Məhkəmə qərarları › İş №2-1(103)-2329/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2329/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2329/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamın qismən ləğv olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X6 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamın qismən ləğv olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-933/2023 saylı 14 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə X15 Komitəsinin 10 avqust 2007-ci il tarixli 248 nömrəli Sərəncamının “Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin (obyektlərinin) Siyahısı”na dair 1 saylı Əlavəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin keçmiş Əzizbəyov rayonunun (indiki Xəzər rayonu) Qala qəsəbəsi ünvanda 10401,9 kv.metr torpaq sahəsində yerləşən yardımçı təsərrüfatının (İXMİM yardımçı təsərrüfatı) özəlləşdirilməsi barədə 11-ci bəndinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Xarici Turizm Şurası sədrinin 09 noyabr 1996-cı il tarixli 14-4 saylı əmrinə əsasən X11 təsərrüfat hesablı yardımçı təsərrüfatının direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazıradək həmin vəzifədədir, azad edilməmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinə (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) müraciət edərək yardımçı təsərrüfatın dövlət əmlakının özəlləşdirilməsinə dair qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsini dəfələrlə xahiş etmişdir. Ancaq hər dəfə ona müraciətinə baxılacağı barədə cavab verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti sonuncu müraciətinə 17 fevral 2022-ci il tarixli **********21 saylı məktubla cavab verərək bildirib ki, yardımçı təsərrüfat 2007-ci il tarixində hərrac vasitəsilə özəlləşdirilib. Rəhbəri olduğu təsərrüfat hesablı yardımçı təsərrüfat cavabdehin qərarına əsasən hərrac vasitəsilə özəlləşdirilərkən qanunla qorunan hüquq və mənafelərinə zərər vurulub. Belə ki, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin İkinci Dövlət Proqramı”nın 1.1, 1.7, 2, 2.3, 2.3.25-ci maddələrinin, 3, 4.1, 4.4-cü maddələrinin, “Dövlət əmlakının hərraclar vasitəsilə satışı” Qaydalarının tələbləri kobud surətdə pozulub. “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin İkinci Dövlət Proqramı”nın 4.4-cü maddəsinin tələbinə görə özəlləşdirilən dövlət müəssisələrinin işçilərinin həmin müəssisənin əmlakının və ya səhmlərinin 15 faizini güzəştli şərtlə almaq hüququ vardır. “Dövlət əmlakının hərraclar vasitəsilə satışı” Qaydalarının 4.5-ci maddəsinə görə kiçik müəssisələrin özəlləşdirilməsi zamanı kiçik müəssisənin nizamnamə kapitalının 85 faizi satışa çıxarılır. Əmək kollektivi də hərracda iştirak edə bilər. Cavabdeh təsərrüfathesablı yardımçı təsərrüfatın özəlləşdirilməsi barədə qəbul etdiyi qərarla bağlı onları məlumatlandırmayıb, qərarı indiyədək onlara təqdim etməyib, təsərrüfatın 15 faizini güzəştli şərtlərlə almaq, hərracda iştirak etmək hüquqlarını pozub. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-933/2023 saylı 14 mart 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarda hüquqi nəticəyə gələrkən işin faktiki hallarını və sübutları düzgün şərh etməmiş, sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmişdir: Məhkəmənin qərarının əsaslandırma hissəsinə aid „Sübutlar və faktiki hallar” bölməsində göstərildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X11 09 noyabr 1996-cı il tarixli 14 saylı əmrinə əsasən „Azərbaycan” mehmanxanasının Yardımçı təsərrüfatının direktoru vəsifəsini icra edən R.Rəsulov 09 noyabr 1996-cı il tarixdən tutduğu vəzifədən azad edilmiş, həmin tarixdən X11 Təsərrüfathesablı yardımçı təsərrüfatının direktoru vəzifəsinə təyin edilmişdir (məhkəməyə tərəfimdən əmrin qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti təqdim edilmiş və işə əlavə edilmişdir). Bu günə qədər hüquqi cəhətdən həmin təsərrüfatın direktoru hesab edilir, işdən azad edilməyib, onunla əmək münasibətinə xitam verilməsi barədə məhkəməyə cavabdeh tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə qərarda işin bu mühüm halını nəzərə almamış, belə sübutun təqdim edilmədiyini göstərməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev cənablarının Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması haqqında Fərmanı qəbul edildikdən sonra da təsərrüfatın rəhbəri kimi vəzifəni davam etdirmişdir. Onunla əmək münasibətinə xitam verilməyib. X11 sədri cənab S.Novruzov Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri cənab N.Nəsibova göndərdiyi 24 sentyabr 1999-cu il tarixli 5/129 saylı saylı məktubla X11 tabeliyində olan Təsərrüfathesablı yardımçı təsərrüfatın özəlləşdirilməsinə razılğını bildirmişdir. Həmin məktuba əsasən təsərrüfatın texniki pasportu hazırlanmışdır. O, Təsərrüfathesablı yardımçı təsərrüfatın direktoru kimi 05 noyabr 2000-ci il tarixli 7 saylı məktubla Dövlət Əmlak Komitəsinin İnventarlaşdırılması idarəsinin rəisi cənab A.Bayramova müraciət edərək X11 Əzizbəyov rayonunun Binə kəndində yerləşən Təsərrüfathesablı yardımşı təsərrüfatın ərazisində olan bina və qurğuların yenidən qiymətləndirilməsini, real ilkin dəyərinin müəyyən edilməsini xahiş etmişdi. Yuxarıda qeyd olunan sənədlər və işə əlavə edilmiş digər sənədlər mübahisəsiz olaraq təsdiq edir ki, Təsərrüfathesablı yardımçı təsərrüfat özəlləşdirilənədək X11 rəhbərliyi və təsərrüfatın rəhbəri kimi o, təsərrüfatın özəlləşdirilməsi üçün Dövlət Əmlak Komitəsinə, onun aidiyyəti qurumlarına müraciətlər etmişdi. Tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən, həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi, Azərbaycan mehmanxanasının özəlləşdirilməsi ilə bağlı müraciətlərində özəlləşdirilən təsərrüfatın keçmiş Əzizbəyov rayonunun Binə qəsəbəsində yerləşdiyi göstərilir. Ancaq Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə X15 Komitəsinin 10 avqust 2007-ci il tarixli 248 nömrəli Sərəncamının, Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin (obyektlərinin) Siyahısı’na dair 1 saylı Əlavəsinin 11-ci bəndində İstehsal və Xidmət Müəsisələrinin İdarəetmə Mərkəzinin keçmiş Əzizbəyov rayonunun (indiki Xəzər rayonu) Binə qəsəbəsindəki deyil, Qala qəsəbəsi ünvanındakı 10401,9 kv.metr torpaq sahəsində yerləşən yardımçı təsərrüfatının (İXMİM yardımçı təsərrüfatı) özəlləşdirilməsi qərara alınmışdır. Bu təsadüfi deyildir. Əslində məqsəd Binə qəsəbəsində yerləşən rəhbərlik etdiyi təsərrüfatın özəlləşdirilməsini gizlətmək, ümumiyyətlə guya belə bir təsərrüfatın olmaması təsəvvürünü yaratmaqdır. Xəzər rayonunun müvafiq qurumlarının, reyestr xidməti orqanının təqdim etdiyi və işə əlavə edilmiş arayışlardan görünür ki, Qala qəsəbəsində belə bir təsərrüfat (hüquqi şəxs) yoxdur və hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrində qeydiyyata alınmayıb. Cavabdehin məhkəməyə təqdim etdiyi təsərrüfatın özəlləşdirilməsinə aid sənədlərdə həmin təsərrüfatın Qala qəsəbəsinin ərazisində yerləşməsini təsdiq edən sübut yoxdur. Cavabdehin təqdim etdiyi sənədlərə istinad edən məhkəmənin qərarında göstərilir ki, “məhkəmə araşdırması zamanı həmin yardımçı təsərrüfatın İstehsal və Xidmət Müəssisələrinin idarəetmə Mərkəzinin balansına verilməsi ilə əlaqədar sənədlərin (əmr, təhvil-təslim aktı, sərəncam, məktublar) təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərlə müəyyən olunur ki, qeyd edilən təsərrüfata X4 rəhbərlik etmiş və o, əmək kollektivinin yeganə üzvü kimi göstərilmiş, digər hər hansı imtiyaz və güzəşt hüququna malik şəxs, o cümlədən iddiaçının adı göstərilməmişdir.” Məhkəmə sadəcə olaraq cavabdehin təqdim etdiyi sənədləri işin bütün hallarından və toplanmış sübutlardan tamamilə ayrıca qiymətləndirməyi üstün tutmuşdur. Məhkəmə bu zaman qeyd etməyi lazım bilməyib ki, mənim həmin təsərrüfata rəhbər təyin edilməyim barədə səlahiyyətli dövlət orqanının qüvvədə olan əmri var, təsərrüfata rəhbərlik etdiyi göstərilən X1 təsərrüfat rəhbər təyin edilməsi barədə hüquqi sənəd, ümumiyyətlə, yoxdur. Bu özəlləşmə sənədlərinin mənim qanunla qorunan hüququm pozulmaqla tərtib edildiyini təsərrüfatın sonradan, mehmanxana tərəfindən təsərrüfatın rəhbəri kimi təqdim etdiyi X1 adına deyil, yenə də təsərrüfatla heç bir əlaqəsi olmayan X5 adına özələşdirilməsi də sübut edir. Mehmanxana təsərrüfatın öz adamının, cavabdeh isə öz adamının adına özəlləşdirilməsini istəyib. Təbii ki, son sözün sahibi, qərar qəbul etmək hüququ olan cavabdehin istədiyi olub. Məhkəmə X5 3-cü şəxs kimi işə cəlb etsə də məlum oldu ki, o, vəfat edib. Mərhumun hüquqi varisi olan oğlu ilə görüşərkən söhbət zamanı onların belə bir təsərrüfatının olmadığı ona bildirilmişdi. Bu barədə sədrlik edən hakimin nəzərinə çatdırılsa da mərhumun hüquqi varisi məhkəməyə 3-cü şəxsin əvəzinə dəvət edilərək dindirilmədi. Keçmiş X11 hüquq şöbəsinin rəisi olmuş X2 şahid qismində məhkəmədə dindirilməsi barədə vəsatət verilsə də sədrlik edən hakim səbəbini göstərmədən vəsatəti təmin etmədi. Halbuki, həmin şəxs Keçmiş X11 təsərrüfatının özəlləşdirilməsinə aid sənədləri bilavasitə hazırlayan şəxs olmuşdu. Məhkəmə şahidin dindirilməsi barədə vəsatəti rədd edərkən İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin tələblərini pozmuşdur. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə almadan və toplanmış sübutları birlikdə düzgün qiymətləndirmədən qanunsuz və əsassız olaraq cavabdeh tərəfindən ona münasibətdə hərracın keçirilməsi qaydalarının pozulmaması nəticəsinə gəlmiş, qüvvədə olan maddi hüquq normalarını mübahisəli hala düzgün tətbiq etməmişdir. Rəhbəri olduğu təsərrüfathesablı yardımçı təsərrüfat cavabdehin qərarına əsasən hərrac vasitəsilə özəlləşdirilərkən qanunla qoruna hüquq və mənafelərinə zərər vurulmuşdu. Belə ki, "Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin İkinci Dövlət Proqramı"nın 1.1, 1.7, 2, 2.3, 2.3.25-ci maddələrinin, 3, 4.1, 4.4-cü maddələrinin, "Dövlət əmlakının hərraclar vasitəsilə satışı" Qaydalarının tələbləri kobud surətdə pozulub. "Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin İkinci Dövlət Proqramı"nın 4.4-cü maddəsinin tələbinə görə özəlləşdirilən dövlət müəssisələrinin işçilərinin həmin müəssisənin əmlakının və ya səhmlərinin 15 faizini güzəştli şərtlə almaq hüququ vardır. "Dövlət əmlakının hərraclar vasitəsilə satışı" Qaydalarının 4.5-ci maddəsinə görə kiçik müəssisələrin özəlləşdirilməsi zamanı kiçik müəssisənin nizamnamə kapitalının 85 faizi satışa çıxarılır. Əmək kollektivi də hərracda iştirak edə bilər. Cavabdeh təsərrüfathesablı yardımçı təsərrüfatın özəlləşdirilməsi barədə qəbul etdiyi qərarı gizli saxlayaraq onları məlumatlandırmamış, məhkəməyə müraciət edənədək onlara təqdim etməyib, təsərrüfatın 15 faizini güzəştli şərtlərlə almaq, hərracda iştirak etmək hüququnu pozmuşdur. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «imtina edilib» səbəbindən geri qaytarıldığı üçün 3-cü şəxsin hüquq varisi məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin hüquqi varisinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs X5 hüquqi varisinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı tələbi “Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə X15 Komitəsinin 10 avqust 2007-ci il tarixli 248 nömrəli Sərəncamının “Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin (obyektlərinin) Siyahısı”na dair 1 saylı Əlavəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin keçmiş Əzizbəyov rayonunun (indiki Xəzər rayonu) Qala qəsəbəsi ünvanda 10401,9 kv.metr torpaq sahəsində yerləşən yardımçı təsərrüfatının (İXMİM yardımçı təsərrüfatı) özəlləşdirilməsi barədə 11-ci bəndinin ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən müəyyən edilmişdir ki, yardımçı təsərrüfata X4 rəhbərlik etmiş və o, əmək kollektivinin yeganə üzvü kimi göstərilmiş, digər hər hansı imtiyaz və güzəşt hüququna malik şəxs, o cümlədən iddiaçının adı göstərilməmişdir. Daha sonra sözügedən yardımçı təsərrüfat İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olarkən təqdim edilmiş əmək kollektivinin üzvlərinin siyahısında yalnız X5 adı göstərilmişdir və 11 sentyabr 2007-ci il tarixdə keçirilmiş hərracda onun tərəfindən özəlləşdirilmişdir. Beləliklə, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçıya münasibətdə hərracın keçirilməsi qaydalarının pozulma hallarının müəyyən olunmamasına istinad edərək, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 15 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkətləri 2007-cı ildə baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Nəzərə alınmalıdır ki, iddiaçının mübahisə açdığı sərəncam 2007-ci ildə qəbul edilmişdir və iddiaçı həmin sərəncamın mübahisələndirilməsi ilə bağlı məhkəmə müdafiəsi hüququndan vaxtında yararlanmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Kollegiya həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021). Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi də qərarlarında belə əsaslandırılmışdır (2-1(102)-484/2023 saylı xx.xx.2023-cü il tarixli qərar). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia ilə məhkəməyə müraciət edilərkən iddia müddətinin ötürülməsi qənaətinə gəlir və hesab edir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə qeyd olunan halları araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-933/2023 saylı 14 mart 2023cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-933/2023 saylı 14 mart 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar