Məhkəmə qərarları › İş №2-1(103)-2318/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2318/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2318/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6044/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3029/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.2008-ci il tarixdə aldığı “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi” xəsarətinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması qərara alınmışdır.

2. Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2-1(112)-3029/2021 saylı inzibati iş üzrə icraata dair yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)3029/2021 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-1(112)- 3029/2021 saylı inzibati iş üzrə icraata dair yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır.

4. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək icraatın təzələnməsi barədə ərizənin ləğv edilməsi və ona dəymiş 20.000 manat maddi ziyanın ödənilməsini xahiş etmiş, iddiaçının müraciətinə cavab verilməmişdir. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20.000 manat maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 3 il əvvəl Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3029/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış və icra edilmiş qərarı ilə bağlı Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixli icraatın təzələnməsinə dair ərizə yazmaqla, onun hüquqlarını pozmaqla, qanunların aliliyinə biganə münasibət bəsləməklə ona külli miqdarda maddi zərər vurmuşdur. Yəni haqsızəsassız olaraq qanuni qüvvəsini almış qərarı mübahisələndirməklə, onun müraciətinə müsbət cavab verməməklə, məhkəmə çəkişmələrinə cəlb edilməsi ilə, məhkəməyə sənədləri hazırlamasına, yol xərclərinə, sənədləri toplayarkən bir çox hüquq müdafiəçilərindən ödənişli məsləhət almasına və sair bu kimi hallara yol verilməsi nəticəsində ona 20.000 manat maddi zərər vurulmuşdur.

7. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya münasibət bildirməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6044/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 20.000 manat maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi təmin edilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6044/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6044/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını ləğv edib, iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Azərbaycan Respublikası Laçın rayonu Pircahan kəndində anadan olmuş, 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş, xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. İddiaçı hal-hazırda ehtiyyatda olan zabit, Prezident təqaüdçüsü, 2-ci qrup müddətsiz, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. O, 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. O, xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan cəbhədə Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan 44 gündük X1, Tərtər və Murovdağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur. O, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinə müraciət edərək Müdafiə Nazirinin 11 dekabr 2007-ci il tarixli 0113 əmrinə əsasən N nömrəli hərbi hissənin döyüş şəraitində yerləşməsi və döyüş əməliyyatı aparması barədə müraciətinə yazılı məlumat verilməsini xahiş etmiş, lakin onun müraciətinə cavab verilməyərək Müdafiə Nazirinin 11 dekabr 2007-ci il tarixli 0113 əmrinə zidd olan qaydada Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsi xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Hüquq İdarəsinə cavab məktubu yazaraq qeyd etmişdir ki, güya N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Bəs onda Müdafiə Nazirinin 11 dekabr 2007-ci il tarixli 0113 əmri səfdir, ancaq Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin əmrə istinad etmədən yazdığı məktub düzdür. Belə olan halda önəmli inanılacaq əmrlər Müdafiə Nazirliyinin deyil, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin məktubları olmalıdır. Əlavə olaraq ona dəymiş maddi zərərə görə məhkəmə vəzifəsinə uyğun olaraq hüquqi yardım göstərmədən, cavabdehin vəkili rolunda çıxış edərək iddianı təmin etməmişdir. Bakı İnzibati Məhkəməsi işi tam araşdırmadan aidiyyatı barədə qərar qəbul etmişdir. O, bu barədə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə aidiyyat məsələsini və digər mühüm əhəmiyyətili halları araşdırmadan əsassız olaraq qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarının, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının İPM-in 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Ona görə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6044/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə etirazın dəlilləri

11. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, İddiaçı məhkəmə iclasında iştirak etməmiş və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

13. Maddə 60. İ.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

20. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

21. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:

22. Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;

23. Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır;

24. Maddə 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.

25. Maddə 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır.

26. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

27. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

28. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

29. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

31. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

32. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

33. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

34. Maddə 90.1.Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

35. Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə,inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

36. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 2006-ci il 30 mart tarixli, 5 nömrəli Qərarının 2 və 3-cü bəndlərində təsbit edilmdişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir.

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

38. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

39. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

40. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

41. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

42. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad olunan maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmalıdır.

45. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3029/2021 saylı qərarı ilə İddiaçı xx.xx.2008-ci il tarixdə aldığı “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi” xəsarətinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması qərara alınmış, ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 2-1(112)- 3029/2021 saylı inzibati iş üzrə icraata dair yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi icraatın təzələnməsi barədə ərizə verdiyindən iddiaçı cavabdehə qarşı hazırkı tələbi, yəni vurulmuş maddi ziyana görə 20.000 manat tələbini irəli sürmüşdür.

46. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı ona vurulan və məbləği 20.000 manat təşkil edən maddi ziyanın 3 il əvvəl qanuni qüvvəsini alan və icra edilən Bakı İnzibati Məhkəməsinin 2-1(112)3029/2021 nömrəli, 5.04.2021-ci il tarixli qərarı üzrə cavabdehin 2-1(112)-3029/2021 saylı inzibati iş üzrə icraata dair yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etməsi, cavabdehin onun müraciətinə cavab verməməsi, məhkəmə çəkişmələrinə cəlb edilməsi, məhkəməyə sənədləri hazırlaması, yol xərclərinə, göstərilən hüquqi xidmətlərə görə vəsait sərf etməsi nəticəsində yaranmasını iddia edir.

47. Tədqiq olunan sübutlara məcmu halında qiymət verib Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması halını sübutetmə vəzifəsini daşıyan iddiaçı birinci instansiya məhkəməsində olduğu kimi apellyasiya şikayətinə baxılarkən də hər hansı bir sübutunu, yəni cavabdehin təqsirli, hüquqa zidd əməli nəticəsində ona maddi ziyan vurulması nəticəsində hər hansı məbləğdə xərc çəkməsini təsdiq edən sənədlərini məhkəməyə təqdim etmədiyindən tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, demokratik cəmiyyətin və hüquqi dövlətin möhkəmlənməsi və inkişafına təkan verən əsas hüquqlar sırasında müraciət etmək hüququ xüsusi yer tutur. Həmin hüququn təmin olunması hər kəsin sosial, siyasi, iqtisadi hüquq və azadlıqlarının, o cümlədən təhlükəsizliyinin qorunması və müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, onların daha dolğun həyata keçirilməsinə zəmin yaradır (“M.A.Muradovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 aprel 2004-cü il tarixli Qərarı).

49. Cavabdehin məhkəməyə müraciət etmək hüququndan istifadə etməsi halı isə özüözlüyündə iddiaçıya maddi ziyan vurulması ilə nəticələnə və maddi ziyan vurulması halı kimi qiymətləndirilə bilməz. Belə ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.

50. Məhkəmə müdafiə hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi qəbul olunur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir.

51. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi hazırkı işə aidiyyatı üzrə baxılmaması ilə bağlı dəlili üzrə qeyd edir ki, birinci instansiya məhkəməsi aidiyyat məsələsini yoxlayaraq iddiaçının məcburi köçkün kimi Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsində faktiki olaraq məskunlaşmasını müəyyən etmiş, hazırkı işə baxılarkən aidiyyət qaydaları da pozulmamışdır. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

52. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6044/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar