Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2319/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçının ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1891/2021 saylı, 14.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində şərh olunan faktiki hallara görə iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti (mayor) kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edir. O, raportla Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinə müraciət edərək «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrdən ehtiyata buraxılmasını xahiş etmiş, lakin sonuncu tərəfindən cavab verilməmiş və iddiaçı İPM-in 39.1-ci maddəsinə müvafiq olaraq məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1891/2021 saylı, 14.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “j” bəndinə müvafiq olaraq öz arzusu ilə ehtiyata buraxılması öhdəliyi cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, şikayət üzrə apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərar əsassızdır. Belə ki, iddiaçı 3 oktyabr 1996-cı ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Hal-hazırda Müdafiə Nazirliyinin N saylı hərbi hissədə xidmət edir. O, N ildən artıq zabit heyəti vəzifələrində xidmət etmiş, kifayət qədər təcrübəli zabitdir. Peşəkar və təcrübəli zabit olduğunu, AR Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlandığını və halhazırda Silahlı qüvvələrdə xidmət etməsi nəzərə alınaraq, onun barəsində ehtiyata buraxılmağa dair məqsədəuyğun hesab edilməmişdir. Bundan başqa, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 16-cı maddəsinə görə dinc dövrdə həqiqi həqiqi xidmətdə olmağın son yaş həddi kiçik zabitlər (o cümlədən mayor, polkovnik-leytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmişdir. Odur ki, həqiqi hərbi xidməti davam etdirilməsini istisna edən əsaslar olmadığı halda, mayor hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa, yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. Müdafiə Naziriyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun istifadə olunmaq üçün zabitlər 10 il müddətində peşəkar bir zabitə çevrilir, yüksək səviyyəli təcrübə toplayır, öz vəzifəsi üzrə praktik vərdişlər əldə edir, hərbi xidmət zamanı yiyələndiyi bilik, təcrübə və bacarıqlarından gənc zabitlərin hazırlanmasında böyük rolu olur. 10 ildən artıq xidmət etmiş zabit heyəti vəzifələrində xidmət etmiş hərbi qulluqçuların könüllü olaraq ehtiyata buraxılmaq arzusuu hal-hazırda məhkəmə qətnamələri əsasında həyata keçirilməsi Silahlı Qüvvələrin peşəkar, təcrübə toplamış zabitlərinin itirilməsi, bununla da müharibə şəraitində yaşayan zabit kadrlərin böyük çatışmazlığına gətirib çıxaracaq. Nəticədə ölkənin mənafeyinin suaerenliyinin ərazi bütövlüyünün və müstəqilliyinin mülafiəsi üçün yaradılmış Silahlı Qüvvələr qarşısında qoyulan əmr və tapşırıqların tam dəqiq və vaxtında yerinə yetirilməsnə təsir göstərə bilər…» Məhkəmə kollegiyasının iclasları barədə və məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxıla biləcəyi barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclaslarında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının 16.09.2021-ci il tarixli iclasında iştirak edən İddiaçı və hazırkı məhkəmə iclasında iştirak edən vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmamış, iddiaçının 10 ildən çox xidmət etməsi və onun ehtiyata buraxılması zəruriyyətinin xəstə anasının təcili müalicəyə və qulluğa ehtiyacının olmasından irəli gəldiyi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının tələbindən göründüyü kimi, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması baarədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. İş materiallarına, o cümlədən, cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərinə əsasən müəyyən olunur ki,iddiaçının 1996-cı ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrdəndə hərbi xidmət etdiyi və hal-hazırda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində (mayor rütbəsində) xidmət etdiyi işin mübahisələndirilməyən hallarıdır. Eyni zamanda, iddiaçının işə əlavə olunmuş N saylı hərbi hissə komandirinə ünvanlanmış 27.07.2020-ci il tarixli ərizəsindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən görünür ki, onun tərəfindən iddiaçının ehtiyata buraxılması barədə ərizəsinə cavab verilməsə də, faktiki olaraq, konkret halda, onun 10 ildən artıq zabit heyəti vəzifələrində xidmət edən kifayət qədər təcrübəli və ixtisasına uyğun hazırlanmış zabit olduğu və hal-hazırda xidmətini davam etdirdiyi nəzərə alınaraq ehtiyata buraxılması məqsədəuyğun hesab edilmir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh faktiki olaraq iddiaçının ərizəsinin təmin olunmasından imtina edir. Apellyasiya şikayətində cavabdeh, bu mövqeyini həm də onunla əsaslandırır ki, Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 16-cı maddəsinə əsasən dinc dövrdə həqiqi həqiqi xidmətdə olmağın son yaş həddi kiçik zabitlər (o cümlədən mayor, polkovnikleytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edildiyini qeyd edərək, dolayısı ilə imtinanın əsası olaraq bildirir ki, həqiqi hərbi xidməti davam etdirilməsini istisna edən əsaslar olmadığı halda, mayor hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa, yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri iddiaçının öz arzusu ilə ehtiyata buraxılmaq hüququnu məhdudlaşdıra bilməz. Çünki, onun bu hüququ Azərbaycan Respublikasının qanunvericiliyinin aşağıda qeyd olunan imperativ normaları ilə müəyyən edilmişdir: Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.9-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. «Hərbi xidmətkeçmə haqqında” Qanunun 156-cı maddəsinin «j» bəndinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Qanunvericiliyin qeyd olunan normalarından göründüyü kimi, azı 10 il xidmət etmiş zabit öz arzusu ilə Silahlı Qüvvələrindən ehtiyata buraxılmasına dair müvafiq müraciəti mövcud olduğu təqdirdə ehtiyata buraxılmalıdır. Yəni, konkret halda 10 ildən çox hərbi xidməti olan mayor rütbəli iddiaçının öz arzusu ilə ehtiyata buraxılmaq hüququ, cavabdeh orqanın onun bu hüququnu yerinə yetirmək kimi öhdəliyi ilə qarşılanmalıdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının öz arzusu ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmasını zəruri edən faktiki şərtlər mövcuddur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin 10 ildən çox xidmət etmiş və mayor rütbəsini daşıyan iddiaçının peşəkar və təcrübəli zabit olduğunu və ehtiyata buraxılması üçün 48 yaş həddinə çatmadığını əsas gətirən dəlilləri iddiaçının ehtiyata buraxılmasından imtina üçün əsas ola bilməz. Əks təqdirdə, onun qanunla qorunan hüquqları pozulmuş olur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1891/2021 saylı, 14.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1891/2021 saylı, 14.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2319/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2319/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver