Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2324/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı (Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti) “kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-624/2021 saylı 26.05.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsindəki 20 A nömrəli evdəki 9 nömrəli mənzilin xidməti mənzillər sırasından çıxarılmaqla, iddiaçı ilə kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın ərizəsində şərh olunan faktiki hallara görə iddiaçıya 09 yanvar 1987-ci 1 tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsindəki 20 A nömrəli evdəki 9 mərtəbəli evin 5-ci mərtəbəsində, 29,29 kv.metr sahəsi olan, 9 nömrəli mənzil 3 nəfər ailə tərkibində (özü, arvadı, qızı) 006159 saylı xidməti order verilmişdir. İddiaçı xidməti orderin daimi orderlə əvəz olunması barədə ərizə ilə cavabdeh Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinə müraciət olunmuş, lakin Suraxanı Rayonu İcra Hakimiyyəti özünün 16.12.2019-cu il tarixli məktubu ilə ona cavab verərək bildirmişdir ki, xidməti mənzilin daimi kirayə müqaviləsi ilə əvəz edilməsi səlahiyyəti xaricində olduğundan məhkəməyə müraciət edilməlidir (İmtina məktubunu 15.01.2020-ci il tarixdə poçt vasitəsi ilə almışdır). İddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, Bakı Kanalizasiya İdarəsində 1985-2003-cü illərdə, yəni 10 ildən artıq bir müddətdə işlədiyi üçün iş yerindən verilmişdir. O, ailəsi ilə birlikdə həmin mənzildə 33 ildir yaşayır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azəbaycan Respublikası Mənzil Məcəlləsinin 105-ci maddəsinə əsasən xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər. Qanunun tələbindən göründüyü kimi onunla cavabdehin həmin mənzilə daimi kirayə müqaviləsinin bağlanması əsasları yaranmışdır. Onunla qonşuluqda yaşayan mənzillərin sakinləri öz mənzillərinin xidməti orderlərini daimi orderlərlə əvəz edərək, öz yaşayış sahələrini özəlləşdirmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-624/2021 saylı 26.05.2021-ci il tarixli qərarı ilə iddia təmin edilsmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsindəki 20 A, nömrəli evdəki 9 mərtəbəli evin 5-ci mərtəbəsində, 29,29 kv.metr sahəsi olan 9 nömrəli mənzilin xidməti mənzillər sırasından çıxarılmaqla, İddiaçı ilə kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsi cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apelyasiya icraatı mümkündür. Apellyasiya şikayətinin əsaslarına görə keçmiş Bakı Kanalizasiya İdarəsinin idarəsinin balansında olan çoxmənzilli yaşayış binalarının Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməsi və Suraxanı rayon Mənzil kommunal Təsərrüfatı Birliyinin (“MKTB”)balansına verilməsinə dair Bakı şəhər icra Hakimiyyətinin müvafiq sərəncamının olub-olmaması məhkəmənin gedişində müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarında isə qeyd olunur ki, Bakı Şəhər İcra hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentindən alınmış 29.04.2021-ci il tarixli 313 saylı məktubunda Suraxanı rayonu, Hövsan Qəsəbəsi Elman Qasımov küçəsindəki 20 A nömrəli evdəki 9 nömrəli mənzilin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olduğu bildirilir. Lakin həmin birlik cavabdeh qismində işə cəlb olunmadan, Suraxanı rayon İcra Hakimiyyəti cavabdeh kimi tanınaraq öhdəlik Suraxanı rayon İcra hakimiyyətinin üzərinə qoyulmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə istinadən hesab edir ki. işin halları tam araşdırılmamış. Cavabdeh müəyyən edilmədən öhdəlik qoyulduğundan İPM-in 81-87-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkmə kollegiyasının 23.09.2021-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. (Hazırkı məhkəmə iclasının vaxtı və yeri, habelə, və gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar olunsa da məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır). Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, hamı kimi o da mənzili özəlləşdirmək istədiyini bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya mərhələsində işə cəlb edilmiş üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (“MKTD”) nümayəndəsi V.Səfərov izahatında göstərmişdir ki, mübahisəli mənzilin yerləşdiyi bina Suraxanı rayon MKTB-nin balansındadır. Birliyin ikili tabeliyi, yəni, həm də Suraxanı rayonu İcra Hakimiyyətinin tabeliyindədir. Ona görə də mənzil barədə sərəncam hüququ Suraxanı rayon İcra hakimiyyəti həyata keçirir. İddiaçıya məxsus mənzilin orderinə baxış keçirdikdən sonra, məhzilin keçmiş Orconokidze, yəni, hazırkı Suraxanı rayon İcra hakimiyyətinin hüquq sələfi tərəfindən verildiyiyni qeyd edən nümayəndə cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin əsl cavabdeh olduğunu qeyd edərək, praktikada birinci instansiya məhkəmsi tərəfindən xidməti mənzilin xüsusi təyinatlı fonddan çıxarılması ilə bağlı qərarlar qəbul olunduğunu bildirmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv ediliməli və iddianın rədd oulnmasına dair yeni qərar qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri keçmiş Orconokidze (hazırkı Suraxanı) rayonu icra Hakimiyyəti tərəfindən verilmiş 006159 nömrəxi xüsusi orderdən görünür ki, Bakı Kanalizasiyaya məxsus olan X4 Qasımov küçəsindəki 20 A nömrəli evdən 9 nömrəli xidməti mənzil, 9 yanvar 1987-ci il tarixində 3 nəfər ail tərkibində iddiaçının xidməti istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş, Bakı Şəhər İcra hakimiyyəti MKTD-nin birinci instansiya məhkəməsinə ünvanladığı 04.2021-ci il tarixli məhkəməmə sorğusuna ünvanlaığı cavab məktubundan görünür ki, mübahisəli mənzil Suraxanı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin (“MKTB”) balansındadır. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.6-cı bəndinin 2-ci hissəsinə əsasən “rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir.” Həmin Əsasnamənin 3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı “müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir” Əsasnamənin qeyd olunan tələbləri baxımından, cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin iddiaçıya xidməti mənzilə dair xüsusi order verən keçmiş Orconokidze rayon İcra Hakimiyyətinin hüquqi varisi olduğunu, həmin mənzilin balansında olduğu Suraxanı rayon ərazsində fəaliyyət göstərən Suraxanı rayon MKTB-yə ümumi rəhbərliyi həyata keçirdiyini, habelə üçüncü şəxsin izahatını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istifadəsində olan həmin mənzilə dair sərəncam vermək hüququ da məhz ona məxsusdur. Başqa sözlə, hazırkı iddiaya cavab verməli olan əsl cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti hesab edilməlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə işə əlavə olunmuş Suraxanı rayon İcra Hakimiyyətinin 04.03.2020-ci il taorixli məktubna, habelə üçüncü şəxsin izahatına əsasən müəyyən olunur ki, iddiaçının yaşadığı mənzil xüsusi təyinatlı mənzil fonduna məxsus yaşayış sahəsidir və bu işin mübahisələndirilməyən halıdır. İddiaçının tələbi də məhz ondan ibarətdir ki, xüsusi təyinatlı mənzil fonduna aid olan həmin mənzil xidməti mənzillər sırasından çıxarılaraq onunla mənzllə bağlı kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdehə həvalə olunsun. İddiaçının iddia ərizəsində və məhkəməyə verdiyi izahatında ifadə olunan məqsəd və istəyindən isə görünür ki, onun mənzilin xidməti mənzillər sırasından çıxarılmasında məqsədi kirayə müqaviləsi bağladıqdan sonra onun özəlləşdirməkdir. Lakin, mənzil qanunvericiliyi ilə məhkəmənin dövlət fonduna aid mənzilin xidməti mənzillər sırasından çıxarmaq kimi səlahiyyəti müəyyən edilməmişdir. Belə ki, 01.01.2009-cu il tarixdən qüvvvədə olan Azərbaycan Respublikasının Mənzil məjəlləsinin həmin Mgəllənin 91.1.1-ci maddəsinin təlbəinə görə xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid edilir. Həmin Məcəllənin 10.0.7-ci maddəsinin təlbinə görə dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsmi əsaslarını müəyyən etmək dövlətin vəzifəsidir. Həmn Mcəllənin 91.1.2-ci maddəsi isə nəzərdə tutur ki, xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Məcəllənin qeyd olunan tələbi baxımından, xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan, başqa sözləxidməti mənzillər sırasından çıxarılması məhkəmə tərəfindən deyil, dövlət mənzil fonduna idarəetməsini həyata keçirən dövlət orqanın qərarı əsasında həyata keçirilə bilər. Odur ki, konkret halda, iddiaçıya məxsus mənzil xüsusi təyinatlı mənzil fonduna aid edildiyi halda, həmin mənzilə dair kirayəyə müqavilsi bağlanması barədə sərəncam verilməsi qanunla istisna edilir. Çünki, ən azından Mənzil Məcəlləsinin 91.3-cü maddəsinin imperativ tələbinə görə xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən isə mənzil qanunvericiliyinin qeyd olunan tələbləri nəzərə alınmamış, işdə olan sübutlara qanun tələblərinə münasibətdə düzgün hüquqi qiymət verilməmiş, beləliklə də gəldiyi nəticə sübutlara və maddi hüquq normalarına uyğun olmamışdır. Göründüyü kimi, iddiaçının tələbini təkzib edən faktiki şərtlərin mövcüdlüğü sübuta yetirilir( İPM-m.14.3). Bütün bunlar isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən imtina verilməsi onun qanunla üzərinə düşən öhdəliyi olmuşdur. Belə olan halda bu imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, o halda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iddia tələbinin təmin olunması barədə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu və maddi hüquq normalarının pozulması ilə qəbul olunduğunu vurğulayan dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 624/2021 saylı 26.05.2021-ci il tarixli qərarıı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq qərara a l d ı: Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-624/2021 saylı 26.05.2021-ci il tarixli qərarı ləğv olunsun. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2324/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2324/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver