Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2328/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1971-ci il tarixində Goranboy rayonunun Dəliməmmədli kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(112)-4301/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 12.02.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Goranboy rayon Komissarlığı tərəfindən könüllü olaraq hərbi xidmətə çağırılmış və xidmətini N saylı hərbi hissədə başlamışdır. 1992-ci il tarixdə hərbi hissənin bütün növ təminatlarına qoyulmuşdur. O, 01.04.1992-ci il tarixdə Goranboy rayon Ərazi X3 tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşləri görüb, Qarabağ uğrunda gedən döyüşlərə qatılaraq Ağcakənd və Ağdərə rayonu, Qaraçinar, Mənəş, Talış, Gülüstan, Qırmızıkənd və digər kəndlər uğrunda döyüşlərdə fəal iştirak etmiş və sıravi əsgər olmaqla atıcı olmuşdur. Onun hərbi biletini əvəz edən 16.09.2019-cu il tarixli, 10541 nömrəli arayışda 01.04.1992-ci il tarixdən 30.06.1992-ci il tarixə kimi Goranboy rayonu X3 tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyi öz əksini tapmışdır. Onun barəsində heç bir təqsirləndirici material olmamışdır. Onun döyüş yoldaşları var, onun döyüş yolu barədə şahidlik edə bilərlər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edərək, veteran adının və vəsiqəsinin verilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəmə qərarına ehtiyac var. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(112)-4301/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı 29.07.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(112)-4301/2021 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini və onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bu günədək hərbi biletinin olmadığını, hərbi bilet əvəzi arayışın etibarlılıq müddətinin bitməsinə baxmayaraq yeni arayış almadığını, texnikumda təhsil aldığı üçün həqiqi hərbi xidmətdə olmadığını bildirdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 izahat verərək, apellyasiya şikayətini qəbul etmədiyini və onun təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan: -16.09.2019-cu il tarixli, 10541 nömrəli hərbi bilet əvəzi arayışın surətinə əsasən qeyd edilmişdir ki, soyadı-Uğurluyev, adı-Elxan, atasının adı-Səməndər, doğum tarixixx.xx.1971-ci il, hərbi bilet alanadək SHXÇDX-nin Goranboy rayonu tərəfindən 16.09.2019-cu ildə verilmişdir, hərbi xidmət keçməsi-01.04.1992-01.06.1992-ci ilədək, hərbi rütbəsi-sıravi, qeydiyyat qrupu-050016, yararlılıq dərəcəsi-yararlı, HUİ:050016, 16.12.2019-cu ilədək etibarlıdır. -Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2-1(83)-2070/2019 saylı qərarı ilə (hakim A.İsgəndərova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. -Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-219/2020 saylı, 11.06.2020-ci il tarixli qərardadı ilə (hakimlər R.Mamedov, A.Bayramov, Ə.Abdullayev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2-1(83)-2070/2019 saylı qərarının ləğv edilməsi, iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan kassasiya şikayəti verilməmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında 55-ci səhifədə olan birinci instansiya məhkəməsinin 01.06.2021-ci il tarixli məhkəmə iclas protokoluna əsasən hakim Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım etmiş, iddiaçı isə iddia tələbinə hazırkı vəziyyətdə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə vəzifə kimi qoyulması xahiş edir. İş materiallarından göründüyü kimi İddiaçı Goraboy şəhərində yaradılmış ərazi özünümüdafiə batalyonunda hərbi xidmətə başlamış, Azərbaycan Respublikası Müdafiə Nazirinin 27 mart 1992-ci il tarixli əmrinə uyğun olaraq Goraboy şəhərində yaradılmış ərazi özünümüdafiə 2-ci batalyonu N №-li hərbi hissə adlandırılmışdır. İddiaçı sonuncu qulluq keçdiyi yer Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissəsi olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissəsində qulluq keçsə də, hazırkı iş üzrə cavabdeh qismində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbi ona cavab vermək səlahiyyəti olmayan cavabdehə qarşı irəli sürüldüyündən birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(112)-4301/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2328/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2328/2021
17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver