Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2330/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5227/2022 saylı, 19 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olmuşdur. G seriyalı 000249 saylı xx.xx.1978-ci il tarixli Diplomun surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1973-cü il tarixli 84 saylı əmrə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı 2 nömrəli Tibb məktəbinin “Feldşer-laborant” şöbəsinə daxil olmuş, əyani təhsil almış, xx.xx.1977-ci ildə 53 saylı əmrə əsasən həmin məktəbi bitirmiş və “Feldşer- Laborant” ixtisasına yiyələnmişdir. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə Sektoru tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 53/4 saylı arayışdan görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkün düşməklə Xəzər rayonu Qala qəsəbəsi Yeni sahədə məskunlaşmışdır. 052544 saylı xx.xx.2014-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1977-ci ildən may 1992-ci ilədək Laçın rayon X2 Həkim məntəqəsinin müdiri vəzifəsində işləmişdir; Laçın rayonu işğal olunduqdan sonra öz əvvəlki iş yerinin hesabına Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işdə saxlanılmış hesab edilmişdir ( Əmr №-02, xx.xx.1992-ci il); xx.xx.2015-ci ildə Mirik həkim məntəqəsinin feldşeri ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (Əmr №-26, xx.xx.2015-ci il); xx.xx.2015-ci il tarixdən əmək müqaviləsi əsasında Bakı şəhəri Təcili və X3 Stansiyasında 10 nömrəli tibb qardaşı (səyyar) vəzifəsinə qəbul edilmişdir (Əmr №-202, xx.xx.2015-ci il); xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir ( Əmr №-1891, xx.xx.2020-ci il). Laçın rayon İcra Hakimiyyəti başçısının Mirik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 saylı xx.xx.2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı 05 sentyabr 1977-ci il tarixdən Laçın rayonu işğal edilənədək, yəni 18 may 1992-ci il tarixə qədər Laçın Rayon Mərkəzi Xəstəxanası Mirik kənd feldşer-mama məntəqəsinin (1982-ci ildən Mirik həkim məntəqəsinə çevrilmişdir) müdiri işləmişdir. Arxiv sənədləri olmadığı üçün sənəd təqdim etmək mümkün deyildir. Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş 04 saylı xx.xx.2022-ci il tarixli Arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı 1977-1992-ci illər Laçın rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Mirik kənd həkim məntəqəsinin müdiri vəzifəsində işlədiyi barədə arxiv sənədləri 18 may 1992-ci ildə rayonun işğalı ilə əlaqədar işğalda qalmışdır. xxxxxxx200008 saylı xx.xx.2020-ci il tarixli müraciət vərəqəsinin surətindən müəyyən olunur ki, Nəsibov X1 Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsi və ya yenidən hesblanmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq əmək pensiyasının təyinatı aparılarkən xx.xx.2006-ci il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış 15.930 manat pensiya kapitalı nəzərə alınaraq 239.32 manat məbləğində pensiya hesablanmışdır. xx.xx.2022-ci il tarixli xxxxxxx210028 №-li müraciət vərəqəsinin surətindən müəyyən olunur ki, Nəsibov X1 Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsi və ya yenidən hesablanmasını xahiş etmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarı ilə İddiaçı pensiyası yenidən hesablanaraq 304 manat 304,49 manat məbləğində müəyyən edilmişdir. Ümumi sığorta stajının hesablanmasına dair cədvəldən müəyyən olunur ki, İddiaçı pensiya təyin olunarkən onun hərbi xidmət (xx.xx.1974- xx.xx.1976) və təhsil (xx.xx.1973-xx.xx.1977) dövrləri birlikdə nəzərə alınmışdır. Pensiya işinə əlavə olunmuş xidməti məktubda qeyd olunmuşdur ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş İddiaçı iddiasına dair iş üzrə xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Bildirirlər ki, İddiaçı pensiya yaşına çatdığı xx.xx.2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.2.1- ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında hesablanmışdır. İddiaçı əmək pensiyasının Qanununun 22-1.3-cü maddəsinə əsasən faktiki sığorta stajı əsasında yenidən hesablanması üçün xx.xx.2021-ci il tarixində müraciət etmişdir. Bildirirlər ki, iddiaçının təqdim etdiyi 000249 nömrəli diploma əsasən xx.xx.1973- xx.xx.1977-ci illər üzrə təhsil dövrü, xx.xx.2014-cü il tarixdə tərtib olunmuş əmək kitabçasının surətinə əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixindək mübahisələndirilməyən sığorta stajı 17 il 10 ay 5 gün təşkil edir. İddiaçının əmək kitabçasında qeyd olunmuş 1977-1992-ci illərdə Laçın rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövrlər üzrə arxiv sənədlərini yoxlamaq mümkün olmadığı üçün həmin dövrləri sığorta stajına daxil etmək mümkün olmamışdır. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********1 saylı xx.xx.2021-ci il tarixli “Sığorta stajının araşdırılması haqqında” məktubda qeyd olunmuşdur ki, təqdim etdiyi xx.xx.2014- cü il tarixində tərtib edilmiş 052544 №li əmək kitabçasının surətində qeyd olunmuş 1977-ci il tarixindən 1992ci il tarixinin may ayınadək Laçın rayon X2 kənd həkim məntəqəsindəki əmək fəaliyyəti dövrünün araşdırlması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma bitdikdən sonra onun əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılacaqdır. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********56 saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq onun xx.xx.2020-ci il tarixində avtomatlaşdırılmış qaydada 246.11 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Müraciəti ilə əlaqədar olaraq bildirirlər ki, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdən (xx.xx.2020-ci il) müraciət etdiyi tarixədək (xx.xx.2021-ci il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4114.97 manat pensiya kapitalına əsasən onun əmək pensiyası yenidən hesablanmış və xx.xx.2020-ci il tarixindən 275.11 manata çatdırılmışdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyasının məbləği 306.47 manata çatdırılmışdır. Təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş xx.xx.1977-ci il tarixindən 0106.1992-ci il tarixinədək Laçın rayon Mərkəzi Xəstəxanasındakı fəaliyyət dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Laçın rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli № 16 saylı arayışına əsasən Laçın rayon Mərkəzi Xəstəxanasının xx.xx.1977-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əhatə edən dövrlərin arxiv sənədləri rayonun işğalı ilə əlaqədar olaraq işğalda qaldığına görə həmin dövrlərin araşdırılması imkan xaricindədir. Bu baxımdan həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işlədiyi nəzərə alınaraq pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildən ailəsi ilə birlikdə Qarabağ hadisələri ilə əlaqədar məcburi köşkün düşmüşdür. O, 1992-ci ilin may ayına qədər Laçın rayonunda yaşamışdır və həmin ildə də yaşadığı yeri məcburi tərk etmişdir. Hazırda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi,Yeni sahədə yaşayır.1992-ci ilin may ayının sonunda Qarabağ hadisələri ilə əlaqədar rayonu tərk etmişdir. Həmin idarədə işlədiyi müddətdə ona əmək kitabçası da verilmişdir. Lakin əmək kitabçası işğal zonasında qalmışdır. 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində çalışmışdır. Bu barədə SSRİ pasportunda qeyd edilmişdir. Hal-hazırda pensiya alır. Yuxarıda qeyd etdiyi təşkilatda iş stajı bərpa edildikdən sonra aldığı pensiyanın məbləği artırılacaq. İş stajını təsdiq edən sənədəri olmadığına görə o, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı yaşa görə pensiyasının yenidən hesablanması üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Qanuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı hazırki qanunvericiliyin tələblərinə əsasən xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur.“Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2020-ci il tarixdə avtomatlaşdırılmış qaydada 246.11 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı müraciətinə əsasən onun işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdən müraciət etdiyi tarixədək (xx.xx.2021-ci il) fərdi hesabın sığorta hissəsində qeydə alınmış 4114.97 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmış və xx.xx.2020-ci il tarixindən 275.11 manata çatdırılmışdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiya məbləği 306.47 manata çatdırılmışdır. Qeyd etmək lazımdır ki, iddiaçıya məxsus xx.xx.2014-cü il tarixli 052544 nömrəli əmək kitabçasında 1977-xx.xx.1992-ci il tarixdə Laçın Rayon Mərkəzi Xəstəxanada işlədiyi göstərilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 16 nömrəli arayışına əsasən Laçın rayon Mərkəzi Xəstəxanasının xx.xx.1977xx.xx.1992-ci illərə dair arxiv sənədləri rayonun işğalı ilə əlaqədar olaraq işğal zonasında qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 26 dekabr 1996-cı il tarixli qərarının 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama uyqun aparılır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5227/2022 saylı 19 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin 1973-cü ildən 1977-ci il iyul ayının 6-dək hərbi xidmətdə olduğu və təhsil aldığı dövrün nəzərə alınaraq pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində mümkün sayılmaması qərara alınmışdır. Həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5227/2022 saylı 19 may 2022-ci il tarixli qərarı ilə İddiaçı 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işlədiyi dövrün nəzərə alınaraq, pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, o, təyinatla Laçın rayon Mərkəzi Xəstəxanasına göndərilmiş, xx.xx.1977ci ildə Laçın rayonu Mirik həkim məntəqəsinə məntəqə müdiri təyin olunmuşdur. 1992-ci ildə Laçın rayonu işğal olunana kimi həmin məntəqədə fasiləsiz işləmişdir. Rayon işğal olunduqdan sonra həmin məntəqə yenidən 1992-ci ilin iyun ayından əhalinin sıx yerləşdiyi Xəzər rayonu Qala qəsəbəsində təşkil olunmuşdur. Öz ərizəsinə əsasən həmin məntəqəyə yenidən məntəqə müdiri təyin edilmişdir. 1977-ci il tarixdən 1992-ci il tarixə kimi ona verilmiş əmək kitabçası işğal zamanı Laçın rayon Mərkəzi Xəstəxanasında qalmışdır. 2015-ci il tarixdə öz arzusu ilə Bakı şəhər X4 yardım stansiyasının 10 saylı bölməsində səyyar tibb qardaşı vəzifəsinə işə qəbul olunmuş və 2020-ci ilin 13 oktyabr tarixinə kimi orada çalışmışdır. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan əsassız qərar qəbul edilmişdir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dair yazılı etiraz iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması barədə sübut iş materiallarında mövcud deyildir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “onun 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işlədiyi dövrün nəzərə alınaraq pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən onun xx.xx.1977-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Laçın rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövrlərin arxiv sənədləri rayonun işğalı ilə əlaqədar olaraq işğalda qaldığına görə həmin dövrlərin araşdırılmasının imkan xaricində olması əsası ilə tələbinin təmin olunmasından imtina olunmuşdur. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Laçın rayonunun 1992-ci ildən əvvəlki dövrün arxiv sənədlərinin işğal zonasında qalmasına, İddiaçı 1977-ci ildən may 1992-ci ilədək Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işləməsi faktının düzgünlüyünün yoxlanılmasının mümkün olmamasına, eləcə də iddiaçı tərəfindən 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işlədiyi illəri təsdiq edəcək heç bir sübutun məhkəməyə təqdim edilməməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə aşağıdaklara əsasən düzgün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını, SSRİ pasportunu, təhsil alması ilə bağlı diplomunu təqdim etmişdir. G seriyalı 000249 saylı xx.xx.1978-ci il tarixli Diplomun surətindən görünür ki, iddiaçı 1973-1977-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı 2 nömrəli Tibb məktəbinin “Feldşer-laborant” şöbəsində təhsil almış və həmin məktəbi bitirmiş, “Feldşer-Laborant” ixtisasına yiyələnmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 1977-ci ildən may 1992-ci ilədək Laçın rayon X2 Həkim məntəqəsinin müdiri vəzifəsində işləmişdir; Laçın rayonu işğal olunduqdan sonra öz əvvəlki iş yerinin hesabına Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işdə saxlanılmış hesab edilmişdir (Əmr №-02, xx.xx.1992-ci il); xx.xx.2015-ci ildə Mirik həkim məntəqəsinin feldşeri ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (Əmr №-26, xx.xx.2015-ci il); xx.xx.2015-ci il tarixdən əmək müqaviləsi əsasında Bakı şəhəri Təcili və X3 Stansiyasında 10 nömrəli tibb qardaşı (səyyar) vəzifəsinə qəbul edilmişdir (Əmr №-202, xx.xx.2015-ci il); xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir ( Əmr №-1891, xx.xx.2020-ci il). Nəzərə alınmalıdır ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi dövr mübahisələndirilir. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən verilmiş soğulara cavab olaraq məhkəməyə təqdim olunmuş xx.xx.1955-ci il təvəllüdlü İddiaçı məxsus 916169 saylı pensiya işinə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, DSMF Sosial Ödənişlərinn Mərkəzi Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli 844 saylı qərarı ilə İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə ömürlük pensiya təyin olunmuşdur. Pensiyanın məbləği 239.32 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MİHO/1.3-2-2022-7218 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2011-ci il tarixli 182 nömrəli qərarının 48.19-cu bəndində Laçın Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Mirik kənd həkim məntəqəsinin adı qeyd edilir. 1977-1992-ci illər üzrə Mirik kənd həkim məntəqəsinin fəaliyyətinə və İddiaçı həmin həkim məntəqəsində işləməsinə dair Səhiyyə Nazirliyinin arxivində hər hansı sənəd aşkarlanmamışdır. Lakin hazırki işə apellyasiya qaydasında baxılarkən İddiaçı xx.xx.1992-ci il tarixdə Laçın rayonu işğal olunandan sonra öz əvvəlki iş yerinin hesabına Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işdə saxlanmış hesab edilməsi barədə xx.xx.1992-ci il tarixli 02 nömrəli əmrin təsdiq olunmuş surətinin, o cümlədən həmin dövrün əmrlərinin qeydinin aparıldığı qeydiyyat jurnalının məhkəməyə təqdim edilməsi ilə bağlı Laçın rayon X7 Hüquqi Şəxsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş 02 saylı xx.xx.1992-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Laçın rayonu işğal olunandan sonra tibb işçiləri ayrıayrı tibb müəssisələri üzrə xx.xx.1992-ci il tarixdən iş yerləri hesabına işdə saxlanmış hesab edilmişdirlər. Həmçinin həmin əmrə əlavə edilmiş siyahıdan görünür ki, 435-ci sırada İddiaçı adı öz əksini tapmışdır. Bununla yanaşı Kollegiya tərəfindən apellyasiya baxışı zamanı Laçın rayon X7 Hüquqi Şəxsinin təqdim etdiyi əmrlərin qeydiyyat jurnalına baxış keçirilmiş və müəyyən edilmişdir ki, 02 saylı xx.xx.1992-ci il tarixli əmr 897 şəxsə münasibətdə qəbul edilmişdir. Həmin qeydiyyat jurnalına əsasən əmrin 435-ci sırasında İddiaçı Mirik həkim məntəqəsində məntəqənin müdiri vəzifəsində saxlanılması göstərilmişdir. Beləliklə, işin sadalanan hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən 1977-1992-ci illərdə adı çəkilən müəssisədə işləmişdir. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1992-ci il tarixdən sonra həmin müəssisədə işləməsi qəbul edilmiş və iddiaçıya pensiya hesablanarkən həmin müddət də nəzərə alınmışdır. Belə olan halda adı çəkilən müəssisədə iddiaçının 1977-ci ildən 1992-ci ilədək işlədiyi dövrün şübhə altına alınması (baxmayaraq ki, 1992-ci ilin əmrində onun 1977-ci ildən işlədiyi işdə saxlanılması barədə xüsusi qeyd aparılmışdır) məntiqsiz görünür. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının uzun zaman bir müəssisədə işlədiyi dövrün bir hissəsinin qəbul edilib, bir hissəsinin isə qəbul edilməməsi iddiaçıya münasibətdə ədalətsiz olmaqla yanaşı, inzibati orqanın apardığı inzibati praktikanın yanlış olması deməkdir və vətəndaşın inzibati orqana etimad hüququnun təminatını pozmuşdur. Danılmaz faktdır ki, iddiaçının 1977-1992-ci illərdə adı çəkilən müəssisədə işləməsi barədə onun əmək kitabçasında qeydlər mövcuddur və bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehə aid olsa da, cavabdeh bu halı sübuta yetirə bilməmişdir. O ki qaldı cavabdehin istinad etdiyi hala, yəni “iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin rayonun işğalı ilə əlaqədar olaraq işğalda qaldığına görə həmin dövrlərin araşdırılmasının imkan xaricində olması”na, bu barədə Kollegiya hesab edir ki, müəssisənin arxiv sənədlərinin işğal altında qalan rayonda qalması və iddiaçının 1977- 1992-ci illərdə həmin müəssisədə işləməsi faktının araşdırılmasının mümkünsüzlüyü iddiaçının təqsiri deyil və buna görə yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Belə olan halda inzibati orqan iddiaçıya pensiya təyin edərkən onun 1992-ci ildən sonra da adı çəkilən müəssisədə 1992-ci ilədək işlədiyi vəzifədə saxlanıldığını, 1992-ci ildən sonrakı dövrü şəxsə pensiya təyin edərkən onun stajına daxil etdiyi üçün onun 1977-1992ci illər üzrə olan iş stajının da eyni müəssisəyə aidiyyətini nəzərə almalı və həmin dövrə görə iddiaçının pensiyasını yenidən hesablamalı idi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan 1977-1992-ci illər üzrə olan dövrün iddiaçının iş stajına daxil edilməklə onun pensiyasının yenidən hesablanmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5227/2022 saylı 19 may 2022-ci il tarixli qərarı ləğv edilməli, iddiaçıya “05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işlədiyi dövr nəzərə alınaraq pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5227/2022 saylı 19 may 2022-ci il tarixli qərarı qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı “05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işlədiyi dövr nəzərə alınaraq pensiyanın yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2330/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2330/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver