Məhkəmə qərarları › İş №2-1(103)-2324/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2324/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2324/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3796/2023 saylı 17 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 1378 saylı 15 avqust 1998-ci il tarixli sərəncamına əsasən Qaraçuxur qəsəbəsi, 4048-60 məhəllə 8 saylı binanın qərb hissəsində istifadə olunan sahədə 400 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X9 ayrılmışdır. Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 1378 saylı 15 avqust 1998-ci il tarixli sərəncamına dəyişiklik aparılması haqqında Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 1916 saylı 03 noyabr 1998-ci il tarixli sərəncamından görünür ki, vətəndaş İddiaçı fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, 8 №-li qərb hissəsində yerləşən 700 kv.m torpaq sahəsi ayrılmışdır. Sonradan Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 769 saylı 12 aprel 1999cu il tarixli sərəncamı ilə İddiaçı 1998-ci ildə tikilmiş, 700 kv.m torpaq sahəsində yerləşmiş, sahəsi 83.5 kv.m olan, həyətyanı təsərrüfat tikililərindən ibarət Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 4 A saylı yaşayış evinin mülkiyyətçisi və əlavə olunmuş 295,7 kv.m torpaq sahəsinin İddiaçı istifadəsində saxlanılması qərara alınmış və əmlakın 995,7 kv.m torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN-2325D seriyalı xx.xx.2002-ci il tarixli şəhadətnamədən görünür ki, sözügedən torpaq sahəsi Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 1916 saylı 03 noyabr 1998-ci il tarixli sərəncamı ilə ayrılmışdır. 06 sentyabr 2002-ci il tarixli müqavilədən görünür ki, Qaraçuxur qəsəbəsi, 4048/60cı məhəllədə yerləşən 700 kv.m torpaq sahəsi X1. İddiaçı müvafiq tələblə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********16 saylı 13.10.202-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 1916 saylı 03 noyabr 1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 700 kv.m torpaq sahəsi İddiaçı ayrılmış və həmin sərəncam əsasında onun adına şəhadətnamə verilmişdir. Lakın Bakı şəhəri 34 saylı DNK-nın xx.xx.2002-ci il tarixli alqısatqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsi digər şəxsin adına özgəninkiləşdirilmişdir. Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 769 saylı 12 aprel 1999-cu il tarixli sərəncamında qeyd olunan 295.7 kv.m torpaq sahəsi İddiaçı istifadə məqsədilə verilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ünvan 3 ünvanda yerləşən 295,7 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən 295,7 kv.m torpaq sahəsinin ona ayrılmasını təsdiq edən sərəncam mövcud olduğundan, onun həmin əmlak üzərində mülkiyyət hüquqları yaranır. O, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, sözügedən torpaq sahəsinin coğrafi mövqeyi göstərilən razılaşdırılmış yerləşmə cizgisi sənədlər toplusuna əlavə edilməmişdir. Həmçinin təqdim edilmiş etibarnamədə Həsənov Talehin adı qeyd edilməmişdir. Belə ki, həmin etibarnamə ilə səlahiyyətlər digər şəxsə verilmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin 1916 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 700 kv.m torpaq sahəsi İddiaçı adına ayrılmışdır və həmin sərəncam əsasında İddiaçı adına ümumi birgə payda 700 kv.m torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş JN-3235D nömrəli xx.xx.2002-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bakı şəhəri 34 saylı DNK-nın 4Ə3/406 reyestr nömrəli xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsi digər şəxsin adına özgəninkiləşdirilmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin 769 saylı xx.xx.1999-cu il tarixli sərəncamında qeyd olunan 295.7 kv.m torpaq sahəsi İddiaçı istifadə məqsədi ilə verilmişdir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3796/2023 saylı 17 fevral 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, ünvan 3 ünvanda yerləşən 295,7 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun, iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən maddi hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “ünvan 3 ünvanda yerləşən 295,7 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakıən dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “rəsmiləşdirmək istədiyi torpaq sahəsinin başqa şəxsin adına özəlləşdirilməsi və 295,7 kv.m. hissəsinin iddiaçıya istifadə məqsədilə verilməsi” ilə bağlı olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 03 noyabr 1998-ci il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, 8 №-li qərb hissəsində yerləşən 700 kv.m torpaq sahəsi ayrılmışdır. Sonradan Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən yerində yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən müvafiq tikililər inşa edilmiş və həmin tikililər 995,7 kv.m. torpaq sahəsində yerləşmişdir. Əlavə edilmiş 295,7 kv.m. torpaq sahəsi orada yaşayan ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edib, abadlaşdırılıb, həyətyanı sahəyə qatılıb, daş hasarla hörülüb, rəsmiləşdirilməsi məqsədəmüvafiq sayılmışdır. Bununla bağlı Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 769 saylı 12 aprel 1999-cu il tarixli sərəncamı ilə İddiaçı 1998-ci ildə tikilmiş, 700 kv.m torpaq sahəsində yerləşmiş, sahəsi 83.5 kv.m olan, həyətyanı təsərrüfat tikililərindən ibarət Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 4 A saylı yaşayış evinin mülkiyyətçisi müəyyən edilmiş, əlavə olunmuş 295,7 kv.m torpaq sahəsinin İddiaçı istifadəsində saxlanılması qərara alınmış və həmin mülk 995,7 kv.m torpaq sahəsində yerləşmiş hesab olunmuşdur. Bundan sonra 700 kv.m. torpaq sahəsi DTXK tərəfindən tərtib edilmiş JN-3235D nömrəli xx.xx.2002-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçının paylı mülkiyyətinə verilmişdir. Daha sonra iddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və onun altındaki 0,07 ha torpaq sahəsini X6 adına özgəninkiləşdirmiş və sonuncunun həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydə alınıb, bu barədə müvafiq çıxarış verilmişdir. Hazırda iddiaçının tələbi Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 769 saylı 12 aprel 1999-cu il tarixli sərəncamı ilə onun istifadəsində saxlanılan və rəsmiləşdirilməsi məqsədəuyğun sayılan 295,7 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan imtina əsası kimi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən torpağın digər şəxsin adına özgəninkiləşdirildiyini qeyd etsə də, həmin torpaq sahəsinin yalnız bir hissəsinin, yəni 700 kv.m olan hissəsinin X6 adına özgəninkiləşdirildiyini, digər 295,7 kv.m. hissəsi üzərində isə iddiaçının hüquqlarının saxlanıldığını nəzərə almamışdır. Qeyd olunmalıdır ki, iddiaçının adına 700 kv.m. torpaq sahəsinin rəsmiləşdirilib, sonradan digər şəxsin (A.Şiriyevin) adına özgəninkiləşdirilməsi halı iddiaçının sahibliyində olan digər- 295,7 kv.m. torpaq sahəsi üzərində məhz onun mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququnu məhdudlaşdıra bilməz. Digər tərəfdən, məhkəmə icraatı dövründə X10 ünvan 5 ünvanında yerləşən 295,7 kv.m torpaq sahəsinin İddiaçı adına özəlləşdirilməsinə dair etirazının olmadığını bildirmiş və bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının 700 kv.m. torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması üçün əsas kimi Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 03 noyabr 1998-ci il tarixli sərəncamı çıxış etdiyi halda, əlavə olaraq istifadəsində saxlanılan və onun adına rəsmiləşdirilməsi məqsədəuyğun sayılan 295,7 kv.m. torpaq sahəsi üzərində də hüquqlarının qeydə alınması üçün Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 12 aprel 1999-cu il tarixli sərəncamı əsas sayılmalıdır. Qeyd olunmalıdır ki, iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi 295,7 kv.m. torpaq sahəsinə 12 aprel 1999-cu il tarixli sərəncamdan sonra iddiaçının adına 1999-cu ilin may ayında texniki pasport işlənmişdir, hansı ki, həmin texniki pasportda torpaq sahəsinin ölçüsü iş üzrə mübahisə predmeti olan 295,7 kv.m. torpaq sahəsi də daxil edilməklə “sənədlə” və “həqiqi” olaraq 995,7 kv.m. göstərilmişdir. Beləliklə, iddiaçının ünvan 5 ünvanında yerləşən 995,7 kv.m torpaq sahəsinə hüquqları yaranmış, onun tərəfindən həmin ərazinin 700 kv.m hissəsi adına rəsmiləşdirilmiş, sonradan digər fiziki şəxsin adına özgəninkiləşdirilmiş, yerdə qalan 295,7 kv.m hissəsi isə özəlləşdirilməmiş və hazırda iddiaçı yuxarıda da göstərildiyi kimi, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin 12 aprel 1999-cu il tarixli sərəncamı və 1999-cu ilin may ayında tərtib edilmiş “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”na əsasən həmin hissənin adına özəlləşdirilməsi məsələsində hüquq sahibidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki invetarlaşdırma orqanları tərəfindən tərtib olunmuş texniki pasport yalnız aşağıda sadalanan şərtlər olduqda vətəndaş üçün mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək üçün əsas kimi texniki pasportun 01 yanvar 2001-ci il tarixədək tərtib olunması və həyətyani torpaq sahəsinin göstərilməsi qeyd olunmuşdur. Göründüyü kimi, texniki inventarlaşdırma orqanları tərəfindən verilmiş texniki pasport yuxarıda göstərilən hər iki əlamətə malik olduğu halda vətəndaş üçün torpaq sahəsinə (yalnız üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə) mülkiyyət hüquqlarının qeydiyyatını xarakterizə edən sənəd qismində çıxış edir. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, texniki inetarlaşdırma orqanı tərəfindən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasport 01 yanvar 2001-ci il tarixdən əvvəl (1999-cu ilin may ayında) tərtib olunduğundan, həmçinin həmin dövrdə İddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydə alındığından, (05.xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən) o cümlədən torpaq sahəsinin ümumi ölçüsü 995,7 kv.m (700 kv.m + 295,7 kv.m) göstərildiyindən, həmin texniki pasport hal-hazırda iddiaçının torpaq sahəsinin 295,7 kv.m hissəsinə münasibətdə mülkiyyət hüquqlarının reallaşdırılmasına əsas verir. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 10.2.1-ci maddələrinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinə əsasən 295,7 kv.m. torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan 295,7 kv.m. torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın və texniki sənədlərin verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3796/2023 saylı 17 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3796/2023 saylı 17 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar