Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2326/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-5793/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarının “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” hissəsinin ləğv edilməsi, iddiaçıya artıq ödənilmiş pul vəsaiti qismində 3.419,04 manat məbləğində borcun ləğv edilməsi, həmin borca görə iddiaçıdan əvəzləşdirilmə nəticədə silinmiş 1 740, 19 manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-5793/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarının “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” hissəsinin ləğv edilməsi, iddiaçıya artıq ödənilmiş pul vəsaiti qismində 3.419,04 manat məbləğində borcun ləğv edilməsi, həmin borca görə iddiaçıdan əvəzləşdirilmə nəticədə silinmiş 1740,19 manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1714/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya dövlət qulluqçusu kimi əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına dair qəbul edilmiş qərarın ləğv edilməsi, iddiaçıdan artıq ödənilmiş 3419.04 manat pul vəsaitinin tutulmasının qanunsuz hesab edilməklə həmin borcun ləğv edilməsi, iddiaçıya ödənilməli olan 1740.19 manat pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qərarın ləğv edilməsi və iddiaçıya ödənilməli olan 1740.19 manat pul vəsaitinin cavabdeh inzibati orqan tərəfindən ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-5793/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarının “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” hissəsinin ləğv edilməsi, iddiaçıya artıq ödənilmiş pul vəsaiti qismində 3.419,04 manat məbləğində borcun ləğv edilməsi, həmin borca görə iddiaçıdan əvəzləşdirilmə nəticədə silinmiş 1 740, 19 manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi”ni xahiş etmişdir.
3. Məhkəmənin 01 noyabr 2024-cü il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2017-ci ildən sabiq dövlət qulluqçusu kimi DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. O, digər əmək fəaliyyəti ilə yanaşı xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilə qədər, xx.xx.2004-cü ildən xx.xx.2016-cı ilə qədər DSMF-də müxtəlif vəzifələrdə dövlət qulluğunda işləmişdir. Onun dövlət qulluğunda iş stajı 16 il 08 ay 4 gündür. Lakin DSMF orqanı apardığı araşdırma nəticəsində iddiaçının 11 il 11 ay 10 gün olmaqla dövlət qulluq stajını əsas götürməklə iddiaçının pensiyasını yenidən hesablamışdır. Bu zaman təbii olaraq inzibati orqan tərəfindən yenidən hesablanma nəticəsində iddiaçının pensiya məbləğində azalmalar müşahidə olunmuşdur. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci ilədək 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası almış, sonradan xx.xx.2024-cü ildən iddiaçı əlillik qiymətləndirilməsi dəyişilmiş və ona 3-cü dərəcəli əllik qiymətləndirilməsi əsasında sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan əlilliyə görə əmək pensiyası təyin olunan zaman apardığı araşdırma nəticəsində guya müəyyən etmişdir ki, vaxtilə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilən zaman pensiyanın hesablanma qaydasında yalnışlıqlara yol verilmiş və bunun nəticəsində də ümumilikdə 3419.04 manat məbləğində pul vəsaiti iddiaçıya artıq şəkildə ödənilmişdir. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyası üzrə 1740.19 manat pulun əskik ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh orqanın apardığı araşdırmanın yekununa uyğun olaraq iddiaçıya ödənilməli olan 1740.19 manat vəsait iddiaçıya artıq ödənilmiş 3419.04 manat pul vəsaiti ilə əvəzləşdirilmiş və bunun nəticəsində 1678.85 manat məbləğində artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi iddiaçıdan tələb edilmişdir. Hazırkı vəziyyətdə cavabdeh orqan bir araşdırma ilə iki hal üzrə qanunvercilik normalarını pozmuşdur. 1. İddiaçıya ödənilməli olan 1740.19 manat vəsaiti AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 145 №-li Qərarı ilə təsdiq edilmiş Qaydasının 6.6-cı bəndini düzgün şəkildə şərh etmədən həmin pul vəsaitini əvəzləşdirmiş; 2. “İnzibati icraat haqqında” AR Qanununa zidd olaraq etimad hüququnun qorunması prinsipinə istinad etmədən 3419.04 manat məbləğində artıq ödənilmiş pul vəsaitini borc şəklində hesablamışdır. Birinci halla bağlı- “Əmək pensiyaları haqqında” AR Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyasıçısının razılığı ilə, əmək pensiyasını təyin edən orqanın qərarı əsasında razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin qaydaların 6-cı bəndi əmək pensiyalarının yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi adlanır. Həmin bəndə xx.xx.2023-cü il tarixdə aşagıdakı məzmunda 6.6-cı bənd əlavə edilmişdir:”Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.16-cı-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir”. Göründüyü kimi qanunvercilik artıq ödənilmiş məbləğ in əvəzləşdirməsi qaydasını Qanunun 39.1-ci maddəsi nəzərə alınmaqla həyata keçirilməli olduğunu şərtləndirir. Yəni cavabdeh inzibati orqan tərəfindən ilk növbədə artıq ödəmə halı müəyyən edilməli daha sonra həmin artıq ödənilmiş məbləğin 39.1-ci maddəyə əsasən könüllü olaraq DSMF-nin büdcəsinə ödənilməsi üçün şəxsin razılığı alınmalı, əgər bu razılıq olmadığı təqdirdə o zaman həmin məbləğin tutulması barədə məhkəmədə iddia qaldırılmalıdır. Qaldırılmış iddia təmin olunduğu təqdirdə isə cavabdeh orqanın iddiaçıya ödəməli olduğu əlavə məbləğ mövcuddursa o zaman Qaydaların 6.6-cı yarımbəndi tətbiq edilərək əvəzləşdirmə həyata keçirilməlidir. Hazırkı mübahisənin mahiyyətindən görünür ki, artıq ödənilmiş məbləğin DSMF-nin büdcəsinə qaytarılması ilə əlaqədar vətəndaşdan yazılı razılıq alınmamışdır. Həmçinin həmin məbləğin DSMF-nin büdcəsinə qaytarılması üçün məhkəməyə iddia ilə müraciət edilməmişdir. Bu hallar mövcud olmadan cavabdeh inzibati orqanın ödənilməli olan məbləğ ilə artıq ödənilmiş pensiya məbləği əvəzləşdirilməsi ilə əlaqədar hərəkəti qanuni və əsaslı ola bilməz. İkinci halla bağlıaparılan inzibati icraat zamanı iddiaçının pensiyasının azalmasına yönəlmiş hərəkətləriniz əsaslı olmamışdır. Belə ki, İddiaçı tərəfindən ilkin pensiya təyinatı zamanı tələb olunan sənədlər DSMF orqanına təqdim edilmişdir. İlkin təyinat aparılan zaman tərəfinizdən həmin sənədlər əsasında pensiyanın məbləği müəyyən edilmişdir. Yəni əgər hər hansı bir anlaşılmazlıq və ya düzgün olmayan məlumat təqdim edilsə idi bu zaman təyinat düzgün şəkildə həyata keçirilə bilməzdi. Göründüyü kimi İddiaçı pensiyasının azaldılmasında ifadə olunan hərəkətlər əsassızdır. Bundan başqa İddiaçı pensiyasının azalmasına səbəb olan mərkəzi filialın inzibati aktı (qərar) ona təqdim edilməmişdir. Adıçəkilən qərarın vətəndaşa təqdim edilməməsi “İnzibati icraat haqqında” AR Qanununun pozulması hesab edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1714/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-5793/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarın “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” hissəsi ləğv edilmiş, İddiaçı artıq ödənilmiş pul vəsaiti qismində 3.419,04 manat məbləğində borcun ləğv edilməsi, həmin borca görə iddiaçıdan əvəzləşdirilmə nəticədə silinmiş 1740,19 manat məbləğində pulun ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
6. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən adıçəkilən şəxsin artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Belə ki, 17 mart 2017-ci il tarixində İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 295,00 manat, qulluq stajına görə əlavəsi 57,76 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat olmaqla orta aylıq əmək haqqısı 407,76 manat təşkil edib. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 11 il 11 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (407,76 manat) 60 faizi-244,66 manat məbləğində hesablanıb. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar adıçəkilən şəxsin 11 il 11 ay 10 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 39,72 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325,00 manat, qulluq stajına görə əlavəsi 63,64 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat olmaqla orta aylıq əmək haqqısı 443,64 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (407,76 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (443,64 manat) arasındakı fərq məbləğinin (35,88 manat) 39,72 faizi-14,25 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (244,66 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 258,91 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə əlavəsi 95,94 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat olmaqla orta aylıq əmək haqqısı 640,94 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019- cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (443,64 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (640,94 manat) arasındakı fərq məbləğinin (197,30 manat) 39,72 faizi 78,37 manat 1 sentyabr 2019- cu il tarixinədək hesablanmış pensiyasının (258,91 manat) üzərinə əlavə olunmaqla onun əmək pensiyası 337,28 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 622,20 manat köçürülüb. Bu səbəbdən də həmin dövr ərzində İddiaçı 3419,04 manat artıq pul vəsaiti ödənilib. Adıçəkilən şəxsin əlillik dərəcəsinin müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi 1 aprel 2022-ci il tarixindən dayandırılıb. Adıçəkilən şəxsin təkrar müayinədən keçməsi ilə əlaqədar 11 yanvar 2024-cü il tarixindən İİİ dərəcəli əlilliyi müəyyən edilib. Eyni zamanda, Qanunun 1 yanvar 2023- cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində onun əmək pensiyası 11 yanvar 2024-cü il tarixindən 473,21 manat məbləğində müəyyən edilib, həmçinin İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 1740,19 manat pensiya məbləği hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ödənilməli olan 1740,19 manat pul vəsaiti ona son üç il üzrə artıq ödənilmiş 3419,04 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan 1678,85 (3419,04-1740,19) manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə İddiaçı əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Hesab edir ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Tərəflərin izahatları
8. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verməmişlər.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
İŞİN HALLARİ:
10. İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilə qədər, xx.xx.2004-cü ildən xx.xx.2016-cı ilə qədər DSMF-də müxtəlif vəzifələrdə dövlət qulluğunda işləmişdir.
11. Ona xx.xx.2017-ci ildən sabiq dövlət qulluqçusu kimi DSMF-nin Binəqədi rayon şöbəsi tərəfindən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
12. xx.xx.2024-cü il tarixdən iddiaçının əlillik qiymətləndirilməsi dəyişilmiş və ona üçüncü dərəcəli əlillik qitmətləndirilməsi əsasında sabiq dövlət qulluqçusu kimi əmək pensiyası tyin edilmişdir.
13. Onun dövlət qulluğunda iş stajı 16 il 08 ay 4 gündür. Lakin DSMF orqanı apardığı araşdırma nəticəsində iddiaçının 11 il 11 ay 10 gün olmaqla dövlət qulluq stajını əsas götürməklə iddiaçının pensiyasını yenidən hesablamışdır.
14. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3 5793/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçının yaşa görə pensiyası yenidən hesablanmış və 473 manat 21 qəpik pensiya məbləği təyin edilmişdir.
15. Eyni zamanda cavabdeh vaxtilə iddiaçıya əmək pensiyası təyin edilən zaman pensiyanın hesablanmasında yanlışlıqlara yol verilməsi əsası ilə 3419.04 manat məbləğində pul vəsaitinin iddiaçıya artıq şəkildə ödənilməsi nəticəsinə gəlmiş, cavabdeh tərəfindən apardığı araşdırmanın yekununa uyğun olaraq iddiaçıya ödənilməli olan 1740.19 manat vəsait iddiaçıya artıq ödənilmiş 3419.04 manat pul vəsaiti ilə əvəzləşdirilmiş və bunun nəticəsində 1678.85 manat məbləğində artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi iddiaçıdan tələb edilmişdir.
16. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 12 iyul 2024-cü il tarixli, 9-3/2 2175/2024 saylı məktubunda aşağıdakılar qeyd edilmişdir- 1998-2003-cü illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 2004-2011-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə rayon şöbələrində aparıcı müfəttiş, aparıcı məsləhətçi, məsləhətçi-mühasib, məsləhətçi vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 2011- 2016-cı illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda baş məsləhətçi vəzifəsi müddətli əmək müqaviləsi əsasında tutulduğu üçün qeyd edilən illər dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.3-cü maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1– 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 22-1.4-cü maddəsinə əsasən bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir:22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı;22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı;22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı;22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”: 1.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra– Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir; 6.1-ci bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci, 37.3.2-ci və 37.3.2-1-ci maddələrində nəzərdə tutulmuş hallarda; ... 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; ... 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 6.1.7. Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edildikdə; 6.1.8. Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.9. Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə əmək pensiyası təyin edilərkən onların sonuncu xidmət (qulluq) keçdikləri dövlət orqanı tərəfindən təqdim edilmiş məlumat vərəqəsində qeyd olunanlardan fərqli məlumat (məlumatlar) əks olunan yenilənmiş məlumat vərəqəsi Fondun aidiyyəti struktur bölməsinə təqdim olunduqda. 6.3-cü bəndinə əsasən avtomatlaşdırılmış qaydada təyin olunmuş əmək pensiyalarının yenidən hesablanması zamanı Qanunun 22-1-ci maddəsinin tələbləri nəzərə alınır. 6.6.-ci bəndinə ədsasən, əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1 ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.
19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007- ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0-ci maddəsinə əsasən bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; .... 2.0.6. inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət .... 2.0.8. qarşılıqlı etimad- inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət; 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır; 28.3-cü maddəsinə əsasən bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır; 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır; 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır; 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda; 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
24. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
26. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
27. Belə ki, hazırki işin hallarından göründüyü kimi cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakının təmin etməklə aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
28. Halbuki, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan “etimadın qorunması” prinsipinin mahiyyətindən aydın olur ki, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar və Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.
29. Eyni zamanda, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur, habelə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludurlar.
30. Kollegiya bildirir ki. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
31. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün razılıq ərizəsinin təqdim edilməsi bildirilmiş, lakin həmin məktubun iddiaçıya təqdim edilməsi barədə sübut inzibati iş materiallarında mövcud deyildir.
32. Sözügedən məktubda “əmək pensiyası təyin edilərkən əmək kitabçanızda işlədiyiniz vəzifənin düzgün qeyd edilməməsi ilə əlaqədar əmək pensiyanızın düzgün hesablanmadığı aşkar olunub” ifadəsi qeyd edilmiş, lakin hansı vəzifənin düzgün qeyd edilməməsi iddiaçının nəzərinə çatdırılmamış, yəni cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasın konkret nə ilə bağlı olduğu da iddiaçıya bildirilməmişdir.
33. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan özünün qəbul etdiyi inzibati aktın qanunsuz olması ilə bağlı hər hansı əsaslı hallar müəyyən etsə belə, bu halda həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Yalnız bu halların müəyyən edilməsindən sonra inzibati orqan inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
34. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
35. Yuxarıda qeyd olunan normaya əsasən, demək olar ki, burada iki əsas məsələyə diqqət yetirilməlidir. Birincisi, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir.
36. Onu da qeyd etmək lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ouna görə də, bu vaxt yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür.
37. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz.
38. Beləliklə, kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının yenidən hesablanması, daha doğrusu isə qeyd hissəsində borc hesablanaraq həmin borcun əvəzləşdirilməsi, faktiki olaraq iddiaçıdan borc tutulması barədə iddiaçını əlverişsiz vəziyyətə gətirən qərar qəbul etmiş və həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir.
39. Kollegiya hesab edir ki, digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir.
40. İşin hallarından görünür ki, cavabdeh təyin edilmiş əmək pensiyasının əsassızlığını səhv hesablama ilə bağlı əsaslandırsa da, qeyd etmək lazımdır ki, həmin səhv hesablamaya iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə hər hansı bir müdaxiləsi olmamışdır.
41. Cavabdehin irəli sürdüyü dəlillərə münasibətdə məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, ... Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015ci il 29 yanvar tarixli, §49 Qərarlar).
44. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
46. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
47. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
48. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1714/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.