********057200 nömrəli Qərarlarına əsasən, müvafiq olaraq 2019-cu il üzrə 191 594,95 manat, 2020-ci il üzrə 386.879,23 manat, cəmi: 578.474,18 manat kameral qaydada düzgün hesablanmamış əmlak vergisi məbləğlərinə dair etirazını bildirmişdir. Belə ki, Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021- ci il tarixli **********042000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında daxil olmuş məktubda Cəmiyyətin 2020-ci ilin Əmlak vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahat və zəruri sənədlər (məlumatlar) vergi orqanına təqdim edilməsi tələb edildiyi halda, heç bir müddət gözləmədən, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********057200 nömrəli Qərarı ilə əsassız olaraq Cəmiyyətimizin şəxsi hesab vərəqəsinə kameral qaydada 2020-ci il üzrə 386 879,23 manat əmlak vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 37.3.-cü maddəsinə əsasən "Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4.-cü maddəsinə əsasən "Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir." Göründüyü kimi, Vergi orqanı tərəfindən müəyyən edilmiş 5 gün müddət gözlənilmədən 2020- ci ilin Əmlak vergisi üzrə kameral qaydada əlavə hesablama aparılmış və bununla da Vergi Məcəlləsi ilə müəyyən edilən prosedur qaydalar pozulmuşdur. Cəmiyyətin mövqeyi: Məlumunuz olduğu kimi, verilmiş təminatlı kreditlər üzrə borcun ödənilmədiyi halda, qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi üzrə tələbin təminat qismində çıxış edən girov əmlakına yönəldilir ki, bu da bir sıra hallarda girov qoyulmuş əmlakın məhkəmə qərarlarına əsasən Bank tərəfindən satış məqsədilə əldə edilərək balansa (satış üçün nəzərdə tutulan aktivlər kimi) götürülməsi ilə nəticələnir. Lakin kommersiya fəaliyyətində istifadəsi nəzərdə tutulmayan (bank fəaliyyətində istifadə olunmayan) əmlakları Bank satış məqsədilə əldə edərək öz balansına götürdüyü zaman Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş 25 dekabr 2012-ci il tarixli "Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Metodiki Göstərişlər"ə uyğun olaraq əsas vəsaitlərin uçotu üçün nəzərdə tutulan hesablarda deyil, "Satış üçün nəzərdə tutulan aktivlər" hesabında uçota alınır. Vergi Məcəlləsinin 139.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisi özünün mülkiyyətində olan və satılmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən "müəssisənin balansında olan əsas vəsaitlərin orta illik dəyəri" əmlak vegisi üçün vergitutma obyekti sayılır. Bildiririk ki, Bank tərəfindən sözügedən aktivlər balansda əsas vəsait kimi deyil, satış üçün nəzərdə tutulan aktiv kimi uçota alındığından bu əmlaklardan amortizasiya ayırmaları hesablanmır və əmlak vergisi məqsədləri üçün vergitutma obyekti sayılmır. Beləliklə, satış məqsədilə Bank tərəfindən ödənilməmiş borclar müqabilində əldə edilən əmlaklar əsas vəsait deyil, əmtəə-material ehtiyatları anlayışı ilə əhatə olunur. Əmtəə-material ehtiyatları isə Vergi Məcəlləsinin 197-ci maddəsinə əsasən əmlak vergisinin vergitutma obyekti kimi müəyyən edilmədiyindən, bu tip aktivlərdən əmlak vergisi hesablanmamışdır. Bu məqsədlə Bankın balansında əmtəəmaterial ehtiyatlarına 2019-cu ildə 38 318 990,03 manat və 2020-ci ildə 39 056 856,89 manat aid edildiyinə görə həmin illər üzrə təqdim edilmiş dəqiqləşdirilmiş Əmlak vergisi bəyannamələrində müvafiq olaraq 191 594,95 və 386 879,23 manat məbləğində azalmalar aparılmışdır. Cəmiyyətimiz tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş Əmlak vergisi bəyannamələri və bununla bağlı vergi orqanının göndərdiyi uyğunsuzluq məktublarına müvafiq qaydada ətraflı cavablarla əsaslı açıqlamalar verilməsinə baxmayaraq, təqdim etdiyimiz məlumatlar və izahatlar vergi orqanı tərəfindən nəzərə alınmamış və yuxarıda qeyd edilən hesabat dövrləri üzrə düzgün olmayaraq ümumilikdə: 578 474,18 manat əmlak vergisi yenidən əlavə olaraq hesablanmış və şəxsi hesab vərəqələrindən silinmişdir. Vergi Məcəlləsinin 3.10-cu maddəsinə əsasən "Vergi sistemi sahibkarkıq və investisiya fəaliyyətini təşviq etməlidir." Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən "Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir." Qeyd edilənlərlə əlaqədar Milli Gəlirlər Baş İdarəsi tərəfindən Cəmiyyətə 2019-cu və 2020-ci illər üzrə yuxarıda göstərilən Qərarlara əsasən kameral qaydada düzgün olmayaraq əlavə hesablanmış cəmi 578 474,18 manat Əmlak vergisi məbləğlərinin ləğv edilməsi barədə müvafiq Qərarın çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İiqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 11 dekabr 2021-ci il tarixli **********044200 saylı qərarın surətindən müəyyən olunur ki, İddiaçı QSC-yə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********259600 nömrəli) müraciətinin araşdırılmasının nəticəsinə əsasən aşağıdakılar qərara alınmışdır: - İddiaçı QSC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli inzibati şikayət təmin edilməsin. - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********826 nömrəli və xx.xx.2021-ci il tarixli **********057200 nömrəli “Vegilərin sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarları dəyişdirilmədən saxlanılsın. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01162-2022-6356 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Milli X6 xx.xx.2002- ci il tarixli, 18 nömrəli Qərarı (Protokolu) ilə təsdiq edilmiş "Bankların əsas vəsaitlərlə (əmlakla) apardıqları əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 2.2-ci bəndinə əsasən Bank mülkiyyətində olan əsas vəsaitlər nəzarət məqsədilə Mərkəzi Banka təqdim olunan prudensial hesabatlarda iki kateqoriya üzrə qruplaşdırılır: bank işində istifadə olunan əsas vəsaitlər; bank işində istifadə olunmayan əsas vəsaitlər. Həmin Qaydaların 4.1 -ci bəndinə əsasən "bank qarşısında müştərinin borclarının qismən və ya tam ödənilməsi üçün götürülmüş, yaxud qanunvericiliklə müəyyən edilmiş qaydada borclar müqabilində borclu və ya üçüncü şəxs tərəfindən bankın xeyrinə özgəninkiləşdirilən aktivlər" bank işində istifadə olunmayan əsas vəsaitlərə aid edilir. Bununla belə, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. Bank sistemi üçün Hesablar Planında isə ödənilməmiş borclar müqabilində balansa götürülmüş daşınmaz əmlak satış üçün nəzərdə tutulmuş aktivlər kateqoriyasına aid edilir. Eyni zamanda, X1 (İAS 16, İFRS 5) satış üçün nəzərdə tutulan aktivlər üzrə amortizasiya hesablanmır. Göründüyü kimi, mühasibat uçotunda həmin aktivlər Vergi Məcəlləsində nəzərdə tutulan əsas vəsait anlayışına cavab vermir. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, ödənilməmiş borclar müqabilində balansa götürülən və bank işində istifadə olunmayan əmlaklar vergitutulma obyekti kontekstində əsas vəsait hesab edilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Kollegiya bildirir ki, hazırkı məsələ ilə bağlı aparılan müzakirələr zamanı məlum olmuşdur ki, bir sıra məsələlərdə olduğu kimi, bu məsələdə də həm hakimlər, həm də məhkəmələr arasında olduqca fərqli mövqelər və demək ki, həm də fərqli yanaşmalar və müvafiq olaraq da fərqli məhkəmə qərarları mövcuddur. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun oxşar məsələlərlə bağlı “Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 23 iyul 2020-ci il tarixli qərarındakı hüquqi mövqelər də hazırkı işə baxılmasında vahid nəticəyə gəlinməsi üçün qənaətedici olmamışdır. Bu isə hazırkı mərhələdə olduqca zəruri olan vahid məhkəmə təcrübəsinin yaranmasına, hüquqi məsələlərin həllində sabitliyin, eləcə də hüquq normalarının tətbiqinin proqnozlaşdırılan olması və hüquqi müəyyənlik kimi ədalət mühakiməsinin fundamental prinsiplərinə xələl gətirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) vergitutma obyekti sayılır. Məcəllənin 13.2.17-ci maddəsinə əsasən, əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur. Məcəllənin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Beləliklə də hazırkı mübahisə ilə bağlı aparılan müzakirələr zamanı məlum olmuşdur ki, bir sıra başqa məsələlərdə olduğu kimi, bu məsələdə də həm məhkəmənin hakimləri, həm də məhkəmələr arasında olduqca fərqli mövqelər və demək ki, həm də fərqli yanaşmalar və müvafiq olaraq da fərqli məhkəmə qərarları mövcuddur. Hazırkı iş üzrə fikir ayrılığına və tamamilə fərqli yanaşmalara səbəb olan hal (mübahisə) isə bank tərəfindən verilmiş kreditin təminatı olmuş ipoteka predmeti olan əmlaklara məcburi tutmanın yönəldilməsi mərhələsində hərrac baş tutması halında, borclu tərəfindən ödənilməmiş kredit öhdəliyinin əvəzi olaraq məcburən əldə etdiyi həmin əmlakların, vergi qanunvericiliyinə əsasən əmlak vergisinə cəlb edilməli olan əsas vəsait hesab olunub-olunmaması ilə bağlı olmuşdur. Bu məsələyə münasibətdə iddiaçı bankla cavabdeh vergi orqanı tam fərqli mövqedə olmuşlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) vergitutma obyekti sayılır. Vergi Məcəlləsinin 13-cü maddəsində Məcəllədə istifadə olunan anlayışların izahı verilmişdir. Məcəllənin 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlərin izahı verilmişdir: Həmin normaya əsasən əsas vəsaitlər: - istifadə müddəti bir ildən çox olan; - dəyəri 500 manatdan çox olan; - bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur. Bankın mövqeyi ondan ibarət olmuşdur ki, baş tutmayan hərracdan sonra məcburən əldə etdikləri əmlak onların “mülkiyyətinə” keçməsinə və bankın balansında görünməsinə baxmayaraq, VM-in 13.2.17-ci maddəsində verilmiş anlayış baxımından əsas vəsait hesab oluna bilməz. Ona görə ki, həmin əmlaklara münasibətdə qanunun istinad olunan normasındakı tələblərin ikisi, yəni əmlakın istifadə müddətinin bir ildən çox olması və dəyərinin 500 manatdan çox olması mövcud olsa da, üçüncü, yəni amortizasiya edilməli əmlak olmasına dair tələb mövcud deyildir. Halbuki, həmin normanın tələbinə (dispozisiya şərtlərinə) görə, hər hansı maddi aktivin (əmlakın) əsas vəsait hesab olunması normada təsbit olunan hər üç əlamətin, həm də eyni vaxtda mövcudluğu şərtinə bağlıdır. Bankın məcburən əldə etdiyi və məcburən də özgəninkiləşdirməli olduğu həmin əmlaklara isə köhnəlmə əmsalı tətbiq olunmur, başqa sözlə desək, həmin əmlaklar (aktivlər) amortizasiya olunmur, eyni zamanda bank həmin əmlaklardan istifadə etmir. Demək ki, həmin əmlaklar əmlak vergisinin vergitutma obyekti baxımından əsas vəsait hesab olunmur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş 25 dekabr 2012-ci il tarixli “Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Metodik Göstərişlər” də tikililərin də əhatə olunduğu “Əsas vəsaitlər, qeyri-maddi aktivlər və investisiya” bölməsinin olmasına baxmayaraq, ödənilməmiş borclar müqabilində götürülmüş daşınmaz əmlaklar əmlakların Hesablar Planının başqa bölməsində - “Satış üçün nəzərdə tutulan aktivlər” bölməsində əks olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01162-2022-6356 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Milli X6 xx.xx.2002-ci il tarixli, 18 nömrəli Qərarı (Protokolu) ilə təsdiq edilmiş "Bankların əsas vəsaitlərlə (əmlakla) apardıqları əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 2.2-ci bəndinə əsasən Bank mülkiyyətində olan əsas vəsaitlər nəzarət məqsədilə Mərkəzi Banka təqdim olunan prudensial hesabatlarda iki kateqoriya üzrə qruplaşdırılır: bank işində istifadə olunan əsas vəsaitlər; bank işində istifadə olunmayan əsas vəsaitlər. Həmin Qaydaların 4.1 -ci bəndinə əsasən "bank qarşısında müştərinin borclarının qismən və ya tam ödənilməsi üçün götürülmüş, yaxud qanunvericiliklə müəyyən edilmiş qaydada borclar müqabilində borclu və ya üçüncü şəxs tərəfindən bankın xeyrinə özgəninkiləşdirilən aktivlər" bank işində istifadə olunmayan əsas vəsaitlərə aid edilir. Bununla belə, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. Bank sistemi üçün Hesablar Planında isə ödənilməmiş borclar müqabilində balansa götürülmüş daşınmaz əmlak satış üçün nəzərdə tutulmuş aktivlər kateqoriyasına aid edilir. Eyni zamanda, X1 (İAS 16, İFRS 5) satış üçün nəzərdə tutulan aktivlər üzrə amortizasiya hesablanmır. Göründüyü kimi, mühasibat uçotunda həmin aktivlər Vergi Məcəlləsində nəzərdə tutulan əsas vəsait anlayışına cavab vermir. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, ödənilməmiş borclar müqabilində balansa götürülən və bank işində istifadə olunmayan əmlaklar vergitutma obyekti kontekstində əsas vəsait hesab edilməməlidir. Bütün bunlara əsasən və Vergi Məcəlləsinin əlaqəli normalarının sistematik təhlili və məntiqi təfsirindən belə qənaət hasil olur ki, həmin Məcəllənin 13.2.17-ci maddəsinin tələbləri baxımından aktivlərin əsas vəsait hesab edilməsi üçün həmin aktivlərin (əmlakların) həm də istifadə məqsədi ilə əldə olunması mütləq şərtdir. Həmin normada “istifadə” sözünün işlədilməsi də bunu təsdiq edir. Belə olan halda, yəni həmin əmlakların istifadə məqsədi ilə əldə edilmədiyi və istifadə olunmadığı da nəzərə alındıqda, əlavə olaraq da, bəlli olur ki, həmin əmlaklar əsas vəsait hesab oluna bilmir. Bankın həmin əmlakları öz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün məqsədli şəkildə istifadə etmək niyyəti ilə əldə etmədiyi mübahisə doğurmur. Bundan başqa, bankların hərracdan əldə etdikləri həmin əmlaklardan real-faktiki olaraq da istifadə edə bilməmələrinə dair istənilən qədər faktlar mövcuddur. Məsələn: Bakı şəhər, Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-4296/2015 saylı qətnaməsi ilə bankın iddiası təmin edilmiş və tutulmuş məbləğin Bakı ş. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal dress dəniz döngəsi küç.9 sayli fərdi yaşayış evinə yönəldilmiş, çoxsaylı məhkəmə mübahisələrindən sonra xx.xx.2017-ci il tarixində bank hərracdan həmin əmlakı əldə etmiş və xx.xx.2017-ci il tarixində mülkiyyət hüququna dair müvafiq çıxarış almışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5935/ 2022 saylı qətnaməsi ilə cavabdehlərin həmin evdən çıxarılması və boşaldılaraq banka təhvil verilməsi qərara alınmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Mövcud praktikanı nəzərə alsaq ən azı 3 ay kassasiyada icraat, ən yaxşı halda da 3-5 ay da icra mərhələsi. Demək ki, xx.xx.2017-ci ildə bank formal olaraq mülkiyyətinə aldığı əmlakına yalnız 2023-cü ilin sonunda, yəni düz 7 (yeddi) il sonra faktiki yiyələnə biləcək. Demək ki, həmin əmlaklar bankın öz fəaliyyət sahəsinə uyğun istifadə etmək məqsədi olmadan əldə etdiyi və həm də faktiki istifadə etmədiyi əmlaklardır, başqa sözlə desək, həmin əmlaklar müvəqqəti olaraq bankın “mülkiyyəti”inə keçmiş və təyinatı üzrə istifadəsi mümkünsüz olan aktivlərdir. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin normanın tələblərinə istinadən və yuxarıda şərh olunanlara əsasən belə qənaətə gəlmək olar ki: - əsas öhdəliyin icra edilməməsi (borcun ödənilməməsi) səbəbindən tutmanın ipoteka predmetinə yönəldilməsi zamanı hərracın baş tutmaması halında (əsas öhdəliyin icrasının tam ümidsiz hala gəlməməsi zərurətindən) bankın həmin əmlakları məcburən əldə etdiyidən, - həmin əmlaklar kredit müqaviləsi üzrə borclunun banka qaytarmalı olduğu pul vəsaitinin müqabilində, yəni ödənilməyən pulun əvəzi olaraq əldə edildiyindən; - həmin əmlaklar bilavasitə bank fəliyyətinin hyata keçirilməsində istifadə etmək məqsədi ilə əldə edilmədiyindən; - bank həmin əmlaklardan isifadə etmədiyindən; -bank həmin əmlakları qanunun tələbinə əsasən məcburi özgəninkiləşdirməli olduğundan; -həmin əmlaklara aşınma əmsalı tətbiq edilmədiyindən, yəni amortizasiya olunmadığından; -həmin əmlakların satışından bankın əldə etdiyi pul vəsaiti mənfəət vergisinə cəlb olunduğundan- bu əmlaklar əmlak vergisi tutulmalı olan əsas vəsaitə dair tələblərə cavab vermir. Məsələyə hər hansı əks yanaşma, banka münasibətdə eyni mənbədən, yəni qaytarılmalı olan borc pulun əvəzi olaraq məcburən əldə edilən əmlakdan birinci dəfə əsas vəsait kimi əmlak vergisi, sonradan isə həmin əmlakın satılmasından əldə edilən pul vəsaitindən mənfəət vergisinin tutulması, ikiqat vergitutmaya səbəb olacaqdır. Bunun isə yolverilməz olduğu aşkardır. Bununla belə, cavabdeh tərəf apellyasiya icraatı zamanı eyni məsələyə dair öz mövqelərinin təsbit olunduğu və qüvvədə olan məhkəmə aktları təqdim etmişdir. Həmin məhkəmə aktlarından məlum olur ki, iddiaçı bank cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı baş tutmayan hərracdan əldə olunmuş əmlaklara münasibətdə əmlak vergisinin hesablanmasına dair xx.xx.2020-ci il tarixli qərarı mübahisələndirmiş, Bakı İnzibati Məhkəməsinin №2-1(112)- 5332/2021 sayli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının № 2-1(103)572/2022 saylı. xx.xx.2022-ci il tarixli qərarı ilə bankın şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin həmin qərarı isə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının № 2-1(102) 1278/2022 sayli, xx.xx.2022-ci il tarixli qərarı ilə bankın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə olan xx.xx.2022 -ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bütün qeyd edilənlər nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-231/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5129/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayətə baxılması ilə əlaqədar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinin həmin Məcəllənin 3.11, 13.2.17 və 114.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi və həmin müraciətə baxılıb qurtaranadək hazırkı iş üzrə icraat dayandırılması qərara alınmışdır. AR Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinin həmin Məcəllənin 3.11, 13.2.17 və 114.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2023-cü il tarixli qərarı qəbul edilmiş və hazırkı iş üzrə icraat təzələnmişdir. AR Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinin həmin Məcəllənin 3.11, 13.2.17 və 114.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2023-cü il tarixli qərarına əsasən: “1.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17 və 114.2-ci maddələrinin mənasına görə, ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka saxlayan tərəfindən əldə edilmiş və həmin Məcəllənin 114.2-ci maddəsində göstərilən amortizasiya olunmayan maddi aktivlərə daxil edilməyən ipoteka predmeti olan əmlak bu Məcəllənin 197.1.3-cü maddəsi ilə müəyyən edilən əmlak vergisinin vergitutma obyektinə aiddir. 2.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə alınmaqla ipoteka saxlayan müəssisənin məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka saxlayan tərəfindən əldə edilmiş, lakin sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətində istifadə edə bilmədiyi, qanunvericiliklə özgəninkiləşdirilməli olan əmlaklara münasibətdə əmlak vergisinin tətbiqi şərtləri və qaydalarının tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun”. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 63.4cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Beləliklə, Məhkəmə Kollegiyası yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən həmin qərarındakı hüquqi mövqeyi nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Beləliklə, iddiaçının apellyasiya şikayəti əsassız olduğunu onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5129/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5129/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-231/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-231/2023
25.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver