Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2320/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3001/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********211200 saylı xx.xx.2023-ci il tarixli qərarının ləğv olunması və İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi ödəyicisi İddiaçı MMC barəsində aparılmış araşdırma nəticəsində xx.xx.2023-cü il tarixli **********211200 nömrəli qərarı qəbul etmişdir. Həmin qərara əsasən vergi ödəyicisi İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi nəzərdə tutulmuşdur. Qərarın əsaslandırılmasında ona istinad edilmişdir ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq aşkar edilmişdir. Aparılmış araşdırma zamanı X3 X1 yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmiş və xx.xx.2022-xx.xx.2023-cü il tarixləri ərzində təqdim olunmuş 1257276,88 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. Vergi orqanı bu nəticəyə gələrkən ciddi hüquq pozuntusuna yol vermişdir. Belə ki, cavabdehin gəldiyi nəticə üçün verdiyi əsaslandırma üzrə pozuntu şirkətin fəaliyyətində buraxılmamışdır. Vergi orqanının vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********211200 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmalı və iddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-3001/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********211200 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması haqqında məlumatların çıxarılması (xəbərdarlıq xarakterli bildirişin silinməsi) Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin fəaliyyəti üzrə vergi nəzarəti qaydasında aparılmış araşdırma zamanı X3 X1 əldə olunmuş məlumata əsasən yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazənin əldə edilməməsi, fəaliyyəti üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmiş və xx.xx.2022-xx.xx.2023-cü il tarixləri ərzində təqdim olunmuş 1257276,88 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. Qeyd edilən məsələlər ilə bağlı müvafiq dürüstləşdirmələrin aparılması məqsədilə müəsisənin rəhbərinin və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə araşdırmanın aparılması, eyni zamanda əməliyyatlar barədə məlumatların və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətinin 5 iş günü ərzində təqdim edilməsi üçün İddiaçı MMC-yə “Riskli əməliyyatların araşdırılması barədə” xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. Həmin bildiriş ilə tələb olunan sənədlər və məlumatlar qeyd olunan müddətdə təqdim olunmadıqda aparılmış əmtəəsiz və riskli əməliyyatlara görə müvafiq qərarın qəbul ediləcəyi, eyni zamanda riskli vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsinin 38.3.8.1-ci, 50.2.5-ci, 78.4-cü, 83.7-ci, 85.8.2-ci, 85.9-1.2-ci, 87.3.1-ci, 89.3-cü, 109.9-cü, 175.11-ci və 179.4-cü maddələri ilə müəyyən edilmiş məhdudiyyətlərin nəzərdə tutulduğu barədə vergi ödəyicisinə məlumat verilmişdir. Vergi ödəyicisinin bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olmamış, təsdiqedici sənədlər və məlumatlar təqdim edilməmişdir. Bununla əlaqədar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq İddiaçı MMC riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” xx.xx.2023-cü il tarixli **********211200 nömrəli qərar qəbul edilmişdir. Riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır (İddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarı). Məhkəmə iddianın təmin əsası kimi yeganə olaraq göstərmişdir ki, müvafiq icazənin əldə edilməməsi (lisenziya olmadan) və fəaliyyəti üzrə müvafiq hesabatların təqdim edilməməsi birmənalı olaraq, əməliyyatların əmtəəsiz baş tutmaması kimi qiymətləndirilməməlidir. Məhkəmənin qeyd etdiyi arqumenti aydın və başa düşülən deyildir. Sual yaranır, başqa cür vergi orqanı hansı şəkildə həmin öhdəliyi müəyyən etməlidir və nə qədər müəyyən etməlidir? Həmin əməliyyatlar riskli əməliyyatlar meyarına aid deyildirsə, hansı əməliyyatlar meyarına aiddir? Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı İnzibati Məhkəməsinin qərarı qanuni və əsaslı deyildir. Odur ki, qərar ləğv edilməli və iddia təmin edilməməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********211200 nömrəli qərarından görünür ki, vergi ödəyicisi İddiaçı MMC (VÖEN:**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 13.2.81. əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. 13.2.82. riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********211200 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı hazırda həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı MMC-nin fəaliyyəti üzrə aparılmış araşdırma zamanı X3 X1 əldə olunmuş məlumata əsasən yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazənin əldə edilməməsi, fəaliyyəti üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmiş və xx.xx.2022-xx.xx.2023-cü il tarixləri ərzində təqdim olunmuş 1257276,88 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Riskli əməliyyatların araşdırılması barədə bildirişdən görünür ki, qeyd edilən məsələlərlə bağlı müvafiq dürüstləşdirmələrin aparılması məqsədilə müəssisənin rəhbərinin və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə yenidən araşdırmanın aparılması, eyni zamanda əməliyyatlar barədə məlumatların və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətinin 5 iş günü ərzində təqdim edilməsi üçün İddiaçı MMC-yə “Riskli əməliyyatların araşdırılması barədə” xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. Lakin iddiaçının bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olmamış, təsdiqedici sənədlər və məlumatlar təqdim edilməmişdir. Qeyd olunanlara əsasən Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********211200 nömrəli qərar qəbul edilərək İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, həmin halların mövcud olması (yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazənin əldə edilməməsi, fəaliyyəti üzrə müvafiq hesabatların təqdim edilməməsi) iddiaçı tərəfindən inkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahislənədirilən Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********211200 nömrəli qərarda qeyd edilmişdir ki, riskli vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər təqdim edildiyi təqdirdə vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması məsələsinə baxıla bilər. Lakin iddiaçı tərəfindən həm cavabdeh inzibati orqana, həm də məhkəməyə müvafiq təsdiqedici sənədlər və məlumatlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd edir ki, müvafiq icazənin əldə edilməməsi, fəaliyyəti üzrə müvafiq hesabatların təqdim edilməməsi birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməlidir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazə əldə edilməmiş, fəaliyyəti üzrə müvafiq hesabatlar təqdim edilməmişdir, bu səbəbdən qeyd edilən məsələlərlə bağlı müvafiq dürüstləşdirmələrin aparılması məqsədilə müəssisənin rəhbərinin və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə yenidən araşdırmanın aparılması, eyni zamanda əməliyyatlar barədə məlumatların və təsdiqedici sənədlərin təqdim edilməsi iddiaçıdan tələb edilsə də, iddiaçı vergi orqanına təsdiqedici sənədlər və məlumatlar təqdim etməmişdir. Bu isə aparılmış əməliyyatların əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsinə əsas verir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3001/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2320/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2320/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver