Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2318/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1376/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək fövqəladə hallar orqanlarından xaric edilməyi barədə Azərbaycan Respublikası Cavabdeh 07 iyun 2021-ci il tarixli 0725/ş saylı əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə qərar icra edilən dövrə qədər orta aylıq əmək haqqının hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1376/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə şikayətin təmin edilməsin və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. 10.0.3. Fövqəladə hallar orqanları əməkdaşları fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə borcludurlar. 10.0.10.Fövqəladə hallar orqanları əməkdaşları etik davranış və intizam qaydalarına əməl etməyə borcludurlar. 26.1. Fövqəladə hallar orqanlarının əməkdaşları təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş geyim forması və fərqləndirmə nişanları ilə təmin olunurlar. 26.3. Geyim formasının daşınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: -töhmət;(31.1.2) -fövqəladə hallar orqanlarından xaric etmə (31.1.8) 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: -fövqəladə hallar orqanlarından xaric edildikdə. (31.1.12) Şərh olunan qanunvericiliyin müddəalarından görünür ki, fövqəladə hallar orqanlarında əməkdaşlar üç kateqoriyaya ayrılır: hərbi qulluqçular, xüsusi rütbəsi olan əməkdaşlar və dövlət qulluqçuları. Nəzərə alınmalıdır ki, hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan xüsusi rütbəli əməkdaşdan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, onların xüsusi xarakter daşıyır. Bu bilavasitə onunla bağlıdır ki, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə fövqəladə hallar orqanlarının işçisi öz vəzifə borcunu layiqincə yerinə yetirməli, xidməti fəaliyyətində yüksək peşəkarlığı, insani keyfiyyətləri və işdən kənar davranış mədəniyyəti ilə fövqəladə hallar orqanının nüfuzunu daim artırmalıdır. Bu müstəvidən çıxış edərək belə bir nəticəvi qənaətə gəlmək olar ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda nümayiş etdirdiyi hərəkətlər qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini özündə ehtiva etməlidir. Nəzərə alanda ki, iddiaçı rütbəsinə (daxili xidmət mayoru) və tutmuş olduğu vəzifəsinə (Dövlət yanğın nəzarti şöbəsinin inspektoru) görə intizamın daim yüksək səviyyədə saxlanılmasını təmin etməyə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyana, əsas hüquq və vəzifə standartlarına, Azərbaycan Respublikası Cavabdeh müvafiq əmrlərinin tələblərini rəhbər tutmalı, həmçinin cəmiyyətdə qəbul edilmiş etik qaydalara dönmədən əməl etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı barəsində fövqəladə hallar orqanlarından xaric edilməsi ilə bağlı qəbul edilmiş əmrin əsasında şəxsin “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 10.0.3 və 10.0.10-cu maddələrində nəzərdə tutulmuş tələblərinin pozması dayanır. Belə ki, Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru, daxili xidmət mayoru İddiaçı barəsində toplanmış materiallarda göstərilmişdir ki, Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin rəisi general mayor tərəfindən verilmiş təqrirdə, daxili xidmət mayoru İddiaçı idarə etdiyi avtomobil ilə Nazirliyin Tibb Xidmətinin ümumi şöbəsinin rəisi, kapitan X1 yaşadığı binanın həyətinə gələrək sonuncunun idarə etdiyi avtomobilinin qarşısını kəsdiyi, ona hədə-qorxu gələrək təhqir etdiyi, bundan başqa, daxili xidmət mayoru İddiaçı eyni hərəkətlərini bir daha təkrarlayaraq kapitan S.Hacıyevanın idarə etdiyi avtomobilinin arxasında gələrək onun xidmət etdiyi binanın həyətində bilərəkdən avtomobili ilə qəza şəraiti yaradaraq, kapitan S.Hacıyevanın sağlamğlığına xələl yetirməyə çalışdığı, yaxınlıqda olan digər nəqliyyat vasitəsi ilə qəza törədərək hadisə yerindən qaçdığı, dəfələrlə kapitan S.Hacıyevanı nalayiq sözlərlə təhqir etdiyi göstərilmişdir. Bundan başqa təqrirdə həmçinin, daxili xidmət mayoru İddiaçı xüsusi geyim formasında kapitan Sevər Hacıyevanı nalayiq sözlərlə dəfələrlə təhqir etməsi ilə bağlı video görüntülərin araşdırma zamanı təsdiqi tapdığı da göstərilmişdir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının fövqəladə hallar orqanlarından xaric edilməsi ilə bağlı əmrin qəbul olunmasında əsas Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin rəisi general mayor Valeh Abdullayev tərəfindən verilmiş təqrir və Nazirliyin Tibb Xidmətinin ümumi şöbəsinin rəisi, kapitan X2 tərəfindən verilmiş izahat ilə yanaşı, həmçinin iddiaçının etik davranış qaydalarına riayət etməməsini təsdiq edən video görüntülər təşkil edir. Məhkəmə icraatı zamanı iddiaçı barəsində olan inzibati icraat materiallarında həmçinin video görüntünün təqdim edilməsi də təmin olunmuşdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaranmış mübahisənin həllində mühüm rol oynayan arqumentlərdən biri də həmin video görüntülərin mövcudluğudur. Bu video görüntünün sübut qismində qəbul edib-edilməməsi istiqamətində qiymətləndirmənin aparılması isə aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Media haqqında Azərbaycan Respublikasının Qanunun: 21.1. Gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yalnız aşağıdakı hallarda yol verilir: 21.1.1. barəsində gizli audio və ya video yazısı, foto çəkilişi aparılmış şəxsin bu materiallardan istifadəyə və ya onların yayılmasına yazılı razılığı varsa, habelə digər şəxsin (şəxslərin) Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə; 21.1.2. məhkəmənin qərarı ilə nümayiş etdirilirsə. 36 21.2. Bu Qanunun 21.1-ci maddəsinin tələblərini pozaraq gizli audio-video yazılardan, film və foto çəkilişlərindən istifadə olunması və onların yayılması qadağandır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Bundan başqa həmin Qərarda göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyidən və qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq belə nəticəyə gəlir ki, hazırki mübahisənin əsasında duran yeganə dəlil şəxsin (iddiaçının) etik davranış qaydalarına riayət etməməklə inzibati orqanın nüfuzuna xələl gətirməsi təşkil edir ki, bu zaman şəxsin həqiqətən də etik davranış qaydalarına riayət edib-etməməsi bu növ sübutlar (video, audo və s.) əsasında müəyyən edilə bildiyindən, məhkəmə icraatı zamanı təqdim olunmuş video yazılar iddiaçının şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilməməli və sübut qismində dəyərləndirilməlidir. Bu aspektdən irəli çıxdıqda məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru, daxili xidmət mayoru İddiaçı geyim formasında nalayiq sözlərdən istifadə etməsi halı aşkar olunmuşdur. Doğrudur ki, video görüntü əsasında təhqir edilən şəxsin həqiqətən də kapitan Sevər Hacıyeva olub-olmamasını müəyyən etmək mümkün deyildir. Lakin, nəzərə alınmalıdır ki, təhqir edilən şəxsin kimliyindən asılı olmayaraq iddiaçının xüsusi geyim formasında olduğu anda ifadə etdiyi nalayiq sözlər onun etik davranış qaydalarına riayət etmədiyini göstərir və ən əsası fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkət kimi qiymətləndirilir. Bundan başqa Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının əvvəlki işlədiyi dövrlərdə də etik davranış qaydalarına riayət etməyərək şiddətli töhmət aldığı da müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, inzibati orqan iddiaçı tərəfindən birinci dəfə etik davranış qaydalarına riayət etməməsinə görə onu xidmətdən xaric etməmiş, əksinə ona şiddətli töhmət vermiş, bununla da əməkdaşada gələcəkdə bu növ hərəkətlərə yol verilməməsi üçün imkan yaratmışdır.Buna baxmayaraq, iddiaçı “Töhmət” intizam tənbehindən nəticə çıxarmadığına görə fövqəladə hallar orqanından xaric edilmişdir. Doğrudur adıçəkilən Qanunda Məzəmmət (irad), töhmət və şiddətli töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olması qeyd edilsə də, həmin töhmət əmrinin qüvvədə olmaması ilə bağlı hal özü özlüyündə iddiaçının xidmətdən xaric edilməsi ilə bağlı məsələyə qiymət verilərkən birbaşa məcburi qüvvəyə malik olmasa da nəzərə alınmamalı olan hal kimi dəyərləndirilməməidir. Belə ki, iddiaçının xidmətdən xaric edilməyə səbəb olan hərəkətlərə yol verməsi töhmət intizam tənbeh tədbirindən nəticə hasil etməməyinin göstəricisi qismində çıxış edir. Belə olan halda Məhkəmə hesab edir ki, fövqəladə hallar orqanının əməkdaşları tərəfindən etik davranış qaydalarının pozulması intizam məsuliyyətinə cəlb edilmə üçün əsas olduğundan, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmr əsaslı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 334/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur, “İddiaçı isə sadalanan halları qəbul etməyərək həm iddia ərizəsində, həm də apellyasiya və kassasiya şikayətlərində ona istinad etmişdir ki, cavabdeh tərəfindən ona qanunsuz göstərişlər verilmiş, birbaşa rəisi ona qarşı “Daxili işlər orqanları əməkdaşlarının”nin tələblərinə zidd hərəkətlər etmiş, onu nalayiq ifadələrlə təhqir etmişdir. Kassasiya şikayətində iddiaçı bildirmişdir ki, İTB-nin rəisi Hümbətəliyev Nicat qərəzli şəkildə iddiaçını işdən çıxarmaq üçün şərait yaradıb. Lakin iddiaçının dəlilləri işə aşağı instansiya məhkəmələrində baxılarkən məhkəmə araşdırmaları nəticəsində öz təsdiqini tapmamışdır. Eyni zamanda, iddiaçı bununla bağlı kassasiya şikayətində də hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, məhkəmə araşdırmaları zamanı cavabdehin təqdim etdiyi xidməti araşdırma materialları əsasında iddiaçının “Daxili işlər orqanları əməkdaşlarının”nin 1, 9, 11 və 14-cü maddələrinin tələblərini pozduğu aşkar edilmişdir. Hazırkı qərarın 13-14-cü bəndlərində göstərilən normaların məzmunundan isə görünür ki, daxili işlər orqanlarının əməkdaşları tərəfindən etik davranış qaydalarının pozulması intizam məsuliyyətinə cəlb edilmə üçün əsasdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, yuxarıda məhkəmə təcrübəsinin formalaşdırılması mövqeyi kimi gətirdiyi məhkəmə qərarında tərəflər və xidmətdən xaric edildiyi şəxsin xidmət etdiyi orqan fərqli olsa da, iddianın mahiyyəti etibarı ilə nalayiq ifadələrlə təhqir etməsi nəticəsində etik davranış qaydalarına riayət etməməsi səbəbi ilə şəxsin (həmin iş üzrə iddiaçının) xidmət xaric edilməsinə dair qəbul olunmuş əmr əsaslı hesab olunmuşdur Kollegiya apellyasiya şikayətinə münasibətdə bildirir ki, iş materialları və qanunvericiliyin müddəaları baxımından şikayət düzgün əsaslandırılmamışdır . Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə uyğun olaraq mübahisələndirilən inzibati akt, hazırkı halda cavabdehin əmrinin qəbul edilməsinin zəruri edən faktiki şərtin mövcudluğu cavabdeh tərəfindən sübut edilmişdir ki, faktiki şərtin sübut edilməsi həmin inzibati aktın məhkəmə qaydasında ləğvini istisna edən hal kimi qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmamasına dair qərar qəbul etmişdir. Adıçəkilən maddənin tələbindən görünür ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə olan halda isə iddia rədd edilməlidir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1376/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2318/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2318/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver