Məhkəmə qərarları › İş №2-1(103)-2320/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2320/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2320/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair işi üzrə Açar sözlər: (ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə Fizuli oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(112)-3428/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin tarixcəsindən müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki qanuni təmsilçisi İddiaçı, hazırkı qanuni təmsilçisi X1r. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki qanuni təmsilçisi İddiaçı, hazırkı qanuni təmsilçisi X4r. Bakı Kommersiya Məhkəməsinin e-2-2(006)-2218/2022 saylı 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin İş № e-2-2(113)- 2218/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN" **********) icra orqanının əvvəlki rəhbəri olmuş, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, inzibati hüquq münasibətlərindən yaranan mübahisə iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmaması ilə bağlıdır. Hazırkı iddia ilə iddiaçı əvvəllər qanuni təmsilçisi olduğu hüquqi şəxslərin borclarına görə, ölkədən çıxışına qoyulan məhdudiyyətin əsas aradan qalxdığı üçün götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aid olmaqla İnzibati Məhkəmədə baxılmalıdır. Belə ki, cavabdehin müraciəti əsasında Bakı Kommersiya Məhkəməsinin İş № e-2-2(113)-2218/2022 saylı, 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə, xx.xx.2022-ci il tarixə əvvəl vergi ödəyicisi olan İddiaçı (VÖEN: **********) dövlət büdcəsinə 3571,53 manat məbləğində (o cümlədən, vergilər üzrə 2663,34 manat, faizlər 908,19 manat,) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) dövlət büdcəsinə 24061,1 manat məbləğində (o cümlədən, vergilər üzrə 19711,95 manat, fazilıər üzrə 4249,15 manat maliyyə sanksiyası 100 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) dövlət büdcəsinə 23356,94 manat məbləğində (o cümlədən, vergilər üzrə 19135,92 manat, fazilər üzrə 4121,02 manat, maliyyə sanksiyası üzrə 100 manat) olmaqla, ümumilikdə 50.989,57 manat borcunun ödənilməsini təmin etmək üçün, icra orqanının rəhbəri İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Yəni, dövlət büdcəsinə vergi borcunun ödənilməsi təmin etmək üçün, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki icra orqanının rəhbəri olan, İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2022-ci il tarixə olan vergi ödəyicisi olan İddiaçı (VÖEN: **********) dövlət büdcəsinə 3642,46 manat məbləğində sadələşdirilmiş vergi məbləği İddiaçı tərəfindən ödənilmiş, buna dair qəbz iddia ərizəsinə əlavə edilmişdir. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi tərəfindən 17 aprel 2023- cü il tarixli qərar qəbul edilərək, cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X5 təyin edilmişdir. Eyni zamanda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi tərəfindən 17 aprel 2023-cü il tarixli qərar qəbul edilərək, cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X3 təyin edilmişdir. Yəni, təsisçinin qərarı ilə İddiaçı şirkətlərin icra orqanının rəhbəri vəzifəsindən azad edilərək, onun yerinə digər şəxslər təyin edilmişdir. Bundan sonra hər iki şirkətin direktor dəyişikliyinin dövlət qeydiyyatına alınması məqsədi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı İdarəsinə müraciət edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X5 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X3 direktor kimi qeydiyyata alınaraq, dəyişiklik edilmişdir. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilən çıxarışlara əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı qanuni təmsilçisi X5 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı qanuni təmsilçisi isə X1r. Hesab edirəm ki, hazırda İddiaçı qeyd edilıən hüquqi şəxsləriun icra orqanının rəhbəri olmadığından, yəni vəzifəsindən azad olunduğundan, eyni zamanda icra orqanının rəhbəri dəyişdiyindən, onun şirkətlərlə hansısa bir bağlılığı olmadığından ölkədən getməyinə qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır. İddiaçı ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin aradan qaldırılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh 19 avqust 2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, məhdudiyyət cavabadehin ərizəsinə əsasən, məhkəmə tərəfindən qoyulmuşdur. Cavabdeh ərizənin icrasından imtina etmişir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçıya tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılmasına qanuni əsaslar var. Cavabdeh orqanın iddiaya xx.xx.2025-ci il tarixli yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, “NCAMENA" MMC (VÖEN **********) və "xxxx" MMCnin (VÖEN **********) əvvəlki rəhbəri olan İddiaçı (VÖEN **********) ölkədən getmək hüququ Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 2218/2022 nömrəli qərarına əsasən məhdudlaşdırılmışdır. Belə ola halda iddiaçı ölkədən çıxışına məhdudiyyət qoyulması ilə razılaşmadığı təqdirdə Bakı Kommersiya Məhkəməsinin qeyd olunan qətnaməsindən yuxarı instansiya məhkəməsinə şikayət verməlidir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)- 2218/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır, yəni qətnamə üzrə borc tam ödənilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(112)-3428/2025 nömrəli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia tələbi təmin edilərək, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı (FİN xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2- 1(112)-3428/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, “NCAMENA" MMC (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) əvvəlki rəhbəri olan İddiaçı (VÖEN **********) ölkədən getmək hüququ Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 2218/2022 nömrəli qərarına əsasən məhdudlaşdırılmışdır. Belə ola halda iddiaçı ölkədən çıxışına məhdudiyyət qoyulması ilə razılaşmadığı təqdirdə Bakı Kommersiya Məhkəməsinin qeyd olunan qətnaməsindən yuxarı instansiya məhkəməsinə şikayət verməlidir. Bakı Kommersiya Məhkəməsinine-2-2(113)-2218/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmamış və “NCAMENA" MMC (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsindən aydın olduğu kimi belə bir hal baş verməmişdir. Lakin məhkəmə tərəfindən qanunsuz və əsassız qərarın qəbul edilməsi son nəticədə iddiaçının törətdiyi əməllərə görə məsuliyyətdən yayınmasına şərait yaratmışdır. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(112)- 3428/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(112)-3428/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 28. Azadlıq hüququ İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Maddə 9.2. vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Vergi Məcəlləsi: 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək. 24.0-cı maddəsinə görə vergi orqanları: 24.0.2-1 vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: -2.0.1-ci maddəsinə görə hüquqi şəxs - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. -2.0.7-ci maddəsinə görə hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. -2.0.8-ci maddəsinə görə hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. -2.0.14-cü maddəsinə görə qanuni təmsilçi - nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Mülki Prosessual Məcəllə: 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin və "xxxx" MMC-nin qanuni təmsilçisi hazırda iddiaçı deyildir. İddiaçı "xxxx" MMC və "xxxx" MMC ilə hüquqi səlahiyyətlərini sonlandırmışdır. Mülki qanunvericilik, eləcə də hüquqi şəxsin nizamnaməsi ilə icra orqanın rəhbərinə verilmiş səlahiyyətlər hazırda iddiaçıda olmadığından hüquqi şəxsə hesablanmış vergi borcunun hüquqi şəxslə bağlılığı qalmayan şəxsdən tutulmasına yönəlmiş tədbirlərin görülməsi və ya saxlanılması ilə bağlı Vergi Məcəlləsində hər hansı norma nəzərdə tutmamışdır. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “...“NCAMENA" MMC (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) əvvəlki rəhbəri olan İddiaçı (VÖEN **********) ölkədən getmək hüququ Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 2218/2022 nömrəli qərarına əsasən məhdudlaşdırılmışdır. Belə ola halda iddiaçı ölkədən çıxışına məhdudiyyət qoyulması ilə razılaşmadığı təqdirdə Bakı Kommersiya Məhkəməsinin qeyd olunan qətnaməsindən yuxarı instansiya məhkəməsinə şikayət verməlidir. Bakı Kommersiya Məhkəməsinine-2- 2(113)-2218/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmamış və “NCAMENA" MMC (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsindən aydın olduğu kimi belə bir hal baş verməmişdir. Lakin, məhkəmə tərəfindən qanunsuz və əsassız qərarın qəbul edilməsi son nəticədə iddiaçının törətdiyi əməllərə görə məsuliyyətdən yayınmasına şərait yaratmışdır”. Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi bir daha qeyd etməyi zəruri hesab edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı hüquqi şəxsin əvvəlki qanuni təmsilçisi olmuş, sonradan həmin vəzifədən azad edilmişdir. Bu hallar da məhz cavabdehə məlum olmuşdur. Bu baxımdan məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının MMC-nin qanuni təmsilçisi olmamasına baxmayaraq, MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının hüquq və vəzifələri bir başa Vergi Məcəlləsinin 23 və 24-cü maddələrində təsbit olunmuşdur. Ancaq işdən görünür ki, cavabdeh hüquqlarından istifadə etmiş, lakin vəzifələrini yerinə yetirməmişdir. Halbuki, hüquqlardan istifadədən fərqli olaraq vəzifələr mütləq xarakter daşıyır. Belə ki, VM-in 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməsi vergi orqanlarının hüquqlarından biri kimi göstərilmişdir. Vergi orqanının həm əvvəlki, həm də hazırkı rəhbərə qarşı iddia qaldırmasına maneə olan hər hansı sədd qanunda müəyyən edilməmişdir. Əksinə, Vergi orqanı 23.1.15-3-cü maddədə göstərilən hüququndan istifadə etmişdir. Buna baxmayaraq Vergi orqanının Vergi Məcəlləsinin 23-cü maddəsində göstərilən hüququndan istifadə etməsi, lakin 24-cü maddədə göstərilən vəzifələrini yerinə yetirməməsi bir başa iddiaçının konstitutsion hüququnu pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının ölkədən çıxışına qoyulan məhdudiyyətə səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı hər hansı tədbir görməməklə birbaşa iddiaçını ölkədən getmək hüququndan məhrum etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 9 sentyabr tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2-1(112)-3428/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar