Məhkəmə qərarları › İş №2-1(103)-2319/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2319/2022

21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2319/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs Zəngilan Rayon İcra Hakimiyyəti) «müavinətin bərpa edilməsi dair” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1560/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona və uşaqlarına məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin dayandırıldığı vaxtdan bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı1 ailə üzvləri ilə 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün düşməklə Sumqayıt şəhərində məskunlaşmış X3 ilə ailə həyatı qurmuş, birgə nikahdan 1997-ci il təvəllüdlü oğlu Firidun, 1998-ci il təvəllüdlü qızı Fəridə və 2002-ci il təvəllüdlü oğlu Fərid anadan olmuşdur. Lakin sonradan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsinə əsasən onlar boşanmış və həmin vaxtdan uşaqları ilə yaşayır. Keçmiş həyat yoldaşı valideynlik borcunu yerinə yetirmədiyi üçün məhkəmə qətnaməsinə əsasən valideynlik hüququndan məhrum edilmişdir. İddiaçı 2-ci qrup əlil, əmək qabiliyyətsizdir. O, övladlarına görə bir müddət yemək xərci almış, lakin 2019-cu ilin iyul ayından çörək pulu müavinəti dayandırılmışdır. Bundan sonra o, cavabdeh Komitəyə müraciət edərək, həmin müavinətin bərpa edilməsini xahiş etmiş, lakin həmin müavinət bərpa olunmuş, sentyabr 2019-cu il tarixdən iddiaçının yemək xərci müavinəti kəsilmişdir. İddiaçı və uşaqlarının adında hər hansı bir ev, mənzil yoxdur, müavinətin dayandırılmasına səbəb kimi onun yerli sakinlə ailə qurması göstərilir. Halbuki, artıq 17 il həmin şəxslə boşanmış və bütün ailə bağları qırılmışdır. İddiaçı şəxsiyyət vəsiqəsi üzrə Zəngilan rayonunun qeydiyyatındadır və bu rayonun sakini sayılır. 2021-ci ilin iyun ayının əvvəlində cavabdehə müraciət edərək onun və uşaqlarının aylıq çörək pulu müavinətinin 2019-cu ilin iyul ayından bərpa edilməsini və ödənilməsini xahiş etmiş, cavab verilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının məcburi köçkünlərə yemək xərci ilə bağlı tələbi Komitəyə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciəti Komitənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, 01/22179 nömrəli 15 oktyabr 2020-ci il tarixli məktubu ilə Zəngilan Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Qaydanın tələblərinə görə vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-1560/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdirlər. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, eyni zamanda aşağıdakılar qeyd olunmuşdur: Şikayət iddiaçılar tərəfindən onunla əsaslandırılmışdır ki, qərarla razı deyillər. İşə baxan məhkəmə qarşı tərəfin dəlilləri ilə razılaşaraq onların iddia tələbini mümkünsüz hesab etmiş və bunu onunla əsaslandırmışdır ki, guya cavabdeh hazırkı iddia tələbinə cavab verən şəxs deyildir. Konkret halda, onların adlarının siyahıdan çıarılması cavabdeh tərəfindən həyata keçirilmiş və bu barədə icra numayəndəliyində də bildirmişlər. Lakin qarşı tərəf iddia tələbinə münasibətini bildirməklə q ona qarşı qaldırılmış iddianın əsassız olmasını və köçkünlərə itəyin edilmiş müavinəti almaq hüquqlarının olmadığını bildirmiş və bununla da məsələyə mane olan təşkilat kimi çıxış etdiyini bir daha sübut etmişdir. Zəngilan Rayon İcra Hakimiyyəti də onların adının tərtib edilmiş siyahıdan çıxarılmasının cavabdeh tərəfindən aparıldığını bildirmiş və bu səbəbdən hazırkı iddia tələbini irəli sürmüşlər. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçılar və cavabdeh məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosesssual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mükün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi A.Məmmədova izahatında göstərmişdir ki, yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi tələbinə dair Zəngilan rayon İcra Hakimiyyətinə qarşı iddialara Sumqayıt İnzibati məhəkəməsində tez-tez baxılır. Konkret halda, iddiaçılara verilən vahid aylıq müavinət rayon icra hakimiyyəti tərəfindən dayandırılmış, dayandırmanın səbəbi isə İddiaçı1 adı məcburi köçkün düşdükdən sonra, məcburi köçkün statusu olmayan şəxslə rəsmi nikaha daxil olduğuna görə müavinət alanların siyahıdan çıxarılması səbəbindən olmuşdur. İİ. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə asasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçıların iddia tələblərindən göründüyü kimi, məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin dayandırıldığı vaxtdan bərpa olunmasını cavabdeh Komitədən tələb edirlər. Lakin qüvvədə olan qanunvericiliyə görə Komitə iddiaçıların bu tələbinə münasibətdə müvafiq cavabdehliyi olan orqan deyil. Çünki, həmin müavinət verilməsi müvafiq Siyahı əsasında rayon icra hakmiyyətləri tərəfindən həyata keçirilir və onlar tərəfindən də qanunvericilikdə nəzərdə tutulduğu hallarda Siyahıdan çıxarılaraq öədəniş dayandırılır. Belə ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nönrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi həyata keçirilir. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Cavabdeh Komitənin iddia ərizəsinə etirazından da görünür ki, iddiaçıların məcburi köçkünlərə verilən yemək xərci ilə bağlı müavinətin verilməsi ilə bağlı Komitəyə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciəti baxılması üçün üçüncü şəxs Zəngilan Rayon İcra hakimiyyətinə göndərilmişdir. Konkret halda, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndəsinin izahatından da göründüyü kimi, məcburi köçkünlərə dövlət büdcəsindən verilən vahid aylıq müavinət adlı Siyahı əsasında rayon icra hakimiyyəti tərəfindən verilir və konkret halda da rayon icra hikimiyyəti tərəfindən iddiaçıya verilən müavinət dayandırılmışdır. Birinci instansiya məhkəməsinin qərardadında da məhz, əsaslı olaraq adıçəkilən “Qayda”nın 3-4-cü bəndlərinin müddəalarına istinadən müəyyən etmişdir ki, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları tərəfindən vahid aylıq müavinətin veriləcəyi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin illik ümumi adlı siyahısı və müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatı tərtib edilir və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə göndərilir. Komitə təqdim olunmuş hesabatları dürüstləşdirdikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir və bundan sonra Maliyyə Nazirliyi aldığı sifarişə uyğun olaraq bu məqsəd üçün vəsait ayırır və həmin vəsaiti əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Beləliklə də iddiaçıların müavinətlərinin dayandırılmasına səbəb bilavasitə iddiaçıların müavinət alacaq şəxslərin siyahısında adlarının qeyd edilməməsidir. Məhkəmənin qənaətinə görə müavinət alacaq şəxslərin siyahısının tərtib edilməsi bilavasitə Zəngilan Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aiddir..” Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının hazırkı cavabdehə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsinin əsaslandırılmış iddia kimi qiymətlənirilməsi və məhkəmə icraatının mümkün sayılması üçün faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. İPM-in 35.1-ci maddəsi isə nəzərdə tutur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənasından göründüyü kimi, inzibati icraat qaydalarına uyğun əsaslandırılmamış iddianın inzibati məhkəmə icraatı mümkün sayılmır. Həmin Məcəllənin 35.3-cü maddəsindən isə görünür ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edilir. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını işin hallarına, maddi və prosssual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin həmin qərardadla razılaşmayan və Qaçqınların və X2 üzrə Dövlət Komitəsini əsl cavabdeh hesab edən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1560/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-1560/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar