Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-233/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsi işə cəlb edilməklə) “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1344/2024 saylı 25 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsindən xaric edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin əmrinin ləğv edilməsi, polis nəfəri İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinə polis nəfəri qismində xidmətə bərpa olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş “Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi barədə” 7 fevral 2023cü il tarixli 3-13-44/Ə44/2023 saylı əmrin İddiaçı DİO-da xidmətdən xaric edilməsinə dair olan 2-ci bəndinin ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Nizami hissə polis nəfəri, polis serjantı qismində xidmətə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 2023-ci ilin fevral və ya mart aylarında heç bir hüquqi əsas olmadan Bakı şəhər Baş Polis İdarəsi tərəfindən qəbul edilmiş əmrə əsasən polis nəfəri İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsindən xaric edilmişdir. İddiaçı sözügedən əmri ilə tanış edilməmişdir və həmin əmrin hansı tarixdə və hansı hüquqi əsasla qəbul edildiyi barədə məlumat verilməmişdir. 28 mart tarixdə Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı Metropolitenində Polis İdarəsinə vəkil sorğusu göndərilmişdir. Həmin vəkil sorğusunda İddiaçı Bakı Metropolitenində Polis İdarəsindən xaric edilməsi barədə əmrin surətinin göndərilməsi xahiş edilmişdir. Bakı Şəhər Baş Polis İdarəsi sözügedən sorğuya ümumiyyətlə cavab verməmişdir. Bakı Metropolitenində Polis İdarəsinin 17 aprel 2023-cü il tarixli, 3-13-44-13/2-4090 saylı cavab məktubunda sözügedən əmrin surətini təqdim edilməsinin məqsədəuyğun olmadığı qeyd edilmişdir. İddiaçı hansı tarixdə, hansı əsasla xidmətdən xaric edildiyi barədə heç bir məlumatı yoxdur. Məhkəmənin 2-1(112)-10693/2023 nömrəli 20 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsi üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1344/2024 saylı 25 aprel 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-2-1(112)-1344/2024 saylı qərarının tamamilə ləğv edilərək və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsi işə birtərəfli yanaşmış, heç bir sübut olmadan cavabdeh tərəfindən mübahisələndirilən əmrdə qeyd edilən məqamları əsassız olaraq düzgün hesab etmiş və qərar qəbul etmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş 7 fevral 2023-cü il tarixli əmrdə iddiaçı tərəfindən aşağıda qeyd edilən hüquq pozuntularının törədildiyi iddia edilir: 1. İddiaçı əmisi Tamerlan Mösümova məxsus Mercedes markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müayinə mərkəzinə getmədən texniki baxışdan keçirməsi barədə vəd vermişdir. 2) İddiaçı tərəfindən 23 sentyabr 2022-ci il tarixdə Əliyev Nadir adlı bir şəxsə pul müqabilində cadugər-falçı yanına getməsini tövsiyə edilmişdir. 3) İddiaçı 13 noyabr 2022-ci il tarixdə, saat 06 15 radələrində metronun "Koroğlu" metro stansiyasında xidmət zamanı ayıq-sayıqlığı itirərək yatmış və səhər təlimatına gecikmişdir. İlk iddia üzrə qeyd etmək istəyirlər ki, Mercedes markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi mülkiyyətçisi Tamerlan Mövsümov tərəfindən şəxsən texniki baxışdan (müayinədən) keçirilmişdir. İddiaçı tərəfindən əmisinə heç bir vəd verilməmişdir və bu məqamı sübut edən heç bir sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, iki şəxs arasında ehtimal edilən telefon danışığı hansı üsulla cavabdeh tərəfindən ələ keçirildiyi birmənalı deyildir. İkinci iddia üzrə qeyd etmək istəyirlər ki, iddiaçı tərəfindən 23 sentyabr 2022-ci il tarixdə Əliyev Nadir adlı bir şəxsə pul müqabilində cadugər-falçı yanına getməsini tövsiyə etdiyini sübut edən heç bir sənəd mövcud deyildir. Əliyev Nadir tərəfindən verilmiş izahat İddiaçı tərəfindən verilmiş izahata ziddir, lakin inzibati orqan Əliyev Nadirin verdiyi və heç bir sübut ilə təsdiq edilməmiş izahatına hüquqi qiymət verərək və inzibati araşdırma aparmadan əmr qəbul etmişdir. İddiaçı 13 noyabr 2022-ci İİ tarixdə, saat 06:15 radələrində metronun "Koroğlu" metro stansiyasında xidmət zamanı ayıq-sayıqlığı itirərək yatmağını və səhər təlimatına gecikməyini təsdiq edən heç bir sübut mövcud deyildir. Xüsusi ilə qeyd etmək istəyir ki, birinci və ikinci səbəb üzrə ehtimal edilən hüquqpozuntuları üzrə inzibati icraat iddiaçının yalnız inzibati məsuliyyətə cəlb etmə barədə protokol, qərar, cinayət işinə xitam verilməsi və ya başlanılması barədə qərar mövcud olduqda aparılmalı idi. Belə ki, inzibati orqanın iddia etdiyi məqamlar cinayət tərkibi yaratdığından preyudisial qaydada mövcud olan məhkəmə qərarı əsasında sübut edilməli olan məsələlər barədə inzibati orqan heç bir sübut əlavə etmədən əmr qəbul etmişdir. Hesab edirir ki, cavabdeh tərəfindən sözügedən əmrdə qeyd edilən məqamları təsdiq edən heç bir yazılı sübut olmadığından iddia tələbi təmin edilməlidir. İnzibati orqanın iddia etdiyi məqamlar cinayət tərkibi yaratdığından preyudisial qaydada mövcud olan məhkəmə qərarı əsasında sübut edilməli olan məsələlər barədə inzibati orqan heç bir sübut əlavə etmədən əmr qəbul etmişdir. Məhkəmə sözegedən və ehtimal edilən hüququ pozuntularını təsdiq edən inzibati məsuliyyətə cəlb olunması barədə protokol, qərar, hökm və s. aktlar olmamasına baxamayaraq iddia tələbini təmin etməmişdir. Mübahisə edilən əmrdə qeyd edilən məqamları təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyildir. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclası barədə məlumatlandırılmış 3-cü şəxs məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi, vəkili Vəkil1 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apllyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, iddiaçı mübahisələndirilən əmrlə fevral ayında tanış olsa da, məhkəməyə may 2023-cü ildə müraciət etdiyi üçün iddia müddətini ötürmüşdür və ona görə də iddiası mümkün sayılmamalıdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlük məsələsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətinin ötürülüb-ötürülməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini.... yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Hazırki işdən aydın olur ki, iddiaçının cavabdeh orqana qarşı tələbi “onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsindən xaric edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin əmrinin ləğv edilməsi və onun xidmətə bərpa olunması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə “əmrin verilməsinə əsas olmuş sənədlərdə əmrdə göstərilən xüsusatların öz təsdiqini tapmasına, İddiaçı tərəfindən Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aparılmış xidməti təhqiqat və yoxlama zamanı verilən suallara qeyri-səmimi cavablar verilməklə Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinin tələblərini pozması”na istinad edərək iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxıb müvafiq qərar qəbul etməkdə haqlı olmamışdır. Belə ki, Kollegiya hesab edir ki, iddianın mümkünlük məsələsi birinci instansiya məhkəməsi tərəfindən tam yoxlanılmamışdır. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsində bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-44-13/2-4090 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Əmrin surəti xidməti təhqiqat materialı olduğundan hazırda təqdim edilməsi məqsədəmüvafiq hesab edilmir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən mübahisəli əmr və onun qəbul edilməsinə əsas olmuş inzibati icraat materialları təqdim edilmişdir. Birinci instansiya məhkəməsi həmin əmrin məhkəmə icraatı dövründə təqdim olunduğuna istinad edərək iddianı mümkün hesab etmişdir. Halbuki işin apellyasiya baxışı zamanı iddiaçı öz izahatlarında bildirmişdir ki, mübahisələndirilən əmr barədə elə həmin gün- xx.xx.2023-cü il tarixdə iş yoldaşı ona zəng vuraraq, işdən çıxarılması barədə əmrin rəhbərlik tərəfindən işçilərə elan olunmasını bildirərkən məlumatlı olmuş, həmin gün evdə olmuş, lakin sonradan növbəti gün (xx.xx.2023-cü il tarixdə) işə gedərək kadrlar idarəsinə yaxınlaşaraq həmin əmrin ona verilməsini tələb etmişdir. Daha sonra isə o, geyim forması və digər ləvazimatları təhvil vermiş, iş yerindən isə ona əmək kitabçası və atestatı təhvil verilmişdir. Cavabdeh qurumun nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən, o cümlədən DİN-in Bakı şəhər xx.xx.2023-cü il tarixli 3-13-44/Ə44/2023 nömrəli əmrinin icrasına dair arayışdan görünür ki, “Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilmələri barədə” Bakı şəhər BPİ-nin xx.xx.2023-cü il tarixli 3-13-44/Ə44/2023 nömrəli əmri Bakı Metropolitenində Polis İdarəsinin şəxsi heyətinə elan edilmişdir. İddiaçının Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsində DİO-da xidmətdən xaric edilməsi ilə əlaqədar olaraq üzərindəki geyim forması və digər ləvazimatların təhvil verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli Təhvil-təslim vərəqəsi tərtib olunmuşdur. İddiaçıya məxsus ******* saylı əmək kitabçasının surətindən (səhifə 2-3) görünür ki, Metro PBHŞ-nin xx.xx.2019-cü il tarixli əmrinə əsasən iddiaçı xidmətə qəbul edilmiş və xx.xx.2023-cü il tarixli əmrə əsasən xidmətdən azad olunmuşdur. Daxili işlər orqanlarında xidmət müddəti 03 il, 02 ay, 03 gün təşkil edir. Cavabdeh qurumun təqdim etdiyi qəbzə əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə ona məxsus olan 503266 nömrəli Atestatı və 01113716 nömrəli əmək kitabçasını Bakı Metropolitenində Polis İdarəsinin kadr qrupundan şəxsən imza etməklə təhvil almışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2023-cü tarixli əmr barədə ən azı üzərindəki geyim forması və digər ləvazimatları xx.xx.2023-cü il tarixdə təhvil verməsi ilə bağlı Təhvil-təslim vərəqəsi tərtib olunarkən və ya əmək kitabçasını təhvil aldığı xx.xx.2023-cü il tarixdə məlumatlı olmuşdur. İddiaçı özü apellyasiya baxışı zamanı verdiyi izahatlarında bildirmişdir ki, həmin əmr barədə məlumatı olduqdan sonra xidmətin rəhbərliyinə xidmətə bərpa olunması ilə bağlı müraciətləri olmuşdur, lakin müvafiq iddia ilə məhkəməyə müraciə etməmişdir. İddiaçı müvafiq iddia ilə məhkəməyə yalnız xx.xx.2023cü il tarixdə müraciət etmişdir ki, bu da onu deməyə əsas verir ki, iddiaçı ona münasibətdə qüvvəsini xx.xx.2023-cü il tarixdə (ən azı əmək kitabçası ona təhvil verildiyi tarixdə) alan inzibati aktı 1 ay qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti keçdikdən sonra mübahisələndirmişdir. İşdən görünür ki, birinci instansiya qaydasında işə baxılarkən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən “müddətin buraxılmamış hesab edilməsi barədə” ərizə (i.v. 12) də verilmiş, lakin həmin ərizəyə məhkəmə tərəfindən hər hansı münasibət nə müvafiq qərardadla, nə də protokol qaydasında bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçı onun tərəfindən hazırki iddianın qaldırılması üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmədiyi qənaətində olduğu üçün həmin müddətin buraxılmamış hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə ərizə vermişdir. Həmin ərizəyə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməsə də, apellyasiya baxışı zamanı məlum olmuşdu ki, əslində iddiaçı iddiasını qanunla müəyyən edilmiş 30 günlük iddia müddəti daxilində qaldırmamışdır. Həmin müddətin üzrlü səbəblərdən buraxılması hallarını iddiaçı əsaslandıra bilməmiş və müddətin məhz üzrlü səbəblərlə bağlı ötürülməsi faktını təsdiq edə biləcək hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən əmr üzrə məhkəməyə vaxtında müraciət edilmədiyi üçün bu hal, onun həmin əmrin ləğv edilməsi ilə bağlı tələbinə mahiyyəti üzrə baxılmasını qeyri-mümkün edir. İddiaçının ikinci tələbi də onun birinci tələbinin təmin olunmasından asılı olduğu üçün və birinci tələb qeyri-mümkün olduğundan, ikinci tələbi də qeyri-mümkün sayılmalıdır. Qeyd olunan halları birinci instansiya qaydasında işə baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini tam yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1344/2024 saylı 25 aprel 2024-cü il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1344/2024 saylı 25 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-233/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-233/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver