Məhkəmə qərarları › İş №2-1(103)-2330/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2330/2023

08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2330/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X3 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə Rəhim qızının, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1619/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçılar İddiaçı və Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0,25 ha torpaq sahəsi üzərində mərhum ataları Rəhmi Rəhman oğlunun mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Sonradan İddiaçı və Nümayəndə birlikdə və İddiaçı ayrıca xx.xx.2022-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə eyni məzmunlu ərizələr təqdim edərək, iddiaçı qismində İddiaçı qəbul edilməklə, məhkəmədən, ünvan 1 ünvanında yerləşən 0,25 ha torpaq sahəsi üzərində mərhum X7 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, X13 oğlundan miras qalmış əmlaka dair “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi ilə bağlı onun tərəfindən Bakı şəhəri 39 saylı Notariat ofisinə müraciət olunmuşdur. X7 xx.xx.2000-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. O, yəni İddiaçı atasının vərəsəsidir. Bununla əlaqədar olaraq, ünvan 2 məktub göndərilmiş və ünvan 1 ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. Lakin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən həmin məktub cavablandırılmamışdır. Daha sonra müxtəlif vaxtlarda yenidən tərəflərindən rəsmi olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciətlər olunmuşdur. 05 aprel 2022-ci ildə cavabdeh İdarə tərəfindən cavablandırılmış məktubda qeyd olunmuşdur ki, hüquq sahibinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra onun adına çıxarış və plan ölçü verilə bilər. Əlavə olaraq göstərilmişdir ki, onların torpaq sahəsi “280” nömrəsi ilə başlayan torpaq sahəsinin yerləşdiyi əraziyə uyğun gəlir. Lakin onlar yenidən məktubla müraciət edərək, qeyd etmişdir ki, onların torpaq sahəsi göstərdikləri ərazidə olmuşdur və həmin torpaq sahəsinin nömrəsi həmin zaman “299” olmuşdur. Onların bağ sahəsi 299 saylı bağ sahəsi olmuşdur. Qeyd edilən "280" nömrəli bağ sahəsi ilə onların bağ sahəsi üst-üstə düşməsi mümkün deyildir. Onlar bağ sahəsinin yerini düzgün göstərsə də, hansı səbəbdənsə 1 saylı Bakı şəhər Ərazi idarəsi hər dəfəsində başqa bir səbəblə müraciətlərinə müsbət cavab verməkdən imtina etmişdir. Onların sənədlərinin bir hissəsi yanğın zamanı məhv olmuşdur. Bu səbəbdən də tərəflərindən onlarda olan sənədlərdən başqa sənəd təqdim etmək mümkün olmamışdır İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1619/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,25 ha torpaq sahəsindən ibarət 299 saylı bağ sahəsinin iddaçı İddiaçı mərhum X13 oğluna xüsusi mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın (çıxarış) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1619/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan - İddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1972-ci ildə doğulmuşdur. - Bakı şəhər X6 İcraiyyə Komitəsi Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Rəhmi Rəhman oğluna ünvanlanmış 87 №-li, xx.xx.1979-cu il, 1006 №-li, xx.xx.1981-ci il tarixli, 1006 №-li, xx.xx.1982-ci il tarixli, 318 №-li, xx.xx.1990-cı il tarixli məktubların surətindən müəyyən olunur ki, X8 bağ massivində yerləşən icarəsində olan 299 saylı bağ sahəsi ilə bağlı 14900 saylı müqavilənin yenilənməsi üçün İdarəyə dəvət olunmuş və ona müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl olunması tapşırılmışdır. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 320398 №li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Rəhmi Rəhman oğlu xx.xx.2000ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2000-ci ilin 06 ayının 29-cu günündə 367 № ilə qeyd edilmişdir. - ünvan 2 ünvanlanmış 376 №-li xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, mərhum Rəhmi Rəhman oğlundan miras qalmış əmlaka dair “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi ilə bağlı vətəndaş İddiaçı tərəfindən Bakı şəhəri 39 saylı Notariat ofisinə müraciət daxil olmuşdur. Rəhmi Rəhman oğlunun xx.xx.2000-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə onlara məlumat verilir. ünvan 1 ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunur. - Cavabdeh tərəfindən iddiaçının müraciətinə verilmiş: **********62 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “299” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 22:2106194 nömrəli xx.xx.2022-ci il tarixli müraciətinə baxıldığı, icarə müqaviləsinin müddətinin uzadılması ilə əlaqədar icarədarın 01 iyun 1982-ci il tarixli ərizəsinin keçmiş X2 və İstismarı Birliyi tərəfindən icra edilmədiyi, göstərilən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, belə ki, torpaq sahəsinin “280” nömrəsi ilə başlayan torpaq sahəsinin yerləşdiyi əraziyə uyğun gəldiyi, bundan başqa təqdim edilən hüquqmüəyyənedici sənədlərin mərhum Rəhmi Rəhman oğlunun adına olduğu, odur ki, hüquq sahibinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra onun adına çıxarış və plan ölçü verilə biləcəyi bildirilmişdir. **********12 saylı xx.xx.2022-ci il tarixli və **********25 saylı xx.xx.2022-ci il tarixli cavab məktubarında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “299” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair **********62 nömrəli xx.xx.2022-ci il tarixli və **********60 nömrəli xx.xx.2022-ci il tarixli məktublarla ətraflı cavab verildiyi qeyd olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin **********69 saylı xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 299 nömrəli torpaq sahəsinin sərhədləri şərti olaraq göstərilmişdir. Həmin torpaq sahəsinin faktiki kimin istifadəsində olduğunu araşdırmaq tərəflərindən mümkün olmamışdır. İdarənin arxiv məlumatlarında Ləhiş bağ massivinin 299 və 280 nömrəli bağ sahələrinin qeydiyyata alınmasına dair məlumat yoxdur. - Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X10 ilə Rəhmi Rəhman oğlu arasında bağlanmış “Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” 14900 №-li, xx.xx.1967-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Ləhiş qəsəbəsində yerləşən sahəsi 0,25 ha olan 299 №-li bağ sahəsi sonuncunun istifadəsinə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə X5 arasında bağlanmış “Ləhiş ərazisində 280 №-li bağın istifadəyə verilməsi haqqında” 16052 №-i xx.xx.2007-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Sabunçu rayonu, Ləhiş ərazisində 0,25 ha torpaq sahəsi olan 280 №-li bağ sonuncuun istifadəsinə verilmişdir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 299 saylı bağ sahəsi hüquq müəyyənedici sənəd üzrə 2500 kv. metr, faktiki sahəsi 2500.00 kv. m. təşkil edir. Sərhədləri şərtidir. Vətəndaş tərəfindən göstərilən bağ sahəsinin döngə nöqtələri mişar daşları ilə nişanlanmış, ara sərhədləri isə şərti olaraq ayrılmışdır, bağ sahəsində heç bir tikilinin olmadığı, sözügedən bağ sahəsinin faktiki olaraq yerləşməsində uyğunsuluq olduğu, belə ki, bağ sahələrinin bölgü sxeminə əsasən vətəndaşın göstərdiyi ərazinin 299 saylı bağın yerinə uyğun olmadığı qeyd olunmuşdur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Qanunvericiliyin tələbindən də göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur ki, iş materiallarında mübahisəli bağ torpaq sahəsinə dair mərhum Rəhmi Rəhman oğlunun adına belə bir müqavilənin mövcudluğu işin mübahisələndirilməyən hallarındandır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qanunvericilik normalarının məzmunundan göründüyü kimi 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarında mübahisəli bağ torpaq sahəsinə dair mərhum Rəhmi Rəhman oğlunun adına belə bir müqavilənin mövcudluğu işin mübahisələndirilməyən hallarındandır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan halları müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа” Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn “mülkiyyət” və “əmlаk” аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1619/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1619/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar