Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2312/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbnə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5041/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC (bundan sonra – iddiaçı və ya MMC) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 9 avqust 2024-cü il tarixli 3-21-2-3/2-52526/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarın tam və 25 oktyabr 2024-cü tarixli 3-21-2-3/2-236716/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarın qismən (hesablanmış 57700 manat məbləğin 20 faiz hissəsi olan 11540 manat hesablanmış əlavə vergi və ya sığorta haqqının) ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) Respublikamızın ərazisində 2015-ci ildən fəaliyyət göstərir. Cəmiyyət Respublika ərazisində paytaxt Bakı olmaqla bir sıra iri dövlət layihələrini, o cümlədən “Şərq Bazarı”nın yenidən qurulması, işğaldan azad edilmiş rayonlarda dövlət proqramına daxil olan bir sıra layihələri həyata keçirmişdir. Cavabdeh tərəfindən 13 sentyabr 2024-cü il tarixdə 3-21 -2-3/2- 131390/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərar qəbul edilərək 10386 manat məbləğində əlavə vergi və ya sığorta haqqı və 25 oktyabr 2024-cü tarixli 3-21-2-3/2-236716/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərar qəbul edilərək 57 700 manat məbləğində əlavə vergi və ya sığorta haqqı hesablamışdır. 25 oktyabr 2024-cü tarixli 3-21- 2-3/2-236716/2024 nömrəli qərar üzrə hesablanmış 57 700 manatın 20 faiz hissəsi "xxxx" MMC ilə aparılan əməliyyata görə geri qaytarılan məbləğdir. Bunun səbəbi isə 29/12 nömrəli 29 dekabr 2022-cü il tarixli "xxxx" MMC (VÖEN: **********) ilə bağlanılmış alqısatqı müqaviləsi üzrə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşməsinin cavabdeh tərəfindən qəbul edilməməsidir. Cavabdeh orqan göndərdiyi məktublarda həmin müəssisənin riskli vergi ödəyicisi olduğunu qeyd edərək, alqı-satqı əməliyyatını əmtəəsiz kimi qiymətləndirmiş və bu səbəbdən də əsassız ƏDV məbləği hesablamışdır. Lakin bu tamamilə əsassızdır. Malların alqı-satqısı zamanı və ödəniş həyata keçirilən zaman "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi siyahısında olmamışdır. Çünki biz müəssisə olaraq vergi orqanının bu tələbinə ciddi əməl edirlər. Riskli vergi ödəyiciləri ilə əməliyyatlardan çəkinirlər. "xxxx" MMC (VÖEN: **********) 2024-cü il tarixdə riskli ödəyici siyahısına daxil edilib və onlarda olan məlumata əsasən hazırda davam edən məhkəmə prosesləri mövcuddur və hətta müvəqqəti təminat tədbiri barədə ərizələrinə baxılaraq birinci instansiya və apellyasiya instansiyalarında riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərardadlar mövcuddur. Həmin müəssisənin onunla əməliyyat edən vaxtı riskli ödəyicisi olub-olmamasını yalnız Dövlət Vergi Xidmətinin rəsmi saytından əldə edə bilərdilər. Həmin siyahıya baxdıqda əlavə olunmamışdı. Bütün bunlar onu göstərir ki, qəbul edilmiş qərar birtərəflidir və əsassız, qanunsuzdur. Ona görə də ləğv olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5041/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qərardadı ilə (hakim B.Calalov) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5041/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin müvafiq qərarında göstərildiyi kimi onlar qərardan ilkin olaraq cavabdehin özünə şikayət verərək qərarın ləğv edilməsini xahiş ediblər. Cavabdeh təşkilat onlara etirazını bildirdikdən sonra məhkəmyə müraciət ediblər. Cavab məktubunun onlara daxil olduğu gündən 30 günlük müddəti buraxmadığı üçün iddia müddətinin tətbiqi qanunsuz və əsassız hesab edilməlidir. Çünki cavabdeh təşkilatın qərarında da bu barədə bildirilir. Onlar öz seçiminə uyğun olaraq mübahisənin məhkəmədən kənar qaydada həllinə çalışıblar. Birinci instansiya məhkəməsi qanunun normasını düzgün tətbiq etməmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-5041/2025 nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsi icraata götürülərək baxılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehin 9 avqust 2024-cü il tarixdə 3-21-2-3/2-52526/2024 nömrəli və 25 oktyabr 2024-cü tarixli 3-21-2-3/2-236716/2024 nömrəli qərarlarının ləğvinə yönəlmiş hazırkı iddiası mübahisələndirmə haqqında iddiaya aiddir və qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia üzrə iddia müddəti, inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddəti təşkil edir. Bu müddətin ötməsindən sonra həmin inzibati akt qanuni qüvvəyə minir. Hazırkı işin hallarından görünür ki, iddia tələbi cavabdeh inzibati orqanın 9 avqust 2024-cü il tarixli qərarın tam və 25 oktyabr 2024-cü tarixli qərarının qismən - hesablanmış 57700 manat məbləğin 20 faiz hissəsi olan 11540 manat hesablanmış əlavə vergi və ya sığorta haqqına aid hissədə ləğv olunmasından ibarətdir. İşin halları ilə həmçinin o da müəyyən edilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 9 avqust 2024-cü il tarixli 3-21-2- 3/2-52526/2024 nömrəli qərarından iddiaçı tərəfindən 14 noyabr 2024-cü il tarixdə inzibati şikayət verilmişdir. Göründüyü kimi, iddiaçı qərardan məlumatlı olsa da, müddət ötürülməklə inzibati şikayətlə müraciət etmiş, həmçinin müddət ötürülməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 38.3-cü maddəsində qeyd edilir ki, inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Göründüyü kimi, hazırkı halda iddiaçı 9 avqust 2024-cü il tarixli 3-21-2-3/2- 52526/2024 nömrəli qərardan müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilməsi belə müddət ötürülməklə həyata keçirildiyi üçün iddia müddətlərinin axımının dayandırılması mümkün deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 25 oktyabr 2024-cü tarixli 3-21-2-3/2- 236716/2024 nömrəli qərar iddiaçının elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilməsinə baxmayaraq, iddiaçı hazırkı iddia ərizəsi ilə 06 dekabr 2024-cü il tarixdə müraciət etmiş və bununla da qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5041/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2312/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2312/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver