Məhkəmə qərarları › İş №2-1(103)-2314/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2314/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2314/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı Rəhimbala oğlunun və onun vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı pensiyanın təyin edilməsi barədə tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2570/2021 saylı, 06 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı 09.09.2018-ci il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1963-cü il tarixdə anadan olmuş, 28.10.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 01.06.1982-ci il tarixdən 19.06.1984-cü il tarixədək Sovet Ordu sıralarında hərbi qulluq etmiş, 20.08.1984-cü il tarixdən əmək fəaliyyətini davam etdirmişdir. Həmin tarixdə Bakı Məişət Kondisionerləri zavodunun nəqliyyat sexinə 2 dərəcəli avtomobillərin təmirçi-çilingəri peşəsinə işə qəbul olunmuşdur. 01.05.1985-ci ildə 115 saylı əmrlə həmin sexdə 2-ci dərəcəli, 01.09.1985-ci ildə isə 3-cü dərəcəli akkumulyatorçu peşəsinə keçirilmişdir. 24.07.2000-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cü maddəsinə əsasən öz xahişi ilə 270 saylı, 26.07.2000-ci il tarixli əmri ilə işdən azad edilmişdir. İş prosesində iştehsalın fasiləsiz işini təmin etmək üçün müəssisənin parkında 200-dən artıq akkumlyatorla işləyən elektrokar və avtoyükləyicilərin təmiri ilə məşğul olmuşdur. 24.12.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən verilmiş arayışdan da görünür ki, 14 ildən artıq müddətdə zərərli işdə çalışmışdır. Arada bir müddət fasilədən sonra 02.05.2003-cü il tarixdə "xxxx" MMC-də Taxta fabrikinə fəhlə vəzifəsinə işə qəbul olunmuşdur. 29.12.2003-cü il tarixdə isə həmin MMC-nin Nəqliyyat Dəstəsinə avtoelektrik vəzifəsinə keçirilmiş, 01.02.2006-cı il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 11.07.2005-ci ildən Mars Overseas müəssisəsinə İstehsalat Şöbəsinə elektrik təyin edilmiş, 29.12.2017-ci il tarixədək həmin müəssisədə fəaliyyət göstərmişdir. 05.03.2018-ci il tarixdən “X10 zavodu” MMC-də Limonad İstehsalı sahəsinin texniki bölünmə elektronçu-elektrik vəzifəsinə qəbul edilmiş, 01.06.2019-cu ildən elektronika mühəndisi vəzifəsinə təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən həmin qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Qanunun 13-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyalan onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Xüsusi olaraq qeyd edir ki, 18.08.2020-ci il tarixindən etibarən cavabdehə rəsmi qaydada müraciət etmiş, lakin etdiyi müraciətdən 2 (iki) aydan artıq müddət keçməsinə baxmayaraq ona etdiyi müraciət barədə heç bir məlumat verilməmişdir. O, da məcbur olub pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin onu da, qeyd etmişdir ki, 2018-ci ildən - 55 yaşı tamam olduqdan sonra əmək pensiyası hesablanaraq ona verilməli idi. İddia tələbinin hüquqi əsası kimi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə istinad edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. "xxxx" ASC-də saxlanılan iddiaçının iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı ona aid sənədlərdə 01.07.1997- 26.07.2000-ci il tarixləri arasındakı dövr ərzində əmək haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qeyd olunan faktlar "xxxx" ASC tərəfindən 02.11.2020-ci il tarixli aktla təsdiq edilmişdir. Bu səbəbdən də, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (19 il 1 ay 21 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (12 il 2 ay) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37662,10 manat təşkil edir. Həmçinin bildirirlər ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5359/2020 saylı, 02.12.2020-ci il tarixli qərarında da, qeyd olunmuşdur. Həmin qərara əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 01.07.2017-ci il tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (01.07.2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017- ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır”. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2570/2021 saylı, 06 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, 1982- 1984-cü illərdə hərbi xidmətdə olmuşdur. Əmək kitabçasının surətindən görünür ki, 16.08.1984-cü il tarixdə Azərbaycan Dövlət Tibb İnstitutu 2 №-li tədris binasına dülgər qəbul edilmiş, 03.11.1984-cü il tarixdə əlavə olaraq həmin binanın 0.5 st.elektrik montyoru təyin olunmuş, 20.11.1985-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 11.07.2005-ci il tarixdə, X11 “LTD” İstehsalat Şöbəsinə elektrik təyin edilmiş, 29.12.2017-ci il tarixdə işdən azad edilmiş, 05.03.2018-ci il tarixdə “X10 Zavodu” MMC-yə Limonad istehsalı sahəsinin texniki bölümünə elektronçuelektrik vəzifəsinə təyin edilmiş, 01.06.2019-cu il tarixdə Limonad istehsalı sahəsinin texniki şöbəsinə elektronika mühəndisi vəzifəsinə təyin edilmiş, hal-hazırda da işləyir. ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 28.10.1980-ci ildə işə qəbul edilmiş, 10.03.1982-ci il tarixdə “Bakı Məişət Kondisionerləri” zavodunun nəqliyyat sexinə 2-ci dərəcəli çilingər keçirilmiş, 21.05.1982-ci il tarixdə işdən azad edilmiş, 1982-1984-cü illərdə hərbi xidmətdə olmuş, 20.08.1984-cü il tarixində Bakı məişət kondisionerləri zavodunun nəqliyyat sexinə 2-ci dərəcəli avtomobillərin təmiriçilingəri peşəsinə işə qəbul olunmuş, 01.05.1985-ci ildə 115 saylı əmrlə həmin sexdə 2-ci dərəcəli, 01.09.1985-ci ildə 3-cü dərəcəli akkumlyatorçu peşəsinə keçirilmiş, 26.07.2000-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 02.05.2003-cü il tarixdə "xxxx" MMC Taxta Fabrikində fəhlə vəzifəsinə təyin edilib, 29.12.2003-cü il tarixdə nəqliyyat dəstəsinə avtoelektrik vəzifəsinə keçirilmiş, 01.02.2006-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 15.03.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Rəhimbala oğlu 20.08.1984-cü il tarixdə “Bakı Məişət Kondisionerləri” zavodunun nəqliyyat sexinə 2-ci dərəcəli avtomobillərin təmiriçilingəri peşəsinə işə qəbul olunmuş, 01.05.1985-ci ildə 115 saylı əmrlə həmin sexdə 2-ci dərəcəli, 01.09.1985-ci ildə 3-cü dərəcəli akkumlyatorçu peşəsinə keçirilmişdir. 26.07.2000-ci il tarixli, 270 saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı iş prosesində fasiləsiz işini təmin etmək üçün müəssisənin parkında 200-dən artıq akkumlyatorla işləyən elektrokar və avtoyükləyicilərin təmiri ilə məşğul olmuşdur. Bu elektrokar və avtoyükləyicilərdə istifadə olunan akkumlyatorları istifadəyə hazırlamaq üçün onun qurğuşunla təchiz olunmuş banklarına kükürd turşusu və distillə olunmuş su əlavə edilir. Bundan sonra akkumlyator xüsusi aparatla elektriklə qidalandırılır. İş prosesində hər növbədə akkumlyatorlar elektriklə bir neçə dəfə qidalandırılır. Akkumlyatorlar elektriklər qidalandırılarkən onun tərkibində məhlul qaynayır və oradan zəhərli qazlar ayrılır ki, bu da insan orqanizmi üçün çox zərərlidir. İddiaçı İX “Ümumi peşələr” bölmə 35, səh 166 akkumlyatorçular peşəsiylə lazımi iş stajı topladıqda güzəştli təqaüdə çıxmaq hüququ verir. - "xxxx" ASC tərəfindən verilmiş 15.03.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Rəhimbala oğlu "xxxx" ASC-də 01.05.1985-ci ildən 01.07.1998-ci, 02.03.1999-cu illərdə müddətində akkumlyatorçu peşəsi üzrə işləmiş, həmin illərdə işlədiyi müddətdə öz hesabına məzuniyyətdə olmamış, göstərilən vaxtda əmək haqqı hesablanıb. 20.07.2000-ci il tarixdə işdən azad olunmuşdur. ******* manat 8 illik istifadə olunmayan məzuniyyətin kompensasiyası hesablanmışdır. - "xxxx" ASC tərəfindən təsdiq olunmuş 02.11.2020-ci tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin böyük mütəxəssisi Eyvaz Əhmədov, baş mütəxəssisi Hüsü Atamov və "xxxx" ASC-nin kadrlar şöbəsinin müdiri İntizar Quliyevanın iştirakı ilə həmin müəssisədə 15.08.1984-cü ildən 26.07.2000-ci ilədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən akkumlyatorçu peşəsində işləməsinə dair müəssisədə sənədlərlə qarşılıqlı araşdırma apararaq, müəyyən edilmişdir ki, sığortaolunan İddiaçı Rəhimbala oğlu 01.05.1985-ci ildən akkumlyatorçu peşəsinə keçirilmiş, 01.05.1997-ci ildən əmək haqqı ödənilmədən 26.07.2000-ci il tarixinədək öz hesabına məzuniyyətdə olmuşdur. "xxxx" ASC-nin 20.07.2020-ci il tarixində “KS-4” saylı iddiaçının adına verilmiş arayışından da, göründüyü kimi, adıçəkilən güzəştli pensiya hüququ verən peşədə lazımi iş stajı topladıqda bu hüquqdan istifadə edə bilər. Tələb olunan güzəştli iş stajı 12 il 6 aydan az olması öz təsdiqini tapmışdır . - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda iddiaçıya cavab verilmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filial tərəfindən "xxxx" ASC-də saxlanılan iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı İddiaçı aid sənədlərdə 01.07.1997- 26.07.2000-ci il tarixləri arasındakı dövr ərzində əmək haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qeyd olunan faktlar "xxxx" ASC tərəfindən 02.11.2020-ci il tarixli aktla təsdiq edilmişdir. Bu səbəbdən də, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (19 il 1 ay 21 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (12 il 2 ay) təşkil edir. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48000,00 manat hesablandığı halda, fərdi hesabında sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32958,62 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab edərək iddia tələbini rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 01.01.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajının olmaması iş mterialları ilə sübuta yetirildiyindən hazırki iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC tərəfindən təsdiq edilmiş 02.11.2020ci il tarixli akta əsasən iddiaçının əmək kitabçasında qeyd olunan "xxxx" ASC-də işlədiyi akkumlyatoruçu peşəsində 01.05.1985-ci ildən işləməyə başlamış, lakin, 01.07.1997-ci ildən 26.07.2000-ci ilədək öz hesabına məzuniyyətdə olduğundan onun həmin peşədə iş stajı 12 il 6 aydan az müddət təşkil etmişdir. Cavabdehin apellyasiya şikayətindən göründüyü kimi iddiaçı "xxxx" ASC tərəfindən verilmiş 10 dekabr 2019-cu il tarixli arayışa istinad edərək göstərmişdir ki, o, 1998-ci ilin iyul ayından ödənişli məzuniyyətə çıxmış, 1999-cu ilin fevral və mart aylarında zavodun çağırışı əsasında yenidən işə qayıtmışdır. Ondan sonra isə 1999-cu ilin aprel ayından 2000-ci ilin iyul ayınadək məzuniyytədə olmuş və həmin ilin iyul ayında ona 8 illik məzuniyyət pulu ödənilməklə əmək fəaliyyətinə xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında həmin tarixli və bu məzmunda arayış mövcud deyildir. İş materiallarında olan 15.03.2021-ci il tarixli 05 saylı arayışda isə iddiaçının 01.05.1985-ci ildən 01.07.1998-ci il, İİ, İİİ 1999-cu illərdə işlədiyi müddətdə öz hesabına məzuniyyətdə olmadığı, əmək haqqı aldığı, Vİİ-2000-ci ildən azad olunduğu və 8 illik istifadə olunmayan məzuniyyət kompensasiyası hesablanması göstərilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan 21.12.2020-ci il tarxili 12 saylı əmək haqqının hesablanması haqqında arayışda və 02.11.2020-ci il tarixli aktdan göründüyü kimi İddiaçı Rəhimbala oğlu 01 iyul 1997-ci ildən əmək haqqı ödənilmədən 26.07.2000-ci ilədək öz hesabına məzuniyyətdə olmuşdur. Göründüyü kimi iddiaçının akkumulyatorçu peşəsində tələb olunan güzəştli tajı 12 il 6 aydan az olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, güzəştli iş stajının olduğunu bildirsə də, bunu sübut edən konkret sənədləri məhkəməyə təqdim etməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2570/2021 saylı, 06 may 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar