Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-233/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil3, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin prosessual hüquq varisi X4 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) cavabdehin hərəkətlərinin qanunsuz sayılması, torpaq sahəsinin plan-ölçüsü barədə ilkin sənədlərin və texniki pasportun etibarsız sayılması, reyestrdə qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-51/2019 saylı, 07 may 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında araşdırıb m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla küçəsi, 20 ünvanında yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyesyrində X5 adına qeydiyyat aparılması, 30 avqust 2017-ci il tarixli müvafiq reyestrdən çıxarış və texniki pasport verilməsi ilə bağlı hərəkətlərinin qanunsuz sayılması, həmin reyestrdən çıxarışın və texniki pasportun ləğv olunması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri, Nərimanov rayonu, 1936-cı məhəllə, Ağa- Neymətulla və Çernyayevski küçələrinin kəsişməsində yerləşən çay pavilyonu və inzibati bina, habelə 1.076,6 kv.m torpaq sahəsi İddiaçınə məxsusdur. Bununla baölı mülkiyyət hüququ haqqında şəhadətnamələr və digər sənədlər verilmişdir. Qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin qonşuluğunda vətəndaş X7 məxsus olması iddia edilən qeyri-yaşayış binası mövcuddur. X9 İddiaçı çoxsahəli kiçik müəssisısinin qanuni təmsilçisi X6 və digərlərinə qarşı qanunsuz tikililərin sökülməsi tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq iddia ərizəsində göstərmişdir ki, mülkiyyət şəhadətnaməsinə əsaslanaraq vahid daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib olunması üçün 18 may 2016-cı il tarixdə DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin İdarə tərəfindən 2 iyun 2016-cı il tarixli məktubla məsələnin həllində imtina olunmuş və imtina məktubunda bildirilmişdir ki, ərizəçinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində digər fiziki şəxs tərəfindən tikilinin inşa olunmaraq istifadə edildiyi məlum olmuşdur, bu səbəbdən ərizənin icrası mümkün deyildir. Ziyad Əliyev imtinanı əsas gətirərək qeyd olunan tikililərin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş 29 iyun 2017-ci il tarixli 5852 nömrəli eksper rəyindən məlum olmuşdur ki, 5 noyabr 1998-ci il tarixli 000087 nömrəli şəhadətnaməyə əsasən üçüncü şəxsə məxsus 109,24 kv.m torpaq sahəsinin faktiki sərhədlərini, eləcə də ünvan 1 ünvanda yerləşən mübahisəli tikilinin həmin torpaq sahəsinin daxilində tikilib-tikilmədiyini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə qətnamə çıxarmışdır. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı iş üzrə iddiaçı tərəf məhkəməyə Bakı şəhər Ərazi İdarəsi tərəfndən qeyd olunan torpaq sahəsinə dair 30 avqust 2017-ci il tarixli ******* saylı reyestrdən çıxarış və eyni tarixli texniki pasport təqdim etmişdir. Hesab olunur ki, cavabdeh tərəfindın həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına qeydiyyat aparılması və reyestrdən çıxarışın, texniki pasportun verilməsi qanunsuz sayılmalıdır. Belə ki, reyestrdən çıxarış və texniki pasport verilərkən iddia edilən torpaq sahəsinə baxış keçirilməmiş, sahənin qonşuluqda yerləşən sahələri ilə sərhədləri dəqiqləşdirilməmiş, bununla da, cavabdeh tərəfindən tikinti və şəhərsalma qaydalarına zidd olaraq üçüncü şəxsin adına iddiaçıya məxsus olan binanın ərazisinə və onun torpaq sahəsinə müdaxilə olunmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etirazında iddianı qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla küçəsi, 20 ünvanında yerləşən qeyri-yaşayış binası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi göstərilən sənədlər (“Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 11 noyabr 1997-ci il tarixli 007172 nömrəli və “Özəlləşdirlmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən” 5 noyabr 1998-ci il tarixli 000087 nömrəli şəhadətnamələr) əsasında daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmış və hal-hazırda da onun mülkiyyətindədir. Bundan əlavə, müvafiq qeyri-yaşayış binası dövlət əmlakı olmuş, bu səbəbdən də müvafiq daşınmaz əmlak “Daşınmaz əmlakı dövlət reyestri haqqında” Qanunun tələblərinə uyğun özəlləşdirilmiş və ********** qeydiyyat nömrəli 30 avqust 2017-ci il tarixli hüquqların dövlət haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İdarə tərəfindən hər hansı qanunsuz hərəkət və hərəkətsizlik olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-51/2019 saylı, 07 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinin faktiki ölçüsü ilkin sənədlərdə əks olunan plan-sxemdəki ölçülərə uyğun deyil, üçüncü şəxsin adına verilmiş 05 noyabr 1998-ci il tarixli, 000087 nömrəli şəhadətnamə və sonradan verilmiş çıxarışla texniki pasport arasında aşkar uyğunsuzluq mövcuddur. Cavabdeh tərəfindən məhz, üçüncü şəxsə həmin şəhadətnaməyə əsasən 30 avqust 2017ci il tarixli, ******* saylı reyestrdən çıxarış və eyni tarixli texniki pasport verilmiş, lakin çıxarış və texniki pasport verilərkən iddia edilən torpaq sahəsinə baxış keçirilməmiş, mübahisəli torpağın ilkin sənədləri ilə sonradan verilən sənədlər arasında ciddi uyğunsuzluqların mövcudluğu nəzərə alınmamış, sahənin qonşuluqda yerləşən sahələrlə sərhədləri düzgün müəyyən edilməmiş, nəticədə iddiaçıya məxsus olan binanın ərazisinə (onun binasına bitişik yerləşməklə) və onun torpaq sahəsinə müdaxilə olunaraq, onun hüquqları pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-28/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən üçüncü şəxs X5 adına aparılmış, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair dövlət qeydiyyatı və onun əsasında verilən xx.xx.2017-ci il tarixli çıxarış və digər sənədlər iddiaçının faktiki torpaq sahəsi ilə üst-üstə düşən 21,56 kv.m. hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1249/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən Ali Məhkəmənin qərarından irəli gələn göstərişləri nəzərə alınmaqla, mübahisəli əraziyə işdə iştirak edən şəxslərin, rəy iş üzrə vermiş ekspertin və mütəxəssisin iştirakı ilə yerli baxış keçirilmiş, qonşu torpaq sahələrinin konkret sərhədlərinin kim tərəfindən pozulmasının müəyyən olunması üçün məhkəmənin 02 dekabr 2021-ci il tarixli qərardadı ilə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə əlavə komission məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Ekspertiza Mərkəzi tərəfindən 10/48 saylı 10 iyun 2022-ci il tarixli ekspert rəyi məhkəməyə təqdim olunduqdan sonra məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İİ. Məhkəmə kollegiyası, hazırkı mərhələdə alınmış ekspert rəyi tərəflərin və üçüncü şəxsin, habelə, ekspertin (X2) iştirakı ilə tədqiq olunmaqla və iş üzrə əhəmiyyət kəsb edən digər halları təkrar apellyasiya qaydasında araşıdıraraq belə nəticəyə gəlmişdir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, “İddiaçı ona məxsus daşınmaz əmlakın yerləşdiyi qonşu ərazidə olan daşınmaz əmlaka dair üçüncü şəxsin adına verilmiş reyestrdən çıxarışı və texniki pasportu mübahisələndirə bilər. Lakin məhkəmə icraatında iddiaçının gətirdiyi dəlillər təsdiqini tapmadığından, eləcə də. cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxsin adına reyestdən çıxarışı və digər sənədləri (o cümlədən, texniki pasportu) Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin verdiyi “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında”şəhadətnamə əsasında verdiyi müəyyən olunduğundan, cavabdehin həmin sənədlərin verilməsi ilə bağlı hərəkətlərinin qanunsuz olduğu isbat olunmur...” İş materiallarına əsasən müəyyən olunur ki, birinci apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2013/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 noyabr 2020-ci il tarixli ekspert rəyində ekspert qarşısında həll edilməsi üçün qoyulan dördüncü sual ekspert (Xəyyai İsgəndərov) belə cavablandırılmışdır ki, cavabdeh 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş texniki paporta əsasən X5 istifadəsində olan 2,8 x 7,7 m ölçüdə torpaq sahəsi ilə İddiaçı kiçik müəssisəsinin faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi üst-üstə düşdüyü müəyyən olunur. Lakin bu zaman ekspert tərəfindən, məhz, kim tərəfindən kimin torpaq sahəsinə müdaxilə olunduğu göstərilməmişdir. Odur ki, hazırkı təkrar apellyasiya qaydasında işə baxılarkən ilk öncə Ali Məhkəmənin qeyd olunan qərarından irəli gələn göstərişləri qaydasında ilk öncə həmin rəyi vermiş ekspert Xəyyam İsgəndərov və kadastr mütəxəssisi İlham Şərifovun da iştirakı təmin olunmaqla, mübahisəli daşınmaz əmlaklara yerli baxış keçirilərək yerində müayinəsi aparılmış (2-ci cild. i.v.134-135) və iki qonşu arasında sərhədlərin pozulub-pozulmadığına və kim tərəfindən kimin torpağına müdaxilə olunması məsələsinə aydınlıq gətirilməsi üçün əlavə komission məhkəmə mühəndis-texniki ekspertizası təyin olunması zəruri bilinmişdir. Belə ki, xx.xx.2021-ci il tarixində keçirilmiş yerli baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: -İddiaçı KM-nə məxsus obyektin və 3-cü şəxs X7 məxsus obyektin yerləşdiyi torpaq sahələri bir-birinə qonşu olmaqla, Bakı şəhəri Nərimanov rayonu ərazisində olan Ağa Neymətulla və Çernyayevski küçələrin kəsişdiyi yerdə yerləşir. İki qonşu arasında mübahisələndirilən torpaq sahəsi İddiaçı KM-nə məxsus binanın Ağa Neymətulla küçəsindən iddiaçıya binaya baxdıqda sol ön küncündə yerləşir, 3-cü şəxsin prosessual hüquq varisinin deməsinə görə həmin həmin küncdən Ağa Neymətulla küçəsinə doğru səkiyə qədər olan hissədə yerləşən bir mərtəbəli qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahəsi onlara məxsus obyektə aid olan torpaq sahəsi olduğunu və həmin sahənin bir hissəsinin 3-cü şəxs tərəfindən zəbt olunduğunu bildirmişdir. Məhkəmənin əlavə ekspertiza təyin olunması barədə təklif edərkən ekspert mübahisəli ərazidə olan obyektlərə dair ilkin sənədlərin və əlavə sualların qoyulduğu təqdirdə məsələnin əlavə tədqiqat aparılması yolu ilə həll olunması mümkün olduğunu bildirmiş və yerli baxışda iştirak edən şəxslər buna etiraz etməmişdir. Yerli baxışın qeyd olunan nəticələri də nəzərə alınmaqla, məhkəmənin xx.xx.2021ci il tarixli qərardadı ilə iş üzrə əlavə komission məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və həll edilməsi üçün ekspertlər qarşısında: - “İddiaçının və üçüncü şəxsin ayrı-ayrılıqda, hər birinin faktiki olaraq özlərinə məxsus sənədlərlə müəyyən olunan sərhədlər daxilində yerləşib-yerləşməməsi və həmin qonşular arasında, qeyd olunan sənədlərlə müəyyən olunan torpaq sərhədlərinin pozulubpozulmaması, əgər pozulmuşdursa, faktiki vəziyyətində kim tərəfindən kimin torpağına müdaxilə olunmasının müəyyənləşdirilməsi ilə bağlı suallar qoyulmaqla, iş üzrə toplanması mümkün olan sənədlər də əlavə olunmaqla, həmin qərardadı icra olunması üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qərardad icra olunaraq ekspert rəyi xx.xx.2022-ci il tarixində məhkəməyə 10/48 saylı 10 iyun 2022-ci il tarixli ekspert rəyi təqdim olunmuşdur. Həmin rəydən görünür ki, xx.xx.2022-ci il tarixində tədqiqat obyektinə baxış keçirilmiş, xx.xx.2022-ci il tarixdə əlavə sənədlər daxil olduqdan sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla küçəsi, 20 ünvanında yerləşən torpaq sahəsi üzrə ekspertiza tədqiqatı aparılmış və iş materiallarına və baxış zamanı əldə olunmuş məlumatlara əsasən aşağıdakı nəticəyə gəlinmişdir: İddiaçıya məxsus daşınmaz əmlakla ilə bağlı müəyyən olunmuşdur ki: - Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla küçəsi, 20 ünvanında yerləşən yerləşən İddiaçınə məxsus obyekt faktiki olaraq iş materiallarında olan həmin müəssisənin adına verilmiş ilkin sənədlərə (Nardaran-2” çoxsahəli kiçik müəssisəsinin adına olan xx.xx.2001 il tarixli 494 No-li Registrdən çıxarış”da xx.xx.2001-ci il tarixli 002504 No-li mülkiyyət şəhadətnaməsinə əlavə edilmiş xx.xx.2001-ci il tarixli 000046 No-li Texniki pasportda göstərilən torpaq sahəsinin sərhədlərinə (cizgilərinə) uyğundur. - xx.xx.2017-ci il tarixlərdə verilmiş ******* saylı reyestrdən çıxarışa əsasən üçüncü şəxs X3 mülkiyyətinə verilmiş, İddiaçı faktiki istifadəsində olan 2.8x7,7=21,56 kv.m ölçüdə torpaq sahəsi, həmin müəssisəyə məxsus qeyri-yaşayış sahəsinin giriş tərəfdən sərhədlərində yerləşir. - mübahisəli ərazidə yerləşən İddiaçınə məxsus obyektlərin yerləşdiyi faktiki torpaq sahəsinin ölçüləri texniki pasportun göstəricilərinə uyğun olduğu nəzərə alınmaqla, müəssisə tərəfindən sərhədləri pozulmamışdır. Eyni zamanda, üçüncü şəxslə bağlı ekspertlər müəyyən etmişdir ki: -Bakı şəhəri, Nərimanov rayonu, Ağa-Neymətulla küçəsi, 20 ünvanında yerləşən X7 məxsus torpaq sahəsində ilkin sənədlərə əsasən yerləşən 134 saylı pavilyona dair Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 7172 saylı şəhadətnamə və xx.xx.1997-ci il tarixində tərtib edilmiş Texniki pasport və onun adına verilmiş xx.xx.2006-cı il və xx.xx.2017-ci il tarixlərdə verilmiş çıxarışlarla (i.v.68 və 218; 1-ci cild) uyğunsuzluq təşkil edir, bu uyğunsuzluq nəzərə alınmaqla, üçüncü şəxs sərhədlərini pozmuşdur. Rəydə göstərilənlərə aydınlıq gətirilməsi üçün ekspert Xəyyam İsgəndərov məhkəmə iclasında dindirilərkən ona verilmiş suallara əsasən müəyyən olunmuşdur ki, İddiaçı faktiki olaraq, öz adına olan sənədlərlə əhatə olunan torpaq sərhədləri daxində yerləşir. Ona məxsus qeyri-yaşayış sahəsinin ön hissəsində yerləşən 2.8x7,7=21,56 kv.m ölçüdə torpaq sahəsinə sənədi yoxdur, faktiki istifadə edir (bu hal iddiaçı tərəfindən mübahisələndirilmir). Sənədlərə əsasən müəssisənin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin sərhədləri - üçüncü şəxs X9 tərəfindən pozulmamış, və onun tərəfindən, baxmayaraq ki, ona məxsus obyektə dair ilkin və sonrakı sənədlər arasında uyğunsuzluq mövcud olsa da, faktiki vəziyyətində iddiaçının sənədlə əhatə olunan torpaq sahəsinə müdaxilə olunmamışdır. Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun: 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Mübahisəli ünvanda yerləşən üçüncü şəxsə məxsus mübahisəli daşınmaz əmlakın cavabdeh tərəfindən aparılan dövlət qeydiyyatı - Qanunun qeyd olunan tələblərinə uyğundur və həmin qeydiyyat iddiaçı müəssisənin hüquqlarına xələl gətirmir. Beləliklə də, cavabdehin iddiaçı müəssisənin hüquqlarını pozan hərəkətlərinin mövcudluğu müəyyən edilmir. Başqa sözlə, üçüncü şəxsə məxsus mübahisələndirələn qeydiyyatın və buna dair sənədlərin etibarsız sayılması və ləğv olunması əsaslar yoxdur. Qeyd olunan Qanunun 15-ci maddəsinə əsasən də hüququn dövlət qeydiyyatına alınmasından o halda imtina oluna bilər ki, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmasın. Göstərilənlər onu deməyə əsas verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-51/2019 saylı, 07 may 2019-cu il tarixli qərarı qərarı ilə iddianın rədd olunması faktlar nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də göstərilənləri nəzərə alan iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin bütün faktiki hallarının araşdırılmadığını, qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-51/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-233/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-233/2022
23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver