Məhkəmə qərarları › İş №2-1(103)-2323/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2323/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2323/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-6360/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan X1rşı 182544 (yüz səksən iki min beş yüz qırx dörd) manat pulun ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-6360/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-6360/2021 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2- 1(112)-6360/2021 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-6360/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: - notarial qaydada təsdiq edilmiş 18.05.2019-cu il tarixli müqaviləyə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək olan hissəsinin yenidənqurulması” layihəsi ilə əlaqədar tikinti altına düşən maneələrə dəymiş ziyana görə kompensasiya ödənilməsi prosesini həyata keçirmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə İddiaçı arasında aşağıdakı məzmunda müqavilə bağlanılmışdır: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3/16-2529 saylı, 11 aprel 2019-cu il tarixli məktub ilə təqdim edilmiş “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək olan hissəsinin yenidən qurulması” layihəsi ilə əlaqədar tikinti altına düşən maneələrə dəymiş ziyana görə kompensasiya ödənilməsi prosesini həyata keçirmək məqsədi ilə 11 aprel 2019-cu il tarixli smeta və məlumat cədvəlinə və Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 43 saylı, 01 mart 2019-cu il tarixli “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək olan hissəsinin yenidənqurulması” layihəsi ilə əlaqədar tikinti altına düşən və vətəndaşların uzun müddət istifadəsində olan tikililərin rəsmiləşdirilməsi barədə sərəncama həmçinin Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 21 saylı Mənzil Kommunal İsitsmar sahəsinin 18 nömrəli, 17.05.2019-cu il tarixli arayışa əsasən İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən özbaşına tikili: əsas sahə (taxta tikili) – 40.35 kv.m, köməkçi sahə (taxta tikili) – 7.74 kv.m, bağlı eyvan (taxta tikili) – 31.62 kv.m, anbar – 18.19 kv.m, s/qovşağ – 4.62 kv.m, tamet döşəmə - 18 kv.m, meyvə ağacları (5-7 illik) -15 ədəd, torpaq sahəsi - 365.6 kv.m görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş 09.04.2019-cu il tarixli “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək olan hissəsinin yenidənqurulması” layihəsi ilə əlaqədar tikinti altına düşən maneələrə görə təzminat ödəniləcək şəxslərin siyahısına əsasən (Azərbaycan Respublikası qanunvericiliklə müəyyən olunmuş bütün əlavələrlə birlikdə) ümumilikdə 45636.00 manat (qırx beş min altı yüz otuz altı manat sıfır qəpik) məbləğində kompensasiyanı “Birinci tərəf”-ə - İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətiu başçısının 43 saylı, 01 mart 2019cu il tarixli “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək olan hissəsinin yenidənqurulması” layihəsi ilə əlaqədar tikinti altına düşən və vətəndaşların uzun müddət istifadəsində olan tikililərin rəsmiləşdirilməsi barədə sərəncama həmçinin Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 21 saylı Mənzil Kommunal İstismar Sahəsinin 18 nömrəli, 17.05.2019-cu il tarixli arayışına əsasən İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən özbaşına tikili: əsas sahə (taxta tikili) – 40.35 kv.m, köməkçi sahə (taxta tikili) – 7.74 kv.m, bağlı eyvan (taxta tikili) – 31.62 kv.m, anbar – 18.19 kv.m, s/qovşağ – 4.62 kv.m, tamet döşəmə - 18 kv.m, meyvə ağacları (5-7 illik) -15 ədəd, torpaq sahəsi - 365.6 kv.m görə Azərbaycan Avtomovil Yolları Dövlət Agentliyinin xeyrinə imtina etmişdir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 3/16-2048 nömrəli, 02 aprel 2021-ci il tarixli məktuba əsasən iddiaçının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanladığı əmlakına dəymiş ziyanla əlaqədar kompensasiya ödənilməsi ilə bağlı ərizəsinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, ona məxsus yaşayış evi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsinin yenidənquraşdırılması” layihəsi çərçivəsində yeni tikilən yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Kmitəsinin aidiyyəti təşkilatı tərəfindən kadastr planından çıxarış tərtib edilmişdir. Dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən ona mxəsus fərdi yaşayış evinin sözügedən layihə çərçivəsində tikitni altına düşməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə hesbalanmış bazar qiymətinin 20 faizi, kirayə və daşınma xərci nəzərə alınmaqla ümumilikdə 45636 (qırx beş min altı yüz otuz altı) manat kompensasiya hesablanmış və onunla notarial qaydada müqavilə imzalandıqdan sonra ona ödənilmişdir. Pozulmuş hüquqlarının müdafiəsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia mümkünlük tələblərinə cavab vermədiyindən, məhkəmə, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, iddiaçının, hazırkı tələbində artıq özgəninkiləşdirilmiş əmlaka görə, yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürdüyünü, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğunu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququnun mövcud olmadığını nəzərə alaraq iddianı mümkünsüz hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır, həmin qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Baxılan iş üzrə iddiaçı yuxarıda qeyd edilən müqaviləni mülki icraat qaydasında mübahisələndirməmiş və hal-hazırda müqavilə qüvvədədir. Lakin, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, həmin alğı-satqı müqavilələri qüvvədə ola-ola, artıq özgəninkiləşdirdikləri əmlaka görə, təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüş, halbuki, hər iki tərəf mübahisələndirilən əmlakın alğısatqısına dair bağlanmış müqavilə ilə və Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olan öhdəliklərini icra etmiş, yəni, satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş və satıcı da qəbul etdiyindən, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmişdir. Beləliklə, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ da yaranmamışdır. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-6360/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar