Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2317/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1957-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" MTK) “sərəncamların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(112)-898/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 28.04.2020-ci il tarixində cavabdeh Bakı şəhəri Nəsimi RİH-ə qarşı « Bakı şəhəri Nəsimi RİH-in 25 sentyabr 2017-ci il tarixli 248 saylı və 7 may 2018-ci il tarixli 158 saylı sərəncamlarının ləğv olunması » tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Nəsimi RİH başçısının 25 sentyabr 2017-ci il tarixli 248 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Bundan əlavə, Bakı şəhəri Nəsimi RİH başçısının 7 may 2018-ci il tarixli 158 nömrəli sərəncamı ilə Nəsimi rayonu S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilmişdir. Bakı şəhəri Nəsimi RİH başçısının 7 may 2018-ci il tarixli 158 nömrəli sərəncamında qeyd olunan ərazilərdəki söküntüyə icazə verilməsinə əsas kimi AR Nazirlər Kabinetinin 26 fevral 2006-cı il tarixli qərarı və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1003 nömrəli 2 iyun 2017-ci il tarixli razılaşma məktubu, Bakı şəhəri Nəsimi RİH başçısının 25 sentyabr 2017-ci il tarixli 248 nömrəli, 25 sentyabr 2018-ci il tarixli 250 nömrəli sərəncamları, AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin 25217 nömrəli 26 aprel 2018-ci il tarixli ekspertiza rəyi göstərilmişdir. "xxxx" MTK Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində Bakı şəhəri Nəsimi RİH başçısının 25 sentyabr 2017-ci il tarixli 248 nömrəli və 7 may 2018-ci il tarixli 158 nömrəli sərəncamlarına əsaslanaraq hazırkı iddiaçıya və onun ailə üzvlərinə qarşı iddia qaldırmışdır. MTK iddiasında aylıq 1.000 manat kirayə haqqı ödəməklə qeyd olunan ünvanda gələcəkdə inşa ediləcək binanın 2-ci girişində, 5-ci mərtəbədə yerləşən (hazırkı iddiaçıya məxsus yaşayış evinin ümumi sahəsinə 20% əlavə etməklə) təmirli mənzillə təmin olunması şərti ilə onun azyaşlı uşaqları ilə birlikdə qeyd olunan fərdi yaşayış evindən çıxarılaraq həmin evin boşaldılması və evin sökülməsinin həmin MTK-ya həvalə olunması barədə qətnamə çıxarılmasını tələb etmişdir. 2020-ci ilin mart ayında qeyd olunan iddia tələbi üzrə mülki işin hazırlıq iclası keçirilmiş və o (hazırkı iddiaçı), həmin vaxt Bakı şəhəri Nəsimi RİH başçısının hazırda mübahisələndirilən sərəncamları barədə məlumat aldığından, mülki işin məhkəmə icraatında sözügedən sərəncamların surətlərini əldə etmişdir. Hesab olunur ki, Bakı şəhəri Nəsimi RİH başçısının 25 sentyabr 2017-ci il tarixli 248 nömrəli, 7 may 2018-ci il tarixli 158 nömrəli sərəncamları qanuni və əsaslı olmadığından ləğv edilməlidir. Ona (iddiaçıya) məxsus olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. Üzərində yerləşdiyi torpaq sahəsinin planı və fərdi yaşayış evinin göstəriciləri isə, fərdi yaşayış evinə dair verilmiş texniki pasportda öz əksini tapmışdır. Beləliklə, qeyd edilən ev tam mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. Bakı şəhəri Nəsimi RİH-in mübahisələndirilən sərəncamları qüvvədə olan qanunvericiliyə, həmçinin AR Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinə və AR Nazirlər Kabinetinin 25 fevral 2006-cı il tarixli qərarına tamamilə ziddir. Belə ki, "xxxx" MTK AR Nazirlər Kabinetinin 25 fevral 2006-cı il tarixli qərarını və Bakı şəhəri Nəsimi RİH-in həmin sərəncamlarını əsas tutaraq onun (iddiaçının) ailə üzvləri ilə birlikdə əmlakına olan mülkiyyət və ondan istifadə hüququna xitam verilməsini və evin sökülməsini tələb edir. AR Nazirlər Kabinetinin 25 fevral 2006-cı il tarixli qərarının 1.1-ci bəndində Nəsimi rayonu üzrə XİX əsrin sonu və XX əsrin əvvələrində tikilmiş yaşayış binalarının sökülməsindən söhbət gedir. Həmçinin həmin qərarın 1.2-ci bəndində hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrini əvəzləşdirilməsinə şərait yaradılmasına dair qərarda adları qeyd olunan RİH-lərinə müvafiq göstəriş verir. Lakin AR Nazirlər Kabinetinin 25 fevral 2006-cı il tarixli qərarını düzgün tətbiq etməyən Bakı şəhəri Nəsimi RİH hazırda mübahisələndirilən sərəncamları verərkən, səlahiyyətli şəxsləri vasitəsi ilə ərazidəki evlərə və torpaq sahələrinə, həmçinin iddiaçının şəxsi mülkiyyətində olan evinə baxış keçirməmiş, əmlakların hüquqi vəziyyətini araşdırmamış, onunla, həmçinin yaxın ətrafda yaşayan digər evlərin mülkiyyətçiləri ilə hər hansı bir danışıqlar aparmamış, bununla da kifayətlənməyib verilən səlahiyyətlərdən sui-istifadə edərək Nəsimi rayonu ərazisi üzrə aparılacaq tikintilərin layihələndirilməsini icarə əsasında nizamnamə kapitalı cəmi 100 manat təşkil edən "xxxx" MTK-nın istifadəsinə vermişdir. Bakı şəhəri Nəsimi RİH-in mübahisələndirilən sərəncamlarında AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1, 75.6-cı maddələrinə istinad edilmiş, burada da həmin normalarla qəbul edilən sərəncamlar tamamilə ziddiyyətlidir. Belə ki, əgər iddiaçıya məxsus evlərin sökülməsindən və onların yerində yeni yaşayış və ya qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsindən söhbət gedirsə, tikintiyə icazə ilə bağlı icraatda maraqlı şəxs olaraq onun iştirakı AR Şəhərsalma və Tikinti Məcəlləsinin 76-cı maddəsinə əsasən zəruri idi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən mütləq təmin edilməli idi. Bundan başqa, Bakı şəhəri Nəsimi RİH ərazi planlaşdırılması sənədlərinin layihələrini təsdiq etmiş və yeni yaşayış və ya qeyri-yaşayış binalarının tikintilərinin layihələndirilməsini "xxxx" MTK-ya həvalə etmişdir. Lakin RİH bu barədə həmin ərazidə mülkiyyət sahibləri olan şəxsləri (iddiaçını və yaxın qonşuları) məlumatlandırmadan gizli formada belə bir sərəncam qəbul etmiş, onların ərazi planlaşdırılması ilə bağlı öz mövqeyini ifadə etmək, etiraz və təklifləri bildirmək imkanından məhrum etmiş, onlarla hər hansı bir ictimai müzakirə keçirilməmiş, bununla da hüquqları və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bakı şəhəri Nəsimi RİH-in 7 may 2018-ci il tarixli sərəncamında ərazidə yerləşən evlərin, o cümlədən qeyri-yaşayış sahələrinin, o cümlədən onlara məxsus olan yaşayış evləri və qeyri-yaşayış sahələrinin sökülməsinə və onların yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsinə əsas kimi, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1003 saylı 2 iyun 2017-ci il tarixli razılaşma məktubuna istinad edir. «Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci tarixli 274 saylı Fərmanında AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılaşma məktubu ilə deyil, həmin Komitənin müvafiq rəyi əsasında tikintiyə icazə verilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Nəsimi RİH-in həmin sərəncamlarında AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin 25217 saylı 26 aprel 2018-ci il tarixli ekspertiza rəyinə istinad edilmişdir ki, qeyd etdiyi təşkilatın hər hansı bir nümayəndəsi iddiaçının mülkiyyətində olan daşınmaz əmlaklara baxış keçirməmiş, belə bir təkliflə də müraciət etməmişlər. Halbuki, ona məxsus olan fərdi yaşayış evi ümumi sahəsi 867,2 kv.m təşkil etməklə 3 mərtəbədən ibarətdir. Həmin evin tikilməsi üçün sərf edilən materiallar 1989-cu ildə Rusiya Federasiyasından gətirilmiş və öz şəxsi vəsaiti hesabına inşa edilmişdir, hazırda da tam təmirli vəziyyətdə və yaşayış üçün tam yararlı formadadır, ailə üzvləri ilə bərabər də ümumi birgə istifadəsindədir. "xxxx" MTK da ona Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qaldırılan iddia ərizəsində AR FHN TTND Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnistutunun 17 aprel 2017-ci il tarixli aktına istinad etmişdir ki, həmin aktda da iddiaçının yaşadığı evə deyil, ona məxsus fərdi yaşayış evindən tamamilə fərqli istiqamətdə, demək olar ki, iki küçə uzaq məsafədə yerləşən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 941-ci məhəllədə yerləşən yaşayış binasına vizual texniki baxış keçirildiyi, həmin yaşayış binasının mövcud tikinti norma və qaydalarına uyğun olmadığı, mövcud şəhərsalma tələblərinə cavab vermədiyi, şəhərin ümumi görünüşünə xələl gətirdiyi qeyd edilmişdir. Hazırda da həmin yaşayış binası qeyd edilən MTK tərəfindən sökülmüş və yerində yeni yaşayış binası inşa edilmişdir. Bakı şəhəri Nəsimi RİH 25 sentyabr 2017-ci il tarixli 248 saylı sərəncamının icrası istiqamətində həmin sərəncama uyğun RİH ilə MTK arasında 9 oktyabr 2017-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilənin 1.2-ci bəndində Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsində tikiləcək binanın (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) RİH tərəfindən layihələrinə razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi həmin binanın ərazidəki sakinlərlə Şirkət arasında razılaşmalar əldə olunduqdan və müqavilələr imzalandıqdan sonra verilməsi göstərilmişdir. Müqavilənin 2.1- ci bəndinə görə isə, binaların tikintisi üçün zəruri ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilənin imzalandığı tarixdən 2 ay müddətinə tam razılıq əldə edərək zəruri müqavilələr imzalamaq kimi bir öhdəlik "xxxx" MTK-nın üzərinə qoyulmuşdur. Lakin iddiaçının mülkiyyətində olan evlərə dair müqaviləni bağlayan və bu zaman onu da müqavilənin bir tərəfi kimi cəlb etməyə ehtiyac duymayan Bakı şəhəri Nəsimi RİH bununla da kifayətlənməmişdir. Belə ki, bu müqavilənin şərtlərini icra etməyən, yəni nəinki onunla, həmçinin yaxın ətrafda yaşayan heç bir qonşu ilə razılaşma əldə edib müqavilə bağlamayan "xxxx" MTK ilə növbəti dəfə razılığa gəlmiş və bu dəfə də 7 may 2018- ci il tarixli 158 saylı sərəncamını vermiş və Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsini icarə əsasında "xxxx" MTK-nın istifadəsinə vermişdir. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(112)-898/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxs “Teymuroğlu" Mənzil Tikinti Kooperativinə qarşı «sərəncamların ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Bakı şəhəri Nəsimi RİH-in 25 sentyabr 2017-ci il tarixli 248 nömrəli sərəncamında qeyd edilmişdir ki, “AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1003 saylı 2 iyun 2017-ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V,Çəmənzəminli küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilsin. Sifarişçiyə tapşırılsın ki, sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin, ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilsin, ərazinin və obyektin tikintisi üçün eskiz layihəsinin memarlıq-planlaşdırma bölməsini Rayon İcra Hakimiyyəti ilə razılaşdırsın, Aidiyyəti qurumların müvafiq rəyi alındıqdan sonra işçi layihəsinin memarlıq-planlaşdırma bölməsini razılaşdırılması üçün Rayon İcra Hakimiyyətinə təqdim etsin, Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl əlaqədar təşkilatlarla razılaşdırılmaqla həmin kommunikasiyaların öz vəsaiti hesabına köçürülsün. Layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlənməlidir. AR Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı qərarının 1.1-ci bəndinə və AR Torpaq Məcəlləsinin 50, 51, 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, Nəsimi RİH sifariş torpağın icarə müqaviləsinin bağlanmasını və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsində hüququnun qeydiyyata alınmasını təmin etsin. Yuxarıda qeyd edilən bəndlərin və eləcə də AR Şəhərsalma Tikinti Məcəlləsinin 77-ci maddəsinin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməzsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Torpaq sahəsi üzərində hüquqlara xitam verilməsinin müddəti AR Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Tikinti obyektinin istismarına icazə verilməsi AR NK-nın 16 sentyabr 2014-cü il tarixli 309 nömrəli, 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarlarına və AR Şəhərsalma və Tikinti Məcəlləsinin 101 – 104-cü maddələrinə əsasən RİH tərəfindən həyata keçirilsin.” - Bakı şəhəri Nəsimi RİH-in 7 may 2018-ci il tarixli 159 nömrəli sərəncamında qeyd edilmişdir ki. “AR Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarını rəhbər tutaraq, "xxxx" MTK-nın müraciətini, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1, 75.6- cı maddələrini və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1003 saylı 2 iyun 2017-ci il tarixli razılaşma məktubunu (təqdim olunmuş layihəyə əsasən), Bakı şəhəri Nəsimi RİH başçısının 248 saylı 25 sentyabr 2017-ci il tarixli və 250 saylı 25 sentyabr 2017-ci il tarixli sərəncamlarını, AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin 25217 saylı 26 aprel 2018-ci il tarixli ekspertiza rəyini nəzərə alaraq, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilsin.” - Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə aşağıdakılar barədə 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərar qəbul etmişdir (qərar hazırda qüvvədən düşmüşdür): - 1. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Cavabdeh, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyəti və Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: - (1.1) mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının. Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; - (1.2) mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; - (1.3) qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “iddaçının ona məxsus yaşayış evindən kompensasiya ödənilməklə çıxarılması tələbi üzrə mülki iş aidiyyəti məhkəmənin icraatındadır və həmin iş üzrə evin sökülməsinin mümkünlüyü onun şəhərin ümumi görünüşünə xələl gətirməsi, qəzalı vəziyyətdə olub-olmaması, istismar müddətinin başa çatıb-çatmaması kimi əlamətləri nəzərə alınmaqla qiymətləndiriləcəkdir. Sərəncam qeyd olunan həmin kriteriyalara uyğun gələn tikililərin sökülməsini şərtləndirir. İddiaçının dəlili isə belədir ki, ona məxsus evin əlamətləri bu meyarlarla uzlaşmır. Ona görə də həmin sərəncam qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» AR Qanununun 17, 67-ci maddələrinə zidd sayıla bilməz. Odur ki, hazırkı icraatda cavabdehin 7 may 2018-ci il tarixli 159 nömrəli sərəncamının iddiaçının hüquqlarını pozması qənaətinə gəlmək üçün əsas mövcud olmur. Belə olan halda, iddiaçının mübahisələndirdiyi hər iki sərəncam – 7 may 2018-ci il tarixli 159 nömrəli və 25 sentyabr 2017-ci il tarixli 248 nömrəli sərəncamlar qanuna zidd və onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan 21.04.1992-ci il tarixli, 30/2513 №-li qeydiyyat vəsiqəsinin surətinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi iddiaçının sökülməsinə razılıq vermədiyi fərdi yaşayış evi onun mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsində qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Göründüyü kimi istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktında, istərsə də, iddiaçı tərəfindən ləğv edilməsi tələb edilmiş cavabdeh inzibati orqanın müvafiq sərəncamlarında , “hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsi” qeyd edilmişdir. Lakin, iş materiallarından və iddiaçının izahatından onun mülkiyyətində olan fərdi yaşayış sahəsinin sökülməsinə hər hansı razılıq verməsi müəyyən edilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş mülkiyyət hüququnun birbaşa olaraq pozulduğunu nəzərə almamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın əsas prinsiplərindən olan inzibati icraatda maraqlı şəxslərin iştirakı prinsipi pozularaq, maraqlı şəxslərin dinlənilmə hüququ təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və iddianı təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(112)-898/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Cavabdeh 25 sentyabr 2017-ci il tarixli 248 saylı və 7 may 2018-ci il tarixli 158 saylı sərəncamları ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə münasibətdə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2317/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2317/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver