Məhkəmə qərarları › İş №2-1(103)-2321/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2321/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2321/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyini cavabdehin üzərinə həvalə edilməsi” tələbinə dair işi üzrə Açar sözlər: ("Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X6 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2-1(112)-2137/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı barəsində təqdim edilmiş sənədlərdə döyüş əməliyyatları aparılan dövrdə (27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 283 nömrəli döyüş əmrinə əsasən, iddiaçı Qadın Hərbi Qulluqçusu baş çavuş İddiaçı, N nömrəli hərbi hissədə X4 fəal şəkildə iştirak etmişdir. Ağdam və Tərtər rayonları istiqamətində gedən döyüşlərdə tibbi təminat üzrə tapşırıqları fəal şəkildə yerinə yetirmişdir. İddiaçı hazırkı tələb ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Cavabdeh orqanın iddiaya xx.xx.2025-ci il tarixli yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd” əlavə edilmişdir. Həmin Qeydə əsasən: bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, döyüş əməliyyatları aparılan dövrdə (xx.xx.2020-xx.xx.2020) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2-1(112)-2137/2025 nömrəli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia tələbi təmin edilərək, qadın hərbi qulluqçusu baş çavuş X1 "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2- 1(112)-2137/2025 nömrəli qərarının ləğv edilməsini, inzibati işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən prosessual və maddi normaların pozulması düzgün olmayan qərarın qəbul edilməsinə ilə nəticələnmişdir. Məhkəmə tərəfindən “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarın müddəaları pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə qərar qəbul edərkən, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsini və “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsini nəzərə almamışdır. Həmin maddəyə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar.” İddiaçının sənədlərində, yuxarıda qeyd olunmuş Əsasnamədə nəzərdə tutulduğu döyüş bölgəsinə ezam olunması sübuta yetirilməmişdir. O, yalnız həmin ərazilər istiqamətində ezam olunmuşdur. Məhkəmə qərarının 15-ci bəndində istinad olunmuş N nömrəli hərbi hissənin arayışına dair bildirmək lazımdır ki, orada Ağdam və Tərtər rayonları istiqamətində gedən döyüşlərdə tibbi təminat üzrə tapşırıqları yerinə yetirdiyinə istinad olunmuşdur. Qanunvericilikdə “döyüş bölgəsi” ilə “istiqamət” sözlərinin anlayışı və onların yaratdığı hüquqi nəticələr də fərqlənir. Burada “istiqamət” sözünün yazılması məhkəmə tərəfindən diqqət yetirilməmişdir. “İstiqamət” həmin ərazilərə gedən yoldur, lakin Ağdam və Tərtər rayonunun özü deyil. Yəni, “istiqamətdə ... fəaliyyət göstərməsi” ifadəsi Əsasnamədə olan ərazi meyarları şərtlərinə uyğun gəlmir, çünki orada konkret hansı bölgələrin olması öz əksini tapmışdır: Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin əraziləri, Ağdam rayonunun 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş əraziləri. Döyüş əməliyyatlarının tibbi təminatı üzrə tapşırıqlarının yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, onlar qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə yetirmiş olsunlar. Həmçinin, onu da bildirmək lazımdır ki, döyüş əməliyyatlarının tibbi təminatı üzrə tapşırıqlarının yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, onlar qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə yetirmiş olsunlar. Məhkəmə tərəfindən həmin xüsusatların araşdırmaması, prosessual və maddi normaların pozulması əsassız qərarın çıxarılması ilə nəticələnmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2-1(112)- 2137/2025 nömrəli qərarının ləğv edilməsini və inzibati işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2-1(112)- 2137/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən, hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; - 2.0.2-ci maddəsinə görə, hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; - 2.0.3-ci maddəsinə əsasən, ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir; “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinin birinci hissəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. - 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əsasən: - Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. X7 hissəsinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsinə nail olmaqdan iabrətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya müharibə veteranı adının verilməsindən imtinanın və iddiaya dair etirazının əsası kimi – döyüş əməliyyatları aparılan dövrdə (27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yerin ərazi meyarlarına uyğun gəlmədiyini qeyd etmişdir. Lakin Müdafiə Nazirliyinin məhkəməyə təqdim etdiyi məlumatında (soğuya cavab məktubunda) N nömrəli hərbi hissənin “Vətən Müharibəsi” zamanı döyüş əməliyyatlarında iştirak etdiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin arayışından da görünür ki, QHQ baş çavuş İddiaçı Tofiq qızı, “Vətən müharibəsi” zamanı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından N nömrəli hərbi hissəyə ezam olunmuş “Vətən müharibəsində” Ağdam və Tərtər rayonları istiqamətində gedən döyüşlərdə tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Əlavə olaraq iş materiallarında olan və yuxarıda təsvir edilmiş “Fəxri Fərman”lardan da görünür ki, iddiaçı X5 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpa olunmasında göstərdiyi xidmətlərlə bağlı vəzifə borcunu layiqincə yerinə yetirmişdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti iddiaya etiraza uyğun olmaqla əsas dəlili ondan ibarətdir ki, “...iddiaçının sənədlərində, yuxarıda qeyd olunmuş Əsasnamədə nəzərdə tutulduğu döyüş bölgəsinə ezam olunması sübuta yetirilməmişdir. O, yalnız həmin ərazilər istiqamətində ezam olunmuşdur...” Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin arayışından da görünür ki, QHQ baş çavuş İddiaçı Tofiq qızı, “Vətən müharibəsi” zamanı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından N nömrəli hərbi hissəyə ezam olunmuş “Vətən müharibəsində” Ağdam və Tərtər rayonları istiqamətində gedən döyüşlərdə tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Məhkəmə tərkibinin müvafiq sorğusuna əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 110 nömrəli Hərbi Hissə tərəfindən verilən xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin (Ağdam hərbi hospitalı) dislokasiya yeri Sarcalı, tərkibindən ayrılmış STQ(səyyar tibb qrupu) isə Naftalan yaşayış məntəqələrində yerləşmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli, 3-25-4/2-8085/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Ordusunun “Vətən Müharibəsi” zamanı döyüş zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlilə münasibətdə bildirir ki, iddiaçının ezam olunduğu Ağdam rayonunun Sarcalı kəndinin adı sözügedən Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilər sırasında əksini tapmasa da, iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin (051 korpusdur, N nömrəli hərbi hospital həmin korpusa tabedir) tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında tibbi təminat üzrə tapşırıqları yerinə yetirmək üçün döyüş əməliyyatları zamanı yaralıların çeşidlənməsində, ilkin tibbi yardımın göstərilməsində və Sarıcalı hərbi hospitalında əməliyyatlarda tibb bacısı (anesteziologiya və reanimasiya bölməsi) kimi iştirak etməsi faktı təkzibolunmazdır. İddiaçının döyüşlərdə iştirak edən N nömrəli hərbi hissəsinin tərkibində tibbi təminat üzrə tapşırıqları yerinə yetirməsi həmin hərbi hissənin verdiyi müvafiq arayış və hərbi hissələrin müvafiq əmrləri ilə də sübuta yetirilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsə müharibə veteranı adının verilməsinin mahiyyəti ondan ibarətdir ki, şəxsin bilavasitə döyüş tapşırığını yerinə yetirməsi və ya döyüş əməliyyatlarının aparıldığı ərazidə ezam olunması nəticəsində yaralanma, travma və ya digər xəsarətlər alması, həmçinin onun ölümü ilə nəticələnəcəyi təhlükəsi vardır. Bu səbəbdəndir ki, şəxsə müharibə veteranı adının verilməsi üçün onun bu növ təhlükələrlə üz-üzə olması, bilavasitə döyüş əməliyyatarında iştirak edən və döyüş tapşırğını icra edən hərbi qulluqçu və ya hərbi orqanların mülki işçisi olması, eyni zamanda döyüş əməliyyatlarının digər təminatı növü üzrə (hazırkı işdə tibbi təminat) həmin əməliyyaltarın aparıldığı ərazilərdə hərbi qulluqçuların müayinəsi və müalicəsində iştirak etməsi və nəticədə yuxarıda qeyd edilən təhlükələrlə üz-üzə olması zəruridir. Hazırkı işin çərçivəsində isə sadalanan faktorların ödənilməsi mübahisəsizdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1715/2025 saylı, xx.xx.2025-ci il tarixli və 2-1(102)-1645/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarlarında oxşar mövqedən yanaşılmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1715/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda “Müharibə veteranı” adı və vəsiqəsi verilir...”. Eyni zamanda, hazırkı iddianın predmeti ilə eynilik təşkil edən iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqənin verilməsinin razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 2- 1(103)-1145/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1645/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə vahid məhkəmə təcrübəsi mövcud olduğu üçün mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli 2-1(112)-2137/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar