Məhkəmə qərarları › İş №2-1(103)-2315/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2315/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2315/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Məmməd Allahverdi oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya əmək pensiyasının təyin edildiyi tarixdən ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(112)-4964/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya əmək pensiyasının təyin edildiyi 9 iyul 2014-cü il tarixdən ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə Bakı şəhəri Xətai RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdə dövründə 2 oktyabr 1992-ci il tarixdə yaralanmışdır. Həmin tarixdən 6 noyabr 1992-ci il tarixədək M.Nağıyev adına TTY Xəstəxanasında müayinə və müalicə almışdır. AR Müdafiə Nazirliyi MHHK-nın 31 yanvar 2014-ci il tarixli qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. Buna baxmayaraq iddiaçıya hərbi qulluqçu kimi deyil, əlilliyə görə adi əmək pensiyası hesablanmışdır. 1 iyul 2020-ci il tarixdə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona hərbi qulluqçu kimi əlillik pensiyasının təyin edilməsini və yaranmış fərqin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən hərbi qulluqçu olaraq əmək pensiyası təyin edilməsə də, son 3 ilin fərqinin ödənilməsini təmin etmişdir. Cavabdehin onun müraciətini tam təmin etməməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığorta olunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Həmin Qanunun 11.2.1-ci maddəsinə əsasən, müharibə əlilləri - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmilər borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə hərbi qulluqçular sırasından olan əlil kateqoriyasına aid edilirlər. Həmin Qanunun 12.2-ci maddəsinə görə hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyalar xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Həmin Qanunun (1 iyul 2017-ci il tarixədək olan redaksiyası) 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Göstərilən qanunvericilik normalarından göründüyü kimi, iddiaçının pensiya hüququ 9 iyul 2014-cü il tarixdən yarandığından, ona münasibətdə həmin dövrdə qüvvədə olan «Əmək pensiyaları haqqında» AR Qanununun normaları tətbiq edilməlidir. Buna görə də, cavabdeh tərəfindən 1 iyul 2017-ci il tarixdə «Əmək pensiyaları haqqında» AR Qanununa edilmiş dəyişikliyə əsasən, son 3 il müddətin yenidən hesablanaraq ödənilməsi tamamilə qanunsuz və əsassızdır. Buna görə də, cavabdehin imtinası əsassız hesab olunmalı və iddiaçının əlilliyə görə pensiyanın təyin edildiyi tarixdən yenidən hesablanaraq ödənilməmiş pensiya fərqi hesablanaraq ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(112)-4964/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(112)-4964/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(112)-4964/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(112)-4964/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı oluna 9 iyul 2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sonradan 19 iyun 2020-ci il tarixdə AR Müdafiə Nazirliyi tərəfindən iddiaçı barəsində hərbi qulluçşu kimi “məlumat vərəqəsi” tərtib edilərək DSMF-yə göndərilmişdir. Bundan sonra (bir ay sonra) cavabdeh tərəfindən iddiaçıya müraciəti əsasında əmək pensiyası onun hərbiq qulluqçu olması nəzərə alınmaqla yenidən hesablanmış və həmin müraciət tarixindən əvvəlki üç il üzrə ödənilməmiş pensiya məbləği müvafiq qaydada (ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə) ödənilmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir və ona əlilliyə görə əmək pensiyasının müraciət tarixindən əvvəlki üç il müddətindən deyil, hüququnun yarandığı 9 iyil 2014-cü il tarixdən ödənilməmiş fərq məbləğinin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı onun əlilliyə görə əmək pensiyası hüququ 2014-cü ildə yaranmasına baxmayaraq, hərbi qulluqçu kimi müraciəti əsasında barəsində “məlumat vərəqəsi”nin daxil olduğu vaxtdan, yəni 2020-ci ilin iyun ayından əvvəlki dövrün pensiya məbləğinin son 3 ilə aid hissədə ödənilməsini təmin etməkdə cavabdeh inzibati orqan haqlı olmuşdur. Ona görə də, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya əmək pensiyasının təyin edildiyi tarixdən ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadında göstərilmişdir: - «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi, iddiaçının pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmışdır. O, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmişdir. Ona görə də, iddiaçıya pensiya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər. Cavabdeh tərəfindən iddiaçıya həmin müddət üçün pensiya artıq ödənilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(112)-4964/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar