Məhkəmə qərarları › İş №2-1(103)-2320/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2320/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2320/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tağızadə Mirzə Nəsib qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X8, X9, X6) “ayrıca çıxarışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2630/2022 saylı, 28 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi 33 saylı evin yerləşdiyi 850 kv.m torpaq sahəsinin 5/8 hissəsinə X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin evin və torpaq sahəsinin 5/8 hissəsinə vahid əmlak kimi paylı mülkiyyət hüququna dair vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin 5/8 hissəsinə və fərdi yaşayış evinin torpaq sahəsinin 5/8 hissəsinə vahid əmlak kimi mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, fərdi yaşayış evinin bir hissəsi onun mülkiyyətində olduğundan, onun yerləşdiyi torpaq sahəsi üzərində də onun mülkiyyət hüquqları yaranmış olur. İddiaçı iddia tələbi ilə eyniməzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətini rəsmi cavablandırmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X3, X4, X2 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, elektron kadast baza məlumatına əsasən qeyd edilən torpaq sahəsinin bir hissəsi Bakı Metropoliten B-08 və B-09 stansiyaları üzrə havalandırma şaxtasının tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilən ayrıc aktı daxilində yerləşir. Həmçinin, təqdim edilən texniki pasportda göstərilən torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü və sahə fərqləri mövcuddur. Eyni zamanda, fərdi yaşayış evi paylı mülkiyyət olduğundan sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə payçıların notarial qaydada təsdiqlənmiş razılıq ərizələri təqdim edilməmişdir. Bundan başqa, qeyd edilən ünvanla bağlı Sabunçu rayon Məhkəməsinin 2(008)-3428/2019 nömrəli, xx.xx.2019-cu il tarixli bildirişi İdarəyə daxil olmuşdur. Lakin, qeyd edilən mülki iş üzrə yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Həmçinin, texniki inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Eyni zamanda, ünvan 2 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin 5/8 hissəsi İddiaçı, 1/8 hissəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 2/8 hissəsi X5 adına açıq saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2630/2022 saylı, 28 mart 2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2630/2022 saylı, 28 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarında ilk olaraq qüvvədə olan qanunvericilik mülkiyyət hüquqları qeydə alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini əvəzsiz olaraq vətəndaşın mülkiyyətinə verilməsini və iddiaçının hazırda iddia etdiyi torpaq sahəsində yerləşən fərdi yaşayış evinə münasibətdə (5/8 hissəsinə) mülkiyyət hüquqları qeydiyyata alınmasını və müvafiq çıxarış ilə rəsmiləşdirildiyini göstərsə də, sonradan öz qənaətinin əksinə çıxaraq onun mülkiyyət hüququnun tanınmasını tələb etdiyi torpaq sahəsinin hansı hissəsinin hansı ölçüdə, kordinatlarda mülkiyyətinə verilməsinin müəyyən edilməməsini və bunu müəyyən etməyin cavabdehin funksiyasına aid etməməsi, onun əvvəlcə ümumi məhkəməyə müraciət edərək qeyd olunan torpaq sahəsinin onun istifadəsində olan hissəsinin kordinatlarını müəyyən etməli olduğunu, bu müəyyən edilmədiyinə görə də gələcəkdə torpaq sahəsini satarkən mübahisənin yaranacağını və sairi bəhanə gətirərək iddianı təmin etməmiş və bununla da subyektiv mövqe tutmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından da görünür ki, ünvan 2, ev 33 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət üzrə İddiaçı (5/8 hissə), X5 (3/8 hissə) mülkiyyətindədir. Göründüyü kimi, mərhum atasının mülkiyyətində olan evin 5/8 hissəsinə dair onun adına cavabdeh tərəfindən verilmiş Çıxarışda da evin məhz hansı hissəsinin, hansı kv.metrdə onun mülkiyyətinə verilməsi göstərilməmişdir. Ona görə də məhkəmənin hələ mülkiyyətdə olmayan torpaq sahəsinin, satılarkən mübahisə yaradacağı qənaətinə gələrək, onun mülkiyyətinə verilməsindən imtinası da əsassız olmuşdur. Belə ki, o, məhkəmədən torpaq sahəsinin 5/8 hissəsinin naturada müəyyən edilərək (real bölgü) ona verilməsini deyil, torpaq sahəsinin həmin hissəsi ilə evin də mülkiyyətində olan hissəsinə onun adına vahid çıxarışın (ideal bölgü) verilməsini tələb etmişdir. Məhz onun adına həm evə, həm də torpağa dair vahid çıxarış veriləndən sonra əgər digər mülkiyyətçilərlə (vərəsələrlə) bölgüyə dair aralarında razılıq olmasa, mübahisə yaranarsa, onda ümumi məhkəmədə artıq paylı mülkiyyətdə olan evin və torpaq sahəsinin çıxarışda göstərilən payına düşən hissəsinin naturada müəyyən edilərək bölünməsi barədə iddia qaldırmaq hüququ yaranır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2630/2022 saylı, 28 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, ünvan 2, ev 33 nömrəli fərdi yaşayış evinin (5/8 hissədə) və onun yerləşdiyi torpaq sahəsinin 5/8 hissəsini vahid əmlak kimi nəzərə alaraq, həmin əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş, daha sonra qeyd edilən tələblə məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. İddiaçının tələbinin əsasını fərdi yaşayış evinin 5/8 hissəsi onun mülkiyyətində olması və onun torpaq sahəsinin 5/8 hissəsinə münasibətdə də mülkiyyət hüquqları yaranmış olması təşkil edir. Cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etirazdan görünür ki, iddiaçının müraciətinə qiymət verilərkən torpaq sahəsinin bir hissəsinin Bakı Metropoliteninin B- 08 və B-09 stansiyaları üzrə havalandırma şaxtasının tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilən ayrıc aktının daxilində yerləşməsini, torpaq sahəsinin faktiki perimetrik ölçü və sahə fərqləri mövcud olmasını, fərdi yaşayış evi paylı mülkiyyətdə olduğundan payçıların torpaq sahəsinə münasibətdə notarial qaydada təsdiqlənmiş razılıq ərizələrinin təqdim edilməməsini əsas kimi göstərərək, mülkiyyət hüququnun qeydə alınmasından imtina olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə qərarında qeyd etmişdir ki, iddiaçının qeyd olunan mübahisənin həllinin cavabdehin səlahiyyətinə aid olması ilə bağlı mövqeyi qanunsuz və əsassız olduğundan imtina qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü hissəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq xidməti vəzifələri müəyyən edilmişdir. Əsasnamənin tələbləri də nəzərə alındıqda müəyyən olunur ki, tərəflərin iradə ifadəsi mövcud olmadan əmlaka paylı mülkiyyətçilərin payının müəyyən edilməsi və bununla bağlı çıxarış və aidiyyəti texniki sənədlərin tərtib edilməsi onun səlahiyyətlərindən kənar hərəkətdir. Belə ki, fərdi yaşayış evinə paylı mülkiyyətə malik olan şəxslərdən hansının hansı ölçüdə torpaq sahəsinə faktiki istifadəçisi olması və həmin sahənin koordinatlarının dəqiq olaraq hara olması paylı mülkiyyətçilər sxematik bölgünün tərtibatında iştirak etmədikdə cavabdehin səlahiyyəti hesab edilmir. Evin paylı mülkiyyətçilərinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ və mülkiyyət hüququ tanındıqdan sonra payları, o cümlədən həmin payların naturada yeri bölgü sxem və ya məhkəmə qətnaməsi əsasında müəyyən edilmədən səlahiyyəti mövcud mülkiyyət hüququnu qeydə almaq olan cavabdehdən həmin məsələni özünün həll edilməsinin gözlənilməsi inzibati icraatın məqsəd və prinsipləri ilə uyğunluq təşkil etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisəyə aşağıdakı maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası MM-nin: - 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. - 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. - 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: - 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: -9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci abzasının 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin. fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normalarından göründüyü kimi mülkiyyət hüquqları qeydə alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin əvəzsiz olaraq vətəndaşın mülkiyyətinə verilir. İddiaçının hazırda iddia etdiyi torpaq sahəsində yerləşən fərdi yaşayış evinə münasibətdə (5/8 hissəsinə) mülkiyyət hüquqları qeydiyyata alınmış və müvafiq çıxarış ilə rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülkiyyət hüququnun yaranmasının əsasında çıxarış dayansa da, torpaq sahəsinə mülkiyyət bu zaman torpaq sahəsinin naturada ayrılması barədə qərarın və ya bölgü sxeminin olması şəxsin məhz hansı hissəyə münasibətdə mülkiyyət hüququna malik olmasını müəyyən edir. Texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı ünvan 2 ünvanında yerləşən 33 №li fərdi yaşayış evinin paylı mülkiyyətçisi kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ona məxsus 5/8 hissəsinə vahid əmlak kimi çıxarış verilməsini tələb etmişdir. Başqa sözlə iddiaçı hazırkı iddianı verməklə, həmin çıxarış və torpaq sahəsinin ölçüsü müəyyən edilən texniki pasport (torpaq sahəsinin ölçüsü 850 kv.m) əsasında həmin torpaq sahəsinin ona aid hissədə payına dair çıxarış verilməsini istəsə də, evə paylı mülkiyyətə malik şəxslərdən 850 kv.m torpaq sahəsinin hansı ölçü və koordinat üzrə iddiaçıya, hansı ölçü və koordinat üzrə üçüncü şəxslərə məxsus olması barədə daşınmaz əmlakın sxematik bölgüsünü təsdiq edən sənəd təqdim edilməmişdir. İşin faktiki hallarından isə görünür ki, hazırkı inzibati mübahisənin əsasında duran səbəblərdən biri də məhz bölgü sxemin paylı mülkiyyətçilər arasında razılıq olmaması səbəbindən təqdim edilə bilinməməsidir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili kimi də qeyd edilmiş “Məhz onun adına həm evə, həm də torpağa dair vahid çıxarış veriləndən sonra əgər digər mülkiyyətçilərlə (vərəsələrlə) bölgüyə dair aralarında razılıq olmasa, mübahisə yaranarsa, onda ümumi məhkəmədə artıq paylı mülkiyyətdə olan evin və torpaq sahəsinin çıxarışda göstərilən payına düşən hissəsinin naturada müəyyən edilərək bölünməsi barədə iddia qaldırmaq hüququ yaranır.” ifadəsi də bölgü sxemə dair paylı mülkiyyətçilər arasında razılıq olmaması kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə isə iddiaçı bölgü sxem və məhkəmə qərarı olmadan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə olan hissəyə dair payın mülkiyyət hüququnu qeydiyyata aldırmasını iddia etmişdir. Burada naturada ayrılma və paya uyğun torpaq sahəsi də daxil olmaqla əmlakla ilə bağlı məhkəmə qərarı dedikdə inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmə nəzərdə tutulmur. Belə ki, inzibati məhkəmə inzibati orqanların hərəkət və hərəkətsizliyinə baxan və qanunsuz və əsassız hərəkət və ya hərəkətsiz müəyyən edildiyi təqdirdə buna uyğun olaraq iddiaçının xeyrinə qərar qəbul etmək səlahiyyəti olan məhkəmə qismində çıxış edir. Hazırkı vəziyyətdə isə iddiaçı bölgü sxem olmadan torpaq sahəsinin naturada ayrılmalı olmasını inzibati orqandan istəyir, halbuki inzibati orqanın belə bir səlahiyyəti mövcud deyildir, belə bir səlahiyyət olmadıgı halda isə cavabdehh organın imtinası qanuni və əsaslı olmuşdur. Çünki hüquqmüəyyənedici sənəd mövcud olmuş olsa da belə, payli mülkiyyətçilərin 850 kv.m torpaq sahəsinə ehtimal olunan mülkiyyət hüququnun olması, özü-özlüyündə həmin torpaq sahəsinin hansı ölçü, hansı koordinat üzrə iddiaçıya və üçüncü şəxslərə məxsus olmasını cavabdeh organ müəyyən edə bilməz. Yəni, iddiçı mülkiyyət sənədinə malik olsa da 850 kv.m torpaq sahəsinin 5/8 hissəsinin yerinin müəyyən edilməsini, çıxarışın və texniki sənədlərinin verilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Çünki cavabdehin bölgü sxem olmadan, yəni iddiaçı və üçüncü şəxslər arasında razılıq olmadan və ya mülki məhkəmənin naturada payın və həmin payın yerinin müəyyən ilə bağlı qərarı olmadan mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı hərəkət etməsi qanunsuz və əsassız olar. Məhkəmə kollegiyası qeyd edir ki, bölgü sxem tərtib edilmədən və ya mülki icraat qaydasında torpaq sahəsinə istifadə ilə bağlı koordinatlar dəqiq müəyyən edilmədən inzibati məhkəmə tərəfindən cavabdehin hərəkətsizliyində qanunsuzluq müəyyən edə bilməz və bu səbəbdən də məhkəmə haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdehin imtinasının əsasında duran hal (payçıların notarial qaydada təsdiqlənmiş razılıq ərizələrinin olmaması) hazırkı mübahisənin mahiyyəti üzrə həllində mühüm əsaslardan biri olduğundan və bu imtina əsasının qanuni olması müəyyən edildiyindən, hazırkı mərhələdə iş üzrə digər imtina əsasları ilə bağlı əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Belə ki, bu hissədə araşdırmanın aparılması müvafiq olaraq xüsusi bilik tələb etdiyndən, torpaq sahəsinin ayrıc aktının daxilində yerləşib-yerləşməməsi üçün mütəxəssis rəyi verilməsi və məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməlidir ki, iddianın hazırki mərhələdə həlli bunun nəticəsindən asılı deyildir. Məhkəmə kollegiyası izah edir ki, iddiaçı və üçüncü şəxslər hazırkı vəziyyətdə daşınmaz əmlakın sxematik bölgüsünü aparmaqla kimin hansı ölçüdə hansı koordinatlar daxilində hissədə istifadəçi olduğunu bölgü sxemin tərtib edilməsi yolu ilə təsdiq etməli və ya payın naturada müəyyən edilməsi barədə iddia verərək işin faktiki və hüquqi halları əsasında məhkəmə qərarı payı naturada müəyyən etməli, bundan sonra isə inzibati orqana mülkiyyət hüququnu təsdiq edən sənəd verilməsi ilə bağlı müraciət etməlidirlər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2630/2022 saylı, 28 mart 2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2630/2022 saylı, 28 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar