Məhkəmə qərarları › İş №2-1(103)-2315/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2315/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2315/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 65 yaşının tamam olduğu dövrdən, yəni 09 iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5022/2022 saylı 13 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. H3 seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər (2 il 11 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 2524 saylı 23 iyul 1973-cü il tarixli attestatın surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə Bakı şəhəri 8 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 1973-cü ildə texniki məktəbin şəhər rabitə stansiyalarının elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru sənəti üzrə tam kursunu bitirmişdir (10 ay 23 gün). Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 1484 saylı 29 iyul 1974-cü il tarixli attestatın surətindən görünür ki, İddiaçı xx.xx.1973-ci ildən xx.xx.1974-cü il tarixədək Bakı şəhəri 54 №-li orta texniki peşə məktəbində kran maşinisti (krançı) sənəti üzrə bitirmişdir (10 ay 16 gün). İddiaçıya məxsus 28 aprel 1975-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə qədər BAİLB-də 3-cü dərəcəli kran maşinisti (09 ay 12 gün), xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər Sovet Ordu sıralarında xidmət etmişdir (02 il 11 gün), xx.xx.1977-ci ildən xx.xx.1986-cı ilə qədər Bakı Baş Tikinti İdarəsinin 2 saylı Evtikmə Kombinatında fəhlə, 3-cü və 4-cü dərəcəli körpü kran maşinisti (08 il 08 ay 25 gün), xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə qədər 3-cü Bakı Montaj Trestində 5-ci dərəcəli körpü kran maşinisti (29 gün), xx.xx.1987-ci ildən xx.xx.1990-ci ilə qədər “X5” zavodunda 4-cü dərəcəli kran maşinisti və çilingər (02 il 07 ay), xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilə qədər Nəsimi rayon X6 gözətçi və nəzarətçi (07 il 01 ay 04 gün), xx.xx.1995-ci ildən xx.xx.2002-ci ilə qədər Bakı Çayçəkici Fabrikasında, "xxxx" BM-də avtonəqliyyat sürücüsü (6 il 05 ay 12 gün) vəzifələrində işləmişdir. İddiaçı onun yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı xx.xx.2021-ci il tarixli imtina məktubda qeyd edilmişdir ki, təqdim etdiyi əmək kitabçasına, hərbi biletinin və texniki peşə təhsili haqqında attestatının surətlərinə əsasən onun sığorta stajı xx.xx.2006-cı il tarixinədək 21 il 8 ay 1 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək sığorta stajına (21 il 8 ay 1 gün) uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16511,51 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli arayışına əsasən xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin 1995-1996-cı illərə dair əmək haqqı ödəniş cədvəllərində ona əmək haqqı hesablanması barədə məlumat olmadığından həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 65 yaşının tamam olduğu dövrdən, yəni 09 iyun 2021ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ona yaşa görə pensiya təyin olunmasını xahiş etmişdir. Filial tərəfindən xx.xx.2021-ci il tarixli, **********8 saylı məktubla müraciətindən imtina verilmişdir. O, 17 iyul 1974-cü ildən 12 fevral 2002-ci ilədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmaqla 31 il 9 ay əmək stajına malikdir. Onun cavabdeh təşkilata olmuş müraciəti qanunvericiliyin tələblərinə əməl edilməklə edilmişdir. Cavabdeh orqan qanunsuz olaraq ona əmək stajına görə pensiya təyin olunmasına dair imtina məktubu ünvanlamışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Bakı çay çəkici fabriki”ndə işlədiyini və əmək haqqı aldığını iddia edir. İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün Filiala müraciət etmiş, lakin xx.xx.1995-xx.xx.2002-ci illər ərzində "xxxx" ASC-nin 1995-1996-cı illərə dair əmək haqqı ödəniş cədvəllərində əmək haqqı hesablanması barədə məlumat olmadığından, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır. Maddələrin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində geydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. Birinci şərtlə bağlı geyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə yaranmışdır. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Məsələnin obyektiv araşdırılması üçün tərəflərindən Milli Arxiv İdarəsinə sorğu göndərilmişdir. Müraciətə verilən Milli arxiv idarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubunda "xxxx" ASC-nin 1995-2002-ci illərə dair əmək haqqı ödəniş cədvəllərində İddiaçı əmək haqqı hesablanması barədə məlumat olmadığı qeyd edilmişdir. Beləliklə, iddiaçının mübahisələndirilən sosial sığorta stajı xx.xx.1995-xx.xx.2002-ci illərdə "xxxx" ASC-də işlədiyini iddia etdiyi dövrlərdir ki, bu da ümumilikdə 6 il 5 ay 11 gün təşkil edir. Göründüyü kimi, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5022/2022 saylı 13 aprel 2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı 65 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, məhkəmə qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırki iş üzrə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edildiyi hissədə yoxlanılır. Belə ki, qərar iddianın təmin edilmədiyi hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun sığorta stajının 25 ildən az, yəni 21 il 8 ay 1 gün olması və pensiya kapitalının kifayət qədər olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən mübahisələndirilən hissədə təmin edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hərbi xidmət, təhsil dövrü və işlədiyi dövrlər də nəzərə alınmaqla ümumi iş stajının 25 ildən artıq, yəni 28 il 11 ay 12 gün olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə (mübahisələndirilən hissədə) razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. 1992-ci ildə qəbul edilmiş və 01 yanvar 2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə (iş stajına daxil edilən əmək fəaliyyətinin növləri) əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İddiaçı xx.xx.1956-cı ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil barədə sənədi (diplomu) əmək kitabçasını və arayışı təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin və attestatların surətlərindən görünür ki, İddiaçı müvafiq olaraq xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər (2 il 11 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmiş, xx.xx.1972-ci ildən 1973-cü ilədək (10 ay 23 gün), xx.xx.1973-ci ildən xx.xx.1974-cü il tarixədək (10 ay 16 gün) təhsil almışdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Bununla yanaşı, qanunvericiliyin yuxarıda bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Beləliklə, hazırda cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajının 25 ildən az olması, pensiya kapitalının kifayət qədər olmaması, eləcə də onun xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin 1995-1996-cı illərə dair əmək haqqı ödəniş cədvəllərində ona əmək haqqı hesablanması barədə məlumat olmadığından həmin dövrlərin sosial sığorta stajına aid edilməsinin mümkün olmaması və buna görə də pensiya hüququnun yaranmaması qənaətindədir. İddiaçı məxsus əmək kitabçasından görünür ki, onun xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (hərbi xidmət dövrü) 2 il 11 gün, xx.xx.1977-ci ildən 1973-cü ilədək (təhsil dövrü) 10 ay 25 gün, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək (təhsil dövrü) 10 ay 16 gün, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək 9 ay 12 gün, xx.xx.1977-ci ildən xx.xx.1986-cı ilədək 8 il 8 ay 25 gün, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək 29 gün, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək 2 il 7 ay, xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək 7 il 01 ay 04 gün, xx.xx.1995-ci ildən xx.xx.2002-ci ilədək 6 il 5 ay 12 gün olmaqla, ümumilikdə iş stajı 25 ildən çox (28 il 11 ay 12 gün) təşkil edir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış BA-00806-2022, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan "xxxx" ASC-nin natamam arxiv sənədlərinin əmr kitabında vət. İddiaçı xx.xx.1995-ci il tarixli, 29 saylı əmrlə xx.xx.1995-ci il tarixdən 81-59 AQU markalı maşını icarədar sürücü kimi işə qəbul olunması, xx.xx.1996-cı il tarixli, 07-k saylı əmrlə xx.xx.1996-cı il tarixdən "xxxx" birgə müəssisəsinə işə keçirilməklə işdən azad olunması barədə məlumatlar mövcuddur. "xxxx" ASC-nin 1995-1996-cı illərə dair əmək haqqı ödəniş cədvəllərində vət. İddiaçı əmək haqqı hesablanması barədə məlumat yoxdur. "xxxx" Birgə Müəssisəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********93 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ll Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 247 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin Bakı Çayçəkici fabrikinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2014- cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) Bakı Çay çəkici fabriki üzrə xx.xx.2000-ci il tarixinə səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı qeyd edilmişdir. Müraciətdə qeyd edilmiş "xxxx" Birgə Müəssisəsi haqqında Xidmətin bazasında heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********261500 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində hüquqi ünvanı AZ1132, ünvan 4kı Çayçəkici” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2004-ci il tarixdə D-3254 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmçinin, reyestrdə Azərbaycan BƏƏ "xxxx" MM Birgə Müəssisəsinin xx.xx.1996-cı il tarixdə 1014 (35) nömrə ilə hüquqi ünvanı ünvan 5 mövcuddur. Həmin hüquqi şəxs 2004-cü ildən hazırki dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 01/3-351 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" ASC (VÖEN:**********) 31 iyul 1996-cı il tarixindən qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********980700 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, reyestr məlumatlarına əsasən “Bakı Çayçəkici" Açıq Səhmdar Cəmiyyəti (VÖEN:**********) xx.xx.2004-cü ildə dövlət qeydiyyatına alınmış, təşkilatıhüquqi formasının dəyişməsi və hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, xx.xx.2022-ci İİ tarixə olan uçot məlumatlarına əsasən, vergi ödəyicisinin müraciətinə uyğun olaraq, hüquqi şəxsin fəaliyyəti xx.xx.2015-ci il tarixdən 08 04 2016-cı il tarixədək dayandırılmış, lakin Cəmiyyət tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsinə əsasən xx.xx.2015-ci İİ tarixdən yenidən aktivləşdirilmişdir. Həmçinin, vergi ödəyicisinin müraciətinə uyğun olaraq yenidən fəaliyyəti xx.xx.2016-cı il tarixədək dayandırılmışdır. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi “Bakı Çay Çəkici fabriki”nin Ədliyyə Nazirliyində hüquqi şəxs kimi ilk dəfə hansı tarixdə qeydiyyata alınması barədə məhkəməyə məlumat verilməsi və bu barədə ilkin qeydiyyat sənədlərinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə məhkəmə sorğusu verilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 247 saylı 30 aprel 2001-ci il tarixli Sərəncamının məzmunundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilmısinin İİ Dövlət Proqramı” rəhbər tutularaq, Azərbaycan Respublikasının 208-İQ saylı 29 noyabr 1996-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq “Azərbaycan Respublikasl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilkin şərab emalı), şampan və konyak zavodlarının, tütün fermentləşdirici fabriklərin və tütün kombinatının, çay emalı və çayçəkici fabriklərinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 804 saylı 19 may 1998ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olmuş ünvan 6 ünvanında yerləşən Bakı Çay çəkici fabrikinin bazasında "xxxx" ASC-nın yaradılması qərara alınmışdır. Həmçinin məktuba əlavə edilmiş "xxxx" ASC-nin Nizamnaməsindən görünür ki, ASC Azərbaycan Respublikasının 208-ıQ saylı 29 noyabr 1996-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Kənd Təsərrüfatı tabeliyində olmuş Bakı Çay çəkici fabrikinin çevrilməsi nəticəsində yaradılmış və xx.xx.2001-ci il tarixdə qeydiyyatdan keçmişdir. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd edilmişdir ki, hüquqi şəxsin qeydiyyat qovluğunda "xxxx" ASC-nin İqtisadi İnkişaf Nazirliyinin 247 saylı xx.xx.2001-ci il tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş "xxxx" Fabrikinin çevrilməsi nəticəsində, xx.xx.2001-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. Lakin qeydiyyat qovluğunda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş "xxxx" Fabriki barədə əlavə hər hansı məlumat aşkar edilməmişdir. Eyni zamanda “Bakı Çay Çəkici fabriki”nin özəlləşdirilmə sənədlərinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyinə məhkəmə sorğusu verilmiş, həmin sorğuya cavab olaraq xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilkin şərab emalı), şampan və konyak zavodlarının, tütün fermentləşdirici fabriklərin və tütün kombinatının, çay emalı və çayçəkici fabriklərinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 804 saylı 19 may 1998-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilin şərab emalı), şampan və konyak zavodları, tütün fermentləşdirici fabrikləri və tütün kombinatı, çay emalı və çayçəkisi fabrikləri özəlləşdirmək məqsədilə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilmişdir. Beləliklə, aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş “Bakı Çay Çəkici fabriki” 30 aprel 2001-ci il tarixli sərəncamla "xxxx" ASC-yə çevrilmişdir, yəni iddiaçının işlədiyi müəssisə həmin dövrdə mövcud olmuşdur. Beləliklə, iddiaçının hərbi xidmət, təhsil dövrü və əmək kitabçasına əsasən iş stajı nəzərə alınmaqla, ümumilikdə iş stajı 28 il 11 ay 12 gün təşkil edir və həmin müddətin onun stajına daxil edilməsi üçün qanunla hər hansı məhdudiyyət iş üzrə müəyyən olunmur. Nəzərə alınmalıdır ki, iddiaçının əmək kitabçasında əmək kitabçalarında doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad olunması, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydəri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən, Kollegiya onu da qeyd edir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən təhvil verilmiş natamam sənədlərdə 1995-1996-cı illərə dair əmək haqqı ödəniş cədvəllərində iddiaçıya əmək haqqı hesablanması barədə məlumatın aşkarlanmaması iddiaçının təqsiri üzündən baş verməmiş və buna görə məsuliyyət də iddiaçının üzərinə qoyula bilməz. Nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, şəxsin işləməsi faktı onun əmək kitabçası ilə təsdiq olunduğundan bu faktın digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Beləliklə, hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Belə olan halda iddiaçıya onun yuxarıda qeyd olunanlarla bağlı 28 il 11 ay 12 gün sığorta stajının olduğu nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün Kollegiya hesab edir ki, digər şərtə- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5022/2022 saylı 13 aprel 2022-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5022/2022 saylı 13 aprel 2022-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar