Məhkəmə qərarları › İş №2-1(103)-2311/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2311/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2311/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının hüquqi varisləri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3711/2023 saylı, 20 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul edilmiş qərar əsassızdır və hər hansı hüquqi əsasa söykənmir. Belə ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən həm ümumi, həmçinin güzəşti iş stajı yoxlanılmış, onun güzəştli şərtlərlə pensiya hüququnun yarandığı müəyyən olunmuşdur. Həmin dövrdə inzibati orqan pensiya hüququnun yaranıb-yaranmaması ilə bağlı mübahisə açmamışdır. Başqa sözlə desək iddiaçının güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı hər hansı müdaxiləsi olmamışdır. Bundan başqa isə cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtinin ödənilməməsi ilə bağlı mülahizələr irəli sürsə də, bu halı təsdiq edən hər hansı mötəbər dəlil təqdim etməmişdir. Halbuki, iddiaçının güzəştli iş stajının olduğunu təsdiq edən güzəştli arayışlar mövcuddur ki, həmin arayışlarda olan məlumatlar mötəbər hesab olunur. Bundan başqa, iddiaçının güzəştli iş stajına aid olan illərdə güzəştli əsasların təsir altına düşərək ikiqat ölçüdə nəzərə alınır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğvinə dair 15 sentyabr 2022-ci il tarixli qərarın ləğv edilməsi, dayandırma müddətində ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməklə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğvinə dair 15 sentyabr 2022-ci il tarixli və əmək pensiyasının yenidən hesablanması haqqında 15 fevral 2023-cü il tarixli qərarların ləğv edilməsi və əmək pensiyasının dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılmışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1987-xx.xx.2011-ci il tarixləri arasındaki dövr ərzində adıçəkilən müəssisənin Neftin və qazın hazırlanması və vurulması sexində əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi əmtəə operatoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) nəzərdə tutulmamışdır. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona xx.xx.2011-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda, iddiaçıya xx.xx.2011-xx.xx.2022-ci il tarixləri arasındaki dövr ərzində ümumilikdə 31.397,77 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(112)-3711/2023 nömrəli qərarı (hakim O.Həsənov) ilə iddia təmin edilmiş, əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğvinə dair 15 sentyabr 2022-ci il tarixli və əmək pensiyasının yenidən hesablanması haqqında 15 fevral 2023-cü il tarixli qərarlarının ləğv edilməsi, İddiaçı Həmidullayevaya təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda imtina məktubunun, birinci instansiya məhkəməsi zamanı təqdim edilmiş iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3711/2023 saylı, 20 fevral 2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisləri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçının tələbi üç hissədən ibarətdir: 1. Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğvinə dair 15 sentyabr 2022-ci il tarixli qərarın ləğv edilməsi; 2. Əmək pensiyasının yenidən hesablanması haqqında 15 fevral 2023-cü il tarixli qərarın ləğv edilməsi; 3. Əmək pensiyasının dayandırıldığı 08 avqust 2022-ci il tarixdən bərpa edilməsidir. Apelyasiya şikayətinin əsas dəlili iddiaçının işlədiyi əmtəə operatoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) nəzərdə tutulmamasından ibarətdir. Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Pensiya işindən görünür ki, iddiaçıya xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. Cavabdeh iddiaçının güzəştli iş stajının olmadığı qənaətinə gələrək İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul etmiş, adıçəkilən şəxsə əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsini qərara almışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2011-ci il tarixdən təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, iş materiallarında olan sənədlərdən və məhkəmə icraatı zamanı tələb olunmuş pensiya işindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən İddiaçı əmək pensiyasının ödənişi iddiaçının güzəştli iş stajına malik olmaması əsası ilə dayandırılmışdır. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı öz təşəbbüsü ilə ləğv etmiş, əmək pensiyasını dayandırmış, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qanunvericiliyin tələbini və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı yeni qərar qəbul etsə də, həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Cavabdeh iddiaçının dinləmə hüququnu təmin etməli olduğu halda, onu inzibati araşdırmaya dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmışdır ki, nəticə etibarı ilə iddiaçının etimad göstərdiyi inzibati akt (pensiyanın təyini ilə əlaqədar) dinləmə hüququ təmin olunmadan ləğv edilmiş və əmək pensiyası dayandırılmışdır. Bu səbəbdən əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğvinə dair 15 sentyabr 2022-ci il tarixli qərar prosessual baxımından əsassız olduğundan, ləğv olunmalıdır. İddiaçının iddia tələbinin ikinci hissəsi əmək pensiyasının yenidən hesablanması haqqında 15 fevral 2023-cü il tarixli qərarın ləğv olunması ilə bağlıdır. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş həmin qərar Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 15(112)-69/2022 saylı qərardadın icrası nəticəsində qəbul edilmiş, bununla da İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2023cü il tarixindən 471,33 manat məbləğində bərpa edilmişdir. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərar pensiya məbləğinin azaldılması və ya artırılması ilə bağlı deyil, məhz müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadın icrası nəticəsində əmək pensiyasının bərpa edilməsi ilə bağlıdır Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki mərhələdə mübahisələndirilən qərarın mövcudluğu iddiaçıya pensiya ödənişlərinin pensiya dayandırıldığı tarixdən etibarən həyata keçirilməsi üçün maneə yaradır. Belə ki, iddiaçı əmək pensiyasının bərpa edilməsini və pensiya məbləğinin ödənilməsini məhz pensiya dayandırıldığı tarixdən, yəni 08 avqust 2022-ci il tarixdən həyata keçirilməsini arzulayır. Nəzərə alınmalıdır ki, əmək pensiyasının yenidən hesablanması (əmək pensiyasının bərpa edilməsi) barədə 15 fevral 2023-cü il tarixli qərar qüvvədə olduğu təqdirdə, iddiaçıya əmək pensiyasının məhz 08 avqust 2022-ci il tarixdən bərpa edilməsi istisna olunur ki, bu da onun əvvəlki dövrlər üçün ödənilməmiş pensiya məbləğinin almasından məhrum edir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 15(112)-69/2022 saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı Həmdullayevnanın əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi barədə 15 sentyabr 2022-ci il tarixli qərarın icrasının dayandırılması; İddiaçı Həmdullayevnanın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin bərpa edilməsi qərara alınmışdır. Göründüyü kimi məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin edərkən ərizəçinin hüquqi marağının əmək pensiyasının müvəqqəti bərpasına yönəldiyini nəzərə almış, mübahisələndirilən inzibati aktın icrasının müvəqqəti dayandırılmasını nəzərdə tutmuşdur. Cavabdeh isə inzibati aktın icrasının müvəqqəti dayandırılması əvəzinə yenidən inzibati akt qəbul etmişdir. Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğvinə dair 15 sentyabr 2022ci il tarixli qərar ləğv olunduğundan, əmək pensiyası məhz pensiya ödənişi dayandırıldığı 08 avqust 2022-ci il tarixdən bərpa edilməli, əmək pensiyasının yenidən hesablanması (bərpa edilməsi) barədə qərar ləğv olunmalıdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi, o cümlədən birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır və qeyd etməyi zəruri hesab edir ki, əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğvinə dair 15 sentyabr 2022-ci il tarixli və əmək pensiyasının yenidən hesablanması haqqında 15 fevral 2023-cü il tarixli qərarların ləğv edilməsi və İddiaçı Həmidullayevaya təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3711/2023 saylı, 20 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar