Məhkəmə qərarları › İş №2-1(103)-2313/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2313/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2313/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “vergi qeydiyyatının və qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1858/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı öhdəliyin icrası haqında iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdrilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun vergi qeydiyyatının (VÖEN **********) ləğv edilməsini və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən verilmiş **********846600 saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (i.v.52). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır ki, cavabdeh tərəfindən onun adına VÖEN (********) açılmış, dövlət büdcəsinə 8659,26 manat məbəlğində borc hesablanmışdır. VÖEN-nin açılmasından onun xəbəri olmamışdır. Vergi qanunvericiliyinin tələblərinə görə məcburi vergi uçotuna alınması yalnız ƏDV vergisinə münasibətdə nəzərdə tutulmuşdır. Onun sahibkarlıq fəaliyyəti olmamış, vergiyə cəlbolunan əməliyyat həyata keçirməmiş, bəyannamə təqdim etməmişdir. Vergi orqanının mövqeyi yanlışdır. Hesab edir ki,cavabdeh tərəfindən vergi qanunvericilyinin tələbləri kobud sürətdə pozulduğundan onun vergi qeydiyya və vergilərin hesablanması barədə qərar ləğv olunmalıdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmuasunu məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı elektron alış aktlarına əsasən 2021-ci ildə iddiaçı tərəfindən "xxxx" MMC-yə 127600,0 manat dəyərində 2 ədəd nəqliyyat vasitəsi (Porsche Panamera və X8) təqdim edilməsinə baxmayaraq, vergi orqanında uçotda olmadığı müəyyən edilmişdir. İddiaçının qeydiyyatda olduğu ünvan 1 ünvanına poçt vasitəsilə xx.xx.2022- ci il tarixli **********315500 nömrəli "Vergi ödəyicisinin uçota alınması barədə" bildiriş göndərilmiş və fiziki şəxsin 5 (beş) gün müddətində vergi orqanında uçota alınması üçün müvafiq ərizə ilə olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. Ona vergi orqanına uçota alınması ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, müəyyən edilmiş müddətdə tərəfindən uçota alınma ilə bağlı vergi orqanına müraciət edilmədiyindən, Vergi Məcəlləsinin tələblərinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1858/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı adına açılmış ********** №-li VÖEN (vergi qeydiyyatı) ləğv edilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən verilmiş **********846600 saylı, xx.xx.2022-ci il tarixli qərar ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin uçota alınması və müvafiq hesablamanın aparılması tamamilə vergi qanunvericiliyinə uyğun olmasına baxmayaraq, məhkəmə ədalətsiz qərar qəbul etmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2021 -ci il ərzində elektron alış aktları əsasında 50 112,0 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********854700 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 6.380,00 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********846600 nömrəli Qərar qəbul olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Heydərli apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, cavabdeh vergi orqanı 2021-ci ildə iddiaçı tərəfindən "xxxx" MMC-yə 127600,0 manat dəyərində 2 ədəd nəqliyyat vasitəsinin (Porsche Panamera və X8) təqdim edilməsinə görə sonuncu vergi ödəyicisi kimi məcburi qeydiyyata alınaraq, ona eyniləşdirmə nömrəsi (********) açılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli qərar qəbul olunmaqla ona 2021-ci il üçün 6380 manat məbləğində gəlir vergisi hesablanmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müvafiq ərizəsi olmadan, vergi qeydiyyataına alınıb, ona 2021-ci il üçün gəlir vergisi hesağblanması vergi qanunvericiliyinə ziddir. Belə ki, birincisi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. İkincisi, həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən “vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər vergi orqanına sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyətiorqanı tərəfindən təsdiq edilir.” Vergi qanunvericiliyinin sadalanan tələblərindən birmənalı olaraq göründüyü kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq arzusunda olan şəxs vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatı - forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən ərizəsi (kağız və elektron formatda) əsasında həmin qeydiyyat aparılır. Burada fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması qaydası nəzərdə nəzərədə tutulmur. Nəzərdə tutulan odur ki, fiziki şəxs vergi uçotuna durmaq üçün vergi orqanına könüllü ərizə verməlidir. Konkret halda isə iddiaçı vergi ödəyicisi kimi uçota alınması ilə bağlı vergi orqanına ərizə vermədiyi işin mübahisələndirilməyən halının təşkil edir. Cavabdeh tərəfindən iddiaçının vergi ödəyicisi kimi məcburi uçota alınmasının əsasını sonuncunun bilavasitə avtonəqliyyat vasitəsinin satışı ilə bağlı digər fiziki şəxsə göstərdiyi xidmətdən irəli gəlmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 55A mənzil 73-də X3 ilə Bakı şəhəri Nizami rayonu Qara Qarayev pr. ev 104 mənzil 52-də qeydiyyatda olan İddiaçı (iddiaçı) arasında xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixlərdə bağlanmış xidmət müqavilələri bağlanaraq, sonuncu (icraçı, yəni konkret halda iddiaçı) ona həvalə edilmiş tapşırıq əsasında mülkiyyət hüququ ilə etibarnamə verənə məxsus olan iki nəqliyyat vasitəsini xidmət haqqı müqabilində üçüncü şəxsə satmışdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Məcəllənin qeyd olunan tələbləri və tədqiq olunan müqavilə şərtləri onu deməyə əsas verir ki, iddiaçı xidmət müqavilələri üzrə tərəfdaşı fiziki şəxsin mülkiyyətində olan iki nəqiliyyat vasitələrini onun tapşırığı əsasında sataraq, həmin satışdan əldə etdiyi vəsaitin hamısını tapşırıq verənə, yəni avtomobillərin mülkiyyətçisinə qaytardığı halda, həmin atışından gəlir əldə etməsindən söhbət gedə bilməz. Onun əldə etdiyi vəsait yalınız 650 (300+350) manat məbləğində xidmət haqqıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Hətta onu da qeyd etmək lazımdır ki, vergi ödəyicisi olmayan bir fiziki şəxsin mülkiyyətində olan avtomobilin, digər vergi ödəyicisi olmayan fiziki şəxslə bağlanmış alqısatqı müqaviləsi əsasında sonuncunun xeyrinə özgəninkləşdirilməsi heç də birincinin sahibkarlıq fəaliyyyəti kimi qiymətləndirilə bilməz. Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən “heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin qərarı maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı il iddianın təmin edilməsini və iddiaçının adına açılmış ********** №-li VÖEN (vergi qeydiyyatı) ləğv edilməklə, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********846600 saylı, xx.xx.2022-ci il tarixli qərarnın ləğv edilməsi mahiyyət etibarı ilə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, maddi və prosesssual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1858/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1858/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar