Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2312/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə «mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarış və texniki pasportun verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2-1(112)- 896/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə 889 nömrəli reyestr kitabının 82695 nömrəli vərəqində qeydə alınmış RX seriyalı ******* №li "Çıxarış"a əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 saylı mənzilin faktiki sahəsini 216,91 kv.m hesab edilməklə ölçülərinin dəqiqləşdirilməsini nəzərə alaraq, üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən yeni "Çıxarış"ın verilməsini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013cü il tarixdə 889 nömrəli reyestr kitabının 82695 nömrəli vərəqində qeydə alınmış RX seriyalı ******* №li "Çıxarış"a əsasən ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. xx.xx.2005-ci il tarixdə iddiaçının xahişinə əsasən 4 saylı MKİS-in işçilərinin iştirakı ilə sözügedən mənzilin üstündə olan dam örtüyünə baxış keçirilmiş, dəmir örtüyün çürüməsi, altında olan taxtaların çökməsi müəyyən edilmiş və bu barədə akt tərtib olunmuşdur. Səbail rayon İcra Hakimiyyətinin V-14 saylı xx.xx.2005-ci il tarixli məktubuna əsasən iddiaçının yaşadığı mənzilin qəza vəziyyətində olan dam örtüyünün əsaslı təmirinə icazə verilmişdir. O, İcra Hakimiyyətinin icazəsi ilə dam örtüyünün əsaslı təmir işlərini apararkən, tikinti norma və qaydalarına, habelə yanğından mühafizə, sanitar norma və qaydalarına riayət etməklə, yaşadığı mənzili də təmir etdirərək abadlaşdıraraq mənzilin üstündə mansard qurmuşdur. Mənzilinin üstündə mansard qurulması ilə razılaşmayan Səbail rayon MKTB-nin rəhbərliyi mansardın sökülməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi, lakin məhkəmənin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə həmin iddia tələbi təmin edilmədi. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilsə də, sonradan tərəf apelyasiya şikayətindən imtina etdi və bu səbəbdən apelyasiya icraatına xx.xx.2006cı il tarixdə İMK-1699/2006-cı il tarixli qərardadla xitam verildi və bununla da Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindi. Sözügedən yaşayış sahəsinin yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğundur, qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur, qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaratmır, binanın xarici görünüşündə dəyişiklik etmir. Göstərilənləri nəzərə alaraq, yenidən planlaşdırılmış yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış layihəsini, məhkəmə qətnaməsini və digər sənədləri Səbail rayon İH-nə təqdim edərək, mənzilin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27.2.1-ci maddəsinə əsasən rəsmiləşdirilməsini xahiş etmişdir. Sonuncu isə heç bir qanuni əsas göstərmədən buna imtina etdi. Buna görə iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət emiş və məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-534/2021 qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013-cü il tarixdə 889 nömrəli reyestr kitabının 82695 nömrəli vərəqində qeydə alınmış RX seriyalı ******* №li "Çıxarış"a əsasən iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 saylı mənzilin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən dam örtüyünün altında mansarda sahəsinin yenidən planlaşdırılmasının rəsmiləşdirilməsinin cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir (4 saylı MKİS-in xx.xx.2005-ci il tarixli aktı, Səbail rayon İcra Hakimiyyətinin V-14 saylı xx.xx.2005-ci il tarixli məktubu, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi, Apelyasiya məhkəməsinin xx.xx.2006-cı il tarixli, 1MK-1699/2006-cı il tarixli qərardadı qərarda öz əksini tapmışdır). Bakı İnzibati Məhkəməsinin qərarı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən icra olunmuş və xx.xx.2022-ci il tarixli 143 saylı Sərəncama əsasən Səbail Rayon İcra Hakimiyyətinin nəzdində X6 İdarələrarası Komissiyanın V-20-091 saylı, xx.xx.2022- ci il tarixli Aktı və rəyi nəzərə alınaraq iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 saylı mənzilin ölçüləri dəqiqləşdirilmiş, faktiki sahəsi 216,91 kv.m hesab edilmiş, eyni zamanda mənzilin eskiz layihəsi də Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Sərəncamın 3-cü bəndinə əsasən surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş (bundan sonra cavabdeh), lakin icra olunması üçün heç bir tədbir görülməmişdir. Buna görə iddiaçı, artıq sənədlərinin kifayət qədər hazır olduğunu zənn edib, cavabdeh tərəfindən bu işlə maraqlanan olmadığına görə, özü cavabdehə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 saylı mənzilin faktiki sahəsini 216,91 kv.m hesab edilməklə ölçülərinin dəqiqləşdirilməsini nəzərə alaraq, üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-3012- 0160/8/2022 **********12 saylı cavab məktubunda ona bildirilmişdir ki, "qeydiyyatdan keçmiş mənzil damında inşa edilmiş mansarda mərtəbəsinin qeydiyyata alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsinə əsasən (2013- cü ilin yanvar ayının 1-dək inşa edilmiş tikililərə dair) tikilinin inşa ediməsinə icazə barədə qərar, razılaşdırılmış eskiz layihə və istismara qəbul aktı təqdim edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina sayılmır." Cavabdeh tərəfindən iddaçıya verilmiş cavab məktubunu imtina kimi qiymətləndirilməsədə, "Çıxarış" ala bilmədiyi üçün məktubu faktiki olaraq imtina kimi qəbul edib, mənzil üzərində Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsi ilə ona verilmiş mülkiyyət hüququnu həyata keçirmək imkanından məhrum edilməsinə gətirib çıxarılması kimi qiymətləndirdiyinə görə, hüquqlarının müdafiəsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin məktubundan göründüyü kimi, təqdim etdiyi sənədlərin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 maddəsinə uyğunsuzluğunun nədən ibarət olması göstərilməmiş və həmin Qanunun 15-ci maddəsində göstərilən və hüquqların dövlət qeydiyyatına alınmasından ötrü imtinaya səbəb olan əsasların heç birisinə istinad edilməmişdir. Cavabdeh tərəfindən onun müraciətinə faktiki olaraq imtina cavabı verilərkən, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Eyni zamanda, yuxarıda göstərildiyi kimi, mənzilinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən dam örtüyünün altında mansarda sahəsinin yenidən planlaşdırılmasının rəsmiləşdirilməsinin İcra Hakimiyyətinə məhkəmə qərarı əsasında həvalə edilmiş, bundan sonra həmin qərar icra olunaraq, İcra Hakimiyyətinin Sərəncama əsasən nəzdində X6 X2 və rəyi tərtib olunmuş, mənzilin ölçüləri dəqiqləşdirilmiş, eskiz layihəsi də razılaşdırılmışdır. Onu da nəzərə almaq lazımdır ki, dam örtüyü təmir olunarkən, yuxarıda qeyd edildiyi kimi, buna Səbail rayon İcra Hakimiyyətinin V-14 saylı xx.xx.2005-ci il tarixli məktubuna əsasən icazənin verilməsi, artıq təmir başa çatdırılıb altında mansarda sahəsi yaradılandan sonra Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə həmin mansardanın qurulması qanuni hesab edilməsi kimi xüsusatlar Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 534/2021 qərarında öz əksini tapmışdır. Beləliklə, işin faktiki hallarını və qanuni əsaslarını nəzərə alaraq iddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2013 cü il tarixdə 889 nömrəli reyestr kitabının 82695 nömrəli vərəqində qeydə alınmış RX seriyalı ******* №li "Çıxarışda əsasən mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 saylı mənzilin faktiki sahəsini 216,91 kv.m hesab edilməklə ölçülərinin dəqiqləşdirilməsini nəzərə alaraq, üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən yeni "Çıxarış"ın verilməsini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsindən ötrü kifayət qədər əsaslar vardır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən mənzilin mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeydiyyatdan keçmiş mənzilin damında inşa edilmiş mansarda mərtəbəsinin qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun” 8.0.9.2-ci maddəsinə əsasən (2013-cü ilin yanvar ayının 1-dək inşa edilmiş tikililərə dair) tikilinin inşa edilməsinə icazə barədə qərar, razılaşdırılmış eskiz layihə və istismara qəbul aktı təqdim edilməlidir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli **********12 saylı cavab məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, binanın damında sonradan ümumi sahəsi 87.64 kv.m olan sahə inşa edilmiş və yaşayış sahəsi kimi iddiaçının istifadəsindədir. Əlavə inşa edilmiş sahə ilə birlikdə mənzilin faktiki ölçüsü 205.19 kv.m təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 534/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında cavabdeh qismində Səbail Rayon İcra Hakimiyyəti göstərilmiş, idarə tərəf kimi cəlb edilməmiş, idarənin üzərinə öhdəlik qoyulmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bakı İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2-1(112)-896/2024 saylı qərarı ilə (hakim E.Əliyev) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 13 fevral 2024cü il tarixli, e-2-1(112)-896/2024 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edimişdir ki, qeydiyyatdan keçmiş mənzilin damında inşa edilmiş mansarda mərtəbəsinin qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu”nun 8.0.9.2-ci maddəsinə əsasən (2013-cü ilin yanvar ayının 1-dək inşa edilmiş tikililərə dair) tikilinin inşa edilməsinə icazə barədə qərar, razılaşdırılmış eskiz layihə və istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - **********84-05101-093002 reyestr nömrəli, tarixli Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı Tofıqovnanın xüsusi mülkiyyətindədir. - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatının “Vətəndaş İddiaçı mülkiyyətində olan mənzilin ölçülərinin dəqiqləşdirilməsi barədə” 143 nömrəli xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən Səbail Rayon İcra Hakimiyyəti nəzdində X6 İdarələrarası Komissiyanın xx.xx.2022-ci il tarixli aktı nəzərə alınaraq, vətəndaş İddiaçı mülkiyyətində olan Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 nömrəli mənzilin ölçüləri dəqiqləşdirilmiş və faktiki ümumi sahəsi 216.91 kv.m hesab edilmişdir. - xx.xx.2022-ci il tarixli FV-20-091 nömrəli Akta əsasən təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 nömrəli mənzil DƏDRX-nın Seriya RX ******* saylı, xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən həqiqətən də, İddiaçı xüsusi mülkiyyətindədir və ümumi sahəsi 95.5 kv.m-dir. Yerində yenidən baxış zamanı müəyyən edilmişdir ki, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 nömrəli mənzilin ümumi sahəsi 216.91 kv.m-dir. Ölçülər arasında yaranan fərq uzun müddət əvvəl mənzildə əlavə mansard tikintisi olmuşdur. Bakı İnzibati Məhkəməsinin iş № 2-1(112)-534/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, vətəndaş İddiaçı mülkiyyətində olan dam örtüyünün altında mansard sahəsinin yenidən planlaşdırılmasının rəsmiləşdirilməsi cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, vətəndaş İddiaçı məxsus Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 nömrəli mənzilin ümumi sahəsi 216.91 kv.m hesab edilməsi barədə akt qəbul edilmişdir. - Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti nəzdində X6 X1 rəyinə əsasən vətəndaş İddiaçı məxsus Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 nömrəli mənzilin ümumi sahəsi 216.91 kv.m hesab edilməsi məqsədəuyğun qəbul edilmişdir. - Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixi qətnaməsi ilə iddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdeh X4 qarşı özbaşına tikilinin sökülməsi bardə iddia tələbi təmin edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ilə tələb edilən sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq ünvan 4 ünvan rekviziti ilə dövlət qeydiyyatına alınmış daşınmaz əmlak obyekti barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmış RX seriyalı ******* nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 5 ünvanında yerləşən 5 saylı mənzilin yerləşdiyi binada əlavə inşa etdiyi dam örtüyünün altında yerləşən sahənin üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun verilməsindən ibarətdir. Mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95,5 kv.m olan mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı qeydiyyatdan keçmiş və mülkiyyətində olan mənzilin dam örtüyünün altında inşa edilmiş əlavə sahənin (mərtəbənin) qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş və iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən müsbət cavab verilməmişdir. Həmin imtinadan narazı qalan iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 6.0. Mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: 6.0.3. yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyətindən istifadə edilməsi; 6.0.7. yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması; 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi. 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2. bu Məcəllənin 25.1.3- 25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. 27.3. Bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. 27.4. Razılaşdırmanı həyata keçirən orqanın bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələbi ilə razılaşmayan yenidən qurulmanı və (və ya) yenidən planlaşdırılmanı həyata keçirən şəxs həmin tələbdən məhkəmə qaydasında şikayət verə bilər. 27.5. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Həmin Əsasnamənin 4.9.12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Həmin Əsasnamənin 6.2-ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları onlar tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları qərar formasında qəbul edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tikinti və planlaşdırma işləri apardığı dam örtüyünün altında yerləşən sahə mənzil qanunvericiliyinin tələblərinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur İddiaçı mənzilin dam örtüyünün altında apardığı tikinti işləri Mənzil Məcəlləsinın 27.1ci maddəsinə əsasən razılaşdırılmadan (özbaşına) aparmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi və iş materiallarına əlavə etdiyi Səbail Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 143 nömrəli Sərəncamı “yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” deyil, iddiaçının mülkiyyətində olduğu mənzilin ölçülərinin dəqiqləşdirilməsi barədə olmuşdur. Bununla bağlı olaraq qeyd edilməlidir ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın dam örtüyünün altında olan sahənin yenidən planlaşdırılması ilə bağlı sərəncam hesab olunması belə mülkiyyət hüququnun qeydə alınması kimi hüquqmüəyyənedici sənəd olaraq qəbul edilə bilməz. Həmçinin, Sərəncamın qəbul edilməsinə əsas olmuş məhkəmə qərarı isə dam örtüyünün altında olan sahənin yenidən planlaşdırılması ilə bağlı olduğu müəyyən olunur. Hansı ki, həmin Sərəncam mövcud dam örtüyünün altında olan sahənin planlaşdırılmasını yox, mənzilin ölçülərinin dəqiqləşdirilməsini müəyyən edir. Bununla bağlı Kollegiya qeyd edir ki, müvafiq məhkəmə qərarı və onun əsasında qəbul edilmiş inzibati akt binanın dam örtüyünün altında yerləşən və ümumi paylı mülkiyyət hüququ ilə digər mülkiyyətçilərə məxsus olan sahəyə dair iddiaçının mülkiyyət hüququnun qeydə alınması əsası kimi çıxış edə bilməz. Yuxarıda qeyd edilən normanın tələblərindən də görünür ki, yaşayış sahəsinin yenidən planlaşdırılması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Lakin iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı binanın lahiyəsində nəzərdə tutulmayan dam örtüyündə yendiən planlaşdırma işləri həyata keçirmiş və onun rəsmiləşdirilməsi məqsədilə məhkəmədə müvafiq iddianı qaldırmışdır. Məhkəmə qərarından da müəyyən olunur ki, artıq mövcud olan sahənin yenidən planlaşdırılmasının rəsmiləşdirilməsi öhdəliyi yerli icra hakimiyyəti orqanının üzərinə qoyulmuşdur. Məhkəmə qərarının icrası olaraq verilmiş Sərəncam isə dam örtüyünün altında olan sahənin yenidən planlaşdırılması ilə bağlıdır ki, həmin inzibati akt iddiaçının qeyd edilən sahəyə dair mülkiyyət hüququnun qeydə alınması əsası kimi qanunvericilikdə təsbit olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrinin tələbləri iddiaçı tərəfindən yerinə yetirilmədiyindən yəni mübahisəli sahəyə (tikinti aparılmış ərazi) dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən cavabdeh inzibati orqanın hüququn qeydə alınmasından imtinası əsaslı hesab edilməlidir. Eyni zamanda, qeyd edilməlidir ki, həmin bina beş mərtəbədən ibarət olmaqla yaşayış binası kimi inşa edilmiş və yaşayış binasının layihələndirilməsində iddiaçının tikinti apardığı ərazi (binanın damı) tikinti məqsədi üçün nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, aparılan tikinti işlərinin tikinti və şəhərsalma normalarına və qaydalarına uyğun olaraq aparıldığı və aparılmış dəyişiklik binanın dayanıqlığına zərər vurmadığına dair hər hansı sənədin və rəyin olması iş materiallarında da öz əksini tapmamışdır. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bu cür dəyişiklikləri müvafiq icazələr alınmadan, layihə icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmədən həyata keçirmişdir. İddiaçı binanın konstruksiyasında özbaşına dəyişikliklər edərək yaşayış binasının damında, yaşayış sahəsi üçün nəzərdə tutulmamış ərazidə tikinti işləri aparmışdır ki, həmin aparılan tikinti binanın dayanıqlığına zərər vurma ehtimalı mövcuddur. Eyni zamanda qeyd edilməlidir ki, yaşayış binasının damında aparılmış tikinti həmin binada yaşayan sakinlər (qonşuların) kimi onların həyat və sağlamlıqlarına təhlükə yaratma ehtimalı nəzərə alınaraq mövcud vəziyyətin dəyişəcəyi təqdirdə (bədbəxt hadisələrin və texnogen qəzaların, qaz, su və elektrik təchizatı ilə bağlı baş verməsinə şərait yarada bilər) sakinlərin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi aydın surətdə təsəvvür etmək olar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh inzibati orqan imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2-1(112)-896/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2312/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2312/2024
01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver