Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2329/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: “əlilliyin bərpa edilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Şərafət Asif qızı Məmmədovadan (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5149/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) əlillik vəziyyəti 12 saylı Şəhər Poliklinikasının xx.xx.2004-cu il tarixli göndərişi əsasında baxılmış və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik müddətsiz əlillik təyin edilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – cavabdeh) tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla iddiaçı əyani müayinəyə dəvət edilmişdir.
3. İddiaçı əyani müayinədə iştirak etməmiş, həmin “məktubların yazılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, iddiası məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır.
4. Cavabdehin Tibbi Sosial Ekspert Komissiyasının noyabr 2023-cü il tarixli qərarı ilə iddiaçıya təyin edilmiş əlillik qərarı ləğv edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
5. İddiаçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Tələb onunla əsaslandırılmışdır ki, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.1999-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. 2000-ci ildən 2004-cü ilədək müddətli və xx.xx.2004-cü il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2023-cü ildə pensiya və təqaüdü dayandırılan zaman Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman ona məlum oldu ki, onun müddətsiz əlilliyi elektron alt sistemdə vardır, lakin cavabdeh pensiya və təqaüdünün dayandırılması barədə aidiyyəti orqanlara əsassız olaraq məktub göndərib, pensiya və təqaüdü dayandırılıb. Ona qarşı bu çox haqsız mövqedir, çünki o, 2004-cü ildən müddətsiz əlilldir.
7. İddiaçı məhkəməyə yazılı ərizə göndərərək 24 ildir müddətsiz əlillik təyin edilməsini və hər hansı bir ekspertizaya və ya əyani müayinəyə göndərilməsinə etiraz etdiyini bildirmişdir.
8. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5149/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Təqdim edilmiş sənədlərdən həmçinin müəyyən edilir ki, bir qrup qazi tərəfindən bir sıra şəxs və qurumlara, o cümlədən cavabdehə elektron müraciət ünvanlanmışdır. Müraciətdə adlarını qeyd etmək istəməyən bir qrup qazi bildirmişdir ki, “Bakı şəhərində yaşayan, qeydiyyatı məlum olmayan İddiaçı Azərbaycan Respublikasının Müharibə əlilidir, belə ki, cuzi olaraq xəsarət alıb, heç bir ağır xəstəliyi və xəsarəti hazırda yoxdur, heç ona əlillik düşmür. Xahiş edirik bizim və bütün əlillərin adından, statusundan, imtiyazından əsassız istifadə edən İddiaçı yenidən Agentliyə çağırıb əlillik vəziyyətinin yoxlanılmasına göstəriş verəsiniz. Bu zaman görəcəksiniz ki, onun səhhətində heç bir əlillik yoxdur”. Göründüyü kimi, bir qrup şəxsin iddiaçının əlillik təyinatının yoxlanılması barədə elektron müraciəti olmuşdur. Cavabdeh inzibati orqan inzibati icraatın yuxarıda qeyd edilən normalarının tələbləri baxımından üzərinə düşən vəzifəsini icra etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5149/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar əsaslandırılmışdır.
13. Həmçinin apellyasiya baxışı dövründə iddiaçı iddia ərizəsi ilə oxşar məzmunda müxtəlif tarixli ərizələr göndərmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Həmçinin, məhkəmə-tibbi ekspertiza təyin olunmasına etiraz etmişdir.
16. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan): 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. ....
18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya):
1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır.
3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
19. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilmişdir: “28. Əlilliyin müəyyən edilməsindən diaqnozun əlilliyə əsas verməməsi səbəbi ilə imtina edildiyi zaman məhkəməyə müraciət edən şəxslərin iddialarına baxılarkən, məhkəmələr tərəfindən bir sıra hallarda İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati orqana şəxsin əyani müayinəyə cəlb edilməklə müvafiq inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edilir.
29. Təcrübədə rast gəlinən əsas problemlərdən biri məhz həmin əyani müayinələrlə bağlıdır. İşlərdən görünən odur ki, bir sıra hallarda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verməyən şəkildə aparılır. Nəticə etibarilə, bəzən məhkəmələr inzibati orqanın şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnozlarına əsaslanmayan mövqeyinə uyğun qərar verməklə işi yekunlaşdırırlar.” ....
37. Şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıbtapmadığı, diaqnozun xəstəliklərin beynəlxalq təsnifatına uyğunluğu və sairə) suallar qoyula bilər. .....
45. Sübutetmənin və etirazın əsaslarını müəyyən edən prosessual normaların qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq edilməli olması zərurəti, digər tərəfdən də qanunvericinin idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində cəlb etmək məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxması göz önündə tutulmaqla hesab edilir ki, ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarda, məhkəmələr tərəfindən TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı nəzərdə tutula bilər. Lakin belə iştirak mütləq ekspertiza təyin etmiş məhkəmənin razılığı ilə baş tuta bilər.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
24. Məhkəmə Kollegiyası iddia tələbinin mahiyyəti və iddiaçının apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir:
25. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçıya xx.xx.2004-cu il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
26. Cavabdeh tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla iddiaçı əyani müayinəyə dəvət edilmiş, lakin iddiaçı əyani müayinədə iştirak etməmiş və nəticədə cavabdehin Tibbi Sosial Ekspert Komissiyasının noyabr 2023-cü il tarixli qərarı ilə iddiaçıya təyin edilmiş əlillik qərarı ləğv edilmişdir.
27. Hazırkı tələbi qaldırmaqda iddiaçının hüquqi marağı ləğv edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsinə yönəlmişdir.
28. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
29. Göründüyü kimi, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.
30. İddiaçının əyani müayinəyə dəvət edilməsi işin mübahisələndirilməyən halıdır.
31. Belə ki, bu barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmiş, eyni zamanda iddiaçının onun əyani müayinəyə dəvət edilməsi barədə bildirişlərin göndərilməməsi barədə məhkəmədə ayrıca iddiası olmuşdur.
32. Lakin iddiaçı əyani müayinəyə getməkdən imtina etdiyindən cavabdeh iddiaçının mövcud tibbi sənədləri əsasında iddiaçının sağlamlıq vəziyyətinə qiymət vermişdir.
33. Məhkəmə qeyd edir ki, iddiaçının həm inzibati icraatda, həm də məhkəmə icraatında israrlı olaraq əyani müayinədən və ekspertiza tədqiqatından yayınması cavabdehin iddiaçının əyani müayinəsini aparmadan əlillik qərarını yoxlamasını istisna etmir.
34. Cavabdeh inzibati orqan inzibati icraatın yuxarıda qeyd edilən normalarının tələbləri baxımından üzərinə düşən vəzifəsini icra etmişdir.
35. Hazırkı iddia ərizəsindən də görünür ki, iddiaçı işə mahiyyəti üzrə qiymət verilmədən, heç bir əyani müayinə və ekspertiza aparılmadan inzibati icraatın aparılması qaydalarının pozulmasına istinad edərək əlilliyinin bərpasına nail olmaq istəyir.
36. Lakin məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh orqan inzibati icraat qaydalarına əməl etmiş və yekunda inzibati akt formasında qərar qəbul etmişdir.
37. İddiaçının qeyd etdiyi kimi, onun əyani müayinədən yayınması ilə nəticələnən inzibati icraatın yekununda qəbul edilmiş qərarın ləğv edilməsi və ya iddiaçının əlilliyinin bərpa edilməsi, sui-istifadə hallarına yol verilməklə inzibati icraatın mahiyyətinin və Qanunun istinad edilən 3.7-ci maddəsinin tətbiqinin əhəmiyyətiz olmasına səbəb ola bilər. Bu hal, gələcəkdə analoji vəziyyətlərdə vətəndaşların əyani müayinədən və inzibati icraatdan iştirakdan yayınması ilə nəticələnər.
38. Bu qənaətə gələrkən məhkəmə həmçinin bildirir ki, Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
39. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
40. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyin müddətsiz olması da bu halı onun xeyrinə dəyişmir.
41. Cavabdeh hətta təyin edilmiş müddətsiz əlillik qərarına yenidən baxmaq səlahiyyətinə malikdir. Çünki şəxsə müddətsiz əlilliyin qanunsuz inzibati akt nəticəsində qəbul edilməsi istisna edilmir.
42. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır.
43. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir.
44. Məhkəməyə təqdim edilmiş cavabdehin İdarə Heyətinin qərarından müəyyən edilir ki: Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həmin şəxslərin əyani müayinəyə cəlb olunması nəzərdə tutulmuşdur və müvafiq qaydada ünvanlarına dəvət məktubları göndərilmişdir, müayinəyə gəlməyəcəkləri təqdirdə əlillik vəziyyətlərinin onların iştirakı olmadan qiymətləndiriləcəyi barədə məlumat verilmişdir. Agentlik tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 22 nəfərə müxtəlif tarixlərdə əyani müayinəyə çağırılması haqqında ünvanlarına sifarişlixəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşlardan 8 (səkkiz) nəfərinin əyani müayinəsini həyata keçirmiş, digər 14 (on dörd) nəfərin isə tibbiekspert sənədləri araşdırılmışdır. Həmin vətəndaşlardan 4 (dörd) nəfərin “əlillik təyinatı barədə qərarının qüvvədə saxlanılması”, 14 (on dörd) nəfərin “əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilməsi”, 2 (iki) nəfər barəsində “Tam reabilitasiya olunması”, 1 (bir) nəfər barəsində isə “Hissəvi reabilitasiya olması”, 1 (bir) nəfər barəsində “əlillik səbəbinin dəyişdirilməsi, qalan hissədə qərarın qüvvədə saxlanılması”na dair qərar qəbul edilmişdir.
45. Məhkəmə qeyd edir ki, daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır.
46. Təqdim edilmiş sənədlərdən həmçinin müəyyən edilir ki, bir qrup qazi tərəfindən bir sıra şəxs və qurumlara, o cümlədən cavabdehə elektron müraciət ünvanlanmışdır.
47. Müraciətdə bir qrup qazi bildirmişdir ki, “Bakı şəhərində yaşayan, qeydiyyatı məlum olmayan İddiaçı ARM əlilidir, belə ki, cuzi olaraq xəsarət alıb, heç bir ağır xəstəliyi və xəsarəti hazırda yoxdur, heç ona əlillik düşmür. Xahiş edirik bizim və bütün əlillərin adından, statusundan, imtiyazından əsassız istifadə edən İddiaçı yenidən Agentliyə çağırıb əlillik vəziyyətinin yoxlanılmasına göstəriş verəsiniz. Bu zaman görəcəksiniz ki, onun səhhətində heç bir əlillik yoxdur”.
48. Göründüyü kimi, bir qrup şəxsin iddiaçının əlillik təyinatının yoxlanılması barədə elektron müraciəti olmuşdur.
49. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.2 və 3.2.4-cü bəndlərinə görə, Bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək hüququ vardır.
50. Məhkəmə qeyd edir ki, Agentliyin Nizamnaməsinin istinad edilən bəndlərindən və “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndindən irəli gələn əlillik qərarını qiymətləndirmək hüququ vardır.
51. Qeyd edilən bu hallar isə Qanunun 3.7-ci maddəsində təsbit edilmiş “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilməlidir.
52. Məhkəmə Kollegiyası işin yuxarıdakı faktiki hallarına tətbiq edilmiş hüquq normalarından çıxış edərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamağa əsaslar görmür.
53. Bununla belə, məhkəmə Kollegiyası iddiaçının apellyasiya şikayəti üzrə məhkəmə araşdırması tələb olunduğundan, iş üzrə nə əyani müayinə qərardadı, nə də ki, məhkəmə tibbi ekspert rəyi olmadan məhkəmə iddianı rədd etdiyindən, həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilənləri nəzərə alaraq xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə-tibbi ekspertiza keçirilməsini məqsədəuyğun hesab etmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X6 ekspertlərinə həvalə edilmişdir.
54. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X6 xx.xx.2024-cü il tarixli, 5092 saylı məktubu ilə iddiaçı canlı müayinə edilməsi ilə bağlı ekspertiza tədqiqatından yayındığından ekspertiza keçirilməsinə dair məhkəmə Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı icra olunmadan iş məhkəməyə qaytarılmışdır.
55. Məhkəmə Kollegiyasının iclasında da iddiaçı məhkəmə-tibbi ekspertiza təyin olunmasına etiraz etmişdir.
56. Məhkəmə Kollegiyası işin yuxarıda sadalanan faktiki hallarına və Bu Qərarın 38, 53, 54 və 55-ci bəndlərinə əsaslanaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır.
57. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5149/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5149/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.