Məhkəmə qərarları › İş №2-1(103)-2326/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2326/2022

18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2326/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “məhkəmə qərarının icra olunması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “məhkəmə qərarının icra olunması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7186/2022 saylı 20 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 6(006)-3/2022 saylı qərarının və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)-74/2021 saylı qərarının məcburi icra olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, inzibati orqan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi və üçüncü şəxslər müstəntiq Orxan Süleymanlı və Sənan Qurbanov onun işinə səthi yanaşmışdır. Məhkəmə qərarları icra olunmamışdır Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7186/2022 saylı 20 may 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qərardad ləğv edilməlidir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə iclasında tərəflər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 (103)74/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı məhkəmə nəzarəti qaydasında şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun ərizəsi əsasında toplanmış material üzrə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Elxan Tağızadə tərəfindən qəbul edilmiş 01 dekabr 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi haqqında” qərarın ləğv edilməsini və X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə tədbir görülməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 6 (103)74/2021 saylı qərarı ilə İddiaçı apellyasiya şiikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Elxan Tağızadənin 01 dekabr 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından İddiaçı məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin olunmamasına dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 6(006)-15/2021 nömrəli qərarının ləğv edilməsi, İddiaçı göstərdiyi (ehtimal etdiyi) cinayət haqqında ilkin müraciəti üzrə araşdırmanın davam etdirilməsi üçün qərarın surətinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə və məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora gödərilməsini qərara almışdır. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04 fevral 2022-ci il tarixli Qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə hər hansı bir cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsii və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuurora və digər maraqlı şəxlərə göndərilməsi qərara alınmış, ərizəçiyə qəbul edilmiş qərarla razılaşmadığı təqdirdə Nəsimi rayon Prokurorluğuna və ya rayon məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 6(006)-3/2022 saylı xx.xx.2022-ci il qərarından görünür ki, İddiaçı şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ-ninn İŞnin müstəntiqi X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 sentyabr 2021-ci il tarixli qərarının ləğv olunmasını və işin yenidən araşdırılması üçün istintaq orqanına qaytarılmasını xahiş etmiş, məhkəmənin qeyd olunan qərarı ilə şikayətin təmin edilməsi, 969/21 nnömrəli material üzrə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 sentyabr 2021-ci il tarixli qərar qanunsuz hesab edilərək ləğv edilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokurorunun şikayət vermiş şəxslərin pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün zəruri tədbir görülməsi, qərarın icrasının Bakı şəhər Nəsimi rayon Prokurorluğuna, qərarın icrasına nəzarətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə edilməsi qərara alınmışdır. Hazırda iddiaçının tələbi həmin qərarların icra olunması ilə bağlı müvafiq tədbirlərin görülməsi barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsinə əsaslanaraq iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının 7.2-ci və 15.3-cü bəndlərində qeyd edilmişdir ki, “......«İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.... Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Yuxarıda da qeyd olunduğu kimi, adı çəkilən Qanunun 3-cü maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bununla yanaşı, bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığı göstərilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi üçün heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7186/2022 saylı 20 may 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7186/2022 saylı 20 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Həmid Həmidov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar