Məhkəmə qərarları › İş №2-1(103)-2316/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2316/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2316/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-453/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" MMC (VÖEN **********) cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında (İPM m.32.1.) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin barəsində qəbul edilmiş “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında ”xx.xx.2020-ci il tarixli **********141273 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, “cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli **********141273 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən müəssisə vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, Bakı şəhəti Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli**********193068 saylı qərarına əsasən həmin İdarənin Vergi auditi idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin Dövlət vergi müfəttişi 3-cü dərəcəli müfəttiş X1 tərəfindən cəmiyyətin fəaliyyəti üzrə mart 2017- sentyabr 2019 cü il hesabat dövrlərində Vergi Məcəlləsinin 38.2 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama guya ki, həmin Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq aparıldığı qeyd edilmişdir. Lakin Məcəllənin 38.2-ci maddəsində göstərilir ki, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Vergi orqanı 30 günü, iş günü kimi nəzərdə tutmuş, kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş müddəti səyyar vergi yoxlamasının keçirilməsi üçün tətbiq etmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. (VM m. 49.5.) Vergi Məcəlləsinin 38.2ci maddəsinə əsasən yoxlama 30 gündən artıq davam edə bilməz, yəni, xx.xx.2019-cu il tarixində yoxlama başlamış, xx.xx.2019-cu tarixində başa çatmalı idi. Lakin həmin müddət xx.xx.2020-ci il tarixədək əsassız olaraq qərarlarla 287 gün davam etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə yazılı etirazında iddianın rədd edilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-453/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********141273 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı, İddiaçı MMC-yə nağd qaydada əmək haqqının ödənildiyinə görə 13.814,45 manat maliyyə sanksiyasının tətbiq edilməli” hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmiş və Məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğin 150 (bir yüz əlli) manatı cavabdehdən, 50 (əlli) manatı isə iddiaçıdan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qərara alınmışdır. Həmin qərardan hər iki tərəf apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayətində qərarın qismən ləğv edilməsini və iddia tələbinin təmin edilən hissəsində rədd edilməsi və ekspertiza xərclərinin iddiaçının üzərinə qoyulmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə, maddi hüquq normalarını inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Belə ki, məhkəmə qərarda qərarpda hesab etmişdir ki, «Azərekspertiza» birliyindən mütəxəssis rəyində qeyd olunan hesablama ilə istehsal həcminin hesablanmasını - məhsulun maya dəyəri kalkulyksiyasınm prinsiplərinə uyğun deyil və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bununla əlaqədar öncəliklə bildirilir ki, məhusulun maya dəyəri ilə məhsulun istehsal həcminin müəyyən edilməsi qaydası arasında olan əlaqəni təyin etmək zəruridir. Maya dəyəri məhsulun istehsalının effektiv olmasını göstərən ən vacib iqtisadi göstəricidir. Onda təsərrüfat fəaliyyətinin bütün sahələri, bütün istehsal resursları cəmlənir. Təsərrüfat subyektinin fəalliyyətinin maliyyə göstəriciləri maya dəyərindən asılı olur. Maya dəyərinə aşağıdakılar daxildir: material xərcləri, əlavə xərclər, enerji xərcləri, işçilərin məvacibi, xidmət və məhsulların realizasiyası. İstehsal gücü, müəyyən bir şəraitdə mümkün olan bir müəssisənin (bölmələri, avadanlıqları) vaxt vahidi üzrə istehsal etdiyi həcmdir.İstehsal gücünün dəyəri dinamikdir və istehsal şərtlərinə və məhsulların (görülən işlərin, xidmətlərin) xarakterinə, işçi qüvvəsinin mövcudluğuna və onun keyfiyyətlərinə, müəssisənin iş rejiminə və digər amillərə görə dəyişir. Göründüyü kimi məhsulun maya dəyərinin müəyyənləşdirilməsi üzrə qaydalarla, istehsal həcminin müəyyənləşdirilməsi qaydası fərqlidir. İstehsal gücünün təyin edilməsi üçün avadanlıqların texniki göstəriciləri əsas götürülməklə elektrik enerjisi sərfiyyatı əsasında nəticəsnin sonlandırılması mümkündür.Yəni, texniki avadanlığın göstəriciləri əsasında bir saat ərzində nə qədər məhsul istehsal edilməsinin müəyyən edilməsi imkan daxilindədir.Lakin məhsulun maya dəyərinin müəyyənləşdirilməsi üçün xərc elementləri birlikdə götürülməli və vahidin maya dəyəri müəyyən olunmalıdır.Maya dəyəri məhsulun əmələgəlmə xərclərini əhatə etdiyi halda, istehsal həcmi məhsulun fiziki ölçüsünü müəyyən edir. Baş idarənin “mütəxəssisin dəvət edilməsi haqqında" xx.xx.2019-cu il tarixli, **********194265 nömrəli Qərarına əsasən Azərbaycan Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin mütəxəssisi X3 tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə elektrik enerjisi sərfiyyatına və müəssisədə aparılmış müşahidələrə əsaslanaraq aparılmış hesablamalar nəticəsində vergi ödəyicisi tərəfindən 1 saat ərzində istehsal olunmuş ölçüləri 20x10x6 sm, 10x10x6 sm, 20x20x6 sm olan döşəmə daşlarının (tamet) həcmi 71 kv.m., ölçüsü 100x30x15 sm olan səki daşlarının (bardur) həcmi isə 88 p.m olduğu müəyyən olunmuşdur. Eyni zamanda, Baş İdarənin “Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2019-cu il tarixli, **********195704 nömrəli Qərarına əsasən "Azərekspertiza" Birliyinin həmin mütəxəssis tərəfindən xx.xx.2020-ci il tarixli **********452300 nömrəli məktubla təqdim edilmiş ekspert rəyinə əsasən - vergi ödəyicisi tərəfindən istehsal olunmuş ölçüləri 20x10x6 sm olan döşəmə daşlarının (tamet) 1 kv.m-nin qiyməti 7 (yeddi) AZN, ölçüləri 100x30x15 sm olan döşəmə daşlarının (bardur) 1 ədədinin qiyməti isə 6.5 (altı manat, əlli qəpik) müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda sadalamaqla kifayətlənmişdir.Məhkəmə demək olar ki,cavabdehin təqdim etdiyi dəlil və sübutları araşdırma predmetindən kənarda qoymuş, iddiaçının maraqlarını təsdiq edən sübutları qiymətləndirmədən mötəbər hesab etmişdir.Göstərilənlərə əsasən məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır...” İddiaçı "xxxx" MMC isə apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixində yoxlama başlamış, xx.xx.2019-cu tarixində başa çatmalı idi. Lakin həmin müddət xx.xx.2020-ci il tarixədək əsassız olaraq qərarlarla 287 gün davam etmişdir. Odur ki, Vergi Məcəlləsinin 39.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla cavabdehin qərarı lə tam ləğv olunaraq iddia tələbi təm tam təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak tərəflərin nümayəndələri apellyasiya şikayətlərinə uyğun izahat verərək, iddiaçı təmin edilməyən hissədə, cavabdeh isə təmin edilən hissədə - birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək şikayətlərinin təmin olunmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçının fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, nəticələri xx.xx.2020-ci il tarixli **********193935 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. İşə əlavə olunmuş həmin aktdan görünür ki, yoxlama ilə "Azərekspertiza" Birliyindən alınmış mütəxəssis və ekspert rəyləri alınmaqla, iddiaçıya əlavə vergilər hesablanmış, maliyyə sanksiyaları tətbiq olunmuşdur. Belə ki, həmin aktda "Azərekspertiza" Birliyinin mütəxəssis rəyi ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə elektrik enerjisi sərfiyyatına və müəssisədə aparılmış müşahidələrə əsaslanaraq aparılmış hesablamalar nəticəsində vergi ödəyicisi tərəfindən 1 saat ərzində istehsal olunmuş ölçüləri 20x10x6 sm, 10x10x6 sm, 20x20x6 sm olan döşəmə daşlarının (tamet) həcmi 71 kv.m., ölçüsü 100x30x15 sm olan səki daşlarının (bardur) həcmi isə 88 p.m olduğu müəyyən edilmiş, daha sonra, həmin Birliyin ekspert rəyi ilə vergi ödəyicisi tərəfindən istehsal olunmuş ölçüləri 20x10x6 sm olan döşəmə daşlarının (tamet) 1 kv.m-nin qiyməti 7 manat, ölçüləri 100x30x15 sm olan döşəmə daşlarının (bardur) 1 ədədinin qiyməti isə 6.5 manat olduğu müəyyən edildiyi əsas götürülməklə, Vergi Məcəlləsinin 67-ci və 83.9-cu maddələrinə istinadən, iddiaçının, ümumilikdə, 375.632,36 manat məbləğində dövlət büdcəsinə ödəməli olduğu vergini azaltdığı aşkar edilmişdir. O gümlədən: -mənfəət vergisi üzrə: 2017-ci ildə 36.632,33 manat, 2018-ci ildə isə 14.685,33 manat; - ƏDv üzrə: 2017-ci ildə 208891,12 manat, 2018-ci ildə 79300,73 manat, 2019-cu ildə 36122, manat; Həmin akt əsasında vergi orqanı tərəfindən “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında ” xx.xx.2020-ci il tarixli **********141273 nömrəli qərarı ilə 375632,36 manat məbəlğində vergilərin azaldılmasına görə iddiaçıya həmin məbləğdə əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələbi nəzərə alınmaqla ona 187.816.20 manat, nağd qaydada əmək haqqının ödənildiyinə görə isə həmin Məcəllənin 58.7-1-ci maddəsinə əsasən 13.814,45 manat ümumilikdə 200938,94 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İşin hallarına və tərəflərin nümayəndələrinin izahatlarına əsasən iddiaçı tərəfindən nağd qaydada 138.144,5 manat məbləğində əmək haqqı ödənildiyi tərəflər arasında işin mübahisələndirilməyən halını təşkil edir. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, Vergi Məcəllənin 58.7-1-ci maddəsinə əsasən iddiaçıya 13.814,45 (10%) manat məbəlğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində istisna olmaqla, qalan hissələrində vergi orqanının qərarı ləğv olunmuşdur. Konkret halda, iddiaçı apellyasiya şikayətində vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının qanunla müəyyən olunan müddətə riayət edilmədən keçirildiyini mübahisələndirərək hesab edir ki, həmin hissədə də cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2-ci hissəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. -Həmin maddənin 3-cü hissəsinə əsasən aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla, dayandırılır (təxirə salınır). Cavabdehin mübahisələndirilən xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama xx.xx.2019-cu il tarixində başlamış, xx.xx.2020-ci il tarixində başa çatdırılmışdır. Başqa sözlə, yoxlama 9 ay 16 gün davam etmişdir. Yoxlamanın başlanıldığı xx.xx.2019-cu il tarixindən, 1-ci müvəqqəti dayandırmaya, yəni xx.xx.2020-ci il tarixinə qədər olan yoxlama müddət 30 iş gününü ehtiva edir. Bundan sonrakı müvəqqəti dayandırmanın (təxirin) ümumi müddəti 8 ay 16 gün təşkil etdiyi halda, Məcəllənin 38.2-ci maddəsinin 2-ci hissəsi, 38.4 və 38.7-ci maddələrinin tələbləri qaydasında hesablanan səyyar yoxlama müddətinin qeyd olunan hədləri aşılmır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin cavabdeh tərəfindən səyyar vergi yoxlamasını müddətinə riayət olunmadığına əsaslanaraq iddia tələbinin tam təmin olunmasını tələb edən dəlilləri əsassızdır. Məhkəmə kollegiyası həmçinin, cavabdeh vergi orqanının apellyasiya şikayətinin “Azərekspertiza” birliyinin mütəxəssis və ekspert rəylərinə istinadən, müəssisənin elektrik enerjisi sərfiyyatına görə istehsal həcmini müəyyənləşdirən və həmin əsasla iddiaçıya əlavə vergilər hesablanmasını əsaslı hesab edən dəlilləri ilə də aşağıdakılara görə razılaşmır. Birincisi, ona görə ki, mütəxəssis tərəfindən iş vaxtı çərçivəsində müəssisənin bütün istehsal vasitələrini işə salmaqla (texniki nasazlıq, sair fasilələr də nəzərə alınmaqla), məhsulun şərti müəyyən olunan həcminin istehsalına nə qədər elektrik enerjisi sərf olunduğu əyani şəkildə müəyyən edilmədiyi halda nəzəri hesablamaları əsasında gəldiyi nəticə - müəssisədə məhsul istehsalının həqiqi həcminin meyarı kimi qəbul edilə və mötəbər sübutetmə vasitəsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli 9/26 №li ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: -“Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının «Azərekspertiza» birliyindən mütəxəssis cəlb olunmuş və X3 tərəfindən "xxxx" MMC üzrə faktiki istehsal edilmiş döşəmə daşlarının (tamet, bardur) faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, avadanlığın istehsal həcmi və faktik enerji sərfiyyatı əsasında döşəmə daşlarının (tamet, bardur) istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyksiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Yəni xx.xx.2020ci il tarixli **********193935 saylı aktda və xx.xx.2020 ci il tarixli, **********141273 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərarda göstərilən vergi məblələrinin (az hesablanmış vergilər bağlı) və maliyyə sanksiyasının düzgün hesablanmaması müəyyən olunur; - ödəmə mənbəyində tutulmalı vergi üzrə hər hansı əlavə hesablama müəyyən edilmədi. - tədqiqat nəticəsində təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən isə müəssisə tərəfindən vergi orqanına təqdim edilən ƏDV üzrə bəyannamə göstəriciləri arasında kənarlaşma aşkar edilmədi; - həmçinin vergi öəyicisinin təqdim etdiyi 2017-2018ci illər üzrə mənfəət vergisi bəyannamələri üzrə hesablanan vergi məbləğlərində fərq aşkar edilmədi; - təqdim edilmiş sənədlərə əsasən gəlirin əldə edilməsi ilə bağlı iddiaçının xərc sənədləri mövcud olmuşdur. Həmin sənədlərinin hər birinin növü, adı və rekvizitləri. tarixi, seriyası və nömrəsi) təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Həmçinin, həmin sənədlərin gəlirdən çıxılan xərc kimi nəzərə alınmasının vergi qanunvericiliyinin tələblərinə uyğun olması müəyyən olunur. Eyni zamanda iş materiallarında olan gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlərin ciddi hesabat sənədlərinə aid olması müəyyən olunur.” Rəydən görünür ki, ekspert iş materilları hərtərəfli tədqiq eməklə və vergi qanunvericiliyinin tələblərinə və mühasibat uçotu haqqında qaydalara uyğun olaraq aparmaqla həmin rəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinin gəldiyi nəticələri sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməlidir. Qeyd olunanlar baxımından, “Azərekspertiza” birliyinin mütəxəssisi tərəfindən elektrik enerjisi sərfiyyatına görə iddiaçının istehsal həcminin müəyyənləşdirilməsi reallığı əks etdirən və ağlabatan məlumat kimi qəbuledilməzdir. Digər tərəfdən, məhkəmə praktikasında da müvafiq elmi metodikaya əsaslanan istesal həcminin hesablaması hallarına da rast gəlinməmişdir. Qeyd olunanlar baxımından, “Azərekspertiza” birliyinin mütəxəssis və ekspert rəylərinə istinadən cavabdeh vergi orqanı tərəfindən iddiaçının 2017-2019-cu illərin hesabat dövrləri üzrə əlavə mənfəət və ƏDV vergilərinə cəlb olunması və maliyyə sanksiyası tətbiq oulunması qanunsuz və əsassızdır. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinin tələbinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Həmin Məcəllənin 53.3-cü maddəsi isə nəzərdə tutur ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası üzrə «Vinterverp Niderlanda qarşı» (A33(1979)) işdə Məhkəmə bildirmişdir ki, «Hüquqi müəəyyənlik prinsipi lazımi qaydada əlçatan olan və kifayət qədər dəqiq ifadə edilən, yəni «qanun» anlayışının tələblərinə cavab verən dövlətdaxili normativ aktların mövcud olmasını və onlara riayət edilməsini nəzərdə tutur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissələrində qanuni və əsaslıdır. Məhkəmə iddianı qismən təmin etməklə, cavabdehin xx.xx.2020-ci il tarixli **********141273 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarını, iddiaçıya nağd qaydada əmək haqqının ödənildiyinə görə 13.814,45 manat maliyyə sanksiyasının tətbiq edilməsi” hissəsi istisna olmaqla, qalan hissədə qərarı ləğv etməsi və iddianın təmin edilmiş hisəsinə münasib bölüşdürməsi - mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası hər iki tərəfin apellyasiya şikayətinin məhkəmə tərəfindən sübutlara düzgün hüquqi qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-453/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərəflərin apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-453/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar