Məhkəmə qərarları › İş №2-1(103)-2310/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2310/2021

16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2310/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçı X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən pay ödənişi barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4890/2021 saylı, 08.06.2021-ci il tarixli qərarından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı özəl çeklərdə göstərilən məbləğin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə 1996-cı ildə Azərbaycan dövləti tərəfindən təsdiq olunmuş sərəncama əsasən ailəsinə özəlləşmə çeki verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən özəlləşmə çeki Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir (1/32000000-dan ibarətdir). Bu pay cavabdeh tərəfindən icra olunmalı idi. Lakin, həmin məbləği almamışlar. Ailəsinə verilən A.A.00510429-005-10440 və BF16651***-*******4 özəlləşdirilmiş çekləri bu nömrələrdən ibarətdir. İddiaçılar hesab edir kİ, özəl çeklərində göstərilən 1/32000000 məbləğin cavabdeh tərəfindən onlara ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsinə etirazında qanunvericilik aktlarına əsasən vətəndaşlara verilmiş dövlət özəlləşdirmə paylarından 2011-ci ilin yanvar ayının 1-dək dövlət əmlakının özəlləşdirilməsində istifadə etəmək imkapnlarına malk olduqlarını və qanunvericilikdə dövlət özəlləşdirmə paylarının dəyərinin vətəndaşlara ödənilməsi nəzərdə tutulmadığını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4890/2021 saylı, 08.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı1 apellyasiya şikayəti verərək, məhkəmənin həmin qərarı ilə onun tələbinin təmin edilməməsinin əsassız hesab edilərək, cavabdehin etirazının qanuna və fərmana uyğun araşdırılaraq, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qeyd olunan tələbini onun birinci instansiya məhkəməsinin qərarının ləğv edildməsi və iddiasının təmin edilməsi barədə yeni qərar çıxarılması kimi qiymətləndirir və İPM-in 85-ci maddəsinə uyğun tərtib olunmuş hesab edərək, apellyasiya icraatını mümkün sayır. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırılmış, eyni zamanda qeyd etmişdir ki, dövlət tərəfindən verilən özəlləşdirmə payı (çekləri) də dövlət əmlakının hərrac bazarında alqı-satqı prosesində iştirak etmək, nə də qara bazarda özəlləşdirmə paylarının (çeklərin) satılması üçün verilməmişdir. Ona görə də Azərbaycan Respublikası Prezidenti xoşagəlməz hadisələrin qarşısını almaq üçün 10.08.2000-ci il tarixli 383 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Əmlakının özəlləşdirilməsinin Dövlət Proqramının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət əmlaknının özəlləşdirilməsinə dair qanunvericilik aktlarına uyğun olaraq ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşmə payları (çeklər) 2011-ci il yanvarın 1-dək dövlət əmlakının özəlləşdirilməsində istifadə edə bilərlər. Qanunvericilikdə dövlət özəlləşdirmə paylarının dəyərinin vətəndaşlara ödənilməsi nəzərədə tutulmamışdır. Lakin dövlətin verdiyi özəlləşdirmə payında (çek) nə istifadə müddəti nə də hər hansı prosesdə istifadə etmə göstərilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayət verən İddiaçı1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə, habelə, üzürsüz səbəbdən gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə lazımi qaydada xəbərdar edilmiş digər iddiaçı və cavabdehlər (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kolegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı ona münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia tələbindən göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən onlara verilmiş A.A.00510429-005-10440 və BF16651***-*******4 özəlləşdirmə çeklərinə görə, həmin çeklərində göstərilən 1/32000000 hissədə payın ödənilməsi tələb olunur. Lakin, hazırda həmin tələbin təmin edilməsini zəruri edən fakti şərtlər (qanuni əsaslar) müyyən olunmur. Belə ki, iddia olunan özəllləşdirmə çekləri tədavülə “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.03.1996-cı il tarixli, 450 nömrəli Fərmanına əsasən buraxılmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən dövlət özələşdirmə payları (çekləri) Azərbaycan Rspublikasının hər bir vətəndaşına Azərbaycan Respublikasına məxsus dövlət mülkiyyətinin bir hissəsinin əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağız hesab olunur. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» 16 may 2000-ci il tarixli (№878-İQ) Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin qeyd edilən Fərmanı ilə təsdiq olunmuş, “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”nin 3-cü bəndinə əsasən özəlləşdirilən dövlət əmlakının (o cümlədən dövlət müəssisələrinin əsasında yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin investisiya fondlarının səhmlərinin) alınmasında (ödəniş vasitəsi kimi) dövlət özəlləşdirmə paylarından (çeklərindən) tam və ya hissə-hissə istifadə oluna bilər. Beləliklə də adıçəkilən qanunvericilik aktlarından göründüyü kimi, əvəzsiz olaraq qiymətli kağız kimi vətəndaşlara, o cümlədən, iddiaçılara verilmiş özəlləşdirmə çekləri (payları) dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi istifadə imkanını nəzərdə tutur. Lakin, Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 1.5-ci bəndinə (23 dekabr 2009-cu il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə edilmiş dəyişikliyə görə) görə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinə dair qanunvericilik aktlarına uyğun olaraq ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə payları (çekləri) 2011-ci il yanvar ayının 1-dək tədavüldə olduğu müəyyən edilmişdir. Göründüyü kimi, ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədavüldə olma müddəti - 2011-ci il yanvar ayının 1-dək müəyyənləşdirilmişdir. Bundan sonra isə həmin tədavül müddətinin uzadılması barədə həmin Fərmana dəyişiklik olunmamış, ən azından, hazırkı günə bununla bağlı hər hansı bir qanunvericilik aktı mövcud deyil. Beləliklə də konkret halda iddiaçılar özəlləşdirmə paylarından (çeklərindən) 2011-ci ilin yanvar ayının 1-dək istifadə etmək hüquqlarından istifadə etməmiş, bu imkanı qaçırmışlar. Bu baxımdan, hazırda İddiaçı1 həmin çeklərlə ona düşən payın ödənilməsini tələb etməkdə haqlı hesab oluna bilməz. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən haqlı olaraq qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınaraq, iddia tələbi rədd edilmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçı Nurlan Rzayevin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olmasını vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4890/2021 saylı, 08.06.2021-ci il tarixli qərarı İddiaçı1 münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İnzibati-Prosessual Məcəlləsinin 30, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4890/2021 saylı, 08.06.2021-ci il tarixli qərarı il tarixli qərarı İddiaçı1 münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar