Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2311/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Alamdar Hussainin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə (Açar sözlər:“qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2-1(112)-796/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Alamdar Hussain (bundan sonra – iddiaçı) 12 oktyabr 1976-cı ildə Pakistan İslam Respublikasının X2 şəhəri yaxınlığında Çaçoval kəndində doğulmuş və hazırda da həmin ölkənin vətəndaşıdır.
2. İddiaçı 18 oktyabr 2022-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) müraciət etmişdir.
3. İddiaçının vəsatətinə cavabdeh tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və xx.xx.2023-cü il tarixli, İQ-02/1 nömrəli qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir.
4. İddiaçı bundan sonra adıçəkilən qərarla razılaşmayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Alamdar Hussain cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11 yanvar 2023-ci il tarixli, İQ-02/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, İddiaçı Alamdar Hussainin 18 oktyabr 2022-ci il tarixli vəsatətini təmin edərək iddiaçıya qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12 oktyabr 1976-cı il tarixdə Pakistan İslam Respublikasının X2 şəhəri yaxınlığında Çaçoval kəndində doğulmuşdur, milliyətcə pəncablı dini etiqadına görə müsəlmandır, Çaçoval kəndində orta təhsil və Calalpur şəhərində 1992 – 1997-ci illərdə dini təhsil almış, 1997 – 2003-cü illərdə X1 şəhərində optik eynək dükanında satıcı işləmiş, 2003-cü ildən başlayaraq 2022-ci ildə Azərbaycan Respublikasına gələnədək Calalpur şəhərində dini mühazirələr oxumuşdur. Ailə vəziyyəti barədə məlumat verərkən iddiaçı evli olduğunu, Pakistan vətəndaşı Rehana Kausarla ailə həyatı qurduğunu və bu nikahdan 4 övladının – 2 qız və 2 oğlunun olduğunu, valideynlərinin vəfat etdiyini. 3 bacı və 3 qardaşının və öz ailə üzvlərinin hazırda Pakistanda yaşadıqlarını qeyd etmişdir. Qaçqın statusu üçün müraciətinin səbəbini bildirərkən iddiaçı Pakistanda, Çaçoval kəndində dini mühazirələr oxuduğunu, onun bu fəaliyətinin kəndlərində fəal və nüfuzlu olan ”Sipah-e-Sahaba" adlı radikal sünni təşkilatının üzvləri tərəfindən mənfi qarşılandığını və onlar tərəfindən təqiblərə məruz qaldığını, özünün Pakistanda digər sünni təşkilat olan “Təhrik-e-Ləbbeyk”in tərəfdarı olduğunu, onun siyasətini dəstəklədiyini və “Sipah-e-Sahaba'' təşkilatı ilə onlar arasında fikir ayrılığının olduğunu. “Təhrik-e-Ləbbeyk”in şiələrə normal yanaşdığını, “Sipah-e- Sahaba”nın isə şiələri qəbul etmədiyini qeyd etmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı özünün etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. İş üzrə mühüm fakt iddiaçının Pakistanın Çaçoval kəndində dini mühazirələr oxuduğunu, onun bu fəaliyyətinin kəndlərində fəal və nüfüzlu olan “Sipah-e-Sahaba" adlı radikal sünni təşkilatının üzvləri tərəfindən mənfi qarşılandığını və onlar tərəfindən təqiblərə məruz qaldığını, özünün Pakistanda digər sünni təşkilat olan “Təhrik-e-Ləbbeyk*'in tərəfdarı olduğunu, onun siyasətini dəstəklədiyini və “Sipah-e- Sahaba" təşkilatı ilə onlar arasında fikir ayrılığının olduğunu, “Təhrik-e-Ləbbeyk”in şiələrə normal yanaşdığını. “Sipah-e-Sahaba”nın isə şiələri qəbul etmədiyini, özünün və ailə üzvlərinin təhdid və təqiblərə məruz qaldıqlarını, ailə üzvlərinin qorumaq üçün onları Pakistanda başqa bir kəndə köçürdüyünü, özünün isə təhdidlərdən qaçaraq 7 sentyabr 2022-ci il tarixdə Azərbaycana gəldiyini qeyd etmişdir. Dövlət Miqrasiya Xidməti müəyyən iddia üçün əsas ola bilən faktları müəyyənləşdirməmiş və təhlil etməmiş, iddiaçının təqiblərə məruz qalması və dövlət tərəfindən müdafiəsi effektiv təmin olunmamışdır. Qeyd edilənlərdən aydın olur ki, iddiaçının izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verə bilən olduğu müəyyən edilir. Buna görə də onun izahatı xarici mötəbərliyin tələbatını ödəyir. Onun izahatları mötəbərliyin daxili (müfəssəllik və ardıcıllıq) və xarici amillərinin tələbatlarını ödəyir. Buna görə də izahatlar inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, iddiaçının izahatları mötəbər sayılır. Bu mərhələdə Cenevrə Konvensiyası (və Protokoluna) uyğun olaraq iddiaçının əsaslı təqib qorxusunun olub-olmaması aydınlaşdırılmalıdır. Konvensiyanın və Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Qanunun 1.1-ci maddələri qaçqın anlayışına oxşar tərif verir: Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və qayıtmaq istəməyən şəxsdir. Yoxlamanın 1-ci mərhələsindən görünür ki, iddiaçının izahatları mötəbər hesab edilir. Bunun əsasında iddiaçının təqiblərə məruz qalmasından və dövlət tərəfindən müdafiəsinin effektiv təmin olunmamasından ehtiyatlanırlar. Müəyyən edilmiş faktların əsasında bu ehtimalın ağlabatan olduğu qənaətinə gəlinə bilər. Belə ki, iddiaçı Pakistana qayıdacağı təqdirdə təqibə məruz qala bilər. Pakistana qayıdacağı təqdirdə iddiaçının həyatı və sağlamlı risk altına düşə bilər. Yuxarıda qeyd olunanlra əsasən iddiaçı cavabdehin 11 yanvar 2023-cü il tarixli İQ-02/1 nömrəli qərarının ləğv edilməsi, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilərək ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı 18 oktyabr 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının X1 şəhəri yaxınlığında Çaçoval kəndində doğulduğunu, milliyyətcə pəncablı etiqadına görə müsəlman (sünni) olduğunu, Çaçoval kəndində orta təhsil və şəhərində 1992 – 1997-ci illərdə dini təhsil aldığını, 1997 – 2003-cü illərdə Pəncab vila Durdanaqar şəhərində optik eynək dükanında satıcı işlədiyini, 2003-cü ildən başlayaraq 2022-ci ildə Azərbaycan Respublikasına gələnədək Calalpur şəhərində dini mühazirələr oxuduğunu bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verərkən ərizəçi evli olduğunu, Pakistan vətəndaşı Rehana Kausarla ailə həyatı qurduğunu və bu nikahdan 4 övladının – 2 qızı və 2 oğlunun olduğunu, valideynlərinin vəfat etdiyini, 3 bacı və 3 qardaşının və öz ailə üzvlərinin hazırda Pakistanda yaşadıqlarını qeyd etmişdir. Qaçqın statusu üçün müraciətinin səbəbini bildirərkən ərizəçi Pakistanda, Çaçoval kəndində dini mühazirələr oxuduğunu, onun bu fəaliyyətinin kəndlərində fəal və nüfuzlu olan “Sipah-e-Sahaba” adlı radikal sünni təşkilatının üzvləri tərəfindən mənfi qarşılandığını və onlar tərəfindən təqiblərə məruz qaldığını, özünün Pakistanda digər sünni təşkilat olan “Təhrik-e- Ləbbeyk”in tərəfdarı olduğunu, onun siyasətini dəstəklədiyini və “Sipah-e-Sahaba” təşkilatı ilə onlar arasında fikir ayrılığının olduğunu, “Təhrik-e- Ləbbeyk”in şiələrə normal yanaşdığını, “Sipah-eSahaba”nın isə şiələri qəbul etmədiyini qeyd etmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri və dini fəaliyyəti ilə bağlı fotoları təqdim etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Bunlara baxmayaraq ərizəçinin ifadələrində bəzi ziddiyyətli məqamlar aşkar edilmişdir. Belə ki, o, ərizə-anketin qeydiyyatı zamanı ilk dəfə Azərbaycana yay aylarında gəldiyini və Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsi əldə etmək üçün müraciət etdiyini bildirmişdir. Müvafiq məlumat bazasında axtarış zamanı onun 3 avqust 2022-ci il tarixdə müvəqqəti yaşama icazəsi üçün müraciət etdiyi və müraciətinə imtina verildiyi məlum olmuşdur. Bundan sonra ərizəçi 1 sentyabr 2022-ci il tarixdə Pakistana qayıtdığını, ona qarşı orada saxta ittihamlar əsasında cinayət işinin açıldığını bilib, 7 sentyabr 2022-ci il tarixdə Azərbaycana təhsil vizası ilə qayıtdığını bildirsə də, müvafiq məlumat bazasında axtarış zamanı iddiaçının Azərbaycanı 24 avqust 2022-ci il tərk edib Pakistana qayıtdığı müəyyən edilmişdir. Təhsil vizasını nə məqsədlə alması sualına ərizəçi müvəqqəti yaşama icazəsi almaq üçün ona tələbə olmağın yeganə vasitə olması barədə bir nəfərin məsləhət verməsi ilə izah etmişdir. Bundan əlavə ərizəçinin təhsil vizası əsasında müvəqqəti yaşama icazəsinin düzəlmədiyini görüb ölkədə qanuni qalmaq üçün vizasının müddətinin bitməsinə az müddət qalmış qaçqın statusu əldə etmək üçün müraciət etdiyini bildirməsi ərizəçinin həqiqətən də qaçqın statusu əldə etmək niyyətində olan şəxs olmasına şübhə yaradır. Pakistana qayıtdıqdan sonra orada “Sipah-e-Sahaba”nın polisə təqdim etdiyi saxta ittiham əsasında ona qarşı ilkin araşdırma raportunun tərtib edildiyini bildirsə də, məhz belə bir vəziyyətdə müəyyən müddət ərzində öz ölkəsində qalması onun əsaslı təqib qorxusu ilə üzləşdiyini şübhə altına alır. Ailə üzvlərinin Pakistanda təhdidlə üzləşməsi barədə soruşarkən, ərizəçi onların başqa bir kəndə köçdüklərini və orada heç bir təhdidlə üzləşmədiyini bildirmişdir. Özünün ölkə daxilində ailəsi kimi bu alternativ yerdəyişmə imkanından istifadə etməməsini isə onu təhdid edənlərin ancaq onunla ədavəti olduğu ilə əsaslandırmışdır. Mənşə ölkəsi barədə məlumatları araşdırarkən qeyd edilən “Sipah-e- Sahaba" (hazırkı adı “Millat-e-lslamia”) adlı təşkilatın Pakistanda əsasən anti-şiə fəaliyyəti ile tanınan və digər sünni qruplarına münasibətdə loyal olan radikal sünni təşkilatı olduğu müəyyən edilmişdir. Mənşə ölkəsi barədə məlumatları araşdırarkən qeyd edilən “Təhrik-e- Ləbbeyk” (TLP) adlı təşkilatın Pakistanda radikal sünni təşkilatı olub, fəaliyyətində əsasən Pakistanda xristianlara qarşı sərt mövqe tutduğu və digər sünni qruplarla ədavətdə olmadığı müəyyən edilmişdir. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, o, vətəndaşı olduğu ölkədə dövlət orqanları (polis) tərəfindən təqibə məruz qalmasını bildirsə də, bunu sübut edən sənədlər təqdim edə bilməmişdir. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra iddiaçının şəxsi işi “qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından cavabdeh tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2-1(112)-796/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ərizə-anket məlumatları ilə müsahibə zamanı bildirdikləri arasında ziddiyyətli məqamlar və uyğunsuzluzluqlar mövcuddur, həmin ölkədə yaşadığı şəhərdə ciddi təhdidlərə məruz qaldığı təsdiq olunmur. 10.Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunla) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də iddiaçı vətəndaşı olduğu ölkədə ciddi təqiblərə məruz qalmasını təsdiqləyən heç bir tutarlı sübutu nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında təqdim etməmişdir, onun gətirdiyi dəlillər isə mülahizələrə söykənir.
11. Birinci instansiya məhkəməsi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa, “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 419 saylı Fərmanı və həmin Fərmanla təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na istinad etmişdir.
Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2-1(112)-796/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
17. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu:
1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.
18. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu:
- 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; - 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir; - 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir; - 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.
19. Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın:
- preambulasına görə, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir; - 1-ci bəndinin 3-cü abzasına uyğun olaraq “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxlər də daxil olmaqla ) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir; - 7-9-cu bəndlərinə əsasən, “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır;. Maddə 14.1 mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətində qərar tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1).
24. Həmçinin, qərar iddiaçı barəsində qəbul edilməklə onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1).
25. Belə ki, hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur:
26. İddiaçı 12 oktyabr 1976-cı ildə Pakistan İslam Respublikasının X2 şəhəri yaxınlığında Çaçoval kəndində doğulmuş və hazırda da həmin ölkənin vətəndaşıdır.
27. O, 18 oktyabr 2022-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdehə müraciət etmişdir.
28. İddiaçının vəsatətinə cavabdeh tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və xx.xx.2023-cü il tarixli, İQ-02/1 nömrəli qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir.
29. İddiaçı bundan sonra adıçəkilən qərarla razılaşmayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən vəsatətə baxılan zaman onun tərəfindən irəli sürülən bütün hallar nəzərə alınmamış və bununla da qanunla qorunan hüquq və mənafeləri pozulmuşdur.
30. Cavabdeh isə hesab edir ki, iddiaçının irəli sürdüyü fikirlər öz təsdiqini tapmadığından ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. İmtinanın verilməsinə əsas kimi aşağıdakılar qeyd olunmuşdur: İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçı və ailə üzvlərinin vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadıqları müəyyən edilmişdir. Göründüyü kimi, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır.
31. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Cavabdeh tərəfindən təqdim olunmuş vəsatətə baxılması haqqında sənədlərdən (müsahibə, ərizə-anket) görünür ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ona qaçqın statusu verilməmişdir.
32. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı istinad etdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur.
33. Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, iddiaçı tərəfindən qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübutun cavabdehə təqdim olunması müəyyən olunmur.
34. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
35. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
36. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdeh inzibati orqan tərəfindən ona verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdeh inzibati orqanın iddiaçıya qaçqın statusu verilməsindən imtina edərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
37. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
38. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməməsi ilə qanuna zidd olan və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hallara yol verilməmiş, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması üçün əsaslar müəyyən edilməmişdir.
39. İddiaçı apellyasiya şikayətində yuxarıda hüquqi qiymət verilən hallardan əlavə qeyd etmişdir ki, iddiaçıda təqibə məruz qalmasını yaradan qorxu hissinin aradan qalxmasına əsas verən hal yoxdur. Müəyyən edilmiş faktların əsasında bu ehtimalın ağlabatan olduğu qənaətinə gəlinə bilər ki, ərizəçi Pakistana qayıdacağı təqdirdə ona ziyan vurula bilər.
40. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulduğundan və hər hansı bir mötəbər sübut cavabdehə təqdim olunmadığından həmin dəlillər inzibati orqanın qərarının ləğv edilməsi və iddiaçıya qaçqın statusu verilməsi üçün yetərli deyildir.
41. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Qaçqınların statusu” haqqında 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndinə əsasən “qaçqın” dedikdə 1951-ci il yanvarın 1- dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir; və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir.
42. 1967-ci il Protokolunun İ maddəsinin 1-ci hissəsinə əsasən Bu Protokolun iştirakçıları olan Dövlətlər arasında verilmiş tərifə uyğun gələn qaçqınlara Konvensiyanın 2-34-cü maddələrini tətbiq etməyi öhdələrinə götürürlər.Həmin maddənin 2-ci bəndinə əsasən “qaçqın” termini altında bu maddənin 3-cü bəndinin tətbiqi ilə bağlı hallar istisna olmaqla, Konvensiyanın 1 A(2) maddəsinin tərifini “1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində” sözləri və “...həmin hadisələr nəticəsində” sözlərini çıxma şərti ilə uyğun gələn hər bir şəxs nəzərdə tutulur.
43. Konvensiyanın 42-ci maddəsinə əsasən, əgər ərizəçi mənşəcə mənsub olduğu ölkədə davamlı qalmasının tərifdə göstərilən səbəblərə görə dözülməz olduğunu, yaxud geri qayıdacağı halda həmin səbəbdən ağlabatan dəlillərin köməyi ilə sübut edə bilirsə, onun ehtiyatları tam əsaslı sayılır.....
44. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir. (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Sığınacaq işlərində sübutetmə vəzifəsi və standartı haqqında Qeydlər, 1998, bənd 11)
45. “İnandırıcılıq kefyfiyyəti” standartı tətbiq edilərkən obyektiv yanaşmadan istifadə edilir. Çünki bu standart hüquqtətbiqedən orqanın üzərinə ərizəçiyə inanmaq üçün ağlabatan əsasların olub-olmadığını qiymətləndirmək vəzifəsini qoyur. Mötəbərlik amilləri əsasən 2 qrupa bölünür: daxili və xarici mötəbərlik. Xarici mötəbərlik ərizəçinin izahatları ilə işdə olan digər sübutların və ya digər məlumat mənbələrinin, ələlxüs mənbə ölkələrinin məlumatlarının müqayisəsinə əsaslanır. İşin hallarına uyğun olaraq, bu iş üzrə xarici mötəbərliyin olub-olmaması MÖM-ün nəzərdən keçirilməsi ilə müəyyən edilə bilər. Daxili mötəbərlik ərizəçinin izahatlarının yalnız həmin izahatlara yaxud digər təqdim edilmiş sübutlara əsaslanaraq qiymətləndirilməsidir. Bu halda əsaslanmalı 2 əsas amil ərizəçinin izahatlarının müfəssəllik səviyyəsi və ərizəçinin ümumilikdə ardıcıllıq dərəcəsidir. Buna uyğun olaraq mötəbərliyin qiymətləndirilməsinin 4 indikatoru fərqləndirilir:1) kafi dərəcədə müfəssəllik və spesifiklik; 2) daxili uyğunluq; 3) əgər varsa digər şahidlər tərəfindən verilən informasiya ilə uyğunluq; 4) çatımlı xarici informasiya ilə uyğunluq. (Macarıstan Helsinki Komitəsi, Sığınacaq icraatında mötəbərlik qiymətləndirməsi - multidisiplinar hazırlıq təlimatı, 2013, 31-33-cü səhifələr)...
46. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuş və cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunun müddəaları pozulmamışdır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası əvvəlki qərarlarında, o cümlədən 24 avqust 2023-cü il tarixli, 2-1(102)-2232/2023 nömrəli; 15 dekabr 2023-cü il tarixli, 2-1(102)-2660/2023 nömrəli, 08 fevral 2024-cü il tarixli, 2-1(102)- 62/2024 nömrəli və 04 aprel 2024-cü il tarixli, 2-1(102)-724/2024 nömrəli qərarlarında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarına istinad edərək, iddiaçının vəziyyətində olan şəxslərə qaçqın statusu verilməsindən cavabdehin imtinasını qanuni və əsaslı hesab etmişdir.
48. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2-1(112)-796/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2-1(112)-796/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.