Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2330/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3157/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə Qusar rayonu, Hil kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır və hal-hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. O, cavabdehə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar olaraq müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətindən imtina edilmişdir. Cavabdehin imtina cavabı onu qane etmir. Hesab edir ki, onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ var. Çünki, onun 33 ildən çox əmək stajı var və həmin stajın hamısını o, zərərli işlərdə işləmişdir. Bu əmək kitabçasında da, öz əksini tapıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” 12 saylı Qərarına uyğun olaraq onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ var. Lakin, aidiyyəti orqan ona peniya təyin etməkdən qanunsuz olaraq imtina etmişdir. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26142,12 manat təşkil edir. Həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5359/2020 saylı, 02.12.2020-ci il tarixli qərarında da qeyd olunmuşdur. Həmin qərara əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər ediməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57" rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 01.07.2017-ci il tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (01.07.2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır”. Beləliklə, məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil edir. Bundan əlavə qeyd etmişlər ki, iddiaçının ümumi və xüsusi stajı güzəştli şərtlərlə yasa görə pensiya hüququ əldə etməsinə imkan vermir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının işlədiyi Azərbaycan Boru Yayma Zavodu tərəfindən verilmiş 08.09.2020-ci il tarixli arayışa əsasən İddiaçı 02.09.1997-ci ildən 07.03.1998-ci ilədək, 01.04.1998-ci ildən 01.02.2011-ci ilədək, 03.03.2012-ci ildən 29.04.2012-ci ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. Ödənişsiz məzuniyyətdə olduğu dövr ümumi iş stajına daxil olmadığı üçün iddiaçının 2006-cı il 1 yanvar tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Həmçinin iddiaçının işlədiyi “sazlayıcı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının İİİ bölməsinin (Metallurgiya istehsalatı (qara metallar) 4-cü yarımbölməsində (Boru istehsalı) nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3157/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı, 21.08.2017-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini iddia tələbinə dair verdiyi etiraza uyğun əsaslandırıb birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının ümumi və xüsusi iş stajı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə etməsinə imkan vermir. Belə ki, işlədiyi Azərbaycan Boru Yayma Zavodu tərəfindən verilmiş 08.09.2020-ci il tarixli arayışa əsasən İddiaçı 02.09.1997-ci ildən 07.03.1998-ci ilədək, 01.04.1998-ci ildən 01.02.2011-ci ilədək, 03.03.2012-ci ildən 29.04.2012-ci ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. Ödənişsiz məzuniyyətdə olduğu dövr ümumi iş stajına daxil olmadığı üçün iddiaçının 2006-cı il 1 yanvar tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Həmçinin iddiaçının işlədiyi sazlayıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 3-cü bölməsinin (Metallurgiya istehsalatı (qara metallar) 4-cü yarımbölməsində (boru istehsalı)) nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia tələbini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İddiaçı 04 may 1979-27 aprel 1981-ci il tarixlərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. O, 01.09.1975-ci il tarixindən 01.07.1978-ci il tarixinədək 49 saylı TPM-də təhsil almış (diplom № 784698), 15.08.1978-ci il tarixdə Sumqayıt şəhəri Azərbaycan Boruprokat Zavoduna mufta şöbəsinin boru uclarının çıxarılması sexinə soyuq boruların 2-ci dərəcəli kəsicisi (halqa kəsicisi) peşəsinə qəbul edilmiş, 23.04.1979-cu il tarixdə sovet ordusuna çağırılması ilə əlaqədar olaraq işdən azad edilmiş, 04.05.1979-cu il tarixdən 06.05.1981-ci il tarixədək Sovet ordusunda xidmət etmiş, 06.07.1981-ci il tarixdə Nasos kompressor sahəsinə boru uclarının çıxarılması sexinə soyuq boruların 3-cü dərəcəli kəsicisi (boru kəsicisi) peşəsinə qəbul edilmiş, 20.01.1983-cü il tarixdə nasos kompressor sahəsinə xüsusi aqreqat dəzgahlarının 3-cü dəcərəli sazlayıcısı vəzifəsinə keçirilmiş, 01.01.1987-ci il tarixdən boru uclarının çıxarılması sexinin adı dəyişdirilərək boruprokat sexi olmuş, 10.05.1990-cı il tarixdə boru kəsimi şöbəsinin avtomatik xətlərin və aqreqat dəzgahlarının 4-cü dərəcəli sazlayıcısı vəzifəsinə keçirilmiş, 11.08.1992-ci il tarixdən boru kəsimi şöbəsinin avtomatik xətlərin və aqreqat dəzgahlarının 5-ci dərəcəli sazlayıcısı vəzifəsinə keçirilmiş, 01.06.1993-cü il tarixdə Azərbaycan Boruprokat Zavodunun adı dəyişdirilərək "xxxx" İstehsalat Birliyi olmuşdur. 15.07.1998-ci il tarixdə "xxxx" İstehsalat Birliyi struktur dəyişiklikləri nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmuşdur. 15.02.2011-ci il tarixdən İstehsalat Departamentinin X3 sexinin yivaçma sahəsinə sazlayıcı keçirilmiş, 27.04.2012-ci il tarixdən İstehsalat Departamentinin Boruyayma sexinin yivaçma sahəsinə sazlayıcı keçirilmiş, 03.02.2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 03.02.2017ci il tarixdə "xxxx" MMC-yə boru yayma sexinin yivaçma sahəsinə avtomat xətlərinin və aqreqat dəzgahlarının sazlayıcısı qəbul edilmişdir. İşdə olan Azərbaycan Boru Yayma Zavodu – Azərboru tərəfindən verilmiş 08.09.2020-ci il tarixli, 8 nömrəli arayışdan görünür ki, İddiaçı 15.08.1978-ci il tarixdən 23.04.1979-cu il tarixədək, 06.07.1981-ci il tarixdən 03.02.2017-ci il tarixədək X3 sexində soyuq boru kəsicisi, sazlayıcı vəzifəsində işləmişdir. O, 20.09.1997-ci il dən 07.03.1998-ci ilədək, 01.04.1998-ci ildən 01.02.2011-ci ilədək, 03.03.2012-ci ildən 29.04.2012-ci ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 13.11.2020-ci il tarixli, **********9 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24453.57 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirmişlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli, 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İddiaçı cavabdeh inzibati orqanın imtinası ilə razılaşmayaraq birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanuni olmadığı qənaətinə gəlib iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında”: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunvericiliklə əmək (iş) dövrlərinin yalnız o hissəsi (hissələri) sosial sığorta stajı kimi nəzərə alınır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin, iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. İşin materiallarına əlavə edilmiş 08.09.2020-ci il tarixli 8 nömrəli arayışdan görünür ki, iddiaçı 02.09.1997-ci ildən 07.03.1998-ci ilədək, 01.04.1998-ci ildən 01.02.2011-ci ilədək, 03.03.2012-ci ildən 29.04.2012-ci ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. İşin materiallarından müəyyən olunur ki, iddiaçı təhsil müddəti və hərbi xidmət dövrü də daxil olmaqla (ödənişsiz məzuniyyətdə olduğu dövr istisna olmaqla) 01.01.2006-cı ilə qədər 21 il 8 ay 21 gün ümumi və 16 il 10 ay 28 gün güzəştli iş stajı mövcuddur. Odur ki, iddiaçının 02.09.1997-ci ildən 07.03.1998-ci ilədək, 01.04.1998-ci ildən 01.02.2011-ci ilədək, 03.03.2012-ci ildən 29.04.2012-ci ilədək ödənişsiz məzuniyyətdə olduğu müddəti iş stajına daxil edilə bilməz. Nəticə etibarı ilə iddiaçının pensiyasının hesablanması üçün tələb olunan 25 il ümumi iş stajı toplanmamışdır. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 01.01.2006-cı il tarixinədək (yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət etməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında göstərilməsi. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə 2-ci şərtə qismən, yəni ümumi iş stajı hissəsində əməl edilməmişdir. Belə ki, iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmamışdır. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3157/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2330/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2330/2021
11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver