Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2312/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçınun nümayəndəsi vəkil X3 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1867/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********196751 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini aşaığdakılarla əsaslandırmışdır: «... iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və MMCnin dekabr 2018-dekabr 2020-ci il dövrləri yoxlama ilə əhatə edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərarla iddiaçıya 235.663.84 manat mənfəət vergisi, 1.226.010,04 manat əlavə dəyər vergisi olmaqla, cəmi 1.461.673,88 manat əlavə vergi məbləği hesablanmış və 1.508.911,21 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, ümumilikdə hesablanmış vergi məbləğinin və tətbiq edilmiş maliyyə sanksiyasının cəmi 2.970.585,09 manat təşkil edir. xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktından da göründüyü kimi yoxlama xx.xx.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş iddiaçıya aid olduğu iddia edilən “qara mühasibatlıq” sənədlərinə əsasən aparılmışdır. Yəni vergilərin hesablanmasının və maliyyə sanksiyaların tətbiq edilməsinin yeganə əsası “qara mühasibatlıq” sənədləri kimi qeyd edilən kağızlar olmuşdur. Yoxlama zamanı cavabdehə ilkin mühasibatlıq sənədləri, vergi bəyannamələri və aidiyyəti digər sənədlər təqdim edilmişdir. Qeyd edilən sənədlərdə hər hansı vergidən yayınma halı mövcud olmadığı üçün cavabdeh tərəfindən daha əvvəl, digər vergi orqanı (Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) tərəfindən keçirilmiş başqa bir tədbir zamanı əldə edilmiş “qara mühasibatlıq” adlandırdıqları sənədlərə vergidən yayınmanın əsası kimi götürülmüşdür. Həmin “qara mühasibatlıq” sənədlərinin nədən ibarət olması, özündə hansı “məlumatları” daşıması, ümumiyyətlə həmin sənədlərin kim tərəfindən tərtib olunması iddiaçıya məlum deyil. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanı əməkdaşlarının təzyiqi və diqtəsi ilə qeyd edilən sənədlərin guya iddiaçının fəaliyyəti ilə əlaqədar olması barədə MMC-nin direktorundan izahat alınmışdır. Həmin sənədlər əsasında cavabdeh tərəfindən əlavə vergilərin hesablandığı iddiaçıya məlum olan kimi, bu sənədlərin əsassız və MMC-nin fəaliyyətinə aid olmaması barədə xx.xx.2021-ci il tarixdə vergi orqanına müraciət olunmuşdur. Bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış, 5 ay davam etmiş, 19 səhifədən ibarət akt tərtib etməklə yekunlaşmış və nəticəsində 2.970.585,09 manat vergi öhdəliyi müəyyən edilmiş kompleks yoxlama tədbiri olan səyyar vergi yoxlaması yalnız bir sənəd əsasında, özündə hər hansı məlumatı, iddiaçının faktiki olaraq vergi tutulan dövriyyəsini, əməliyyatların aparılıb-aparılmadığını, aparıldığı təqdirdə əməliyyatların başlanğıcını, gedişatını və sonunu əks etdirməyən, gəlir və xərclərini müəyyən etməyən, eləcə də mənbəyi məlum olmayan “qara mühasibatlıq” sənədlərinə əsasən aparılmışdır. Qeyd edilən “qara mühasibatlıq” sənədlərinin iddiaçının fəaliyyəti ilə əlaqədar olduğu qəbul edilmiş olsa belə, həmin sənədlərdə iddiaçıya aid məlumatların aşkar olunmuşdursa, həmin sənədlərin iddiaçıya aid olmasını və bu sənədlər əsasında əlavə vergi öhdəliyinin müəyyən edilməsini təsdiq edən sübutlar yoxlama materiallarına əlavə edilməli idi. cavabdeh tərəfindən qeyd edilənlərlə bağlı akta hər hansı sübut yoxlama materiallarına əlavə edilməmişdir. “Qara mühasibatlıq” adlandırılan hər hansı bir ikili sənəd yoxdur. Vergi orqanın ofisdən götürdüyü direktorun dayısına aid bloknota “qara mühasibatlıq” deyilir. Həmin bloknotun şirkətə hər hansı bir aidiyyəti yoxdur. Operativ nəzarət bloknotu ofisdən götürdüyündən direktor bloknotun ofisə aid olduğunu bildirmişdi. Sonradan həmin bloknotun kimə məxsus olduğunu öyrənəndə dayısı (mühasib) bildirmişdi ki, mikselqarışdırıcı sahiblərinə xidmət göstərir onların sürücülərinin uçotunu aparır. İddiaçı tərəfindən heç bir hüquq pozuntusu olmamışdır. Nəzərə alınmalıdır ki, 2020-ci ilin əvvəllərindən hal-hazırki günə COVİD-19 virusunun yayılması səbəbindən pandemiya elan olunmuş, qeyd edilən vəziyyətdə iddiaçının 8.037.176,9 manat məbləğində vergiyə cəlb edilməli olan dövriyyəsinin olmasının iddia edilməsi belə absurddur. Beləliklə “qara mühasibatlıq” sənədlərindəki məlumatlar üzrə əlaqəli təhlillər apardıqdan sonra həmin məlumatların nə dərəcədə mötəbər olub-olmamasını müəyyən etmək mümkün olduğu halda, cavabdeh nədənsə bu tədbirlərin heç birini həyata keçirməmişdir. Vergi ödəyicisinə vergi məbləğlərinin hesablanması üçün qanunvericiliklə dairəsi dəqiq müəyyən edilən məlumat mənbələri müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya əlavə vergilərin hesablanması zamanı qanunvericilikdə nəzərdə tutulmuş məlumat mənbələrindən hər hansı birinə (və ya bir neçəsinə) istinad edilməsi səyyar vergi yoxlaması aktında müəyyən olunmur...” Cavabdeh iddia ərizəsinə etirazında iddinı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu aşağıdakılarla əsaslandırılmışdır: “Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********144532 nömrəli nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: dekabr 2018 - dekabr 2020) təyin edilmiş; yoxlamaya xx.xx.2021-ci il tarixdə başlanılmış və yoxlama xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Aparılan səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2021-ci il tarixli **********144568 nömrəli aktla rəsmiləşdirilmişdir. XidmətinVergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin xx.xx.2021-ci il tarixli **********6803 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərara və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli **********6826 nömrəli Qərarına əsasən həmin idarənin əməkdaşları operativ nəzarət tədbiri həyata keçirilmiş və qara mühasibatlığa aid sənədlər müəssisənin direktoru X1 iştirakı ilə götürülərək xx.xx.2021-ci il tarixdə direktorun iştirakı ilə protokollaşdırılmışdır. Səyyar vergi yoxlaması vergi orqanında olan baza məlumatlarına və müəssisədən götürülmüş səyyar vergi yoxlamasına təqdim olunmuş qara mühasibatlığa əsasən aparılmışdır. Operativ vergi nəzarəti tədbirləri nəticəsində obyektdən götürülmüş qara mühasibatlıq sənədlərinə cəmiyyətin direktoru X2 iştirakı ilə baxış keçirilmiş və xx.xx.2021-ci il tarixli protokol ilə rəsmiləşdirilmiş və sonuncu həmin sənədlərin MMC-yə aid olduğunu bildirilmiş, həmçinin mühasibi X5 tərəfindən xx.xx.2021ci il tarixdə yoxlamaya verilmiş izahatda götürülmüş sənədlərin cəmiyyətə aid olduğu bildirilmişdir. ƏDV vergisinin yoxlanılması üzrə müəssisə xx.xx.2018-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etmiş və **********7 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi almışdır. Bildiriş xx.xx.2018-ci il tarixdən qüvvəyə minmişdir. Hesablama vergi ödəyicisindən götürülmüş sənədlərə əsasən aparılmışdır. Hesablamada markalar üzrə 1 kub metr məhsulun qiyməti satış e-qaimə fakturalardan və müəssisədən əldə edilmiş sənədlərdən götürülmüşdür. Müəssisədən götürülmüş satış dəftərlərinə əsasən 1226010.04 manat ƏDV hesablanmış və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 1226010.04 * 50% = 613005.02 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisinin yoxlanılması zamanı götürülmüş və səyyar vergi yoxlamasına təqdim edilmiş qara mühasibatlıq əsasında aparılmışdır. Cəmiyyət vergi orqanına 2018-ci il mənfəət vergisi bəyannaməsini boş təqdim etmişdir. Yoxlamaya ilkin mühasibat sənədləri təqdim edilmədiyindən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmamış, müəssisənin 2018-ci il üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14 və 83.9 maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır yoxlama ilə cəmiyyət tərəfindən mənfəət vergisinin 2018-ci il üzrə 8121,83 manat, 2019-cu il üzrə 74285,35 manat, 2020-ci il üzrə 153256,66 manat, cəmi 235663.84 manat azaldılması müəyyən edilmişdir. Tətbiq edilmiş maliyyə sanksiyaları üzrə: Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə 1291,5 manat, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirtməsinə görə yəni 22378,6 manat əmək haqqının nağd qaydada ödənilməsinə görə 22373,5*10%= 2237,86 min manat, VM-nin 58.13-cü maddəsinə əsasən elektron qaimə faktura təqdim edilməli olduğu halda malların elektron qaimə faktura verilmədən təqdim edilməsinə görə 2019-cu il üçün 216823,13 və 2020-ci il üçün 557721,78 manat maliyyə sanksiyası tətbiq edilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1867/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********148191 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur və əsassızdır. Belə ki, məhkəmə cavabdehin təqdim etdiyi və hesablamaların əasını təşkil və iddiaçıya məxsus olan elektron fayllarda əksini tapan cədvəllər, yəni məlumatlara ciddi formal tələblər irəli sürsə də, nədənə ibarət olduğunu əsaslandırmamış, hüquqi əsasını əks etdirməmişdir. Nəticə etibarı ilə məhkəmə Mühasibat üçotu haqqında” Qanunun 2.1.6, 2.1.10, 2.1.11-ci maddələrinin tələblərini pozmuşdur. Qara mühasibatlıq sənədlərində qeyd edilən məlumatlarla iddiaçının uçot məlumatları arasında uyğunluğun olduğu məhkəmənin nəzərinə çatdırılmışdır. Həmçinin səyyar vergi yoxlaması yerlərə getməklə keçirilən vergi nəzarət tədbiridir. Məhkəmə iddiaçının öz izahatı ilə müəssisəyə aid olduğunu bildirdiyi sənədləri hesablamaya əsas olan sənəd kimi qəbul etmir və hesab edir ki, ödəyicinin həmin dövrlər üzrə bəyannamələri , şəxsi hesab vərəqi yaxlama üçün kifayət edir. Məhkəmənin cavabdeh dövriyyəni xrometaj keçirməklə keçirə biləcəyi halda, qara mühasibatlıq sənələri əsasında yoxlamanın aparılması ilə bağıl mövqeyi ilə razılaşmaq olmaz. Çünki, xronometraj cari dövriyyəni müəyyən etmək üçün canlı şəkildə aparılan nəzarət tədbiridir. Məhkəmə işin hallarını araşdırmadan yoxlamanın nəticəsini ləğv etmşdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın aparılmasından imtina edilsə də, imtinada qeyd edilənlərə qiymət verməmiş, qara mühasibatlıq sənədlərindəki yazıların oxunaqlığını müəyyən etmək üçün xətşünaslıq ekspertizası təyin etməmişdir. Məhkəmə sübutları formal qiymətləndirmiş qara mühasibatlıq sənədlərinə mövcud olmayan tələblər müəyyən etmiş. Halbuki həmin sənədlər müssisənin gəlir və xərclərini n qeyd edildiyi sənədlərdir. bu sənədlərdə hətta direktorun imzasına belə tələ yoxdur. Qeyd olunanlar kifayət edir ki, məhkəmə yekunda əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi L.Əhmədova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi vəkil Ü.Məmmədov isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”)-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiçının tələbindən göründüyü kimi mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin xx.xx.2020-ci il tarixli **********196751 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi tələb etmişdir. İşin hallarından göründüyü kimi, cavabdehin xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçının dekabr 2018 - dekabr 2020 fəaliyyəti üzrə növbədənkənar növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticələrinə dair xx.xx.2021-ci il tarixli **********144568 səyyar vergi yoxlaması aktı tərtib olunmuş və həmin akt əsasında da xx.xx.2020-ci il tarixli **********196751 nömrəli qərar qəbul edilərək iddiaçıya 235.663.84 manat mənfəət vergisi, 1.226.010,04 manat əlavə dəyər vergisi olmaqla, cəmi 1.461.673,88 manat əlavə vergi məbləği hesablanmış və 1.508.911,21 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş - ümumilikdə müəssisə 2.970.585,09 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. Mübahisələndirilən səyyar vergi yoxlaması aktında növbədən səyyar vergi yoxlaması zamanı müəssisədən götürülmüş qara mühasibatlığa dair materiallar əlaqəli məlumat kimi qiymətləndirilərək vergilərin hesablanması üçün əsas götürülmüşdür. Belə ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin xx.xx.2021-ci il tarixli **********6803 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən keçirilmiş operativ vergi nəzarəti zamanı, həmin idarə əməkdaşarı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli **********6826 nömrəli protokolu əsasında müəssədən, qara mühasibatlıq” səndələri kimi adlandırılan dəftərlərdə (12 dəftər və 6 qovluq) əksini tapan cədvəl məlumatları əsasında iddiaçıya qeyd olunan əlavə vergilər hesablanmış, maliyyə sanksiyası tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, 28 dekabr 2021-ci il tarixdə iş üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert tərəfindən məhkəməyə təqdim edilən 18 mart 2022-ci il məlumatda vergi orqanı tərəfindən əlavə vergilərin hesablanması ilə bağlı səyyar vergi yoxlaması aktında qeyd edilən satış dəftərləri və s. sənədlər təqdim edilmədiyinə görə, həm də ekspertiza tədqqatı üçün müəssiəsyə aid oxunaqlı sənədlərin təqdim edilməsi zəruriliyi vurğulanmaqla, məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından imtina olunmuşdur. Qeyd edilməlidir ki, hazırkı mərhələdə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qara mühasibatlıq dəftərlərindən çıxarışlardakı əlyazma qeydlər tədqiq olunarkən, həmin qeydlərin və təsbit olunan rəqəmlərin iddiaçı müəssəyə hansı formada aid olduğunu göstərən dəqiq göstəricilər aşkar olunmamış, qeydlərdə rəqəmlərin nələri və hansı ölçü (miqar) vahidlərini ehtiva etdiyinin qeyri-müəyyənliyi, bəzi hallarda qarışıq və qaralamaların mövcudluğu, sair qeyri-səlist yazılar baxımından, məhkəmə tərəfindən ekspertiza tədqiqatı üçün yararlı və həqiqəti əks etdirə bilən mötəbər məlumatlar kimi qiymətləndirilməsi istisna edilmişdir. Hər bir halda, məhkəmə kollegiyası həmin “qara mühasibatlıq” materiallarında təsbit olunan məlumatların qeyri-müəyyənliyi, ilkin mənbə məlumatlarının yoxluğu üzündən onlara əsasən vergilərin düzgün hesablanması mümkünsüz hesab etmişdir. Çünki, qeyd olunan “dəftərlərdəki cədvəllərdə kəmiyyət göstəricilərinin əsasını təşkil edə bilən ilkin mühasibat sənədləri mövcud olmalıdır ki, həmin göstəricilərin (kəmiyyətləri) düzgünlüyünün yoxlanılması mümkün olsun. Vergi Məcəlləsi vergi məqsədləri üçün gəlir anlayışında aşağıdakıları nəzərdə tutur: 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlirdir. 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. 13.2.11. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.11-ci maddəsinə, habelə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının “30” yanvar 2017-сi il tarixli Q-01 №li Qərarı ilə təsdiq edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”n 2.1.14-cü bəndinə əsasən: -“İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.” Həmin Qaydaların 7.2-ci bəndinə əsasən isə ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, vergi məqsədləri üçün gəlir vergisi, əlavə dəyər vergisi (və s.) vergilər ilkin mühasibat üçütu sənədləri əsasında müəyyən edilir. Konkret halda isə mübahisələndirilən qara mühasibatlıq dəftərlərindəki məlumatlarda təsbit olunan kəmiyyət göstəricilərinin hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədələri, alış aktları, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. Ən azından, həmin məlumatları formalaşdıran halların (təqdim etmənin, ödənişlərin və s.) barədə qeyri-qanuniliyini təsdiq edə bilən sənəd-sübut və ya hər hansı bir başqa mənbə məlumatları mövcud deyildir. İPM-in 14.1-ci maddəsinin tələbi baxımından isə, nə qədər ki yoxlanılan dövr üzrə hesablanan əlavə vergilər cavabdeh vergi orqanı tərəfindən həmin dəftərlərdə mövcud olan məlumatların doğluruluğunu və həmin məlumatların əsasını təşkil edən ilkin sənədlərin varlığını da sübut etmək vəzifəsi məhz, vergi orqanının öz üzərinə düşür. Yəni, qara mühasibatlıq dəftərlərində təsbit olunan məlumatların yaranmasına əsas olan halları araşdırıb aşkar etmək inzibati icraat haqqında hüquq normaları ilə cavabdeh orqanın üzərinə düşən öhdəliyidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən isə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Onu da qeyd etmək lazımdır ki, iş materiallarına əlavə edilmiş olan, operativ vergi nəzarəti zamanı aşkar olunmuş qara mühasibatlıq materiallarının (12 dəftərin və 6 qovluğun) götürülməsi ilə bağlı tərtib olunmuş protokolun müəssisənin direktorunun (Z.F.Xankişiyevin) iştirakı ilə tərtib edildiyini göstərən imzası olsa da, həmin protokolun çap formasında yazılması şübhə altına alır ki, həmin anda yazılmamış, sonradan elektron üsulla yazılıb çapdan çıxarılaraq imzalanmışdır. Müəssisənin direktoru Z.F.Xankişiyevin və mühasibi Ə.Q.Hüseynovun izahatlarına gəldikdə isə konkret halda müəssisə tərəfindən cavabdeh vergi orqanına qarşı hazırkı iddianın qaldırılması və mühasibatlıq dəftərləri əsasında müəssisəyə hesablanmış vergilərin mübahisələndirməsi, bütün bunlar da həmin izahatlardakı məlumatların doğruluğunu da şübhə altına alır ki, həmin izahatlar vergi nəzarətini həyata keçirən orqanın təsiri altında yazılmışdır. Beləliklə də yuxarıda qeyd olunanlar baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin əlaqəli məlumatlar kimi qiymətləndirdiyi sözügedən dəftərlərdəki əlyazma yazılarıdakı məlumatların həqiqəti əks etdirən mötəbər məlumatlar kimi qəbul edilməsi mümkün sayıla bilməz. Ola bilsin ki, müəssisədən götürülmüş həmin materiallar iddiaçının vergidən yayınması ilə bağlı müəyyən şübhəli məqamları yaratmış olsun, lakin həmin şübhələri aradan qaldıran, yəni, onlardakı məlumatların doğruluğu ilkin mənbə sənədlər ilə sübuta yetirilmədiyi halda, vergi orqanı tərəfindən vergi ödəyicisinə külli miqdarda vergilər hesablanması qanuni və əsaslı hesab edilməsi istisna olunur. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən: “ Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur...” Beləliklə də cavabdeh tərəfindən dekabr 2018 - dekabr 2020 üzrə fəaliyyəti üzrə keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul olunmuş xx.xx.2020-ci il tarixli **********196751 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçının vergi məsuliyyətinə cəlb olunması vergi qanunvericiliyinin tələblərinə zidd olduğu sübuta yetirilir. İPM-in 70-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını faktlar nöqteyi nəzərindən mahiyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasyia şikayətinin, məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmadığını, qanunsuz və əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1867/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1867/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2312/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2312/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver