Məhkəmə qərarları › İş №2-1(103)-2314/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2314/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2314/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Oruczadə Aytən Pənah qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş əmək pensiyasının ödənilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1623/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan aldığı cavablarda və Müdafiə Nazirliyinin göndərdiyi məktublarda heç bir nəticə olmadığı üçün bütün bunları nəzərə alıb almadığı pensiya məbləğlərinin alması üçün qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1962-ci il təvəllüdlüdür. 1980-ci ildən etibarən SSRİ-nin ordu sıralarına çağırılmış, əsgərlik illərindən dərhal sonra texnikumu bitirdikdən sonra gizir kimi xidmətlərini davam etdirmişdir. Sovetlər Birliyi dağıldıqdan sonra 1992-ci il Azərbaycan Respublikası Silahlı Qüvvələri yaranan gündən etibarən N saylı hərbi hissədə Ağdərə rayonu istiqamətində Mühəndis İstehkam tağımının komandir müavini vəzifəsində xidmət etmişdir. İddiaçı 1995-ci il noyabrın 22-də Müdafiə Nazirliyinin əmri ilə ehtiyata buraxılmışdr. İddiaçı və digər hərbi qulluqçu yoldaşlarının şəxsi işləri qərargahda yanıb məhv olmuşdur. Bütün bunlara baxmayaraq iddiaçı sənədlərin bərpa olunması üçün Rusiyanın müxtəlif vilayətlərinə sorğular göndərmişdir. 2016-cı ildə Soratov vilyətinin Puqaçova şəhərindən müsbət cavablar gəlmişdir. İddiaçının xidmətləri barədə cavab aldıqdan sonra Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən müharibədə xidməti illərini hesablayıb ona ömürlük pensiya təyin etmişlər. 1995-ci ildən 2016-cı ilədək almadığı pensiya məbləğini 2005-ci ildən ödəmişlər. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək, iddia tələbinin “1995-ci ildən 2007- ci ilədək ödənilməmiş əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh məhkəməyə iddia tələbinə dair yazılı etiraz təqdim edərək, göstərmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. İddiaçının ərizəsində iddia etdiyi 1995-ci il tarixdən 2007-ci il tarixədək olan dövrlər üçün hesablanaraq ödənilməsi tələbi qanunamüvafiq olmadığından təmin edilməməlidir. İddiaçıya əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə “Məlumat vərəqi” göndərilmiş və xx.xx.2016-cı il tarixdə öz ərizəsinə əsasən əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 20.14.1-ci maddəsi ilə təyinat aparılmış, keçmiş dövrünə münasibətdə isə həmin qanunun 32.1-ci maddəsi və həmçinin Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2 və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna həvalə edildiyindən xx.xx.2007-ci il tarixdən pensiyasının hesablanaraq ödənilməsinə qərar verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 32.1-1 maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı mövcuddur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1623/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının 01 yanvar 2006-cı il tarixdən 01 yanvar 2007-ci il tarixədək olan dövr üzrə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş və iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1623/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1995-ci ildə hərbi xidmətdən tərxis olunmuş, barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə 05195 nömrəli “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında” Məlumat Vərəqi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı – bundan sonra cavabdeh) ərizə ilə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və cavabdeh xx.xx.2016-cı il tarixli, 16/2835 saylı Qərarına əsasən iddiaçının ərizəsinə baxaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq iddiaçıya 22 il xidmət ilinə müvafiq olaraq xx.xx.2016-cı il tarixdən ömürlük yaşa görə əmək pensiyasının təyin edilməsini qərara almışdır. İddiaçı 2017-ci ildə cavabdehə müraciət edərək 1995-ci ildən xx.xx.2006-cı ilədək ödənilməmiş pensiya fərqinin ödənilməsini xahiş etmiş, cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli 03/8p/02-211 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən iddiaçı həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, Müdafiə Nazirliyi xx.xx.2018-ci il tarixli 12/4307 nömrəli məktubla iddiaçıya “ “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli, 184-111 QD nömrəli Qanunu və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanına istinad edərək bildirmişdir ki, iddiaçıya 01 yanvar 2007-ci il tarixədək alınmamış pensiya məbləğlərinin ödənilməsi qeyd olunan səbəblərə görə məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli, 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə» nin 8.5-ci maddəsində məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün əmək pensiyalarının maliyyələşdirilməsinin həyata keçirilməsi, 8.6.1-ci maddəsində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək pensiyalarının xərclərini məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi Fondun əsas vəzifələri kimi göstərilmişdir. Həmin Əsasnamənin 9.4-cü maddəsində məcburi dövlət sosial sığorta vəsaitini idarə etmək, əmək pensiyaları sahəsində idarəetməni, əmək pensiyalarının təyin edilməsini, maliyyələşdirilməsini və ödənilməsinə nəzarəti həyata keçirmək əsas funksiyalarından biri kimi göstərilmişdir. Bütün bunları nəzərə alaraq, iddiaçıya 01 yanvar 2007-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin verilməsi məsələsi birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin səlahiyyətlərinə aid olduğu qeyd edilmişdir”.İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən müvafiq tələblə cavabdehə müraciət etmiş, cavabdeh təkrar olaraq iddiaçının müraciətini təmin etməkdən imtina edərək, iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 4 may 2016-cı il tarixli, 05195 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq iddiaçıya Mərkəzi Filial tərəfindən 1 iyun 2016-cı il tarixində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək 1 yanvar 2007-ci il tarixindən hesablanmaqla ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının müraciətində göstərdiyi dövr (1995-2007-ci illər) Mərkəzi Filiala müraciət edilən 4 iyun 2021-ci il tarixindən qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə etdiyindən həmin dövr üzrə əmək pensiyasının yenidən hesablanmasını qanunvericiliyin tələbləri baxımından mümkün hesab etməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə qərarında qeyd etmişdir ki, “Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən, lakin ƏPQ-nin qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixdən tez olmamaqla təyin edilməlidir. Lakin cavabdeh iddiaçıya pensiya təyin edərkən həmin normanın tələbini nəzərə almamış, iddiaçıya 1995-ci ildə yaranmış hüququna əsasən ƏPQ-nin qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixdən pensiya təyin etmək yerinə xx.xx.2007-ci il tarixdən təyinat və ödəmələr aparmışdır.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazilər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın iddiaçıya məlumat vərəqi verilən xx.xx.2016-cı il tarixdə qüvvədə olan redaksiyasına əsasən: - 1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, ... və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, ...xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmətmüddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. - 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. - 3. Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyinedilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun (bundan sonra mətndə - ƏPQ) iddiaçıya pensiya təyin edilən xx.xx.2016-cı il tarixə qüvvədə olan redaksiyasına əsasən: - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, iddiaçının cavabdehə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən hərbi qulluqçuya yaşa görə əmək pensiyası təyin edilməsi üçün ilk növbədə həmin şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatı əks etdirən Məlumat vərəqi verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddaçıya xx.xx.2016-cı il tarixdə verilmiş məlumat vərəqində onun hüququnun xx.xx.1995-ci il tarixdən yarandığı göstərilsə də, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normasının məzmunundan göründüyü kimi iddiaçıya 1995-ci ildə yaranmış hüququna əsasən ƏPQnin qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixdən pensiya ödənişləri edilməlidir. Lakin, hazırkı işin hallarından görünür ki, cavabdeh inzibati orqan qanunvericilik normalarını düzgün tətbiq etməyərək, iddiaçıya müvafiq pensiya ödənişlərini xx.xx.2007-ci il tarixdən etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 32.1-1 maddəsinə və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına istinad etməsi ilə bağlı qeyd edir ki, ƏPQ-nin həmin maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu norma Qanuna iddiaçının müraciətindən sonra, xx.xx.2017-ci il tarixdən daxil edilmiş, həmin maddənin tətbiqi ilə bağlı Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadında isə qərara alınmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi Ali Məhkəmə həmin maddəni müvafiq tələblə inzibati orqana xx.xx.2017-ci il tarixdən sonra müraciət edən şəxslərə şamil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh inzibati orqana xx.xx.2017-ci il tarixdən əvvəl müraciət etdiyindən cavabdehin apellyasiya şikayətinin bu dəlili əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1623/2022 saylı, 18 fevral 2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1623/2022 saylı, 18 fevral 2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar