Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-233/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmət nümayəndəliyinə qarşı “əlilliyə görə aldığı əmək pensiyasının X2nın vəfatı ilə əlaqədar ona 2010-cu ilin may ayından ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilməsi və anasının əmək pensiyasının sığorta hissəsinin Qanunun 26.3-1-ci maddəsinə uyğun olaraq yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, sudro tərcüməçi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsinə (hazırda DSMF-nun 1 saylı Xidmət Nümayəndəliyinə) qarşı “əlilliyə görə aldığı əmək pensiyasının X2nın vəfatı ilə əlaqədar ona 2010-cu ilin may ayından ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilməsi və anasının əmək pensiyasının sığorta hissəsinin Qanunun 26.3-1-ci maddəsinə uyğun olaraq yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4109/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 16.12.1968-ci il təvəllüdlüdür. 1632676 saylı Doğum haqqında şəhadətnaməsində “anası” qrafasında X6 adı qeyd olunmuşdur. İddiaçının anası Sara Həsənovaya məxsus 01.12.1972-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, 25.10.1972-ci ildən 09.11.1973-cü ilədək, 28.11.1973-cü ildən 19.09.1979-cu ilədək, 01.10.1979-cu ildən 03.05.1983-cü ilədək, 25.10.1984-cü ildən 17.06.1986-cı ilədək. 20.08.1986-cı ildən 20.11.1986-cı ilədək, 17.05.1988-ci ildən 03.11.1994-cü ilədək, 07.12.1994-cü ildən 09.09.1996-cı ilədək müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. X8 üç uşağa görə 01.01.2005-ci il tarixdən ömürlük pensiya təyin edilmişdir. AZ-İ seriyalı 419511 saylı 01.06.2010-cu il tarixli “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X9 22.05.2010-cu il tarixdə vəfat etmişdir. VTE seriyalı 079703 saylı arayışa görə, 1968-ci il təvəllüdlü İddiaçı ilk dəfə 21.11.1991-ci il tarixdən İİİ qrup ömürlük əlillik təyin olunmuş, əlilliyin səbəbi kimi – uşaqlıqdan göstərilmişdir. İddiaçı hal-hazırda əlilliyə görə əmək pensiyası alır. İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********4 saylı 05.09.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri bu Qanunun 14-cü maddəsində öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlillərin ailə başçısı itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Onun əlilliyi 18 yaşından sonra yəni 23 yaşında müəyyən edildiyindən ailə başçısı itirməyə görə əmək pensiyası hüququ yoxdur. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh inzibati orqana qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “əlilliyə görə aldığı əmək pensiyasının X2nın vəfatı ilə əlaqədar ona 2010-cu ilin may ayından ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilməsi və anasının əmək pensiyasının sığorta hissəsinin Qanunun 26.3-1-ci maddəsinə uyğun olaraq yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, o, uşaqlıqdan üçüncü qrup əlildir. Lal-kar olduğu üçün əlillik ona ömürlük olaraq təyin edilmişdir. Hazırda əlilliyə görə əmək pensiyası alır. Əlillik dərəcəsini 21 dekabr 1991-ci ildə almışdır. X2 22 may 2010-cu ildə vəfat etmişdir. Vəfat etdiyi vaxta anasının təxminən 24 il iş stajı olmuşdur. Ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etsə də, onun tələbinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4109/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud (əlil) olması, yəni lal-kar olması, ailə başçısını itirməsi (anası Sara Həsənova 22.05.2010-cu ildə ölmüşdür), həmçinin iddiaçının mərhum anası Sara Həsənovanın əmək pensiyaçısı olması, iddiaçının mərhum anasının tam təminatında (və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) olması işin mübahisələndirilməyən halı olduğundan, cavabdeh orqanın iddiaçının müraciətini onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməməsi ilə əsaslandırması iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4109/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə tərəfindən iddiaçıdan başqa ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan digər ailə üzvünün olub-olmaması araşdırılmamışdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-570/2020 saylı 25 fevral 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4109/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1520/2020 saylı 19 avqust 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-570/2020 saylı 25 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, iddiaçının mərhum anasına 2004-cü ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin dövrdə Sara Həsənovaya ödənilmiş yaşa görə əmək pensiyası hazırda qüvvədə olan qanunvericiliyə əsasən əmək pensiyasının minimum məbləğindən aşağı olmuşdur. Bu səbəbdən də iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası yaşa görə əmək pensiyasının minimum məbləğinə çatdırılmaqla ödənilə bilər. Lakin iddiaçıya əlilliyə görə təyin edilmiş əmək pensiyası ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəzləşdiriləcəyi halda ona ödəniləcək məbləğ dəyişməyəcəkdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən cavabdeh DSMF-nun 1 saylı Bakı Ərazi Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmət nümayəndəliyi ilə əvəz edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh inzibati orqana qarşı iddia tələbi “əlilliyə görə aldığı əmək pensiyasının X2nın vəfatı ilə əlaqədar ona 2010-cu ilin may ayından ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilməsi və anasının əmək pensiyasının sığorta hissəsinin Qanunun 26.3-1-ci maddəsinə uyğun olaraq yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Əvvəla məhkəmə kollegiyası iddiaçının “əlilliyə görə aldığı əmək pensiyasının X2nın vəfatı ilə əlaqədar ona 2010-cu ilin may ayından ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilməsi” tələbini irəli sürərkən hüquqi marağının ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasına nail olmaqdan ibarət olduğunu və bu barədə müvafiq ərizə verdiyini nəzərə alaraq, tələbində ona əlilliyə görə təyin edilmiş pensiyanın ona ailə başçısını itirməyə görə olan növdə pensiya ilə əvəzlənməsini göstərsə də, bunun İPM-nin 52-ci maddəsinə əsasən onun ifadə tərzi ilə bağlı olub, tələbini ona ailə başçısını itirməyə görə pensiya təyin olunub ödənilməsi kimi qəbul etmişdir. Bu zaman iddiaçıya izah olunmuşdur ki, pensiya növünün dəyişdirilməsi əvvəlki növdə pensiyanın verilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ““Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçiriliməsi və ödənilməsi Qaydaları”nın 6.1-ci bəndinə görə əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə Qanunun 34-cü maddəsinə uyğun olaraq aparılır. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçının mərhum anası Sara Həsənovanın pensiya işi tələb olunmuşdur. Həmin pensiya işi nəzərdən keçirilərkən müəyyən olunmuşdu ki, mərhum Sara Həsənovaya üç uşağa görə 01.01.2005-ci il tarixdən ömürlük pensiya təyin olunmuşdur. Həmin Qanunun 29.12.2020-ci il tarixədək qüvvədə olan 14.1-ci maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək. Cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtina etməsinin səbəbləri iddiaçının əlilliyinin 18 yaşından sonra yəni 23 yaşında müəyyən edilməsi ilə bağlı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2 nömrəli Əlavəsinin 2.6.5-ci bəndində qeyd edilir ki, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı övladının əlil, ərinin (arvadının) İ və ya İİ qrup əlil olması barədə tibbi-sosial ekspert komissiyasının qərarı təqdim edilməlidir. VTE seriyalı 079703 saylı arayışdan görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı ilk dəfə 21.11.1991-ci il tarixdən İİİ qrup ömürlük əlillik təyin olunmuş, əlilliyin səbəbi kimi – uşaqlıqdan göstərilmişdir. İddiaçı barəsində olan “pensiyaçının uçot vərəqəsi”ndən görünür ki, İddiaçı 24.11.1991-ci il tarixdə İİİ qrup əlilliyə görə pensiya təyin edilmişdir. Göründüyü kimi, hazırki işdə iddiaçı 18 yaşına çatanadək (uşaqlıqdan) sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olan şəxsdir. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə 29.12.2020-ci ildə dəyişiklik olunaraq, 14.1-ci maddədən “öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan)” sözləri çıxarılmışdır. Qeyd olunan maddənin hər iki redaksiyasında qanunverici vəfat etmiş şəxslərin o övladlarının ailə başçısını itirməyə görə pensiya almaq hüququnu müəyyən etmişdir ki, onlar ya 18 yaşına çatmamış olmalıdırlar, ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil olmalıdırlar, yaxud da təhsil müəssisələrinin əyani şöbəsində təhsil almaqla, 23 yaşına çatmamalıdırlar. Həmin maddənin yeni redaksiyasına əsasən “öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan)” sözlərinin çıxarılması isə iddiaçıya münasibətdə onun vəfat etmiş anasının sağlığında tam təminatında və anasının öhdəsində olmasını sübut etmək vəzifəsindən azad etmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kolegiyası hesab edir ki, iddiaçının “əlilliyə görə aldığı əmək pensiyasının ona ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəzləşdirilməsi, yəni ona ailə başçısını itirməyə görə anasının vəfat etdiyi may 2010-cu il tarixdən pensiya təyin edilməsi” barədə tələbi əsaslı olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq təmin edilmişdir. İddiaçının “anasının əmək pensiyasının sığorta hissəsinin Qanunun 26.3-1-ci maddəsinə uyğun olaraq yenidən hesablanaraq ödənilməsi” barədə tələbinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 26.3-1 maddə “Əmək pensiyaları haqqında” Qanuna 17 may 2011-ci il tarixli 128- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Həmin normada deyilirdi ki, 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Hazırki işdən görünür ki, iddiaçının mərhum anası Sara Həsənovaya üç uşağa görə pensiya 01.01.2005-ci il tarixdən təyin edilmişdir. Belə olan halda iddiaçının mərhum anası sözügedən Qanuna 17 may 2011-ci il tarixdə əlavə edilmiş 26.3-1-ci maddəsində nəzərdə tutulan 01.01.2006-cı il tarixədək pensiya təyin olunan şəxs olmuşdur. Belə olan halda iddiaçı mərhum anasının əmək pensiyasının sığorta hissəsinin Qanunun 26.3-1-ci maddəsinə uyğun olaraq yenidən hesablanaraq ödənilməsini tələb etməkdə haqlı olmuşdur. O ki qaldı cavabdeh inzibati orqanın “iddiaçıya əlilliyə görə təyin edilmiş əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəzləşdirilməsi zamanı ona ödəniləcək məbləğin dəyişməyəcəyi” barədə dəlilinə, Kollegiya hesab edir ki, bu hal iddiaçının tələbinin təmin olunmaması üçün əsas vermir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız sayır və qəbul etmir. Kollegiya onu da qeyd edir ki, hazırki işdə apellyasiya baxışı zamanı cavabdeh DSMF-nun Səbail rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmət nümayəndəliyi ilə əvəz olunsa da, bu hal qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4109/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmət nümayəndəliyi hesab edilməklə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4109/2019 saylı 14 noyabr 2019-cu il tarixli qərarı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmət nümayəndəliyi hesab olunmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-233/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-233/2021
14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver