Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2322/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi haqqında iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3622/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alt sistemi tərəfindən onun əlilliyinin etibarsız hesab edilməsi barədə xx.xx.2019-cu ul tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir . Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2018-ci il tarixdən təyin edilmiş İİİ dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3622/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3622/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xx.xx.2019-cu il tarixli 02119-8692 saylı məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, göndərişləri tam əsaslandırılmamış 47 nəfərin əlilliyi ilə bağlı tədbirlərin görülməsini xahiş etmişdir. İddiaçının adı göndərişləri tam əsaslandırılmamış 47 nəfərin olduğu siyahıda qeyd edildiyindən, “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də əsaslı olaraq Əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3622/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE 13309479 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə doğulmuşdur. İşin materiallarına əlavə edilmiş İddiaçı məxsus AO ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Əli Bayramlı SHK hərbi həkim komissiyası tərəfindən “Xəstəlik Cədvəli”nin İ qrafasının 34C maddəsinə əsasən, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı, təkrar tibbi müayinədən xx.xx.2009-cu i tarixldə keçməli olması hesab edilmişdir. xx.xx.2009-cu il tarixdə Şirvan SHK hərbi həkim komissiyası tərəfindən “Xəstəlik Cədvəli”nin İ qrafasının 34C maddəsinə əsasən, sülh dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı, təkrar tibbi müayinədən xx.xx.2012-ci il tarixdə keçməli olması hesab edilmişdir. xx.xx.2012-ci il tarixdə Şirvan şəhər SHXÇ şöbəsində həkim komissiyasından keçmiş iddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı Qərarı ilə təsdiq edilmiş “Xəstəliklər Cədvəli!nin İ qrafasının 34C maddəsinə əsasən, sülh dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı, növbəti təkrar müayinədən xx.xx.2015-ci il tarixdə keçməli olması hesab edilmişdir. xx.xx.2015-ci il tarixdə Şirvan şəhər SHXÇ şöbəsində həkim komissiyasından keçmiş iddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı Qərarı ilə təsdiq edilmiş “Xəstəliklər Cədvəli”nin İ qrafasının 34C maddəsi əsasən sülh dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı, növbəti təkrar müayinədən xx.xx.2018-ci il tarixdə keçməli olması hesab edilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı Şirvan şəhər SHXÇ şöbəsində həkim komissiyası tərəfindən “Xəstəliklər Cədvəli”nin İ qrafasının 34C maddəsinə əsasən, sülh dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı olması, təkrar tibbi müayinə vaxtının xx.xx.2021-ci il tarix olması hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şöbəsi tərəfindən verilmiş 010920 nömrəli, xx.xx.2018-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci ildən ümumi xəstəlik - gözdən 3-cü qrup müddətsiz əlildir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, ********** nömrəli məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və X1 tərəfindən onun əlilliyi xx.xx.2019-cu il tarixdən etibarsız sayılmışdır. Əlilliyi ləğv olunduğu üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi tərəfindən onun əlilliyinə görə (İİİ qrup) əmək pensiyası xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Müəyyən edilmişdir ki, ona xx.xx.2018-xx.xx.2019-cu illər üzrə 16.110,67 manat məbləğində əmək pensiyası artıq ödənilmişdir. Artıq ödənilmiş 16.110,67 manat vəsaitin DSMF Şirvan şəhər şöbəsinin hesabına ödəməyi xahiş olunur. Əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə X3 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “3 nömrəli xəstəxana” publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanlanmış xx.xx.2022-ci il tarixli, 69 nömrəli məktubdan görünür ki, İddiaçı Sumqayıt şəhəri 3 nömrəli xəstəxana tərəfindən forma 088 yazılaraq xx.xx.2018-ci il tarixdə əlilliyin müəyyən edilməsi üçün TSEK-ə göndərilmiş və həmin gün də 3-cü qrup əlillik təyin edilmişdir (göndəriş №0773003AABSE). Həmin şəxsə həmçinin xx.xx.2018-ci il tarixində Hacıqabul Dəmir yol Ambulatoriyası tərəfindən də TSEK-ə göndəriş verilmişdir. Yazılmış forma 088-ə əsasən xəstənin yalnız X2 adına Milli Oftalmologiya Mərkəzindən xx.xx.2018-ci il tarixli rəyinin olduğu müəyyən edilir. 3 nömrəli xəstəxananın poliklinika şöbəsinin qeydiyyat bölməsində həmin şəxsə aid tibbi sənəd aşkar edilmədi. Yazılmış göndərişdə İddiaçı yaşayış ünvanı göstərilmədiyi üçün (qeydiyyat yeri Şirvan şəhəridir) sənədlərinin hansı həkimdə ola biləcəyini aydınlaşdırmaq məqsədilə həmin şəxslə əlaqə saxlanıldı. İddiaçı bildirdi ki, 2018-ci ilin fevral ayında 3 nömrəli xəstəxananın poliklinika şöbəsinin xidmət ərazisi olan H.Zeynalabdin qəsəbəsində işlədiyinə və müvəqqəti yaşadığına görə sənədlərini həmin tibb müəssisəsinə təqdim edib. İddiaçı həmçinin onu da bildirdi ki, yalnız bir neçə dəfə 3 nömrəli xəstəxanada olub və poliklinika şöbəsində həmin dövrdə işləmiş heç bir həkimi xatırlamır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 02/198692 nömrəli məktubun surətindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 2017-2018-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan səhiyyə müəssisələri tərəfindən bank və neft sektorunda çalışan 289 nəfərin adına rəsmiləşdirilmiş göndərişlərin araşdırılması ilə bağlı məktubuna Səhiyyə Nazirliyində baxılmışdır. Bildirilir ki, göndərişləri tam əsaslandırılmamış 47 nəfərin əlilliyi ilə bağlı aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi məqsəduyğun hesab edilir. Həmin məktuba əlavə edilmiş siyahıda İddiaçı adı qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qərarın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Sözügedən Qərarın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qərarın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. - 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh inzibati orqan tərəfindən Sumqayıt 3 nömrəli Şəhər Xəstəxanasının 0773003AABSE nömrəli göndəriş əsasında xx.xx.2018-ci ildə ümumi xəstəlik “Gözdən Əlil”, “Astiqmatizm, Murekkeb miopik astiqmatizm. VİZ OD=1.0 (vahid) VİZ OS=0.0 1Ketmir (yuzde bir) Binokulyar, ağır görmə pozğunluğu, xorioretinal distrofiya” diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli, xx/xx-8692 nömrəli məktubuna istinad etməklə İddiaçı əlilliyin təyinə əsas olan 0773003AABSE nömrəli göndərişin əsassız rəsmiləşdirilməsi nəticəsinə gələrək “Əlillik altsistemi”ndə ona aid qiymətləndirməni etibarsız hesab etmişdir. Apellyasiya şikayətinin “İddiaçının adı göndərişləri tam əsaslandırılmamış 47 nəfərin olduğu siyahıda qeyd edildiyindən, “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir ” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab edərkən yalnız Səhiyyə Nazirliyinin məlumat əsasında iddiaçının göndərişinin əsassız rəsmiləşdirilməsi ilə bağlı düzgün nəticəyə gəlməməişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də əsaslı olaraq Əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir” dəlilinə münasibətdə bildirir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etdikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən şəxsin əlil olmadığı müəyyən edildiyi halda onun əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilər. Hazırki işin müəyyən edilmiş hallarından isə görünür ki, İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh onun əlilliyini etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Bundan başqa, yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Yenə həmin normaların məzmununa əsasən əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qəbul edilə bilər. Hazırkı halda isə cavabdeh tərəfindən belə müayinə aparılmadığından əlilliyin ləğvi də qanunsuz olardı. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixli inzibati akt müddətsiz qüvvədədir. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada xx.xx.2018-ci il tarixli inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir. “ İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən xx.xx.2018-ci il tarixli akt ləğv edilənə, dəyişdirilənə və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3622/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2322/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2322/2022
18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver