Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-232/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı və onun vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı pensiyanın təyin edilməsi tələbi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3625/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus AT-İ seriyalı ******* saylı əmək kitabçasının 6-cı və 7-ci səhifələrində olan 8 və 9 saylı qeydlərin etibarlı hesab edilərək həmin dövrün sosial sığorta stajının təsdiq edilməsi və 57 yaşı olan tarixdən, yəni 01 sentyabr 2013-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1956-cı ildə anadan olmuşdur. 1974-cü ilin noyabr ayından 1976-cı ilin noyabr ayınadək Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 21 mart 1977-ci ildə F.E.Dzerjinski adına Volqaqrad Traktor zavodunda başlamış, 31 iyul 2010-cu il tarixinə qədər müxtəlif idarə və müəssisələrdə işləmişdir. Ümumi iş stajı 36 ildir. 18.05.1978-ci ildə “TO-17" Armtuneltikinti müəssisəsində işə başlamış və həmin müəssisədə 28.04.1989-cu ilə qədər orada işləmişdir, işlədiyi dövrdə yeraltı işlərin görülməsində betonçu kimi işləmişdir. Həmin dövrdə işlədiyi iş yeri zərərli istehsal sahəsi olmuşdur. Həmçinin 02.06.1989-21.04.1997-ci illərdə “Azər boru” Azərbaycan Boru Yayma zavodunda işləmişdir. Bunu ona məxsus AT-İ seriyalı ******* saylı əmək kitabçası və müəssisə tərəfindən verilmiş 16.09.2019-cu il tarixli, 43 saylı arayış təsdiq edir. Arayışda qeyd edilmişdir ki, yerinə yetirdiyi peşə (təmirçiçilingər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının İİİ bölməsinin 4a yarımbəndinin 2040400a- 18559 şifrə ilə güzəştli əmək pensiyası hüququ verir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini İdarəyə təqdim etmişdir. Cavabdeh tərəf özünün 08 fevral 2020-ci il tarixli, **********1 saylı məktubu ilə xahişini təmin etməmişdir. Səbəb kimi məktubda qeyd edilmişdir ki, “təqdim etdiyi 09.06.1977-ci il tarixli əmək kitabçasının 6- 7-ci səhifələrində 8 və 9 №-li qeydlərə aid tarixlərdə sonradan düzəliş edilmiş, ümumi iş stajının artıq göstərilməsi aşkar edilmişdir". O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, cavabdehə təqdim edilmiş əmək kitabçasının notariat təsdiqi imtinanın əsassız olduğunu təsdiq edir. Digər tərəfdən cavabdehin qeyd etdiyi 8-9 saylı qeydiyyatlar Ermənistan Respublikasında işlədiyi dövrə aiddir. Məlum səbəblərə görə Ermənistan Respublikasına sorğu vermək mümkün deyildir. Lakin həmin dövrdə “TO-17” Armtuneltikinti müəssisəsində onunla eyni vaxtda işləmiş X9 və Əliyev Əhəd (Aram) Əbdülkərim oğlu dediklərini təsdiq edə bilər. Həmçinin ona məxsus olan AT-İ seriyalı ******* saylı əmək kitabçasında qeyd edilmişdir ki, əmək kitabçasının 6-cı səhifəsində edilmiş 24.06.1982-ci il düzəlişi düzdür. Belə olan halda cavabdehin imtinası tam əsasızdır və ona zərərli iş stajına görə 57 yaşı tamam olan tarixdə güzəştli pensiya təyin olunmalıdır Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3625/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin edilməsi pensiyanın təyin edilməsi tələbinə dair iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-564/2021 saylı, 03 mart 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3625/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1166/2021 saylı 14 iyul 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-564/2021 saylı 3 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin hazırkı apellyasiya icraatı zamanı Məhkəmənin 2-1(103)-2361/2021 saylı, 06.12.2021-ci il tarixli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26.01.2022-ci il tarixli, 5/1445 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun iddiaçının vəkili izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Ermənistan, İcevan rayonunda doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 11.11.1974-cü ildən 06.12.1976-cı ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus 09.06.1977-ci il tarixli əmək kitabçasının notarial qaydada təstiq olunmuş surətindən görünür ki, İddiaçı 21.03.1977-19.07.1978-ci il tarixədək F.E.Dzerjinski adına Volqaqrad Traktor zavodunda frez-maşinisti, 18.05.1978- 15.09.1987-ci il tarixədək “TO-17" Armtuneltikinti müəssisəsində beton-qarışdıran və tələbə, 02.10.1987- 28.04.1989-cü il tarixədək X2 3-cü dərəcəli yol quraşdırıcı, 02.06.1989-21.04.1997-ci il tarixədək Sumgayıt şəhər boru prokat zavodunda metallurgiya və boru-prokat dəzgahların təmiri sexlərində təmirçi-çilingər peşəsində, 25.04.1997-28.12.2005-ci il tarixədək isə Bakı şəhəri RTT Baş İdarəsinin RİTT Birliyində 5-ci dərəcəli elektrik-çilingər vəzifələrində işləmişdir. - “Azərboru” Azərbaycan Boru Yayma Zavodunun 43 №-li, 16.09.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 02.06.1989-cu ildən 21.04.1997-ci il tarixədək Metallurqiya avadınlarının təmiri üzrə təmirçi-çilingər işləmişdir. - Bakı şəhər Rayonlararası Təmir-tikinti İstehsalat Birliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən 25.04.1997-ci ildən 28.12.2005-ci ilə qədər Bakı şəhəri rayonlararası Təmir-Tikinti İstehsalat Birliyində beşinci dərəcəli elektrik çilingər peşəsində çalışmışdır. Ştat cədvəli üzrə təzə çıxarışla 480 manat təşkil etmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının 28.01.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 03.02.2020-ci il tarixli, **********1 №-li məktubdan görünür ki, təqdim etdiyi 9 iyun 1977-ci il tarixli, AT-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində 8 və 9 nömrəli qeydlərə aid tarixlərdə sonradan düzəliş edilərək ümumi iş stajının artıq göstərilməsi aşkar görünür. Bu səbəbdən də həmin dövrləri ümumi iş stajınıa aid etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 il və ya daha çox təşkil etdiyi qənaətində olmaq mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “ iddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajını müəyyən edən əmək kitabçasındakı qeydlər qanunvericiliyin tələblərinə uyğun aparılmadığı üçün şübhə yaratdığından, həmin şübhələrin aradan qaldırılması mümkün olmadığından, bununla da iddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan iş stajı tamamlanmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “Apelyasiya məhkəməsi iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında olması, müddəti, güzəştli iş arayışının mövcudluğu, habelə əmək kitabçasının notarial qaydada təsdiq edilmiş tərcüməsinin alınmasının zəruriliyi və əmək kitabçasında saxtakarlıq edilməsi barədə ekspertiza təyin edilməsinin zəruriliyi barədə araşdırma aparmamışdır. İddiaçının Əmək kitabçasında 8 və 9-cu sırada pozuntu aparılan dövr, habelə həmin sırada olan iş yerləri üzrə əmək fəaliyyəti nəzərə alınmadığı halda iddiaçının 1 yanvar 2006-cı il tarixədək iş stajı cavabdeh tərəfindən müəyyən edilməmiş, hərbi xidmət dövrü ilə birlikdə qanunvericilikdə nəzərdə tutulan 25 ildən az olmayan ümumi stajın mövcud olubolmaması yoxlanılmamışdır. Həmşinin, məhkəmələr iddiaçının güzəştli şərtlə pensiya hüququ verən azı 12 il 6 ay staja malik olması barədə də heç bir araşdırma aparmamışdır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin müvafiq göstərişinə uyğun olaraq, işin hazırkı apellyasiya icraatı zamanı Məhkəmənin 2-1(103)-2361/2021 saylı, 06.12.2021-ci il tarixli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İş materiallarında olan İddiaçı məxsus AT-İ seriyalı ******* nömrəli 09 iyun 1977-cı il tarixdə doldurulmuş əmək kitabçasının əslində 8 və 9-cu qeydlərdə hansı düzəliş edildiyi müəyyən edilsin.( düzəlişdən əvvəlki rəqəmləri müəyyən etmək mümkündürmü?)
2. Həmin əmək kitabçasının 8 və 9-cu qeydlərindəki tarixlər (rəqəmlər) iş materiallarındaki 80-82-ci səhifələrində olan notariat qaydasında təsdiq edilmiş əmək kitabçasının surətinin 8 və 9-cu qeydlərdəki rəqəmlərlə eynilik təşkil edirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26.01.2022-ci il tarixli, 5/1445 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki, “1. Tədqiqata təqdim edilmiş İddiaçı adına AT-İ ******* nömrəli əmək kitabçasında olan 8 və 9-cu qeydlərdəki “1987” rəqəmlərdən “87” rəqəmlərin, “15.09.87r” və “27.10.87r” yazılardakı “87r” rəqəmlərin yerində mexaniki üsulla pozma aparılaraq və əlavə cizgilər artırılaraq indiki rəqəmlər icra edilmişdir. Həmin düzəlişlər yerli və intensiv olduğu üçün ilkin rəqəmlərini müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş İddiaçı adına AT-İ ******* nömrəli əmək kitabçasının 6-cı səhifədə olan “8 15 09 1987” yazıların altındakı eyni “8 15 09 1987” yazılar sonradan əlavə edilmişdir.
2. Tədqiqata təqdim edilmiş İddiaçı adına AT-l ******* nömrəli Əmək kitabçasında olan 8 və 9-cu qeydlərində olan tarix göstəricilərdəki “87” rəqəmlər ekspertizaya təqdim edilmiş işinin 80-ci və 95-ci vərəqlərində olan əmək kitabçasının 8 və 9-cu qeydlərin surətində olan tarix göstəricilərdəki “87” rəqəmləri ilə eynilik təşkil etmir.” Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçıya məxsus əmək kitabçasının 6-cı səhifəsində olan 8-ci və 9-cu qeydlərində göstərilmiş tarix göstəricilərinə düzəliş edilmişdir. Lakin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş İddiaçı adına AT-İ ******* nömrəli əmək kitabçasının Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən notarial qaydada təsdiq edilmiş surətinə əsasən 8-ci və 9-cu qeydlərində tarix göstəricilərinin müvafiq olaraq “15.09.1987” və “02.10.1987” olduğu notarius tərəfindən əslinə baxış keçirilərək təsdiq edilmişdir. Eyni zamanda Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən iddiaçının vəkili Mehdi Cəlalzadəyə ünvanlanmış 02 mart 2021-ci il tarixli, 347 nömrəli məktubda 26.08.2019-cu il tarixdə X6 məxsus əmək kitabçası təsdiq edilərkən, əmək kitabçasında düzəliş və pozuntunun aşkar edilmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında düzəliş edildiyi qeydlər nəzərə alınmadığı təqdirdə belə onun 01.01.2006-cı il tarixədək 25 il ümumi və 12 il 06 güzəştli iş stajının mövcud olması iş materialları ilə təsdiqini tapır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, iş materiallarına əsasən, o , 11.11.1974-06.12.1976-cı ilədək hərbi xidmətdə olmuş (02 il 25 gün), 21.03.1977- 19.07.1978-ci il tarixədək F.E.Dzerjinski adına Volqaqrad Traktor zavodunda frez-maşinisti (01 il 03 ay 28 gün), 18.05.1978-01.08.1984-cü ilədək qazmaçı (06 il 02 ay 14 gün), 02.06.1989--21.04.1997-ci il tarixədək “Azər boru” Azərbaycan Boru Yaymada təmirçiçilingər ( 07 il 10 ay 19 gün), 25.04.1997-28.12.2005-ci il tarixədək 5-ci dərəcəli elektrikçilingər (08 il 08 ay 03 gün) vəzifələrində işləmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyi ilə əmək kitabçasının yalnız 8 və 9-cu qrafalarında olan qeydlərə düzəliş edildiyi müəyyən edildiyindən, digər qeydlərin düzgünlüyü nə cavabdeh tərəfindən, nə də iş materiallarında olan sübutlarla təkzib edilmədiyindən, əmək kitabçasının digər qeydləri mötəbər hesab edilir. Göründüyü kimi iddiaçının 01.01.2006-cı il tarixədək hərbi xidmət dövrü də nəzərə alınmaqla, 26 il 1 ay 29 gün ümumi iş stajı mövcuddur. İddiaçının güzəştl iş stajı ilə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşin hazırkı apellyasiya icraatı zamanı AR Rayonlararası Təmir-tikinti İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, İddiaçı 234 №-li əmrlə 25.04.1997-ci ildən Bakı şəhər Rayonlararası Təmir-tikinti İstehsalat Birliyində beşinci dərəcəli elektrik çilingər peşəsində işləmişdir. 314 №-li əmrlə 28.12.2005-ci ildə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Ştat cədvəli üzrə təzə çıxarışla 480 manat əmək haqqı almışdır. AR Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı 1080A010 №-li qərarına əsasən istehsalatda 2 №-li Siyahının XXVİİİ bölməsinə əsasən güzəştli şərtlərlə pensiya təmin olunması hüququ verir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının 02.06.1989--21.04.1997ci il tarixədək “Azər boru” Azərbaycan Boru Yaymada çalışdığı təmirçi-çilingər vəzifəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən təsdiq etdiyi 2 №li Siyahının İİİ bölməsində “Metallurgiya istehsalatı” 2040400a—18559 kod altında nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş hər iki şərti ödəyir. Göründüyü kimi birinci instansiya məhkəmə yalnız cavabdeh tərəfindən irəli sürülmüş hallara qiymət vermiş, əmək kitabçasının 8 və 9-cu qrafadakı qeydlərə düzəliş edildiyini əsas gətirərək, işin faktiki hallarını, iddiaçının ümumi və güzəştl iş stajını araşdırmamış, və əsassız olaraq iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında və iş yerindən müvafiq arayışla öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər (8 və 9cu qrafadakı qeydlər istisna olmaqla) onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, lkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3625/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı hüququn yarandığı 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi və müraciət tarixindən əvvəlki üç il üzrə hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.