Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2324/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs qismində X3 cəlb edilməklə) “iddiaçının 47 saylı mağaza üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi, hərracın nəticəsində B.Qurbanovun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, sərəncamın ləğv edilməsi, əmlakın geri qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-284/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “İddiaçı təsərrüfat hesablı 47 saylı sənaye malları mağazasında hüquqi varisliyini – mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi barədə, hüquqi varisi olan kooperativ mülkiyyətinə xx.xx.2017-ci il tarixində yalan məlumatlar yazılaraq qanunsuz hərraca çıxarmaları nəticəsində X1 adına xx.xx.2017-ci il tarixli, № 112623 çıxarışın etibarsız sayılıb ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1181 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı veridyi apellyasiya şikayəti əsasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1581/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1581/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən hüquqi yardım göstərilərək İddiaçı iradə ifadəsini nəzərə alaraq və çatmaq istədiyi məqsədə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə yekun ərizəsinin təqdim edilməsi təklif edilməlidir. Bakı İnzibati Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1581/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadında göstərilənləri rəhbər tutularaq iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə yekun ərizənin təqdim edilməsi təklif edilmiş və İddiaçı da xx.xx.2021-ci ildə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1581/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına istinad etməklə dəqiqləşdirimiş iddia tələbinin əks olunduğu iddia ərizəsini məhkəməyə təqdim etmiş və məhkəmədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, 168 nömrəli sərəncamının ləğv edilməsi, İddiaçı adına Təsərrüfat hesablı 47 nömrəli sənaye malları mağazasında hüquqi varisliyini – mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, İddiaçı hüquqi varisi olduğu kooperativ mülkiyyətinə xx.xx.2017ci il tarixində (yalan məlumatlar yazılaraq) X1 adına xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışın etibarsız sayılıb ləğv edilməsi, mülkiyyətinin özünə geri qaytarılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1988-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, Mənzil Tikinti Kooperativinin 13 saylı yaşayış binasının qeyri-yaşayış sahəsində yerləşən Təsərrüfathesablı 47 saylı sənaye malları mağazasının müdiri olmuşdur, SSRİ dağıldıqdan sonra isə Dövlət əmlakının özəlləşdirilməsi haqqında Dövlət Proqramına əsasən və eyni müəssisədə 7 ildən çox əmək stajına malik olduğuna görə xx.xx.1995-ci ildən özəl obyektin hüquqi varisi müəyyən edilmişdir. Hüquqi varis olduğu üçün 1995-ci ildə ona texniki pasport verilmişdir. Çıxarış almaq üçün sənədləri 2013-cü ildə təkrarən cavabdehə göndərmişdir. Sənədlər DƏDRX-də olduğu halda digər şəxsə çıxarış verilməsi qanunsuzdur. Belə ki, İXMİM sənədləri saxtalaşdırmış, xx.xx.2016-cı ildə işçilərin sayı yoxdur kimi yalan məlumat verərək obyekti hüquqi varissiz göstərib hərraca çıxarılması üçün ƏMDK-ya göndərmişdir. Obyekt həmişə fasiləsiz olaraq hüquqi varisin sahibliyində olmuşdur. İddiaçı müəssisəni heç vaxt heç kəsə təhvil verməmişdir. ƏMDK kooperativ mülkiyyətin hüquqi varisin sahibliyində olması faktına göz yummuş, araşdırma aparmamış və yalan məlumatlar yazılmış sənədləri Hərracların Təşkili üzrə Auksion Mərkəzinə göndərmişdir. Bu qanunsuzluq nəticəsində İddiaçı hüquqi varisi olduğu kooperativ mülkiyyət 1 kv metri 150 manata olmaqla X1 adına rəsmiləşdirilmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" y/s, bina 13, qapı 1, 2, 3-də yerləşən 47 nömrəli mağazasına dair onun adına çıxarışın verilməsi barədə müraciəti daxil olmuşdur. Qeyd edilən qeyri-yaşayış sahəsi digər fiziki şəxsin – X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bir hissəsi özgəninkiləşdirilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır və bu barədə xx.xx.2021-ci il tarixli imtina məktubunda izahat verilmişdir. İddiaçı adına heç bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-284/2022 saylı, 31 mart 2022-ci il tarixli qərardadı (hakim M.Hacıbəyova) ilə iddia “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, 168 nömrəli sərəncamının ləğv edilməsi, mülkiyyətinin özünə geri qaytarılmasının təmin edilməsi” hissəsində mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, ləğv edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə iddia ərizəsinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, sənədlər DƏDRX-də olduğu halda digər şəxsə çıxarış verilməsi qanunsuzdur. Belə ki, İXMİM sənədləri saxtalaşdırmış, xx.xx.2016-cı ildə işçilərin sayı yoxdur kimi yalan məlumat verərək obyekti hüquqi varissiz göstərib hərraca çıxarılması üçün ƏMDK-ya göndərmişdir. Obyekt həmişə fasiləsiz olaraq hüquqi varisin sahibliyində olmuşdur. İddiaçı müəssisəni heç vaxt heç kəsə təhvil verməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, 168 nömrəli sərəncamı Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi barədə olmuşdur. Halbuki, bu sərəncamla Azərbaycan Respublikasının Qanunları, İİ Dövlət Proqramının tələbləri və hüquqi varisin mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, 47 nömrəli mağaza adlı müəssisə “dövlət” əmlakı deyil, kooperativ mülkiyyətidir və bu əmlakın nizamnamə kapitalında dövlətin payı yoxdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının təşəbbüsü ilə iddiaçı apellyasiya şikayətində qeyd etdiyi tələblərini dəqiqləşdirərək, əsas tələblərinin xx.xx.2021-ci il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizəsində qeyd etdiyi tələblərdən ibarət olduğunu, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-284/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarının və qərardadının ləğv edilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Qanunvericiliyin tələblərinə görə inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti yaxud hərəkətsizliyi) mövcud olmalıdır. Belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. Başqa sözlə iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərinin mövcudluğunu, cavabdehin imtinasının isə, onun həmin hüquq və mənafelərinə toxunduğunu təsdiq etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisələndirilən qərardadla mümkün sayılmayan tələbləri- - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 25 noyabr 2016-cı il tarixli 168 nömrəli sərəncamın ləğv edilməsi; - mülkiyyətin özünə geri qaytarılmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 25 noyabr 2016-cı il tarixli 168 nömrəli sərəncamın ləğvini tələb etməkdə subyektiv hüquqa malik olan, sərəncamı mübahisələndirmək səlahiyyətinə malik olan şəxs deyil. Həmin sərəncam iddiaçının hüquqlarını pozmur. Belə ki, həmin sərəncam hazırda iş üzrə tərəf olmayan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilmiş və Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqındadır. Digər tələb üzrə də Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi mümkünsüzdür. Belə ki, iddiaçı çıxarış verilməsini tələb etdiyi sahənin ona geri qaytarılmasını xahiş edir. İddiaçının onun mülkiyyətinin - yəni Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi 1 Mənzil- Tikinti Kooperativinin 13 nömrəli binasının qeyri-yaşayış sahəsində yerləşəşən 47 nömrəli sənaye malları mağazasının ona qaytarılması barədə iddia tələbinə dair qanuni qüvvəyə minmiş Suraxanı rayon Məhkəməsinin 2(010)-270/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9415 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-145/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından göründüyü kimi, qeyd edilən mağaza hal-hazırda cavabdehin sərəncamında və istifadəsində yox, həmin əmlakın mülkiyyətçisi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış şəxslərin sərəncamında və istifadəsindədirlər, yenə də cavabdeh iddiaçının mülkiyyətin ona qaytarılması barədə iddia tələbinə cavab verən inzibati orqan deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.2-ci və 5.1-ci bəndlərində göstərilmişdir ki, Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslığının yoxlanılması qaydasında aparılmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-284/2022 saylı, 31 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2324/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2324/2022
08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver