Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2313/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı (xx.xx.1991-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) “birdəfəlik ödəmənin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(112)-1077/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 08.06.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli, 127 saylı Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsinin ona aid edilməsi və cavabdeh tərəfindən aprel və may ayları olmaqla 2 (iki) ay üçün ona cəmi 380 (üç yüz səksən) manat birdəfəlik ödəmənin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin dekabr ayında Çində aşkar edilmiş yeni növ koronovirus (COVİD-19) infeksiyasının qısa müddətdə əhatə dairəsi və coğrafiyası genişlənərək bütün dünyanı, o cümlədən Azərbaycan Respublikasını əhatə etmişdir. Yeni infeksiyanın, eyni zamanda, qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirləri müşahidə olunmuşdur. Ölkədə koronovirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaişə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması təmin edilmişdir. Həyata keçirilən bütün bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığı zəiflətmiş və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərmişdir. Ölkə iqtisadiyyatının sabitliyinin davamlılığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, iqtisadiyyatın inkişaf perspektivlərinin qorunması məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 19.03.2020-ci il tarixdə “Koronovirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Bu Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 07.04.2020-ci il tarixli, 127 saylı Qərarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməlidir. Həmin qərarla təsdiq edilmiş “Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nda (bundan sonra Qayda) birdəfəlik ödəmənin verilməsi şərtləri müəyyən edilmişdir. Qaydanın 2.1-ci bəndinə görə birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Göstərilən Qaydanın 2.2-ci bəndində birdəfəlik ödəmənin qeydiyyat tarixindən asılı olaraq, hansı işsiz şəxslərə ödənilməli olması göstərilmişdir: 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə (2.2.1-ci yarımbənd); pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə (2.2.2-ci yarımbənd). Qaydanın 2.3-cü bəndində isə Qaydanın 2.2-ci bəndinə aid olan, lakin dövlət qurumlarından bir sıra ödənişlər alan işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi istisna olunmuşdur. Bu şəxslər sırasına aşağıdakılar aid edilmişdir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1-ci yarımbənd); əmək pensiyaçılarına (2.3.2-ci yarımbənd); aylıq müavinət alanlara (2.3.3-cü yarımbənd); aylıq təqaüd alanlara (2.3.4-cü yarımbənd); özünəməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5-ci yarımbənd); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6-cı yarımbənd); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7-ci yarımbənd); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə (2.3.8-ci) yarımbənd; əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara (2.3.9-cu yarımbənd); əri və ya arvadı bu Qaydanın 2.3.1-2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10-cu yarımbənd). Bildirir ki, o, Azərbaycan Tibb Universitetinin məzunudur və 2015-ci ildə ali təhsilini başa vurduqdan sonra rezidenturaya qəbul imtahanını müvəffəqiyyətlə verərək 4 il müddətinə Universitetin Tədris-Terapevtik Klinikasında həkim-resident kimi tibb ixtisası üzrə baza ali tibb təhsili əsasında həkimmütəxəssis hazırlığı keçmişdir. 2020-ci ilin yanvar ayından sonra imtahanlarını başa vurduqdan sonra hazırlıq kursunu tam olaraq bitirmişdir. Hazırda o, qrup əlillik dərəcəsi olan anası ilə birlikdə yaşayır. Ailəsinin yeganə gəliri anasına görə təyin edilmiş 130 manat məbləğində sosial müavinətdir. Hazırlıq kursunu bitirdikdən sonra o, heç bir fəaliyyətlə məşğul olmur və universitet tərəfindən ona vakant yerlər olacağı təqdirdə xəstəxanalara (poliklinikalara) təyin edilə biləcəyi, lakin, bunun konkret olaraq nə vaxt həyata keçiriləcəyini bilmədiklərini bildirmişlər. Artıq 5 aydan çox vaxt keçsə də, ona hələ də, heç bir təyinat və ya təklif edilməmişdir. Məlum pandemiya elan edildikdən sonra iş tapmaq onun üçün daha da, çətinləşmişdir. Əhalinin maddi durumunun və işsizlik sayının daha da artması şəraitində dövlət tərəfindən kifayət qədər təsirli sosial tədbirlərin görülməsi fonunda işsiz şəxslərə ən azı dolanışıq üçün 190 manat pulun verilməsi qərara alınsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış formal və qeyri-dəqiq yoxlama zamanı ona bu məbləğin verilməsindən əsassız olaraq imtina edilmişdir. Belə ki, göndərilmiş mesajda onun aztəminatlılıq meyarına uyğun gəlmədiyi bildirilmişdir. Bununla bağlı qeyd edir ki, qanunvericilikdə aztəminatlılıq meyarı şəxsə münasibətdə deyil, ailəyə münasibətdə təyin edilir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə aztəminatlı ailə hesab olunur. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. Yuxarıda qeyd edilənləri məcmu şəklində nəzərdən keçirdikdə müəyyən edilir ki, faktiki olaraq anası ilə ondan ibarət olan ailənin yeganə gəliri anasının əlilliyə görə aldığı 130 manat vəsaitdir ki, bu məbləğ də, heç anasının özünün belə ehtiyac meyarını tam ödəmir. Başqa sözlə, onların ailəsi aztəminatlılıq meyarının tələbinin yarısından belə aşağı həddə cavab versə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi heç bir məntiqi izahı olmayan əsassız və qanunsuz qərar qəbul edərək onu 190 manat vəsaiti almaq hüququndan məhrum etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli, 127 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu aprel və may ayları üçün aylıq 190 manat məbləğində olmaqla cəmi 380 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.06.2020-ci il tarixli, 216 saylı Qərarı ilə müəyyən edilmiş 190 manat birdəfəlik ödənişlərin, ümumilikdə 570 manat birdəfəlik ödəmənin verilməsinin təmin olunmasını xahiş etmişdir. 02.02.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli, 127 saylı Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu aprel və may ayları üçün aylıq 190 (yüz doxsan) manat məbləğində olmaqla cəmi 380 (üç yüz səksən) manat; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.06.2020-ci il tarixli, 216 saylı Qərarı ilə müəyyən edilmiş 190 (yüz doxsan) manat; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.08.2020-ci il tarixli, 283 saylı Qərarı ilə müəyyən edilmiş 190 (yüz doxsan) manat; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.12.2020-ci il tarixli, 506 saylı Qərarı ilə müəyyən edilmiş 190 (yüz doxsan) manat birdəfəlik ödənişlərin, ümumilikdə 950 (doqquz yüz əlli) manat birdəfəlik ödəmənin verilməsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə məhkəmənin 2-1(112)-1077/2021 saylı, 18 mart 2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(112)-1077/2021 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış birdəfəlik ödəmənin iddiaçıya ödənilməmiş aylar üzrə cəmi 950 manat olmaqla cavabdeh tərəfindən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(112)-1077/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin " qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" 19 mart 2020-ci il tarixində 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın icrası olaraq, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X5 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqram başa çatdıralaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kim bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Sonuncu məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 və əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş X1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş X7 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(112)-1077/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən iddiaçı 23.04.2020-ci il tarixdə MAS-da işsiz kimi qeydiyyatdan keçmiş, onun işsiz statusu təsdiqlənmişdir. Onun adına əmək müqaviləsi bildirişləri elektron informasiya sistemində əmək müqaviləsi aşkar edilməmişdir. İddiaçının sığortaolunan kimi (sığortaedən Azərbaycan Tibb Universiteti) gəlirləri 2015-ci ilin oktyabr ayından 2019-cu ilin dekabr ayına kimi olmuşdur. İddiaçı ona birdəfəlik ödəmənin ödənilməsi ilə bağlı müraciət etmiş, onun müraciətindən SMS bildiriş (esosial.az) vasitəsilə 05.05.2020-ci il tarixdə imtina edilərək bildirilmişdir ki, o, aztəminatlılıq meyarına uyğun gəlmədiyi üçün, ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakılar qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaların 1-ci bəndinin müddəalarına əsasən - 1.1. Koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra MEİS) “Məşğulluq” altsistemində (bundan sonra MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2-ci bəndinin müddəalarına əsasən - 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı 23.04.2020-ci il tarixdə məşğulluq altsistemində anket yaradaraq, qeydiyyatdan keçmiş və həmin anket 23.04.2020-ci il tarixdə təsdiq olunaraq, ona həmin tarixdə işsizlik statusu verilmişdir. İddiaçı ona birdəfəlik ödəmənin ödənilməsi ilə bağlı müraciət etmiş, onun müraciətindən SMS bildiriş (esosial.az) vasitəsilə 05.05.2020-ci il tarixdə aztəminatlıqlıq meyarına uyğun gəlmədiyi üçün imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etirazda imtinanın verilməsinə əsas kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı ilə “Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 3.8-ci bəndinə əsasən yoxlamalar nəticəsində iddiaçının fərdi uçot sistemində adının aşkarlanmasına, iddiaçının fərdi uçot hesabına Azərbaycan Tibb Universiteti tərəfindən 2015-ci ildən mütəmadi olaraq vəsait ödənilməsi, bu səbəbdən də, iddiaçıya həmin Qaydanın 2.3.15-ci yarımbəndinin əsas götürülərək (190 manat) birdəfəlik ödəmənin verilməsindən imtina edilməsi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı iş üzrə mübahisə predmeti olan dövrdə işsiz kimi qeydiyyatda olan şəxs kimi yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə almaq hüququna malik şəxs olduğundan,birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsində düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(112)-1077/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(112)-1077/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2313/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2313/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver