Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-231/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi (təsisçisi) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə (üçüncü şəxslər Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti və “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2-1(112)-59/2024 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Cavabdeh ASC) qarşı fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində iddiaçıya dəymiş 100.000 manat zərər və əldən çıxmış gəlir, 50.000 manat kompensasiya və 100.000 manat mənəvi zərər, cəmi 250.000 manat pulun iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində İddiaçınə dəymiş 400.000 manat zərər və əldən çıxmış gəlir, 50.000 manat kompensasiya və 100.000 manat mənəvi zərər, cəmi 550.000 manat pulun iddiaçıya ödənilməsi cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi kimi” dəyişdirilmişdir Məhkəmənin qərardadı ilə “Azərbaycan Avtomobil Yolları“ Dövlət Agentliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının ərizəsinə əsasən cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti əsl cavabdeh olan Cavabdeh ASC-i ilə əvəz edilmiş, Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti üçüncü şəxs kimi icraata cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyətinə başlamaq niyyətilə “Piqulu” ÇK müəssisəyə məxsus ünvan 1 ünvanında yerləşən 1,0 ha torpaq sahəsini kənar şəxslər tərəfindən təkrar zəbt edilməsinin qarşısını almaq məqsədlə ərazinin hasara alınmasına icazə verilməsi haqqında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının ərizələrlə müraciət etmişdir. Həmin müraciətlərə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların quraşdırılmasına yol verildiyi nəzərə alınaraq əsaslı tikililərin inşası məqsədəuyğun hesab edilmir. Eyni zamanda, ünvan 2 ünvanında yerləşən 1,0 ha torpaq sahəsinin “Piqulu” ÇK müəssisəsinə daimi istifadəsində olması barədə Suraxanı rayon İcra Hakimiyyətinin məlumatı olduğu halda Cavabdeh ASC tərəfindən həmin torpaq sahəsində kanalizasiya xətlərin inşasına müsbət rəy vermiş və bilavəsitə İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə 2020-ci ilin 18 fevraldan 01 mart tarixinədək həyata keçirilmişdir. Faktiki olaraq Suraxanı rayon İcra Hakimiyyətinin sərəncamı ilə müəssisəyə xəbər verilmədən müəssisəyə məxsus həmin “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsində qazıntı işlərini görüb ərazini bölərək 2006-ci ildən kənar şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrinə və həmin qanunsuz tikintilərə kanalizasiya xətti və asfalt yolu çəkilmişdir. Bununla da ona əlavə problem yaradılmışdır. Müəssisəyə məxsus “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsinin qanunsuz əsaslı tikinti işlərin dayandırılmasına dair tədbirlərin görülməsi barədə 18 fevral 2020-ci il tarixdə iddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Haciyevə, 24 fevral 2020-ci ilin tarixində Suraxanı rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasına və şəxsən icra başçısının özünə tələblərini izah edərək torpaq ərazisində qanunsuz əsaslı tikililərin dayandırılması tələbi ilə rəsmi qaydada müraciət etmişdir. Lakin qanuni tələblərə məhəl qoyulmayaraq “abadlaşdırma” adı ilə tikinti işlərinin aparılmasına son qoymaq əvəzinə həmin işlər 10 gün ərzində tamamlanmışdır. Sahibkarlıq fəaliyyətinə şərait yaratmaq əvəzinə, Hörmətli Prezidentimiz tərəfindən bəyan edilmiş iş adamlara dəstək proqramı ilə tam ziddiyyət yaradan bir haldır. Müəssisənin daimi istifadəsinə ayrılmış torpaq sahəsində hasar tikməyə icarə verməyərək həmin torpaq sahəsində Cavabdeh ASC-nin vasitəsi ilə torpaq sahəsini zədələyib ərazinin ortasında üç yerdən ehtiyac olmayan mənasız kanalizasiya xətlərini çəkilməsi və məhkəmə qətnaməsinə əsasən söküntüyə düşən qanunsuz tikililərə asfalt yollarının çəkilməsi nəticəsində Suraxanı rayon İcra Hakimiyyəti öz qanunsuz hərəkətləri ilə və hərəkətsizliklə müəssisəyə küllü miqdarda maddi və mənəvi zərər vurmuşdur. Müəssisəyə dəymiş ziyanın və əldən çıxmış gəlirin, həmçinin vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlı tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə rəsmi qaydada ərizə ilə müraciət edilmişdir. Lakin Suraxanı rayon İcra Hakimiyyəti müraciətin təmin edilməməsi barədə cavab məktubu ünvanlanmışdır. Adıçəkilən cavab məktubundan belə müəyyən olunur ki, guya icra hakimiyyəti tərəfindən müəssisəyə heç bir ziyan vurulmamış ərazidə görülmüş işlər Cavabdeh ASC tərəfindən həyata keçirilmişdir. Cavabdeh inzibati orqanın imtinası əsaslı deyil. Belə ki, Cavabdeh ASC, "xxxx" ASC, "xxxx" ASC tərəfindən Bakı şəhəri üzrə hər hansı işlər görülməzdən əvvəl yerli icra hakimiyyətləri orqanlarına bu barədə məlumat verilir və həmin məlumat yerli icra hakimiyyəti orqanının, yəni hazırkı mübahisə üzrə Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən tam şəkildə araşdırıldıqdan sonra işlərin görülməsinə icazə verilir. Göründüyü kimi Suraxanı rayon İcra Hakimiyyəti qanuni istifadədə olan və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə imkan verməmiş və bununla da qanunla qorunan hüquqlarını pozmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən ona qarşı qərəzli mövqe nümayiş etdirilmiş və bununla da külli miqdarda gəlirdən məhrum olunublar. Bakı İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2-1(112)-59/2024 saylı qərarı (hakim L.Musayeva) ilə iddianın qismən təmin edilməsi, İddiaçınə dəymiş maddi zərər 19.908 manat məbləğində pulun ödənilməsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının nəticə hissəsinin qismən dəyişdirilərək, mənəvi tələb hissə istisna olmaqla, iddia tələbinin (450.000 manat hissəsində) tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh ASC tərəfindən də apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, iddianın bütövlükdə rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəssisəyə real olaraq 400.000 manat zərər (o cümlədən əldən çıxmış zərər) dəymişdir. Bu zərərin vurulmasını nəzərə aldıqda cavabdeh tərəfindən əlavə olaraq 50.000 manat kompensasiya da ödənilməlidir. İddia tələbi üzrə kifayət qədər müddət ərzində məhkəmə tərəfindən araşdırılma aparılmış, müxtəlif ekspertizalar təyin edilmişdir. Həmin ekspertizaların rəyləri ilə tam razı olmasa da, rəylərdə qeyd edilən məbləğlərə uyğun iddia təmin edilə bilərdi. Müəssisə sahibkarlıq fəaliyyət göstərmək niyyəti ilə 1988-ci ildə yaradılmışdır və 2005-ci ilə kimi fəaliyyət göstərmiş, kənd təsərrüfatı məhsulları yetişdirmişdir. Üçüncü şəxslər tərəfindən torpaq sahəsinin zəbt edilməsi səbəbindən və qanunsuz tikililəri aparan şəxslərlə məhkəmələrdə aparılmış mübahisələrə görə həmin torpaq sahəsindən təyinatı üzrə 2019-cu ilə kimi istifadə edə bilməmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən 2019-cu ilin dekabr ayında müəssisənin daimi istifadəsinə ayrılmış torpaq sahəsinə çıxarış onlara verilmişdir. Şirkət sahibkarlıq fəaliyyətinə başlamaq niyyəti ilə qanunvericiliyin şərtlərinə uyğun torpaq sahəsində 2020-ci ilin yanvar-fevral aylarında pomidor ilə çiyələk yetişdirməyi və aprel ayından başlayaraq yetişdirilmiş məhsulu Rusiya bazarlarına ixrac etməyi planlaşdırmışdır. Rusiya şirkəti ilə olan müqaviləyə əsasən yetişdirilmiş məhsullar iki aydan sonra Moskva şəhərinə ixrac olunmalı idi. Qazanc hər ay 50.000 (əlli) min manat təşkil etməli idi. Yuxarıda göstərilən səbəblər nəticəsində müqavilə əsasında öz üzərilərinə götürülən öhdəlikləri yerinə yetirə bilmədilər. Təəssüflər olsun ki, yaradılan süni maneələr nəticəsində bu günə qədər həmin fəaliyyət reallaşmamışdır. Lakin layihənin reallaşmaması iddiaçının məqsədinin xəyali olmasına dəlalət etməməlidir. Çünki, problemlərin yaradılmaması şəraitində iddiaçı tərəfindən çiyələk plantasiyası salınacaqdır. Bu da müəssisənin böyük gəlirlərə sahib olacağı ilə nəticələnəcək idi. Problemlərin yaranma ardıcıllığına əsasən: "xxxx" ÇK müəssisəsinə məxsus ünvan 1 ünvanında yerləşən 1,0 ha torpaq sahəsini kənar şəxslər tərəfindən təkrar zəbt edilir. Zəbtin qarşısının alınması üçün ərazinin hasara alınmasına icazə verilməsi haqqında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına ərizələrlə müraciət edilir. Uzun müddət bu müraciətlərə imtina cavabı verilir. Cavabdeh ASC tərəfindən həmin torpaq sahəsində 2020-ci ilin 18 fevralından 01 mart tarixinədək kanalizasiya xətlərin inşasına başlanılır. Bu ərəfədə dəfələrlə cavabdehin idarələrinə rəsmi və şifahi müraciətlər edilmişdir. Ərazidə kanalizasiya xətlərinin çəkilməsi zamanı təsisçi tərəfindən ərazidə işlərin qanunsuz olduğu əməkdaşlara bildirilmiş, aparılan işlərinin dayandırılması tələb edilmiş, lakin onun tələbinə əhəmiyyət verilməmişdir. Baxmayaraq ki, tələblə yanaşı müəssisənin mülkiyyət sənədləri əməkdaşları və iş icrasına təqdim edilmişdir. Həmin zaman bütün instansiyalara, o cümlədən cavabdeh quruma şikayətlər ünvanlanmışdır. Ərazidə aparılan qanunsuz xətt çəkilmə prosesləri ilə bağlı fotoşəkillər də çəkilmişdir. İddiaçı kanalizasiya lyuklarının yerləşdirilməsi zamanı da həmin ərazidə cavabdehin əməkdaşlarına birbaşa etirazını bildirmişdir. İşlərinin qarşısını almağa cəhd etmişdir. Lakin iddiaçının bütün cəhdləri uğursuzluğa düçar olub. Hətta iddiaçının yanında rəhbərliklərinə zəng etməyə məcbur oldular. Lakin sonradan işlərinə davam etmələri iddiaçıya qarşı qərəzi göstərmişdir. Ərazidə kanalizasiya xətlərinin çəkilməsi bütün ərazi üzrə məhsul əkiminin və gələcəkdə yığımının qeyri-mümkün olmasına səbəb olmuşdur. Cavabdeh ASC torpaq sahəsinin bütövlüyünü zədələyib, ərazinin ortasında üç yerdən ehtiyac olmayan mənasız kanalizasiya xətlərini çəkmişdir (həyətə qoşma edilən planda kanalizasiya xəttinin keçdiyi sahə göstərilib). Bütün bu zaman ərzində əkilmə prosesləri o səbəbə aparılmırdı ki, müəssisə rəhbərliyi ümid edirdi ki, qanunsuz inşa edilmiş kanalizasiya xətləri demontaj edilərək ərazidən kənarlaşdırılacaqdır. Bu ümidlə illər keçdi və hazırki günədək cavabdeh qanunsuz əməllərinin nəticələrini ləğv etməmişdir. Ərazidə yaradılacaq çiyələk bağ təsərrüfatı intensiv əkin üsülu ilə təşkil edilməli idi. Bu o deməkdir ki, hər bir sot bir biri ilə əlaqəli şəkildə əkinçilikdə istifadə edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən təxminən 5 sot sahədə kanalizasiya xətlərinin çəkilməsi bütün 1 hektar ərazidə çiyələk əkininin reallaşmasına maneçilik törədir. Cavabdehin hərəkətləri nəticəsində böyük planlar uğursuzluğa düçar oldu. Kanalizasiya xətlərinin inşasından savayı torpaq sahəsində asfalt yolu da çəkilmişdir. Bu problemlərin aradan qaldırılması istiqamətində atılan addımlar iddiaçının əsas məqsədi olan ərazidə təyinatı üzrə sahibkarlıq fəaliyyətinin görülməsi işlərinin həyata keçirilməsini qeyri-mümkün etmişdir. Baxmayaraq ki, ərazi alınan zamandan həmin sahənin torpaq keyfiyyəti mütəxəssislər tərəfindən araşdırılmış, ərazidə çiyələyin xüsusi növünün əkilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla bağlı biznes plan yaradılmışdır. Lakin cavabdehin sadalanan problemləri yaratması onların işinin aparılmasının qarşısını kəsmişdir. Ümumiyyətlə, müəsisənin biznes planı bütöv sahənin mövcudluğu şərti üzərində qurulmuşdur. Cavabdeh tərəfindən müəssisəyə qarşı qərəzli mövqe nümayiş etdirilmiş və bununla da külli miqdarda gəlirdən məhrum olmuşlar. Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Cavabdeh ASC-nin sifarişi əsasında “Yeni Suraxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” üzrə layihə smeta sənədlərinə mərhələlərlə baxılmış və müvafiq olaraq 2012, 2013 və 2014-cü il tarixlərində ekspertiza rəyləri verilmişdir. Lakin müəssisəyə məxsus torpaq sahəsi üzərində infrastruktur yaradılması ilə bağlı məlumatlar layihə sənədlərində göstərilməmişdir. Bu da cavabdehin özbaşına olaraq həmin sahədə işlər aparmasının təkzibolunmaz sübutudur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə xx.xx.2022-ci il tarixli məhkəmə qərardadı əsasında tərtib edilmiş xx.xx.2022-ci il 10/289.9/3402 nömrəli ekspert rəyinə əsasən (dəymiş maddi zərərin (o cümlədən, əldən çıxmış faydanın) üç il müddətinə ümumi zərərin məbləği təxminən 80241,00 manat müəyyən olunur. İddiaçının plan və ölçü sənədində qeyd olunan koordinatların daxilinə düşən asfalt örtüyünün sahəsinin 440 kv.m olduğunu, boru xətlərinin uzunluğunun (asfalt örtüyündən kənarda) 137 metr, diametrinin 200 mm olduğu, kanalizasiya xətlərinin baxış quyularının ölçüsünün 1.3 x 1.3 metr (üç ədəd, asfalt örtüyündən kənarda) olduğunu nəzərə aldıqda çıxarışla iddiaçının daimi istifadəsinə verilmiş torpaq sahəsinin ümumilikdə 474 kv.m hissəsində kanalizasiya xətlərinin çəkildiyi və asfalt örtüyünün vurulduğu müəyyən olundu. xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı istifadəsinə verilmiş 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (bağçılıq-bostançılıq) olduğu və həmin torpaq sahəsində çəkilmiş kanalizasiya xətlərinin və asfalt örtüyünün mövcud olduğunu nəzərə alaraq, çəkilmiş kanalizasiya xətləri və asfalt örtüyü gələcəkdə həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edildiyi təqdirdə maneçilik törədə bilər. Ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" ÇKM-nin E.Z.Məmmədov tərəfindən tərtib etdiyi AKT-a əsasən, İddiaçınə məxsus olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsində kanalizasiya xətlərinin çəkilməsi nəticəsində dəymiş maddi zərərin (o cümlədən, əldən çıxmış faydanın) üç ilə ümumi xərcləri təxminən 80241,00 manat müəyyən olunur. Həmin xərclərin adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-mühasibatlıq, tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının keçirilməsi barədə xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli 10/4098; 9/4296, 7/831 nömrəli ekspert rəyinə əsasən tədqiqatin nəticəsi: (10 ay ərzində 1 ha torpaq sahəsində 280.000 kq məhsul əldə edilən “San Andreas” sortlu çiyələk bitkisi əkilib becərilə bilərdi, bu müddəti 3 il etdikdə 280.000*3=840.000 kq, hər kq çiyələk ən azından 1 manat dəyərləndirilərsə-840.000 manat xeyrdən müəssisə məhrum edildiyi müəyyən edilir). xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışa əsasən İddiaçı istifadəsinə verilmiş 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (bağçılıq-bostançılıq) olduğu və həmin torpaq sahəsində çəkilmiş kanalizasiya xətlərinin və asfalt örtüyünün mövcud olduğunu nəzərə alaraq, torpaq sahəsinin kanalizasiya xətləri və asfalt örtüyü çəkilmiş hissələrindən gələcəkdə təyinatı üzrə istifadə ediləcəyi təqdirdə maneçilik törədə bilər. Ekspert tərəfindən qeyd olunur ki, birinci sualın ikinci hissəsinin (əldən çıxmış faydanın müəyyən olunması) cavablandırılması tikinti-texniki ekspertizasının səlahiyyətlərinə aid deyildir. Tədqiqata təqdim edilmiş İddiaçı ÇKM-yə məxsus olan torpaq sahəsində kanalizasiya xətlərinin və asfalt yollarının çəkilməsi nəticəsində torpaq sahəsi yararsız hala düşmüş, bağ-bostan bitkisinin becərilməsi üçün məhdudlaşmışdır. Tədqiqata təqdim edilmiş iş materiallarında olan məlumatlara, xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu və İddiaçı ÇKM-nin E.Z.Məmmədov tərəfindən tərtib etdiyi AKT-a əsasən və torpağın yerləşdiyi iqlim şəraiti nəzərə alınarsa 1 ha torpaq sahəsində xüsusi istixanada cəmi 140.000 ədəd şitil əkilməklə, hər bir şitildən 2 kq məhsul yığdmaqla, 10 aya 140.000, şitildən cəmi 280.000 kq məhsul əldə edilən “San Andreas” sortlu çiyələk bitkisi əkilib becərilə bilər. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi barədə xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2/-10/7918 nömrəli ekspert rəyinə əsasən tədqiqatin nəticəsi: ünvan 5 ünvanının yerləşdiyi kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 420.000 məbləğində müəyyən edilir. "xxxx" MMC-nin 02-170/22 nömrəli 25 noyabr 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir: İddiaçı istifadəsində olan torpaq sahəsində hər hansı fors major olmadığı şəraitdə bir il ərzində neçə ton "San Andreas" sortu çiyələk yetişdiriləcəyinin mümkünlüyünün müəyyən edilməsi məqsədilə hesablamalar aparıldı. Həmin ərazidə yetişdirilmiş çiyələyin orta bazar dəyəri və 2020-ci ildən başlayaraq üç il ərzində yetişdirilmiş çiyələyin satışından "xxxx" ÇKM-in orta qazancı aşağıdakı kimi hesablanmışdır. Toplam 3 il üçün ümumi məhsuldarlıq (əldə edilən mənfəət) - 205 200,0 azn, toplam 3 il üçün xərclər - 47 961,0 azn. Beləliklə, İddiaçı ÇKM-in istifadəsində olan torpaq sahəsindən 2020-ci ildən başlayaraq üç il ərzində yetişdirilmiş çiyələyin satışından İddiaçı ÇKM-nin orta qazancı – 157.239,0 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş müstəqil kənd təsərrüfatı ilə məşğul olan mütəxəssis rəyi ilə də, 1 ha ərazi üzrə çiyələk məhsulunun gəliri barədə açıqlama cədvəli tərtib edilmişdir. Cədvəl üzrə gəlirin hesablama qaydası qeyd edilmişdir. Həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin xüsusi mütəxəssisləri tərəfindən də xx.xx.2023-cü il tarixli, 3-22/2- 1916/2023 nömrəli mütəxəssis rəyi tərtib edilmişdir. Həmin rəyə əsasən 1 ha ərazidə nəinki çiyələk, hətta digər kənd təsərrüfatı məhsullarının əkilməsi zamanı bir ildə əldə ediləcək gəlir 41682,8 manat qeyd edilmişdir. Bununla da sübut olunur ki, ərazidə istənilən kənd təsərrüfatı məhsulunun əkiminin aparılması onlara külli miqdarda gəlir gətirəcəkdi. Bütün bu gəlirlərin qarşısını isə cavabdehin məsuliyyətsiz və qanunsuz hərəkətləri almışdır. Çoxsaylı ekspert rəylərinə də baxdıqda, iddia tələbində qeyd edilən məbləğin tam olaraq təmin edilməsinin (mənəvi zərər hissəsi istisna olmaqla) düzgün olması qənaətinə gəlmişlər. Belə ki, hazırki şikayətə qoşma kimi əlavə edilmiş sahənin üzərində inşa edilən kanalizasiya xətlərinin planından da görünür ki, kanalizasiya xətləri 5 sota yaxın ərazini yararsız hala salsa da, bundan başqa kanalizasiya xəttinin uzandığı yol, həmin xəttin sahəni vizual olaraq bir neçə əraziyə bölməsi, sahədə gələcəkdə aparılacaq əkin işlərinin planlaşdırılması işlərinin, həmçinin intensiv bağ anlayışı prinsiplərinin pozulması ilə müşayət edilmişdir. Bununla da ərazinin 5 sotu deyil, bütöv 1 ha sahəsi bərbad hala salınmışdır. O cümlədən, yaxın gələcəkdə təsərrüfat üçün gərəksiz və böyük xərc gücünə kanalizasiya xətlərinin ərazidən çıxarılması, torpaq sahəsi üzərində asfalt örtüyünün salınması və həmin sahənin əkinçilik üçün yararsız hala gətirilməsi, bu asfalt örtüyü olan sahənin torpaq qatı ilə əvəz edilməsi məcburiyyəti, biznes planında qeyd edilən 1 ha bütöv ərazi üzrə gəlir əldə etmək gözləntilərindən məhrum edilməyi faktı iddianın əsaslı olmasının göstəricisidir. Qeyd edilən hallara əsasən müəssisəyə dəyən zərər ərazinin 474 kv.m deyil, 1 ha sahəsi üzrə hesablanaraq nəzərə alınmalıdır. Həmçinin, iddia tələbində qeyd edilən məbləğ cavabdehə qarşı maddi humanizmdən, həmçinin cavabdehin zərərə görə ödəyə biləcəyi mövcud imkanlarından irəli gələrək az (450.000 manat) qeyd edilmişdir. Bütün yuxarıdakı hallardan başqa, aşağıda qeyd edilən xronologiyaya nəzər saldıqda, müəssisənin tarixi, təsərrüfat meyilli olmasını, məhsul yığımı ilə məşğul olması üçün yaradılmasını, iddiaçıya ayrılmış torpaq sahəsinin bütövlüyünə edilən qəsdlərin qarşısının alınması üçün apardıqları mübarizələri, sahəni zəbt etmək istəyən şəxslərə qarşı məhkəmə işlərinin mövcudluğu, bəzi şəxslər barədə açılmış cinayət işləri müəssisənin fəaliyyətsiz qalmadığını, fəaliyyətin və istəklərin xəyali olmadığını sübut edir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ÇKM-nin ünvan 4 ünvanı üzrə, sahəsi 1,0 ha olan torpaq sahəsinin istifadəçisi olması mübahisə doğurmur və bu fakt ona verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla da təsdiq edilir. Bakı İnzibati Məhkəməsi iddianı qismən təmin edərkən öz qərarını belə əsaslandırmışdır ki, ekspert rəyləri ilə iddiaçıya münasibətdə 1,0 ha torpaq sahəsinə deyil, yalnız 474 kv.metr hissəsində ziyan vurulması müəyyən edildiyindən, iddiaçının məhz həmin hissədə vurulmuş ziyanın cavabdehdən tutulması ilə bağlı tələbi əsaslı sayıla bilər. Cavabdeh ASC içməli su təchizatı və tullantı sularının axıdılması sahəsində Respublika ərazisində inhisarçı orqan olmaqla əsas funksiyası respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. Bu məqsədlə səhmdar cəmiyyət tabeliyindəki sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərinə nəzarət etmək, yaşayış məntəqələrində su və kanalizasiya təsərrüfatının inkişafı məqsədi ilə müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları ilə birlikdə tədbirlər planı hazırlamaq funksiyalarına malikdir. Cavabdeh ASC tərəfindən su və kanalizasiya xəttinin layihələndirilməsi mərhələsində həmin ərazidə iddiaçıya dair mülkiyyət hüquqlarını təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır. İş materiallarından da görünür ki, İddiaçı mülkiyyətində olması ilə əlaqədar hüquqmüəyyənedici sənədlər yalnız su və kanalizasiya xətləri ərazidə çəkilib başa çatdıqdan sonra, yəni xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, su və kanalizasiya xəttinin layihələndirilməsi və inşası zamanı hər hansı bir fiziki və ya hüquqi şəxsin istifadəsinin təsdiqi kimi həmin ərazinin daş divar və ya ayrıcı (setka) dəmir tellərlə ayrılması müşahidə olunmamışdır. Belə ki, ərazinin çox hissəsi açıq sahə olmuş, qalan sahə isə faktiki olaraq fərdi yaşayış evləri və onların ümumi istifadəsində olan yollar ilə əhatələndirilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin gedişatında məhkəmə mühasibatlıq, tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilərək, ekspertlər tərəfindən müvafiq olaraq xx.xx.2023-ci il tarixli 10/4098; 9/4296; 7/831 №-li ekspert rəyləri verilmişdir. Məhkəmənin mötəbər sübut kimi qəbul etməklə istinad etdiyi ekspert rəyləri ehtimal əsasında verilmişdir və həmin rəylərdə göstərilənlər işin hallarına tam uyğun gəlmir. Belə ki, tikinti-texniki ekspertizasının rəyində iddiaçının plan və ölçü sənədlərində qeyd olunan koordinatların daxilinə düşən asfalt örtüyünün 440 kv.m olduğunu, boru xətlərinin uzunluğunun (asfalt örtüyündən kənarda) 137 metr və diametrinin 200 mm olduğunu, kanalizasiya baxış quyularının ölçüsünün 1,3 x 1,3 metr olduğunu nəzərə aldıqda, iddiaçının daimi istifadəsinə verilmiş torpaq sahəsinin ümumilikdə 474 kv.metr hissəsində kanalizasiya xətlərinin çəkildiyi və asfalt örtüyünün vurulduğunun müəyyən edilməsi göstərilmişdir. Ərazidə cəmi 8 ədəd baxış quyusu (lyuk) vardır. Bunlardan 5 ədədi asfaltlanmış hissədə, 3 ədədi isə asfaltlanmış hissədən kənardadır. Obyektiv həqiqət ondan ibarətdir ki, "xxxx" ASC-nin ərazidə olan boru xətlərinin uzunluğu cəmi 137 metr və dərinliyi 2 metrdir. İş üzrə üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən vurulan asfalt örtüyünün sahəsi isə 440 kv.metrdir. Belə olan halda 440 kv.metr asfalt örtüyə görə məsuliyyətin məhkəmə tərəfindən cavabdehin üzərinə qoyulması heç bir məntiqə sığmır. Bundan başqa yuxarıda qeyd olunduğu kimi, ərazidə su və kanalizasiya xətləri çəkildikdən sonra, qazılmış xəndəklərin üstü örtülərək kipləşdirilmiş və ərazi ilkin vəziyyətinə gətirilmiş, daha sonra isə yerli icra orqanlarının iştirakı və nəzarəti ilə AAYDA tərəfindən asfatlaşma işləri aparılmışdır. Əmtəəşünaslıq ekspertizasının rəyi isə özündə heç bir reallığı əks etdirmir, yalnız ehtimal və fərziyyələrə söykənir. Belə ki, məhkəmə qətnaməsində İddiaçı ÇKM-nin E.Z.Məmmədov tərəfindən tərtib etdiyi AKT-a əsasən və torpağın yerləşdiyi iqlim şəraiti nəzərə almaqla 1 ha torpaq sahəsində xüsusi istixanada cəmi 140.000 ədəd şitil əkilməklə, hər bir şitildən 2 kq məhsul yığılmaqla, 10 aya 140.000 ədəd şitildən cəmi 280.000 kq məhsul əldə edilən “San Andreas” sortlu çiyələk bitkisi əkilib becərilə bilməsi göstərilir. Bundan əlavə, məhkəmə tərəfindən mübahisəli torpağın plan və ölçüsündə göstərilən koordinatlar üzrə torpaq sahəsinin naturada üst-üstə düşməsi araşdırılmamış və ekspert qarşısında belə bir sual qoyulmamışdır. Yuxarıda qeyd etdiyimiz kimi, sözügedən 1,0 ha torpaq sahəsi 37 ildir ki, İddiaçı ÇKM istifadəsindədir və bu illər ərzində 1 şitil belə becərib məhsul ala bilməyən müəssisə, necə ola bilər ki, 280.000 kq çiyələk məhsulu əldə etsin? Bunun üçün xüsusi şəraitli istixana, avadanlıqlar, aqrotexniki işlərin aparılmasını və özüözlüyündə böyük kapital qoyuluşu tələb edir. Digər tərəfdən, iddiaçının üstülük verdiyi çiyələk bitkisi su tələb edən bitkidir. Nəzərə alsaq ki, Cavabdeh ASC-nin şəbəkəsi yalnız əhali və qeyri-əhali qrupları üçün işməli su təchizatını həyata keçirir, onda suvarılma üçün İddiaçı ÇKM-nin suyu haradan əldə edəcəyi böyük sual doğurur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (təsisçisi) Nümayəndə onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Sonuncu məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki, -1987-ci il Kənd təsərrüfatı məhsulları yetişdirilməsi məqsədi ilə koopertivlərin yaradılması haqqında Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1987-ci il tarixli 165 saylı Qərarının 2-ci bəndinə əsasən Abşeron rayon ərazisində yerləşən torpaq sahələri Suraxanı (keçmiş Orconikidze) rayonuna kooperativlərə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə hissə-hissə 1987-ci ildə 15 ha, 1988-ci ildə 15 ha, 1989-ci ildə 20 ha torpaq sahələri ayrılmışdır. -xx.xx.1987-ci il yuxarıda adı çəkilən Qərara əsasən Bakı şəhəri Suraxanı (keçmiş Orconikidze) rayon XDSİK-nın 06 saylı qərarı ilə "Məhsuldarlıq" kooperativi dövlət qeydiyyatına alınmışdır və kooperativə 0,5 ha torpaq sahəsi ayrılmışdır. -xx.xx.1988-xx.xx.1989-ci illər Bakı şəhəri Suraxanı rayon X6 İcraiyyə Komitəsinin 02 №-li və 7 №-li qərarları ilə «Məhsudarlıq» kooperativinə 0,5 ha ölçüdə əlavə torpaq sahəsi ayrılmışdır. -xx.xx.1992-ci il Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 1797 saylı sərəncamı ilə "Məhsuldarlıq" kooperativin bütün əmlakı "xxxx" kiçik müəssisəsinin balansına keçirilmişdir. (01/V-40 saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məktubu ilə təsdiq olunur ki, "xxxx" KM-si "Məhsuldarlıq" kooperativinin hüquqi varisidir). -xx.xx.2006-ci il tarixində Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəsinin 19 saylı məktubu ilə "xxxx" kiçik müəssisəsinin torpaq sahəsinin yerləşdiyi ünvan 14 iyul küçəsi döngə 8 ev 12-dir. xx.xx.2009-cu ildə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər Suraxanı (keçmiş Orconikidze) rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 6 №-li və xx.xx.1989-cu il tarixli 7 N-li Qərarları ilə "Pirqulu” ("xxxx" kooperativi) X4 ayrılmış 0.5 ha + 0,5 ha torpaq sahəsinin mövcud istifadə vəziyyətində cizgisinin tərtib edilməsi barədə akt tərtib olunmuşdur. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı istifadəsindədir. - Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət ekspertizası Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 14452 nömrəli rəyində qeyd edilmişdir ki, Cavabdeh ASC-nin sifarişi əsasında “Yeni Suraxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması”nın bu rəyin 4-cü bölməsinin tələblərini növbəti mərhələdə yerinə yetirilməklə, 1991-ci ilin bazis qiymətləri ilə obyekt smetaları üzrə cəmi - 671,040 manat, o cümlədən TQİ -670,459 min manat və qaytarılan məbləğ - 2,353 min manat dəyərində layihə-smeta sənədləri razılaşdırılır. - Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət ekspertizası Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 16714/16594/14452 nömrəli rəyində qeyd edilmişdir ki, Cavabdeh ASC-nin sifarişi əsasında “Yeni Suraxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması”nın bu rəyin 2-ci bölməsinin tələbi yerinə yetirilməklə 1991-ci ilin bazis qiymətləri ilə toplu smeta üzrə cəmi (ƏDV-siz) - 729,380 manat, o cümlədən TQİ - 697,060 min manat və qaytarılan məbləğ - 2,353 min manat dəyərində layihə-smeta sənədləri razılaşdırılır. xx.xx.2012-ci il tarixli 14452 nömrəli rəyin nəticəsi ilə razılaşdırılmış smeta dəyəri ləğv edilir. - Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət ekspertizası Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 16594/14452 nömrəli rəyində qeyd edilmişdir ki, Cavabdeh ASC-nin sifarişi əsasında “Yeni Suraxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” (dəyişiklik edilmiş layihə) işçi layihəsi bu rəyin 2-ci bölməsinin tələblərinin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. - Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət ekspertizası Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 19098/16714/16594/14452 nömrəli rəyində qeyd edilmişdir ki, Cavabdeh ASC-nin sifarişi əsasında “Yeni Suraxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması”nın bu rəyin 8-ci bölməsinin tələbi yerinə yetirilməklə 1991-ci ilin bazis qiymətləri ilə toplu smeta üzrə cəmi (ƏDV-siz) -970,506 manat, o cümlədən TQİ - 917,026 min manat və qaytarılan məbləğ - 3,096 min manat dəyərində layihə-smeta sənədləri razılaşdırılır. xx.xx.2013-cü il tarixli 16714/16594/14452 nömrəli rəyin nəticəsi ilə razılaşdırılmış smeta dəyəri ləğv edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunda qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Müəyyən edildiyi kimi, iddiaçı “Piqulu” ÇK müəssisəyə məxsus ünvan 1 ünvanında yerləşən 1,0 ha torpaq sahəsində həyata keçirilmiş qazıntı, tikinti və s. işlər nəticəsində ona vurulmuş zərərin ödənilməsi ilə bağlı müraciət etmiş, iddiaçının müraciətinə imtina məktubunda Suraxanı Rayon İcra Hakimiyyəti bildirmişdir ki, “müəssisənin istifadəsinə verilmiş həmin torpaq sahəsinin bir hissəsində “Azərsu" ASC tərəfindən müvafiq “Dövlət Proqramı” əsasında qazıntı işlərinin aparılaraq kanalizasiya xəttinin çəkilməsi məsələsi ilə bağlı mübahisənin və həmin torpaq sahəsini naməlum şəxslər tərəfindən zəbt edilməsinin qarşısının alınması məqsədi ilə aidiyyəti üzrə məhkəməyə və ya hüquq mühafizə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiq hesab edilir.” İddiaçının müraciətinə imtina məktubunda “Azərsu" ASC bildirmişdir ki, “Yeni Suraxanı qəsəbəsində inşa olunmuş kanalizasiya və su xəttinin Sizə məxsus torpaq sahəsindən keçməsi ilə bağlı ünvanlanmış müraciətin araşdırılması məqsədilə mütəxəssislərimiz tərəfindən əraziyə baxış keçirilmişdir. Qeyd edək ki, həmin torpaq sahəsində yerləşən xəttlər Yeni Suraxanı qəsəbəsinin su və kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsi çərçivəsində, ərazidəki yaşayış məntəqələrində formalaşan tullantı sularının bir hissəsinin kənarlaşdırılması, eyni zamanda abonentlərin fasiləsiz, dayanıqlı su ilə təchiz olunması, suya olan tələbatının tam ödənilməsi məqsədilə inşa edilib. Su və kanalizasiya xəttinin inşası yerli icra orqanlarının razılığı və bilavasitə onların iştirakı ilə həyata keçirilmişdir. Belə ki, inşaat işləri zamanı kanalizasiya və su xəttinin əhəmiyyətliyini nəzərə alaraq layihəyə uyğun olaraq, qəsəbə daxili yollardan keçilərkən yerli icra nümayəndələrinin (Suraxanı Rayon İcra Hakimiyyəti, qəsəbə icra nümayəndəsi və qəsəbə bələdiyyəsinin) rəyləri əsas götürülmüşdür. Sizin müraciətinizdə qeyd olunan ərazi ümumi istifadədə olan yol kimi göstərilmiş, su və kanalizasiya xətti həmin küçə boyu inşa olunmuşdur. Bildiririk ki, qeyd etdiyiniz ərazidə bir neçə fərdi yaşayış evləri yerləşir və həmin mənzillərin sakinləri tərəfindən su və kanalizasiya problemləri ilə bağlı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və Suraxanı Rayon İcra hakimiyyətinə dəfələrlə müraciətlər ünvanlanmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən su və kanalizasiya xəttinin layihələndirilməsi mərhələsində həmin ərazidə mülkiyyət hüquqlarını təsdiq edən hər hansı bir sənəd (çıxarış və torpağın plan ölçüsü/aşkarlanmamışdır. Eyni zamanda, qeyd etmək istəyirik ki, su və kanalizasiya xəttinin inşası zamanı hər hansı bir şəxsin istifadəsinin təsdiqi kimi həmin ərazinin daş divarı və ya ayırıcı dəmir tellərlə ayrılması müşahidə olunmamışdır. Ərazinin çox hissəsi açıq sahədir, qalan sahə isə faktiki olaraq fərdi yaşayış binaları və onların ümumi istifadəsində olan yolla əhatələnib. Qeyd olunanları nəzərə alaraq, məsələnin həlli ilə əlaqədar olaraq Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etməyinizi məqsədəuyğun hesab edirik.” Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddia tələbi qismən təmin edilmiş və mövqeyi onunla əsaslandırılmışdır ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2896.9/3402 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, iddiaçının plan və ölçü sənədində qeyd olunan koordinatların daxilinə düşən asfalt örtüyünün sahəsinin 440 m2 olduğunu, boru xətlərinin uzunluğunun (asfalt örtüyündən kənarda) 137 metr, diametrinin 200 mm olduğu, kanalizasiya xətlərinin baxış quyularının ölçüsünün 1.3 x 1.3 metr (üç ədəd, asfalt örtüyündən kənarda) olduğunu nəzərə aldıqda çıxarışla iddiaçının daimi istifadəsinə verilmiş torpaq sahəsinin ümumilikdə 474 kv.m hissəsində kanalizasiya xətlərinin çəkildiyi və asfalt örtüyünün vurulduğu müəyyən olundu. Cavabdeh tərəfindən iddiaçıya ziyan onun istifadəsində olan bütün torpaq sahəsinə deyil, onun kanalizasiya xətlərinin çəkildiyi və asfalt örtüyünün altında olan 474 kv.metr hissəsinə vurulmuşdur ki, iddiaçının məhz həmin hissədə vurulmuş ziyanın cavabdehdən tutulması ilə bağlı tələbi əsaslı sayıla bilər. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2/-10/7918 nömrəli ekspert rəyinə əsasən ünvan 4 ünvanının yerləşdiyi kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 420.000 məbləğində müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə müəyyən edilən orta bazar qiyməti əsas götürülməklə, iddiaçının istifadəsində olan torpaq sahəsinin 474 kv.m hissəsinə vurulmuş ziyana görə 19.908 (on doqquz min doqquz yüz səkkiz) manat kompensasiya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh ASC-nin məhkəməyə ünvanlandığı məktubunda bildirilmişdir ki, “...göstərilən torpaq sahəsində yerləşən xətlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq “Yeni Suraxanı qəsəbəsinin su və kanalizasiya şəbəkəsinin yenidən qurulması” layihəsi çərçivəsində, ərazidəki yaşayış məntəqələrində formalaşan tullantı sularının bir hissəsinin kənarlaşdırılması, eyni zamanda abonentlərin fasiləsiz, dayanıqlı su ilə təchiz olunması, suya olan tələbatının tam ödənilməsi məqsədilə inşa edilmişdir. Nəzərinizə çatdırırıq ki, 2011-2012-ci illərdə işlənmiş layihəyə Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Təsisatdankənar Dövlət ekspertizası tərəfindən xx.xx.2012-ci il tarixli, 4452 nömrəli rəy verilmişdir. Ərazidə su xətlərinin inşası 2013-cü ildə, kanalizasiya xətlərinin inşası isə 2019-cu ilin noyabr ayında başa çatdırılmışdır. Su və kanalizasiya xəttinin inşası yerli icra orqanlarının razılığı və bilavasitə onların iştirakı ilə həyata keçirilmişdir. Belə ki, inşaat işləri zamanı kanalizasiya və su xəttinin əhəmiyyətliyini nəzərə alaraq layihəyə uyğun olaraq, qəsəbədaxili yollardan keçilərkən yerli icra nümayəndələrinin (Suraxanı Rayon İcra Hakimiyyəti, qəsəbə icra nümayəndəsi və qəsəbə bələdiyyəsinin) rəyləri əsas götürülmüşdür. Müraciətinizdə qeyd olunan ərazi ümumi istifadədə olan yol kimi göstərilmiş, su və kanalizasiya xətti həmin küçə boyu inşa olunmuşdur. Bildiririk ki, qeyd etdiyiniz ərazidə bir neçə fərdi yaşayış evləri yerləşir və həmin evlərin sakinləri tərəfindən su və kanalizasiya problemləri ilə bağlı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə, Suraxanı Rayon İcra Hakimiyyətinə və digər yüksək instansiyalara dəfələrlə müraciətlər ünvanlanmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən su və kanalizasiya xəttinin layihələndirilməsi mərhələsində həmin ərazidə mülkiyyət hüquqlarını təsdiq edən hər hansı bir sənəd (çıxarış və torpağın plan ölçüsü) aşkarlanmamışdır. Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 8-ci döngə, 12C ünvanında yerləşən torpaq sahəsini İddiaçı mülkiyyətində olması ilə əlaqədar hüquqi sənədlər yalnız su və kanalizasiya xətləri çəkilib başa çatdıqdan sonra xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda, su və kanalizasiya xəttinin inşası zamanı hər hansı bir şəxsin istifadəsinin təsdiqi kimi həmin ərazinin daş divarı və ya ayırıcı dəmir tellərlə ayrılması müşahidə olunmamışdır. Ərazinin çox hissəsi açıq sahədir, qalan sahə isə faktiki olaraq fərdi yaşayış binaları və onların ümumi istifadəsində olan yolla əhatələnibdir. Su və kanalizasiya xətləri çəkildikdən sonra qazılmış xəndəklərin üstü örtülərək kipləşdirilmiş və ərazi hamarlanaraq əvvəlki vəziyyətinə qaytarılmışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar vətəndaş Nümayəndə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı, baxılması üçün Cavabdeh ASC-yə göndərilmiş əvvəlki müraciəti araşdırılaraq müvafiq qaydada cavablandırılmış və aidiyyəti üzrə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etməyi tövsiyə edilmişdir”. Üçüncü şəxs “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” məhkəməyə ünvanlandığı məktubunda bildirmişdir ki, “ünvan 4 ünvanda yerləşən ərazidə avtomobil yolunun tikintisi işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən qəsəbə daxilində nəqliyyat vasitələrinin normal və təhlükəsizlik hərəkətinin təmin edilməsi məqsədilə Cavabdeh ASC tərəfindən kanalizasiya xəttinin çəkilişindən sonra yerinə yetirilmişdir. Eyni zamanda, müraciətdə sözügedən avtomobil yolunun tikintisi işləri bilavasitə yerli icra orqanlarının iştirakı və nəzarəti ilə yerinə yetirilərək istifadəyə verilmişdir”. Üçüncü şəxs “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” məhkəməyə ünvanlandığı məktubunda bildirmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2019- 2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmiri ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2019-cu il tarixli 1677 nömrəli Sərəncamı ilə Agentliyin tabe müəssisəsi tərəfindən Yeni Suraxanı qəsəbəsinin daxili yollarında, o cümlədən 14 iyul küçəsində təmir işləri aparılmışdır. Aparılan təmir işləri yalnız mövcud yolun parametrləri əsasında (en və uzunluğu) asfalt-beton yol örtüyünün salınması olmuş və heç bir kənarlaşma hallarına yol verilməmişdir. Yol-təmir işləri yeni torpaq sahəsini əhatə etmədiyi üçün, layihə-axtarış sənədləri tərtib edilməmiş, təmir işləri yalnız 14 İyul küçəsinə keçirilmiş vizual baxış nəticəsində tərtib edilmiş qüsur aktı və smeta sənədləri əsasında aparılmışdır. Sözügedən yolda yenidənqurma və ya yeni yolun tikintisi aparılmaması səbəbindən yerli icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən rəy verilməmişdir”. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məhkəməyə ünvanlandığı məktubunda bildirilmişdir ki, “”Azərsu” ASC-nin sifarişi əsasında “Yeni Suraxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” üzrə layihə-smeta sənədlərinə mərhələlərlə baxılaraq müvafiq olaraq xx.xx.2012-ci il tarixli 14452 nömrəli, xx.xx.2013-cü il tarixli 16594/14452 nömrəli, xx.xx.2013-cü il tarixli 16714/16594/14452 nömrəli və xx.xx.2014-cü il tarixli 19098/16714/16594/14452 nömrəli ekspertiza rəyləri verilmişdir. Sorğuda göstərilən ünvan 4 ünvanda yerləşən torpaq sahəsi üzərində yol çəkilişi və s. infrastruktur yaradılması ilə bağlı məlumatlar layihə sənədlərində göstərilmədiyindən tələb olunan məlumatların verilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəsinə əsasən zərər zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iş üzrə məhkəmə təkrar komission tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertiza rəyinin nəticəsi olaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli ekspert rəyində qeyd edilir ki, çiyələk şitilinin bir ədədinin və çiyələk məhsulunun 1 kiloqramının 2020-2022-ci il tarixlərə olan topdansatış orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: -1 ədəd çiyələk şitili - 0,10 manat, -1 kq çiyələk məhsulu - 2,00 manat. Qeyd: tələb və təklifdən, həmçinin mövsümdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Qeyd olunur ki, çiyələk məhsulunun becərilməsi üçün görülməli işlərin və çəkilməli olan xərclərin müəyyən edilməsi məhkəmə-əmtəəşünaşlıq ekspertizasının predmetinə aid olmayıb, həmin sahə üzrə ixtisaslaşmış mütəxəssislər (aqronom və sair) tərəfindən müəyyən edilə bilər. Bu səbəbdən də qiymətləndirmə bir ədəd çiyələk şitili və 1 kq çiyələk məhsulu üzrə aparıldı. Tədqiq olunan torpaq sahəsində hər hansı tikinti olmadığından məhkəmə tikinti-texniki ekspertizası üzrə tədqiqat aparılmadı. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir. "xxxx" MMC tərəfindən verilmiş 02-170/22 nömrəli, 25 noyabr 2022-ci il tarilxi rəydə qeyd edilir ki, İddiaçı istifadəsində olan ünvan 9 ünvanında yerləşən torpaq sahəsindən 2020-ci ildən başlayaraq 3 il ərzində yetişdirilmiş çiyələyin satışından İddiaçı orta qazancı 205 200 (əldə edilən mənfəət) AZN – 47 961 AZN (xərclər) = 157 239 manat müəyyən edilir. Kənd Təsərrüfatı Nazirliyinin 19 iyul 2023-cü il tarixli, 3-22/2-1916 rəyində qeyd edilir ki, İddiaçı istifadəsində olan ünvan 9 ünvanında yerləşən torpaq sahəsində kanalizasiya xətlərinin çəkilməsi nəticəsində dəymiş maddi zərər ən yüksək halda 41682,8 manat ola bilərdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı apellyasiya şikayətlərində göstərilən dəlillər əsassızdır və qəbul edilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayətlər təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75, 81 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2-1(112)-59/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-231/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-231/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver