Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-232/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Mövlayev Ədalət İbrahim oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi və s. tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6551/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 811 nömrəli hərbi xidmətdə xidmət etməsinin, hərbi xidmət dövründə yaralanmasının hərbi xidmətlə səbəbli əlaqəsinin müəyyən edilməsinin, “Müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6551/2020 saylı qərardadı ilə ərizə təmin edilərək, iddia geri götürülmüş hesab edilərək, iş üzrə icraata xitam verilmişdir (hakim N.Abıyev). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Mövlayev Ədalət İbrahim oğlu apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, birinci instansiya məhkəməsində iddiaçının hazırda mülki şəxs olduğundan cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyini deyil, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsini seçməli olduğunu, sonuncu qurumun xx.xx.2020-ci il tarixli, 157 №-li arayışında müharibə veteranı statusunun və vəsiqəsinin verilməsindən imtina, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin işlər idarəsi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli, 9/2-15578 №-li məktubunda isə N №-li hərbi hissəsində hərbi xidmət dövründə yaralanmağımın hərbi xidmətlə səbəbli əlaqəsinin müəyyən edilməməsi barədə qeydlər olmadığına görə 2- 1(112)6551/2020 nömrəli işə Bakı inzibatı Məhkəməsində baxılmasının mümkün olmaması səbəbindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardadı elan etmişdir. İddiaçıya təqdim olunan 2-1(112)6551/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-cu il tarixli qərardadda isə açıq məhkəmə iclasında elan edilənlərə zidd olaraq və yuxarıda şərh olunan hallar obyektiv əks etdirilmədən guya ididaçının məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etməsi nəzərə alınmaqla ərizə təmin edilib iddianın geri götürülmüş sayılması və inzibati iş üzrə icraata xitam verilməsi göstərilmişdir. Açıq məhkəmə iclasında iddia tələbinə Bakı İnzibati Məhkəməsində baxılmasının mümkün olmaması səbəbindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad elan edildikdən sonra məhkəmənin əməkaşları tərəfindən kompyuterdə iddiaçının adından qısa məzmunda tərtib edilmiş «Məhkəmənin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardadı elan edildiyindən sənədlərin əslinin iddiaçıya qaytarılnası» məzmununda ərizəyə imza atmışdır. Vəkil və nümayəndə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, vəkil və nümayəndə ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən iddiaçının, onun vəkili və nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə kollegiyasi hesab edir ki, birinci instansiya məhkəməsi qərardadında iddianı geri götürülmüş hesab edərək və bu əsasla iş üzrə icraata xitam verərək haqlı olmamışdır. İşdə olan iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılması barədə qərardad qəbul edilməsini, bu səbəbdən də iddia ərizəsinə əlavə olunan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İPM-nin 55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. İddiaçının ərizəsindən görünür ki, o, iddiadan imtina etməyib, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İPM-nin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə inzibati məhkəmə icraatı zamanı yol verilmiş prosessual pozuntuları ilə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İPM-nin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6551/2020 saylı qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-232/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-232/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver