Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2316/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27.05.2021-ci il tarixli 2-1(112)-1635/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 dekabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, N nömrəli hərbi hissədəki həqiqi hərbi xidməti haqqında arxiv arayışının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 20.07.1992-ci il tarixində Qaradağ Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış və Badamdar qəsəbəsindəki hərbi hissəyə göndərilmişdir. Bir necə gün təlim keçəndən sonra həyəcan siqnalı ilə qaldırılaraq Tərtər istiqamətində döyüşlərə qatılmışdır. Onun xidmət yeri düşmənlə üzbəüz olan düşmən səngərləri olmuşdur. O, hərbi xidmət dövrü hər an döyüş tapşırığını yerinə yetirməyə hazır vəziyyətdə tağıma təhkim edilmişdir. O, oradakılarla birlikdə daim səngərlərdə idilər və döyüş tapşırığını yerində yerinə yetirirdilər. O, vətən qarşısında borcunu layiqincə yerinə yetirmək üçün gecə-gündüz, yağış, şaxta, qar, isti-soyuq bilmədən daim xidmət vəzifələrini icra etmişdir. Hərbi xidməti dövründə dələlərlə komandanlıq tərəfindən mükafatlndırılrmş və hərbi xidmət dövründə baş çavuş hərbi rütbəsinədək yüksəlmişdir. Hərbi xidməti N və N nömrəli hərbi hissələrdə olmuşdur: 20.07.1992-ci il tarixdən 09.09.1994-cü il tarixədək N nömrəli hərbi hissədə, təşkilati tədbirlərlə əlaqədar olaraq 09.09.1994-cü il tarixdən 26.10.1996-cı il tarixədək N nömrəli hərbi hissədə onun hərbi xidməti Tərtər və Goranboy rayonları ərazisində döyüş mövqeyində düşmənlə təmas xəttində müharibə şəraitində keçmişdir. O, da 20.07.1992-ci il tarixdən döyüş əməliyyatları dayananadək N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Onun müharibədə iştirakı ilə əlaqəli qeyd edilən faktlar mübahisə predmeti deyil. Bununla əlaqədar olaraq, AR Müdafiə Nazirliyinin bu işdə məsul şəxslərinin qanunsuz hərəkətlərinə o, öz etirazını bildirir. O, qanuni olaraq hərbi xidmətə çağırılmış və ehtiyata buraxılmışdır. Barəsində fərariliklə bağlı hərbi hissə komandirlərinin heç bir əmri yoxdur. Belə hal olardısa, o, mütləq əmrləşdirilməli və barəsində tədbirlər görülməli idi. İşin içərisində olan AR Hərbi Prokurorluğundan verilən cavab məktubundan görünür ki, onun barəsində hərbi cinayət olmamış, təqsirləndirici material toplanılmamışdır. Belə olduğu halda, AR Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən onun N nömrəli hərbi hissədəki hərbi xidmətinin şübhə altına alınması, belə bir fərziyyənin irəli sürülməsi ona qarşı ədalətsizlik və inzibati orqan olaraq AR Müdafiə Nazirliyi tərəfindən kobud qanun pozuntusudur. Belə hərəkətlər onun Vətən qarşısındakı xidmətlərini qiymətləndirməmək kimi qəbul edilir. Onu sübut olunmayan hərbi cinayətdə ittiham etmək qanunla yol verilməzdir. O, sübut edir ki, N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Onun hərbi xidməti və döyüşlərdə iştirakı hərbi biletindəki mötəbər qeydlər və möhürlərlə təsdiq edilir. Döyüş əməliyyatları dayanandan sonra da 26.10.1996-cı il tarixədək ön səngərlərdə döyüş növbətçiliyi apararaq düşmən təxribatlarının qarşısını almaqda Vətən yolunda xidmət etmiş, həmişə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmiş, daim komandanlıq tərəfindən təşəkkürlərə layiq görülmüş, baş çavuş hərbi rütbəsinədək yüksəlmişdir. Hazırda o, Qarabağ müharibəsi veteranı vəsiqəsini və statusunu almaq istəyir. Digər döyüş yoldaşlarından fərqli olaraq o, bu günədək müxtəlif səbəblərdən müharibə veteranı adı və statusunu ala bilmir. Hərbi xidməti dövründə onun barəsində cinayət işi açılmamış, heç bir təhqiqat araşdırılması aparılmamış, təqsirləndirici materiallar toplanmamışdır. Əsas maneə ondan ibarətdir ki, onun N saylı hərbi hissədə xidməti ilə əlaqədar Müdafiə Nazirliyi Mərkəzi Arxivində məlumat yoxdur. O, 20.07.1992-ci il tarixdə Qaradağ RHK-dan həqiqi hərbi xidmətə çağırılmışdır. Həmin tarixdən 09.09.1994-cü il tarixədək N saylı hərbi hissə və 09.09.1994-cü il tarixdən 26.10.1996-cı il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, N saylı hərbi hissəsinin müdafiə zolağının möhkəmləndirilməsi keçirilən təşkilati tədbirlərlə əlaqədar olaraq, onun xidmət etdiyi artilleriya batareyası yuxarı rəhbərliyin əmrinə əsasən həmin hərbi hissəyə keçirilmişdir. Bununla əlaqədar olaraq, o, müharibə dövründə siyahısında olduğu, sıralarında həqiqi hərbi xidmət keçdiyi və sıralarında döyüş tapşırığı yerinə yetirdiyi N nömrəli hərbi hissədəki hərbi xidməti haqqında arxiv arayışı verilməsinə dair köməklik göstərilməsini Müdafiə Nazirliyindən dəfələrlə xahiş etmişdir. Müdafiə Nazirliyi bu günədək onun N nömrəli hərbi hissədəki hərbi xidməti haqqında arayış verə bilmir. Bu səbəbdən də bu günədək digər döyüşçü yoldaşlarından fərqli olaraq müxtəlif səbəblərdən Qarabağ müharibəsi veteranı adı və statusunu ala bilməmişdir. Hərbi xidməti dövründə onun barəsində cinayət işi olmamış və haqqında heç bir təhqiqat aparılmamış, təqsirləndirici materiallar toplanmamışdır. Tələb olunan sənədləri toplayaraq ona müharibə veteranı adının və statusun verilməsi üçün AR Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya təqdim etmişdir. Komissiyanın katibi tərəfindən imzalanmış 26.02.2020-ci il tarixli məktubda qeyd edilir ki, «Vətəndaşların müraciətləri haqqında» AR Qanunun 14.08ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmək hüququna malikdir. Müharibədən sonra onun döyüşçü yoldaşlarına “müharibə veteranı” adı və statusu verilmişdir. Hal-hazırda onların hamısı Prezident təqaüdü alırlar. Sonda iddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli 2-1(112)-6309/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 27.05.2021-ci il tarixli 2-1(112)-1635/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim: R.Kərimli) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı dövlətin inzibatı orqanı olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfini saxlayaraq iddianı mümkün saysa da sonda rəd etmiş və bununla da onun vətəndaş kimi konstitusion hüququ olan bərabərlik hüququnu pozmuşdur. Çünki onun döyüş yoldaşlarının hamısı müharibə veteranlarıdır. Bildirir ki, hər bir hərbi hissədə şəxsi heyətin qeydiyyatının aparılması uçun daim saxlanılan “şəxsi heyətin əlifba qeydiyyatı kitabı” və əmrlər kitabı var. Hər iki sənəd N nömrəli hərbi hissədə aparılıb. Həmin sənədlərin əsasında ona N nömrəli hərbi hissədə hərbi xidməti haqqında arayış verilməsi tam qanuna uyğundur. Hesab edir ki, məhkəmə Müdafiə Nazirliyini məcbur edərək N nömrəli hərbi hissənin məsuliyyətli şəxslərinin haqqında müvafiq tədbirlər görərək, ona 1992-1994-cü illərdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidməti barədə arayış verilməsini məcbur edə bilərdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçının 1994, 1996-cı illərdə müvafiq hərbi hissələrdə, o cümlədən döyüş əməliyyatları aparan hissələrdə xidməti və şəxsi heyətin sıralarından çıxarılması barədə müvafiq əmrlər mövcud olsa da, onun 1992-ci ildə N saylı hərbi hissədə xidməti barədə əmrlər aidiyyəti qurum kimi AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Hansı ki, mövcud qanunvericilik aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərin veteran adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfin də bildirdiyi kimi (iddiaçı bu halı təkzib etməmişdir), iddiaçının 1992-ci ildə həmin hərbi hissədə xidməti barədə məhkəmə icraatında da yetərli sübutlar təqdim edilməmiş, eləcə də belə sübutların əldə olunması ilə bağlı vəsatət verilməmişdir. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 22.08.2019-cu il tarixli 9/2-11586 nömrəli arxiv arayışından görünür ki, arayış verilir, İddiaçı ondan ötrü ki, hərbi xidmətini davam etdirmək üçün sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 09.09.1994-cü il tarixli 242 №-li əmrilə 10.09.1994cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, Qaradağ RHK-dan çağırılmış, 1974-cü il təvəllüdlü, baş tuşlayıcı, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 10.09.1994-cü il tarixli 177 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 30.09.1996-cı il tarixli müvafiq əmrinə əsasən, ehtiyata tərxis olunduğu üçün manqa komandiri, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 25.10.1996cı il tarixli 299 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Qaradağ RHK-nın sərəncamına göndərilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı barədə əlavə İş materiallarında olan araşdırma apara bilmirlər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 03.12.2019-cu il tarixli 9/2-19092 nömrəli məktubun surətindən görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanlanmış 22.11.2019-cu il tarixli 1/A-16600 №-li sorğuya cavab olaraq bildirilir ki, N №-li hərbi hissə komandirinin 21.07.1994-cü il tarixli 192 №-li əmrilə kiçik çavuş İddiaçı növbəti “çavuş” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin 06.09.1994-cü il tarixli müvafiq sərəncamına əsasən sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 09.09.1994-cü il tarixli 242 №-li əmrilə 10.09.1994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Qeyd edilir k, N №-li hərbi hissə komandirinin yanvar-iyun 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildirilir ki, N №-li hərbi hissə komandirinin 1992-1993-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 07.02.2020-ci il tarixli 9/2-1880 nömrəli məktubun surətindən görünür ki, 29.01.2020-ci il tarixli 1/A-1327 №-li sorğuya cavab olaraq’ Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən göndərilmiş 27.12.2019-cu il tarixli 9/2- 20698 nömrəli məktuba əsasən, təkrarən bildirilir ki, N nömrəli hərbi hissənin 1992-1994-cü ilə aid şəxsi heyətinə pul təminatını ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Bu səbəbdən də İddiaçı N nömrəli hərbi hissədə xidmət keçdiyi müddətə pul təminatı ilə təmin olunmasını araşdıra bilmirlər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 23.12.2019-cu il tarixli 1/A-18441 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq bildirilir ki, iddiaçıya "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 20.12.2019-cu il tarixli iclasında baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. 1992-1993-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığına və yanvar-iyun 1994-cü il tarixlərdə arxiv sənədlərində xidməti barədə məlumat olmadığına görə iddiaçıya "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 04.03.2020-ci il tarixli 1/A-3851 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq bildirilir ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 20.12.2019-cu il təkrar 28.02.2020-ci il tarixli iclasında baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. 1992-1993-cü il tarixli nizami hissə üzrə N nömrəli hərbi hissə komandirinin əmrləri Arxivə daxil olmadığına, habelə 1994-cü ilin yanvar-iyun aylarında arxiv sənədlərində xidməti barədə məlumat aşkar olunmadığına, 1992-1994-cü illərin pul təminatı cədvəllərini Mərkəzi Arxivə daxil olmadığına görə döyüş əməliyyatları aparılan dövrdə xidməti və döyüşlərdə iştirak etməsi müəyyən olunmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 29.04.2020-ci il tarixli 1/A-6454 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdirinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq təkrar bildirilir ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın 28.02.2020-ci il tarixli iclasında baxılmış və 674 nömrəli protokol ilə iddiaçının barəsində müsbət qərar qəbul edilməmişdir. İş materialların əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 30.09.2020-ci il tarixli 9/2-9803 nömrəli məktubundan görünür ki, 24.09.2020-ci il tarixli 11/4623 №-li sorğuya cavab olaraq bildirirlir ki, N №-li hərbi hissə komandirinin 21.07.1994-cü il tarixli 192 №-li əmrilə kiçik çavuş İddiaçı növbəti çavuş” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin 06.09.1994-cü il tarixli müvafiq sərəncamına əsasən sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 09.09.1994-cü il tarixli 242 №-li əmrilə 10.09.1994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Xidmətini davam etdirmək üçün N №li hərbi hissədən gəlmiş, Qaradağ RHK- dan çağırılmış, 1974-cü il təvəllüdlü sıravi İddiaçı N №-li hərbi-hissə komandirinin 10.09.1994-cü il tarixli 177 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə nazirinin 30.09.1996-cı il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis edildiyi üçün sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 25.10.1996-cı il tarixli 299 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qaradağ RHK-na göndərilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin yanvar-iyun 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin 1992-1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir Həmin qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006cı il 27 sentyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 09 iyul tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İstinad olunan normalardan göründüyü kimi müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir. Tərxis barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibindən qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Belə olduğu təqdirdə kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndində əsasən, hərbi bilet əsasında müharibə veteranı adı həmin şəxslərin hərbi bileti ilə eyni zamanda hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda verilir. Hazırkı iş üzrə isə iddiaçının 1994, 1996-cı illərdə müvafiq hərbi hissələrdə, o cümlədən döyüş əməliyyatları aparan hissələrdə xidməti və şəxsi heyətin sıralarından çıxarılması barədə müvafiq əmrlər mövcud olsa da, onun 1992-ci ildə N saylı hərbi hissədə xidməti barədə əmrlər aidiyyəti qurum kimi AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 46.1-cı maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27.05.2021-ci il tarixli 2-1(112)-1635/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2316/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2316/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver