Məhkəmə qərarları › İş №2-1(103)-2315/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2315/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2315/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-952/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və Texnologiyalar Universitetinin Hetman Pyotr Konaşeviç-Saqaydaçnıy adına X12 nəqliyyatı İnstitutu tərəfindən ona verilmiş diplom üzrə aldığı ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-xx.xx.2019-cu il tarixlərində X2 və Texnologiyalar Universitetinin Hetman Pyotr Konaşeviç-Saqaydaçnıy adına X12 Nəqliyyatı İnstitunda qiyabi olaraq bakalavr təhsili almışdır. İxtisası 6.070104 Dəniz və Çay Gəmiçiliyidir. İxtisaslaşmanın əsas istiqaməti 0701 Nəqliyyat və Nəqliyyat İnfrastrukturudur. Tədris dili ukrayna dilidir. Proqramın rəsmi müddəti 4 ildir (240 AKTS krediti). Tam orta təhsil əsasında qəbul imtahanlarının nəticələrinə uyğun olaraq həmin təhsil müəssisəsinə qəbul olmuşdur. Universitetin rəsmi şəkildə lisenziyası mövcuddur. Akkreditasiya haqqında şəhadətnamə xx.xx.2018-ci ildə, 11000810 sayı ilə verilmişdir. Təhsil müddətində milli cədvəl və Avropa kredit transfer sisteminə uyğun olaraq, bütün qiymətləri məqbuldur. Akademik saatlar, kredit və ballar daxil olmaqla, təhsil komponentləri və nəticələri məqbuldur. Dövlət ixtisaslaşma imtahanını 76.22 balla, yaxşı qiyməti ilə keçmişdir. Bu təhsil ona magistr elmi-ixtisas dərəcəsi almaq və ixtisası üzrə işləmək hüququ verir. Təqdim edilmiş tələbə bileti də 2015-2019-cu illər təhsil müddətinə uyğundur. Onun xarici pasportundakı viza və möhürlər təhsil müddətinə uyğundur. O, dənizdə Caspian Marine Services Limited şirkətində işləyir. Sadəcə İ və İİ kurslarda təhsil alarkən iş yerindən 2 gün gec buraxılmışdır. Dənizdə iş rejiminin əsas şərti budur ki, 30 gün tamam olmamış iş yerini tək etmək müəssisədaxili intizam qaydalarının tələblərinə ziddir və intizam məsuliyyətinə səbəb olur. Yəni həmin vaxtı o, dənizdə işdə olmuşdur. Bu hal 2 dəfə, hər dəfəsində 2 gün olmaqla baş vermişdir. Həmin 4 günü işdə olmağını təsdiq edən arayışlar da iş materiallarına əlavə edilmişdir. Bu səbəbdən də diplomunun nostrifikasiyası üçün cavabdehə müraciət etsə də, ona cavab verilməmiş, işinin aqibəti taleyin ümidinə buraxılmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-952/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, X3 və Texnologiyalar Universitetinin Hetman Pyotr Konaşeviç-Saqaydaçnıy adına X12 nəqliyyatı İnstitutu tərəfindən İddiaçı adına verilmiş B19 seriyalı 188419 nömrəli, 30 iyun 2019-cu il tarixli bakalavr diplomu üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş və X5 və Texnologiyalar Universitetinin H.P.Konaşeviç-Saqaydaçnıy adına X8 Akademiyası tərəfindən “Dəniz və çay nəqliyyatı” üzrə bakalavr ali təhsil dərəcəsinə əsasən əldə etdiyi B19 №188419 nömrəli, xx.xx.2019-cu il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmə qərarını aşağıdakı səbəblərdən qanunsuz olduğunu hesab edirlər: qərar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının mövqeyini nəzərə almamaqla qəbul edilmişdir; qərar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinin pozulması ilə qəbul edilmişdir; qərar maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, məhkəmənin qərarı əsassız olduğundan apellyasiya instansiyası tərəfindən ləğv edilməlidir. Araşdırma zamanı ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun xarici ali təhsil aldığı ölkədə olma müddəti illər üzrə aşağıdaki kimi müəyyən edilmişdir: İ il- 9 gün, İİ il-10 gün, İİİ il- 21 gün, İV il- 28 gün. İddiaçının əldə etdiyi № A3-92/15 nömrəli, xx.xx.2019-cü il tarixli diplom əlavəsinin 3.2-ci bəndindən onun təhsil müddətinin 4 il olması (240 ECTS kredit) və 4.1-ci bəndindən iddiaçının təhsil formasının qiyabi formada olması müəyyən edilir. Məhkəməyə təqdim edilmiş sorğu və ona müvafiq cavaba əsaslanaraq iddia təmin edilmişdir. Həmin sorğu iddiaçının tədris yükünü hansı formada və müddətlərdə yerinə yetirdiyi barədə olsa da, ali təhsil müəssisəsi öz cavabında işin halları üçün əhəmiyyətli olan sualları cavabsız qoyaraq İddiaçı tədris yükünü tam həcmdə yerinə yetirdiyi barədə ümumi cavab vermişdir. İddiaçı xüsusilə tədrisin ilk iki ilində qiyabi təhsilalma formasına uyğun olaraq ali təhsil müəssisəsində sessiyalarda iştirak üçün təhsil müəssisəsinin yerləşdiyi ölkədə olmamışdır, bununla bağlı iddiaçı həmin dövr üzrə yaranmış borcların ödənilməsi üçün əlavə müddətlərdə ali təhsil müəssisəsində dərslərdə və imtahanlarda iştirak etməli idi. Lakin qeyd olunanlara əsasən onun tədris dövrü uzanmadan, həmçinin növbəti illər üzrə əlavə sessiyalarda, yaxud yay və ya qış tətili əlavə sessiyalarda iştirak olmadan normativ müddət çərçivəsində 4 il ərzində yekunlaşmışdır. Məhkəmə qərarının 6-cı səhifəsi 19-cu bəndində tanınmanın yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslanmamalı olduğu qeyd olunur. İddiaçının müraciəti üzrə icraat Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun olaraq aparılmışdır. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən bakalavr təhsili üzrə qiyabi təhsilalma formasında tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 180-240 saat müəyyən olunmuşdur ki, bu da həmin dövrdə tələbənin hər il üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci bəndində qiyabi təhsilalma forması üzrə tədris ilinin 32, hər semestrin isə 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarət olması və hər semestrə 24 kreditin müəyyənləşdirilməsi təsbit edilmişdir. Belə olan halda iddiaçının tədris yükünü dövlət standartları çərçivəsində yerinə yetirməsi mümkünlüyü istisna edilir. Qabaqcıl beynəlxalq təcrübə əsasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması prosesini optimallaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilmişdir. Məhkəmə qərarının 7-ci səhifəsi 26-cı bəndində iddiaçıya diplom verildiyi üçün onun 240 AKTTS (Avropa Kredit və Toplanması Sistemi) kredit toplamasını güman edilir. İddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsinin müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aid olduğu fikri yaranır. Cavabdeh orqan xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması fəaliyyətini «Təhsil haqqında» Azərbaycan Respublikasının qanunu və digər əlaqəli normativ hüquqi aktlarla (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı) bu məsələnin onun səlahiyyətinə aid edilməsi və cavabdeh orqanın bu sahədə səlahiyyətli orqan kimi müəyyən edilməsinə əsaslanaraq həyata keçirir. Əldə olunan kvalifikasiyanın ölkə ərazisində tanınması xarici təhsil müəssisəsinin deyil, Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən tanınmaya dair tələblərdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmasıdır). Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1ci və 73.3.2-ci maddələrinin tələblərini pozaraq cavabdehin diskresion səlahiyyətini həyata keçirməsini, iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olmasını təsdiq edən ekspert rəylərini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan X5 və Texnologiyalar Universitetinin Hetman Pyotr Konaşeviç- Saqaydaçnıy adına X12 nəqliyyatı İnstitutu tərəfindən verilmiş B19 seriyalı 188419 nömrəli 30 iyun 2019-cu il tarixli Bakalavr diplomunun və A3-92/15 nömrəli diploma əlavənin surətindən görünür ki, İddiaçı Dəniz və çay gəmiçiliyi ixtisası üzrə tam kursunu bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıyanın müraciətinə cavab olaraq məktubda bildirilir: Ali təhsil sənədlərinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, X9 Konaşeviç-Saqaydaçnıy adına X8 Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Siz həmin ölkədə qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyiniz qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, A78D59A42D39700 nömrəli müraciətiniz üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, Sizin 30 (otuz) gün müddətində qəbul edilmiş qərara dair məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-38-33/2-1468/23 nömrəli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında qeydə alınmış məlumatlara əsasən İddiaçı Ukraynaya çıxışı xx.xx.2015 - Ukraynadan girişi xx.xx.2015-ci il tarixlərində, Gürcüstan çıxışı xx.xx.2016 – Ukraynadan girişi xx.xx.2016-cı il tarixlərində, Ukraynaya çıxışı xx.xx.2017 - Ukraynadan girişi xx.xx.2017-ci il tarixlərində, Ukraynaya çıxışı xx.xx.2018 - Ukraynadan girişi xx.xx.2018-ci il tarixlərində, Ukraynaya çıxışı xx.xx.2019 - Ukraynadan girişi xx.xx.2019-ci il tarixlərində olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın: 1.2-ci bəndinə əsasən bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. 1.5-ci bəndinə əsasən bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9-ci bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»: 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.4-cü bəndinə əsasən isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 2.5-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: 3.8-ci bəndinə əsasən tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.10-cu bəndinə əsasən aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). İşin faktiki hallarından görünür ki, X3 və Texnologiyalar Universitetinin Hetman Pyotr Konaşeviç-Saqaydaçnıy adına X12 nəqliyyatı İnstitutu tərəfindən verilmiş B19 seriyalı 188419 nömrəli 30 iyun 2019-cu il tarixli Bakalavr diplomuna əsasən İddiaçı Dəniz və çay gəmiçiliyi ixtisası üzrə tam kursunu bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh inzibati orqana müvafiq tələblə müraciət etsə də, tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyin qeyri-mümkün olduğu bildirilməklə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada hazırki işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtifa edir. Belə ki, qanunvericilik tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirilmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir. Qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübut da təqdim olunmamışdır. Beləliklə, tələbənin xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təhsil aldığı İnstitutun tədris normativi üzrə orada təhsil almaq üçün həmin ölkədə qısa müddət ərzində olmuşdur (2015/2016-cı tədris ili üzrə 9 gün, 2016/2017-ci tədris ili üzrə 10 gün, 2017/2018-ci tədris ili üzrə 21 gün, 2018/2019-cu tədris ili üzrə 28 gün). Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir, bu baxımdan qısa müddətə tədris proqramını yerinə yetirmək qeyri-mümkündür. İddiaçı ali təhsil müəssisəsinin normativi qarşılığında həmin ölkədə qısa müddət olduğu üçün tədris proqramının yerinə yetirilməsi baxımından təhsilin müddətinin yetərli olmaması səbəbi ilə cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-952/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar